Borxeslə şeir haqqında söhbətlər – I hissə

Borxeslə şeir haqqında söhbətlər – <span style="color:red;">I hissə
13 yanvar 2016
# 13:26

Bu söhbət Xorxe Luis Borxesin 1971-ci ildə Kolumbiya Universitetində baş tutan gənc yazarlarla görüşündəndir. Borxesin gözləri görmədiyi üçün həm öz mətnlərini, həm də gənclərin mətnini oxuya bilməzdi, buna görə ona yaxın dostu, tərcüməçisi Norman Di Ciovanni kömək etmişdir. Görüşlər hərəsi təxminən iki saat çəkmişdir və üç mövzu ətrafında, eyni formadan istifadə edilərək aparılmışdır. Di Ciovanni həm hekayə, şeir, həm tərcümə mətnlərinin hər birini abzas-abzas oxumuş, Borxes isə şərhlərini vermişdir. Bu görüşlərdə Borxes proza, poeziya və tərcümə haqqında fikirlərini bölüşmüşdür.

Mak Şeyn: Məncə, mövzuya birbaşa keçməyin ən yaxşı yolu Borxesdən xahiş etməkdir ki, bir az öz şeirləri haqqında danışsın.

Borxes: Əlbəttə, niyə də olmasın? Təbii ki, bu işdə bir vacib məqamı bilmək lazımdı - şeirdə dərs verməmək. Onsuz da olanlar olub-bitib, sürətlə keçmişə qarışıb. Deyəsən, bu mövzuda olduqca sadə və yekə sözlər deyib, sizə pas verəcəm. Nə də olsa, hamımız şairliyə göz dikmişik. Bəndəniz də, uğursuzluqlarım olsa da, hələ şairlikdən əl çəkmirəm (Hər an yetmiş iki yaşım ola bilər).

Məncə, gənc şairlər şeirə həmişə ən çətin yerdən başlamaq istəyirlər – sərbəst vəzndən. Bu, çox ciddi aldanışdı. Argentinalı şair Leopoldo Luqonesin hələ 1909-cu ildə yazdığı, indi də inqilabi kitab sayılan "Lunario sentimental"ından danışmaq istəyirəm. Kitabın ön sözündə şair artıq yeni şeir eksperimentlərinə girişdiyini elan edirdi, yeni ölçülər, ya da köhnə ölçülərin yeni variantlarını – səkkizlik, onbirlik, on dördlük hecaların – axtarırmış. Girişdiyi işin çox cəsarətli olduğunu və əlbəttə ki, uğursuzluqla nəticələnəcəyini bilirdi, amma yenə də oxucularına o günədək mövcud olan klassik şeir qəliblərinin haqqını verdiyini, onlara – yəni oxucularına bunu isbat etdiyini xatırladırdı. O, şeirdə işə inqilabçılıqla başlamağın yanlış olduğunu, lakin özü kimilərin, yəni əvvəllər cild-cild yaxşı, ya da əli-ayağı düzgün şeirlər yazmış bir şairin buna haqqı çatdığını iddia edirdi. Məncə, bu dürüst açıqlamadır, hərçənd, yalnız əxlaqa söykənmiş açıqlamadır. Lazım gəlsə, daha məntiqli bir tezis tapmaq olardı. Deyək ki, bir sonet yazmaq istəyirsiniz, bu zaman siz bu işin öhdəsindən gələ bilməyəcəyiniz hissinə qapıla bilərsiniz, bu çətinlik sonetin tavanıdır, yəni çətinlik sizin soneti italyan soneti kimi, yoxsa Şekspirin sonetləri kimi yazacağınızdır. Sonra sıra qafiyələri tapmağa gəlir. Qafiyəli sözlər işinizi məhdudlaşdırsa da, bir yandan da asanlaşdırırlar. Burdan elə nəticə çıxmasın ki, mən sərbəst vəzndə yazılmış şeirdən çox, sonetin tərəfindəyəm. Mən hər ikisini sevirəm. Siz indi mənə Uolt Uitmenin "Çəmən yarpaqları"ndan ən gözəl səhifələri göstərib, onların Şekspirin, Vordsvordun, Kitsin, ya da Yeytsin sonetlərindən daha yaxşı olub-olmadığını soruşsanız, sizə bu sualın mənasız olduğunu deyərəm. Birini sevmək, o birini inkar etmək deyil – ikisi də sizindir. Xülasə, bir sonet yazmağa cəhd etsəniz, qarşınızda məlum bir qəlib var – aradakı fərq budur, oxucu da sizdən həmin qəlibə sadiq qalmağınızı istəyə bilər, amma sərbəst vəzndə yazmaq istəyirsinizsə, hər şey içinizdən gəlməlidir. Qısası, sərbəst şeir yazmağı yoxlayanda, köhnə tərz deyə biləcəyimiz məlum qəlibləri ötüb-keçən, onlardan nəzərə çarpacaq dərəcədə yaxşı olan şeylər yazmaq lazımdır. Təbii ki, siz Uitmensinizsə, deməli sərbəst ölçüylə yazmaq və onun öhdəsindən gəlmək istedadınız, daxili intuisiyanız zatən var, əfsus ki, çoxunda bu sonuncu yoxdur. İlk şeir kitabım 1923-cü ildə nəşr olunan "Fervor de Buenos Aires"də mən də bu xətalara düşmüşdüm. O kitabdakı şeirləri sərbəst vəzndə yazmışdım. Təbii ki, bələdçim Uitmen idi, elə bilirdim ki, sərbəst şeir yazmaq asandır. İndi isə bilirəm ki, bu çox çətindir. Tez-bazar nəsə yazmaq, təlaşla nəsə cızma-qara etmək lazım gələndə, klassik qəliblərdən iki əlli yapışıram, bu işimi asanlaşdırır. Buna görə də, gənc şairlərə, əvvəlcə klassik qəliblərlə başlayıb, sonra inqilabçı olmağı tövsiyə edirəm. Oskar Uayldın – öncəgörlüyə bənzəyən – bir müşahidəsini xatırlayıram: "Sonet və məlum qəliblər olmasaydı, hamımız dühanın ümidinə qalmışdıq." Bu cümlə bugün üçün də çox keçərlidir, ən azından mənim ölkəmdə. Demək olar ki, hər gün mənə "dühanın ümidinə qalmış" şeir kitabları göndərirlər. İçlərindəki metaforalar başqalarından seçilmir. Metaforanın iki şey arasında əlaqə, bağlantı qurmaq olduğu ehtimal edilir, halbuki, mən bu kitabların heç nəylə əlaqəsini görmürəm. Bəzən mənə elə gəlir ki, bu kitabların hamısı başdanxarab bir kompüterin təsadüfi istehsal etdiyi şeylərdi. Bu kitablar utanmaz-utanmaz adamdan sevinməyi, kədərlənməyi də istəyirlər! Dahiliyi yamsılama xətasına ilk kitabımda (deyəsən ikincisində də, üçüncüsündə də ) düşmüşdüm, sonra sonet qəlibinin doğurdan çox sehrli və izaholunmaz bir xüsusiyyəti olduğunu başa düşdüm. Növləri və qafiyə xüsusiyyətləri ilə – italyan, Şekspir-Spenser tərzi – öz içində "avaralığa" yatımlı olan sonet, çox fərqli şeirlər yaradacaq gücdədir.

Demək istəyirəm ki, gələcəkdə qaydaları pozmaq üçün, əvvəlcə onları yaxşı bilməlisiniz. Bu açıq həqiqətdir, amma açıq olsa da, gənclərin çoxu deyəsən bu məsələni tam anlamır, nəinki gənclər, hətta deyəsən mənim yaşımdakı bəzi yaşlılar da başa düşmürlər. Bir azdan şeirlərimin bəzilərini oxuyarıq, bayaq ilk kitabımda nə etdiyimi bilmədən, sərbəst şeirlər yazdığımdan danışsam da, burda istər-istəməz sərbəst vəzndə yazılmış şeirlərimdən oxuyacağam, lakin başqa şeir qəliblərini yoxlayandan sonra qayıtdığım sərbəst şeirlərdən.

Bu, məni qəribə bir mövzuya gətirdi: niyə bəzən sonet, bəzən isə sərbəst şeir yazıram? Əsas sirr budur – şeirlərimin necə yazıldığı. Küçədə gəzərkən, ya da Milli Kitabxananın – indicə ağlıma Buenos Aires gəldi – pilləkənlərini çıxıb-düşəndə, birdən-birə içimə nəyinsə olacağı hissi dolur. Oturub gözləməyə başlayıram. Olacağa diqqətlə yanaşmalıyam. Bu bəlkə bir hekayədir, bəlkə də bir şeir – sərbəst, ya da başqa bir qəlibdə. O anda gərək gözlədiyin şeyin təbii axarına burnunu soxmayasan. Hirsli deyilsənsə, Müqəddəs Ruhun, İlham Pərisinin, ya da çağdaş mifologiyanı sevirsinizsə, alt şüurumuzun bizi idarə etməsinə icazə verməliyik. Sonra zamanı gələndə, özümü aldatmamışamsa, bir misra, ya da çox uzaqlarda bir şeirin bulanıq cizgiləri gözümdə canlanır. Çox vaxt onu tam seçə bilmirəm, birdən o bulanıq şey, o boz bulud, müəyyən bir formaya düşür və içimdə çoxalan səsi eşitməyə başlayıram. O səsin ritmindən bir şeir yazmaq üzrə olub-olmadığımı müəyyənləşdirirəm. Bu, şeir yazmağın bir yoludur.

Məncə, bundan fərqli olan, amma mənə görə o qədər yaxşı olmayan bir yol da, əvvəlcədən bir "rüşeymə" sahib olmaqdır. Lakin o "rüşeym" də mənə verilib axı. Məsələn, iki-üç gün əvvəl qəfildən bir şeir ideyası, bir şeir "rüşeymi" düşdü ağlıma, amma indi onunla məşğul olmaq üçün hələ tezdir – o özü öz vaxtını müəyyənləşdirəcək, sonra yazılıb qurtaracaq. Özümü iki-üç misraya həsr eləyəndən sonra, ümumən şeirin hansı formaya uyğun olduğunu sezirəm. Qısacası, demək istəyirəm ki, Şeir şairə gəlir. Bir şairin şüurlu şəkildə şeir yazacağına inanmıram. Yazsa, heç nə çıxmaz. Mən mümkün qədər bu "yoldan çıxmağa", ona qapılmamağa çalışıram. Tez-tez heyrətlənirəm ki, necə olub cild-cild şeirlər yazmışam. Amma şeirlərin məni divara dirənməyinə həmişə təslim oluram, onlar bəzən çox inadçı olurlar, mən də icazə verirəm ki, məni yoldan çıxartsınlar. Belə anlarda, "Bunu yazmasam baş-beynimi aparacaq, rahatlığım qalmayacaq, yaxşısı onu yazım, yaxamdan əl çəksin " – deyə düşünürəm. Şeir yazılandan sonra, Horatsinin məsləhətinə uyğun olaraq onu bir həftə, ya da on gün dincə qoyuram. O bir həftə, on gündən sonra şeiri əlimə alan kimi görürəm ki, nə qədər gözə batan səhvlər etmişəm, yenidən şeirin üstündə işləməyə başlayıram. Üç-dörd cəhddən sonra, daha yaxşısını bacarmayacağımı və daha çox qurdalamağın şeiri zədələyəcəyini başa düşürəm. Bax, onda çapa verirəm. Niyəmi çapa verirəm? Böyük, zaman-zaman ən böyük meksikalı şair Alfonso Reyes mənə demişdi ki, "Yazdıqlarımızı çapa verməyə məcburuq, çünki çapa verməsək, dayanmadan dəyişdirməyə çalışacağıq, bütün mümkün variantları yoxlayacağıq və bir addım da qabağa gedə bilməyəcəyik".

Yəni ki, ən yaxşısı şeirinizi çap etdirmək və başqa mövzulara keçməkdir. Şeirlərimin çox az hissəsini əzbər bilirəm, yazdıqlarımı sevməməyimlə bağlıdır yəqin. Əslində, mənim fərdi hisslərimi başqa şairlərin daha yaxşı ifadə etdiyinə inanıram, nə də olsa bütün səhvlərimin fərqindəyəm – qırıq səslərin, şişirdilmiş tak-tukların, bir misranın zəifliyinin və s. Başqa şairləri başqa cür oxuyuram, onları çox yaxından analiz etmirəm. İndi isə mənim şeirimi oxumamışdan qabaq nəsə sualınız varmı? Suallara görə ürəkdən təşəkkür edirəm, uzlaşmadan xoşum gəlmədiyini də deməliyəm. Səhvlərimin göstərilməsindən xoşum gəlir.

Sual: Konkret qəliblərlə yazmaqdan söz düşdü, sizcə bu yetişdiyiniz mühitlə bağlı deyil ki? Məsələn, mən sonet və ya qafiyəli şeir yazmağı heç ağlıma gətirmirəm.

Borxes: Sözün düzü, üzüldüm. Mən sizin keçmişlə bu qədər az maraqlanmağınızı qəribə qarşılayıram. İngiliscə yazırsınızsa, demək bir ənənəni davam etdirirsiniz. Dil – başdan ayağa ənənədir. Niyə sonet yazanların o möhtəşəm ənənəsi davam etdirilməsin ki? Formanın birini o birindən üstün tutmaq mənə həmişə qəribə gəlib. Sərbəst vəzndə yaxşı şeir yazan şairlərin sayı azdır, amma başqa qəliblərdə yetkinləşmiş şairlər çoxdur. Hətta Kumminqs də xeyli gözəl sonetlər yazıb, bəzilərini əzbər bilirəm. Keçmişə tamam göz yummaq məncə qeyri-mümkündür. Buna cəhd etsəniz, sizdən əvvəl kəşf edilmiş şeyləri yenidən kəşf etmək illüziyasına qapıla bilərsiniz. Bu keçmişə olan maraq kasıblığından yaranır, keçmiş sizin üçün heçmi maraqlı deyil? Bu əsrdə yaşayan şair həmkarlarınız necə? Bəs keçən əsrdə yaşayanlar? Bəs on səkkizinci əsrdə yaşamışlar necə? Con Donn heçmi maraqlı deyil sizin üçün? Bəs Milton? Doğrusu, sualınıza cavab verə bilmirəm.

Tələbə: Amma adam keçmiş şairlərdən oxuyub öyrəndiklərini sərbəst vəzndə də yaza bilər axı.

Borxes: Mən başa düşə bilmirəm ki, siz niyə sərbəst vəzn kimi çətin yerdən başlamaq istəyirsiniz.

Tələbə: Mənə çətin gəlmir.

Borxes: Yazdıqlarınızı oxumamışam deyə, heç nə deyə bilməyəcəm. Bəlkə də yazdıqlarınız yazılması asan, oxunması çətin əsərlərdəndir, bilmirəm. Mənə elə gəlir ki, çox vaxt belə qənaətlər tənbəllikdən yaranır. "Kənaraçıxmalar təbii ki, var – Uitmen, Sendburq, Edqar Li Masters və s.

Oxucu sərbəst şeirdə həyəcan axtarır – ayaqlarının yerdən üzülməsini, fərqli hisslərə düşməyi gözləyir. Demək istəyirəm ki, sərbəst şeirdə oxucuya fiziki təsir edən nəsə var. Qulağa xoş gəlməsə də (adətən gəlmir), bu tip şeirləri oxuyanda, oxucu, şairin onu hansı havaya salmaq istədiyini bilir.

Sual: Məncə, köhnə və çox bilinməyən qəliblərlə əlaqə qurmaq, onları tam anlamaq çətindi. Sizcə, yeni yazı formaları yaratmaq mümkündür?

Borxes: Nəzəri olaraq, əlbəttə ki, mümkündür. Amma mən əsas demək istədiyim şeyi hələ deməmişəm. Əsas demək istədiyim odur ki, həmişə bir struktur məsələsi var, məncə. İşə hazır konsepsiya ilə başlamaq həmişə daha asandır. Konsepsiya şərtdir. Deyəsən, Mallarmenin sözüdür: "Proza deyilən şey yoxdur, ritm haqqında düşünməyə başlayan kimi şeir üzə çıxır." Bu söz Stivensonun dediyi ilə uyuşur: "Şeirlə proza arasındakı fərq (əlbəttə ki, vərdiş olunmuş şeir qəliblərini nəzərdə tutur) axtardığınızı birdən orda tapmağınızdır." Burasını da deyim, Stivenson proza haqqında demişdi ki, essenin cümlələri gözlənilməz və qulağa xoş gələn olmalıdır, lakin bu çox çətindir. Bir də ki, Müsyö Jurdan həyatı boyu, fərqində olmadan prozayla danışdığını demişdi. Əlbəttə, səhv edirdi, insan proza ilə danışmır, özünü ifadə etmək istəyir. Dediyimi yazıya çevirmək istəsəm, prozaya can ataram və müxtəlif problemlərlə mübarizə aparmalı olardım.

Uzun sözün qısası, Kitsin bir sonet ilə Uitmenin bir səhifəlik sərbəst şeiri arasındakı əsas fərq odur ki, sonetdə qəlib dominantdı deyə, iş asanlaşır, amma “Adəmin uşaqları”, ya da “Özümün nəğməsi” kimi sərbəst şeirlərdə öz formanızı özünüz tapmalısınız. Kompozisiya olmadan şeirin formaya düşməsi çətindir, məncə, bu növ şeir formasızlığı çətin həzm edir. Gəlin, bir şeir oxuyaq indi. Bəlkə də “İyun, 1968” ilə başlasaq yaxşı olar. Avtobioqrafik şeirdir, ya da ən azından mənə elə gəlir. Dostum Norman Tomas di Ciovanni indi sizə o şeirin öz tərcümə etdiyi variantını oxuyacaq, istədiyiniz yerdə kəsib müzakirəyə başlaya bilərsiniz.

İyun, 1968

Qızıldan bir axşam,

ya da qızıldan bir axşam

adıyla rəmzləşdiriləcək sükutda

bir nəfər boş rəflərə

kitablarını düzür;

perqamenti, dərini, qumaşı,

bir də ki, vərdişin umacağını

və səliqə-sahmanın gətirdiyi

ləzzəti hiss edərək.

Stivenson ilə o biri şotland, Endryi Lanq,

necəsə davam etdirəcəklər burada,

aralıqdakı okeanlar və ölümlə

bölünmüş ləzzətli söhbəti,

Alfonso Reyes də sevinəcək əlbəttə

Vergilinin yanında dayanmaqdan.

(Kitabxana tərtib etmək

tənqid sənətinə girişməkdir,

sakitcə, təvazökarlıqla.)

Gözləri kor adam

bilir ki, bir də oxumayacaq

əlindəki gözəl cildləri,

nəhayət onu ağ günə çıxarası kitabı yazmağa

onların kömək etməyəcəyini də bilir;

amma bu axşam – çox güman ki, qızıldandır –

gülümsəyir qəribə taleyinə

və qəribə şəkildə sevinir

bildiklərimizdən və sevdiklərimizdən aldığımıza.

(Ardı var)

Tərcümə: QİSMƏT

sim-sim.az

# 1910 dəfə oxunub

Müəllifin son yazıları

# # #