“Bənzərsiz cəfəngiyyat, cəhalət xoru” MÜZAKİRƏNİN MÜZAKİRƏSİ

“Bənzərsiz cəfəngiyyat, cəhalət xoru” <span style="color:red;">MÜZAKİRƏNİN MÜZAKİRƏSİ
3 iyul 2015
# 12:03

Kulis “Azərbaycan” jurnalında çap edilən ədəbi tənqid müzakirəsi ilə bağlı yazıçı Qan Turalının və şair Qismətin söhbətini təqdim edir.

LAYİHƏ: İKİLİ SÖHBƏT

Qan Turalı: Qismət, “Azərbaycan” jurnalında tənqidlə bağlı müzakirəni oxuyub məyus oldum. Və istədim bu haqda səninlə söhbətləşim. Məsələ bundadır ki, mən bu müzakirədən qətiyyən razı qalmadım. Tənqidçilərə də məsləhət görərdim ki, imkan varsa, vaxt varsa telefonlarının ekranına baxıb orda yazılan 2015 rəqəmini görsünlər.

Qismət: Tural, mən uzun müddət həm ictimai nəqliyyatda, marketdə, küçədə eşitdiyim, gördüyüm absurdları, həm də qəzetləri, jurnalları, saytları da dolduran, içində bu cür “birtəhər” söhbətlər olan materialları toplayırdım. Kulisdə də bir-iki yazı yazdım, amma sonra gördüm ki, absurdun, primitivliyin miqyası çox böyükdür və get-gedə də böyüyür. İndi ancaq kənardan baxıb acı-acı gülürəm. Bu müzakirənin moderatoru nəğməkar-tənqidçi Əsəd Cahangirin son yazıları misilsiz deqradasiya örnəyi kimi dərsliklərə salınmalıdır: necə olur ki, insan anekdota çevrilir?

Qan Turalı: Sən və Şərif Ağayar Əsəd Cahangirə görə çox narahat olursunuz. Amma Əsədi bu cür də qəbul etmək lazımdır. Bütün savadı, mövqeyi ilə bərabər Əsəd bu cürdür, bu onun fikirləridir və məncə Əsəd bu cür görünməkdən çox məmnundur. Misal üçün, o öz Facebook səhifəsində dünən paylaşdığı “Sevgili cavanları\öldürməyin adamlar!\ Axı, onların suçu\ nədi, deyin adamlar?!” şeirinə diqqət edək. Belə hesab edirəm ki, jurnal növbəti müzakirələrində Əsəd Cahangirin poeziya yaradıcılığını da təhlil etməlidir, çünki Əsəd Cahangir tənqidin özü poemalarına qarşı biganəlikdən şikayət edib.

Jurnalın tənqid müzakirəsi isə tənqidin ölməməsi ilə bağlı nikbin proqnozlarla başlayır, hərçənd müzakirə başa çatdıqda tənqidin ölüb-getdiyini açıqca görmək mümkündür. Bir kərə, söhbətin yarıdan çoxu Sovet tənqidi haqqında lüzumsuz müzakirələrə ayrılıb. Sovet tənqidi marksist tənqid idi, partiyanın ədəbiyyat üzərində nəzarətini təmin edən ideoloji bir rıçaq idi və heç bir halda o bu gün geniş müzakirələrə layiq deyil. Az-çox müsbət meyllər olmuşdusa belə bu gün artıq o meyllər də işə yaramır. Bir də, indi 2015-ci ildir, artıq 25 ildir ki, partiyalı tənqid yoxdur.

Qismət: Bir neçə dəfə yazmışam, görünür yenidən təkrar etməkdə fayda var. Bizim sənət mühitində dünyanın çoxdan həll etdiyi məsələləri təzə problemlər kimi təqdim edib müzakirə açmağa qəribə bir meyl var. Bu da onu göstərir ki, düşüncələri yeniyə açıq deyil, təzə heç nə oxumurlar, xəbərsizdirlər və ən nəhayət hər şeyin belə olması kimlərəsə sərf eləyir. Sitat çəkməkdən qorxurlar, sonra sitat çəkirlər. Bu nə kompleksdir başa düşülmür, peşakar adam niyə sitat çəkməkdən çəkinsin ki? Hə də, əgər bildiklərin müntəxəbat səviyyəsindən o yana keçmirsə, tezcə özündən xoflanacaqsan. Predmetin haqqında bilmək başqa şeydir, mahiyyətini bilmək ayrı şey. Mən bir söhbətin həcmi imkan verdiyi qədər belə bir ümumiləşdirmə aparım. Əvvəla bir incə məqamı diqqətdən qaçırmaq olmaz: tənqid də, ədəbiyyatşünaslıq da, bədii əsərin əsrdən-əsrə dəyişən tendensiyalarına paralel dəyişir, inkişaf edir. Sənət əsəri bütün çağlarda öz dövrünün gerçəklik anlayışı və mənanı biçimləndirmək cəhdləri kimi meydana çıxır. Belə deyək, Orta Əsrlərdə qotik kilsə, yaxud da məbəd tikən memar öz əsərinə çox dəbdəbəli bürclər əlavə edirdisə, bu o çağın reallığında yeganə mütləq olana – Tanrıya eyham idi. Amma məsələn bir yarpağın ağacdan düşməsini saniyəbəsaniyə yazan, Parisdəki bir dükanın vitrinini xırdalıqlarına qədər təsvir edən XIX əsrin naturalistləri isə daha rasional, materialist düşünürdülər. Hər dövrün elmi, dini, fəlsəfi düşüncəsi ilə bədii düşüncəsi arasında yüzəyüz olmasa da, həmişə paralelliklər olub. Ötən əsrdə isə elmdəki radikal yeniliklərə paralel olaraq, ədəbi düşüncənin də bir çox klişesi darmadağın oldu. Fizikadakı yeniliklər, Freydin psixoanaliz nəzəriyyəsi, texnologiya sahəsindəki sıçrayışlar və digər kəşflər gerçəkliyin dərkini başqalaşdırdı. XX əsrin 80-ci illərindən etibarən isə lap radikal dəyişikliklər oldu və estetik planda paradiqmalar dəyişdi. Kvant fizikası ilə aktuallaşan ehtimal, təsadüfilik, qeyri-müəyyənlik, nisbilik kimi anlayışlar artıq determinist dünyagörüşündən çox fərqli idi və bu rakursdan baxanda XIX əsrin ənənəvi realizminin ölçüləri işləkliyini itirməyə başladı. Bunları niyə sadaladım? İstəyirəm ki, ayıq şəkildə başa düşək ki, biz yazıçılı, tənqidçili anaxronizmin zonasından çıxa bilmirik. Mişel Byutor “Roman haqqında esselər” kitabında yazır ki, fərqli reallıqlara müxtəlif ifadə biçimləri uyğun gəlir. Yəni reallıq bir cür deyil, onun bədii ifadəsi də bir cür ola bilməz, demək avtomatik şəkildə onun şərhi də, yozumu da rəngarəng olmalıdır.

Qan Turalı: Müzakirə olduqca çürük tezislər üstündə qurulmuşdur. Misal üçün, poststrukturalizmin çökdüyü barədə böyük söhbət gedir. Tənqidçinin işi nəyin çöküb, nəyin çökmədiyini müəyyən etməkdən ziyadə ədəbi prosesə qiymət verməkdən ibarətdir. Dünya tənqidində bir çox məktəblər mövcuddur. Tənqidin vəzifəsi də ölüm kağızı vermək deyil. Bir də başqa məqam var. Bizim maarifçi hərəkatın lideri Mirzə Fətəli Russodan düz yüz il sonra doğulmuşdu. Bizim ədəbiyyat da elə o yüz ilin ağrısını çəkir. Tutaq ki, Mirzə Cəlil Tolstoyun müasiri idi, amma Qoqolvari əsərlər yazırdı. İsa Hüseynov Bulqakovun müasiri idi, amma onun yaradıcılığı Dostoyevski ənənələri üzərində qurulmuşdu. Tarixin bir inkişaf ritmi olduğu kimi, ideyaların da öz inkişaf ritmi var. Klassizmdən postmodernizmə keçmək mümkün deyildir. Və hesab edirəm ki, ədəbi tənqid də bu dialektikanı diqqətdə saxlamalıdır. Maraqlıdır ki, nəyinsə ölməsi məhz söhbət gənc ədəbiyyatdan gedəndə yada düşür. Hərçənd uca tənqidçimiz böyük şövqlə qəzəl deyir və qəzəl epiqonçularını da ilahiləşdirir. Ama söhbət gənc ədəbiyyata gəldikdə nəyin ölüb, nəyin ölməməyindən danışılır. Hərçənd, Azərbaycan ədəbiyyatı bu mərhələləri də səliqəli şəkildə keçməlidir. Keçir də.

Qismət: Əsəd Cahangirin poststrukturalizmi anladığına ciddi şübhəm var, başa düşsəydi, bu qədər primitiv danışmazdı. Özünü bir nömrəli elan etmək üçün ölkədəki bütün tənqidçilərə istehza eləyir, özünü modern, müasir tənqidçi kimi göstərmək istəyir. AYB-də olmayan, yaxud AYB-də ola-ola ora tənqidi yanaşan bütün cavanları biryolluq silir. Müzakirədə mənim çox hörmət etdiyim adamlar oturub, amma dinmirlər və bu adamı daha çox ağrıdır. Nəğməkar-tənqidçi ilin-günün bu vaxtında xalça dekorasiyalı, muğam soundtrack-li ədəbiyyat verilişi aparır. AYB-nin nəşrlərindəki müzakirələrdə orda təmsil olunmayanları, tele-kanalın efirində Qərb ədəbiyyatının nümayəndələrini yıxıb sürüyürlər. Bənzərsiz cəfəngiyyatdır! Keçək sən dediyin məsələlərə. Bəli, razıyam ki, biz həmişə dünya mədəni prosesinə ən azı bir əsr geridən qoşulmağın ağrısını yaşamışıq. Mənim tezisim belədir ki, biz cəmiyyət olaraq modernizmlə postmodernizm arasındakı keçid dönəmini – postmoderniteni yaşayırıq indi. Nə tam mənası ilə ötüb keçənlə haqq-hesab çəkmişik, nə də tam mənası ilə yeni olana inteqrasiya edə bilmişik. Fredrik Ceymsonun kitabının yarımbaşlığı belə bizim vəziyyətimizi dəqiq ifadə edir: “Gec kapitalizmin kültürəl məntiqi”.

Qan Turalı: Mən bu müzakirədə Elnarə Akimovanın oynadığı mütərəqqi rolu xüsusi ilə qeyd etmək istəyirəm. Elnarə xanım əsl tənqidçi hissiyatı ilə çox gözəl məqamlara toxunur. Misal üçün, məncə bu hissənin müzakirəyə ehtiyacı var: “Mən hərdən fikirləşirəm ki, Mövlud Süleymanlının “Köç” romanında da retrospeksiya halları, irəli və geri zaman sıçrayışları, yəni postmodernizmi səciyyələndirən bir çox hallar o romana da şamil oluna bilər. Amma həmin dövrdə bizdə postmodernizmin adı belə hallanmırdı. Roman təhlil edilirdi və bu zaman heç bir "izm"in adı çəkilmirdi. Görəsən, Kamal Abdullanın əsərləri, yaxud Anarın “Göz muncuğu” povesti həmin dövrdə yazılsaydı, onlara hansı prinsiplə yanaşardılar?” Fikrimcə, bu misalın özü tənqidin düşdüyü acınacaqlı vəziyyəti ifadə edir. Elnarə xanım çox doğru olaraq qeyd edir ki, əsərə ictimai-siyasi yox, bədii-estetik qiymət verilməlidir. İndi belə çıxır ki, bu romanlara verilən qiymətdə tənqidçilər düzgün mövqe göstərməyiblər. Gəl, açıq danışaq, “Qətl günü” romanına Azərbaycan tənqidi və çap olunmasından 30 ildən artıq zaman keçdiyini nəzərə alsaq ədəbiyyatşünaslığımız qiymət verə bilibmi? Məncə, ədəbi tənqidi hər şeydən artıq bu məsələ düşündürməlidir, lakin bütün başqa zamanlarda olduğu kimi bu məsələdə də Elnarə xanımın irəli sürdüyü bu ideya müzakirə edilmir.

Qismət: Maraqlıdır, həm də polemikdir. O mənada maraqlıdır ki, bəli, konyuktura ədəbi meyarlarla yox, təmənna ilə işləyir və bu sənin dediyin kimi acınacaqlıdır. Polemikdir ona görə ki, dövründən asılı olmayaraq, (o vaxt da, indi də) məsələn retrospektivlik, zaman sıçrayışları postmodern estetika üçün başlıca yox, 5-6-cı səciyyəli məsələdi, amma modernizmdə başlıca sayılır. Zatən postmodernə də bu cəhətlər də modernizmin reabilitasiyası yoluyla keçib. Amma mübahisəli məqamlar, istisna əsərlər həmişə olub və bu cür əsərlər bir qayda olaraq, bizdə indi olduğu kimi cəmiyyətlər keçid vəziyyətində qalanda yaranıb. Yeri gəlib, qoy Ekodan bir sitat də mən çəkim, məşhur ironiyadı. Yazır ki, qorxuram axırda Homerə də postmodernist deyələr. Qaldı “Qətl günü” romanına, mən Yusif Səmədoğlunun bu əsərinin xidmətini türk ədəbiyyatında Oğuz Atayın “Tutunamayanlar” romanı ilə müqayisə edərdim. Atayın romanı ilə eyni dərəcədə olmasa da, “Qətl günü” bizim ədəbiyyatı estetik cəhətdən çox qabağa atıb. Bu barədə ayrıca yazmağı düşünürəm.

Qan Turalı: Müzakirə zamanı bir fikir ayrılığı diqqətimi çəkdi. İlqar Fəhmi deyir ki, əsərin texniki tərəfdən təhlil edilməsi, romanın postmodernist, intertekstual olmasını bilmək geniş oxucu kütləsinin marağında deyil, amma Elnarə xanım buna etiraz edir. Mən burda İlqar Fəhmi ilə razılaşa bilmərəm. Tənqidin missiyası məhz budur. Lakin kütləvi maraq oyatmaq üçün tənqiddən istifadə edilməsi də məqbul sayıla bilməz. Bunun üçün bədii publisistika var, yazı müsahibə verə bilər, köşə yazarları kitab haqda düşüncələrini geniş oxucu kütləsinə çıxa bilərlər və s. Amma tənqidin missiyası geniş oxucunu cəlb etmək olmamalıdır. Çünki bu professional bir fəaliyyətdir.

Qismət: Dünya ədəbiyyatşünaslığı, tənqidçiliyi cəmiyyət-mərkəzli, müəllif-mərkəzli, mətn-mərkəzli tənqiddən, oxucu-mərkəzli nəzəriyyələrə doğru meyllənib. Amma əlbəttə ki, o birilərini də istisna etməmək şərtilə. Oxucu mərkəzli tənqidi yəqin ki, “sənət sənət üçündür” fikrini dəyişdirərək, “tənqid tənqid üçündür” şəklində də formulə etmək olar. Bu cür tənqiddən danışanda, ilk yada düşən impresionist tənqidin məşhur nümayəndəsi, ünlü romançı Anatol Fransın sözləri olur: “Yaxşı tənqidçi şedevrlərdən danışarkən, öz ruhunun macərasını ifadə etməlidir. Obyektiv sənət olmadığı kimi, obyektiv tənqid də yoxdur.” İmpresionist tənqid qaydalara və əsər haqqında hamılıqla keçərli hökmlər olmasını qəbul etmədiyi üçün, əsərin strukturu və özəlliklərinə önəm vermir. Bu metodun tərəfdarlarına görə əsərlər haqqında deyilənlərin doğru və ya yanlış olması şübhəlidir, çünki gözəllik zövq məsələsidir və zövqlər müxtəlifdir. Poststrukturalistlərin fikrincə, mətnin məna sahəsi əbədi hərəkətdədir, oxucu ancaq mətnlə qarşılaşarkən rastına çıxan məna anını cilovlaya bilər, bu isə sonsuzluq içindəki anlardan sadəcə biridir.

Çağdaş postmodern tənqidçi daha çox mətndəki çoxqatlılığı, intertekstual qatı üzə çıxarmalı, bunu edərkən özü yaradıcı olmalıdır, yəni oxuduğu mətn yeni bir mətn yaratmaq üçün ona material olmalıdır. Məsələn, çağdaş türk tənqidçi Semih Gümüş Adalat Ağaoğlunun “Hayır...” romanı haqqında yazdığı yazıda əsərin intertekstual qatını üzə çıxarır, sonra isə o xətlərdən birini – intihar motivini götürüb onun üzərində öz müstəqil mətnini yazır.

Çağdaş postmodern ədəbi tənqidlə bağlı Leslie Fiedler məşhur “Sərhədləri keçin, xəndəkləri doldurun” məqaləsində yazır ki, akademik tondan uzaq durmalı olan çağdaş ədəbi tənqid özü birbaşa sənət olmalıdır.

Məncə də, Fiedlər düz deyir, tənqidçinin yazısı şeir kimi, roman kimi sənət əsəri olmalıdır.

Qan Turalı: Bizim bu söhbətimizin məncə ən lazımlı tərəfi də budur: “Dövrü anlamadan, zamanın ruhunu duymadan nə şeir, nə roman, nə də tənqid yazmaq olur”. Azərbaycan ədəbiyyatında bu gün sözün bütün məna çalarlarında bir xaos var, ideya xaosudu, adamlar danışırlar, yazırlar, amma həqiqət yoxdu yazdıqlarında, dövrün zamanı yoxdu, ruhu yoxdu, dünyanın gedişatı yoxdu. Formal olaraq əsərlər yazılır, aralarında yaxşı əsərlər də var, məncə elə bu yaxşı əsərləri şərtləndirən əsas meyar da dövrün ruhunu duymaqlarıdır, lakin konsepsiya yoxdur, şüur yoxdur. Bunların hamısı spekulyasiyalardı, qulaqdan-qulağa yayılan biliklərlə boşboğazlıq etməkdi. Cəhalət xorunun səsi gur gəlir. Ədəbiyyatı da ictimai varlıq yaradır, ədəbiyyat ictimai varlığın dərk olunma formasıdır, Qazax yolu ilə Təbrizə varılmaz.

Qismət: Dünya ədəbiyyatşünaslığında bugün çox orjinal araşdırmalar yazılır, məsələn, tibbdən ədəbiyyata baxış, ədəbiyyatın iqtisadiyyatı, roman və futbol. Məsələn, mən ədəbiyyat və iqtisadiyyat mövzulu bir araşdırma oxudum, orda fransız romanındakı qəhrəmanların iqtisadi vəziyyəti, iflasa uğraması, varlanması, roman yazılan dövrdəki birjanın vəziyyəti və sair vardı. Bu araşdırmada ilk baxışdan ağlagəlməz iki sahə: ekonomika və ədəbiyyat bir-birinə elə gözəl nüfuz etmişdi ki. İndi mən də deyirəm ki, məsələn, ədəbiyyat və moda adlı araşdırma yazmaq olar, roman, şeir qəhrəmanlarımızın geyimləri necəydi? Bir də sonda unutmadan deyim ki, hanı "Azərbaycan" jurnalının müzakirəsində Qorxmaz Quliyevin adı? Qorxmaz müəllim son illərdə çox gözəl bir kitab yazıb: "XX əsr amerikan ədəbiyyatında aparıcı cərəyanlar". Hanı Akif Hüseynovun adı? Qafqaz Universitetində irili-xırdalı yeni çıxan bütün əsərlərin müzakirəsini təşkil edir. Hanı Seyfəddin Hüseynlinin adı? Yeni tənqid modellərini təzə dövrün ironik dili və klassik dilin çoxmərtəbəliliyini sintez edərək yaratdığı bənzərsiz üslubda mətnlərə tətbiq edir. Hanı Mətanət Vahidin adı? Akademik sanbalı itirmədən rahat oxunan, ən vacibi ədəbi vicdanını qoruyaraq az qala bir universitetin işinə bərabər, çox faydalı yazılar yazdı Mətanət Vahid. Mən hamıya uğurlar diləyirəm.

# 1663 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #