Qərbi köləcəsinə yamsılamaq – yenilikçiliyin baş xətti

Qərbi köləcəsinə yamsılamaq – yenilikçiliyin baş xətti
28 mart 2014
# 11:39

Kulis.Az görkəmli filosof Asif Atanın “Mənəvi tərbiyə-əbədi-tənqid-fəlsəfə!” məqaləsini təqdim edir.

I

Əxlaqi kamillik – gözəl ağıl, gözəl mənəviyyat və gözəl fəaliyyətin vəhdətindən yaranır.

Gözəl ağıl – mahiyyətə enən, dərin, narahat, qanadlı fikir deməkdir.

Gözəl mənəviyyat – hissiyyat zənginliyi və təmizliyi, fədakarlıq, xeyirxahlıq, müqəddəslik duyğusu deməkdir.

Gözəl fəaliyyət – amala, yüksək ideallara həsr olunan əməli iş deməkdir.

Bu üç keyfiyyəti birləşdirən əsas ehtiras – Vətənsevərlik – Bəşərsevərlik.

Vətəni sevmək əslində elə bəşəri sevməkdir.

Çünki şəxsiyyət bəşəriyyətlə ilk növbədə öz Vətəninin timsalında görüşür. Çünki şəxsiyyət üçün mücərrəd bəşəriyyət yoxdur.

II

K.Marks kommunizmi insanın öz əsil mahiyyətinə qayıtması hesab edirdi.

Əsil mahiyyətə qayıtmaq – məhəbbətə, dostluğa, insani bütövlüyə, insansevərliyə qayıtmaqdır.

Əqidəli şəxsiyyətin mənəvi kamilliyi – bəşəriyyəti özünə qaytarmaq kimi tarixi vəzifəyə xidmət edir.

Mənəvi tərbiyənin fəlsəfi əhəmiyyəti elə bundadır.

III

Mənəvi tərbiyə baxımından ədəbi tənqidin imkanları böyükdür.

Birinci, ədəbi-tənqid bədii əsərlərin təhlili vasitəsiylə yüksək mənəvi keyfiyyətləri təbliğ edir.

Klassik və müasir bədii sənət əxlaqi gözəlliyə malik olan ülvi duyğularla yaşayan, fədakar, qorxmaz, nəcib şəxsiyyətlər silsiləsi yaradıb, həmin surətlərin dərin fəlsəfi təhlili vasitəsiylə dövrün ən böyük etik problemlərini həll etmək olar.

İkinci, ədəbi-tənqid həyatın özündə baş verən hadisələri yüksək elmi səviyyədə şərh edə bilər, sözün yaxşı mənasında ictimaiyyətşünas, əxlaqşünas kimi çıxış edə bilər. Həyatın özünə müdaxilə edə bilər.

Üçüncü, ədəbi-tənqidin potensial bədii hissi təsir qüvvəsi böyükdür.

Tənqidçi – filosof olmaqla yanaşı həm də qüdrətli söz ustası - sənətkardır.

Sənətkarlıq qüdrətindən məhrum olan tənqidçi – adi rəyçidir.

Tənqidçi oxucu ordusu yarada bilmirsə, xalq arasında nüfuza malik deyilsə, yalnız həmkarlarına tanışdırsa – tənqidçilik səlahiyyətindən məhrumdur.

IV

Müasir tənqidimizdə fəlsəfi-bədii istiqamət artıq özünə çoxdan vətəndaşlıq hüquqi qazanmış, geniş oxucu kütləsinin böyük marağına səbəb olmuş, ədəbi prosesin əlamətdar və mühüm hadisəsinə çevrilmişdir.

Həmin istiqamətin mahiyyətini aşağıdakı şəkildə izah etmək olar:

Bədii ədəbiyyat tənqidçi fikri üçün həyatı tədqiq etmək üçün əxlaqi, estetik, fəlsəfi ideyaları təbliğ etmək üçün gözəl bir vasitədir. Ona görə də tənqidçinin vəzifəsi - ədəbi hadisələri, ayrı-ayrı əsərləri sadalamaq yox, bədii ədəbiyyat vasitəsiylə zamanın fəlsəfi problemlərini şərh etməkdir.

Bu baxımdan problemlilik, idrakilik tənqidin əsas xüsusiyyətinə çevrilir.

Burada yazıçıya biganəlik yoxdur, hörmət var. Ancaq bu hörmət həyatın özünə, münaqişələrin, obrazların mənasına, bu mənada çıxan fəlsəfi nəticəyə olan maraqdan artıq deyil.

Yazıçıya tənqidçinin düşüncəsinə, təxəyyülünə təsir edir və tənqidçi bədii əsər əsasında öz dünyasını yaradır.

Nəticədə tənqidçinin bədii sənətə münasibəti – yazıçının həyat materialına münasibətinə bərabər olur.

Təbiidir ki, ədəbi tənqidin fəlsəfiliyi – fəlsəfi müddəaları sadalamaqdan, şablon ibarələri naşıcasına, ağılsızcasına tənqidə gətirməkdən ibarət deyil.

Belə olsaydı, filosof-tənqidçilərin sayı-hesabı olmazdı.

Ölü, sxolastik anlayışbazlıq – fəlsəfi istedadsızlıq, gözə kül üfürmək, filosof kimi görünmək əlamətidir.

Fəlsəfi tənqidə anlayışbazlıq baxımından münasibət Novruzəlinin poçt qutusuna münasibətinə bənzəyir.

Tənqidçinin filosofluğu – bədii prosesin fəlsəfi mahiyyətini aşkara çıxarmaqdan, ona xas olan idraki, əxlaqi problematikanı kəşf etməkdən, ayrı-ayrı əsərlərin arxasında duran mahiyyəti izah etməkdən ibarətdir.

Bir sözlə - tənqiddə filosofluq fəlsəfə lüğəti “zirvəsindən” ədəbiyyatı qiymətləndirmək yox, dərin, orijinal mühakimələr, fəlsəfi ümumiləşdirmələr vasitəsiylə zəmanəni tədqiq etməkdir.

Miskin, cılız, əzbərçi beyin bunu anlamırsa, fəlsəfi tənqidin əsil məziyyətini dərk etmirsə və fəlsəfi tənqidi qiymətləndirməyə cəhd göstərirsə, onun ”prinsipial mövqeyi” – Krılovun “məşhur” personajının filə münasibətinə bərabər olur.

Fəlsəfi-bədii tənqid janr əlvanlığına meyl göstərir.

O belə hesab edir ki, tənqidi cansız, soyuq, cılız, şablon qalib çıxarmaq gərəkdir.

Bu niyyətlə fəlsəfi-bədii tənqidin ədəbiyyatımıza gətirdiyi və təsdiq etdiyi əsas janr – essedir.

Bu janrda yazılan əsərlər oxucular tərəfindən sevilirlər. Ancaq ədəbiyyatşünaslar arasında esseni inkar edənlər, onun məziyyətlərinə göz yumanlar var.

Hətta esseni az qala elmi metodologiyaya zidd olan bir hadisə kimi qiymətləndirənlər də tapılır.

Təbiidir ki, bu iddia bizdə gülüş doğurur.

Esse janrdır, bu janrda metodoloji cəhətcə sağlam əsərlər də yazmaq olar, zərərli əsərlər də.

Yəni esse – məzmunu müəyyən etmir.

Məzmun ideya, niyyət, qayə, fikir – esse formasından asılı deyil.

Əks təqdirdə biz iddia etməliyik ki, zərərli, mürtəce əsərlərin meydana çıxmasının səbəbi – roman, yaxud povest janrlarıdır.

(Nə qədər qəribə də olsa buna bənzər fikirlər ədəbiyyatşünaslıqda müşahidə olunub! Bir zamanlar romanı burjua janrı hesab edirdilər)!

70-ci illərdə vulqar sosiologizmə bu dərəcədə qapılmaq – dəhşətli naşılıqdır!

Digər tərəfdən, marksizm klassiklərinin heç biri heç vaxt deməyiblər ki, fəlsəfi əsərlər yalnız dissertasiyalar, yaxud standart məqalələr biçimində yazılmalıdır və marksist əsərlərdə daxili hərarət, üslub əlvanlığı, obrazlıq olmamalıdır, marksist əsərlər elə quru, ölü, eybəcər formada yazılmalıdır ki, heç kəs onları əlinə alıb oxumasın!

Belə çıxır ki, yüksək ideyaları gözəl və nəfis şəkildə ifadə edəndə - onlar öz yüksəkliyini itirirlər.

Yalnız qulaqlarda taqqıldayan, zəhlətökən, ölü üslub-əqidə möhkəmliyinə dəlalət edir!

Gülünc məntiqdirmi? Bəli!

Doğrudanmı bu cür düşünənlər var? Bəli.

Özləri də alim libasında (Bu libasın içində naşılığın iri qulaqları görünsə də!).

Azərbaycan ədəbiyyatında bərqərar olmuş “esse – öz məzmunu etibarilə” “gözəl fikir” anlayışına yaxındır.

Gözəl fikir – dərin, hərarətli, pafoslu fikirdir.

Kimsə pafosdan oddan qorxan kimi qorxa bilər. Ancaq bu pafoslu fikrin insan əqlinə, qəlbinə etdiyi böyük təsiri azalda bilməz.

(Ən böyük fikirlər – ürəkdən gələn fikirlərdir!) Pafoslu fikir – şəxsiyyətin taleyinə çevrilmiş fikirdir, sönük, biganə, yetim, sısqa fikir deyil.

Pafoslu fikir – mənəvi kamilliyə aparan fikirdir!

V

Nizaminin Fərhadı, İsgəndəri, Şirini, Xəqaninin fəlsəfi inkarı, Füzulinin məhəbbət fəlsəfəsi, Nəsiminin insanı, Cavidin Sənanı, Hadinin kədəri, Sabirin tələbkar məhəbbəti, Cəlilin insansevərliyi, Səmədin qanadlı romantikası, Cəfərin odlu şərq patetikası – bənzərsiz mənəviyyat məktəbidir.

Ancaq biz bu məktəbdən hələlik çox az bəhrələnmişik. Biz dahilərimizi sevirik, müəyyən mənada bilirik, ancaq onlar mənəviyyat xəzinəsindən çox cüzi istifadə edirik.

Biz klassikanın əbədi əxlaqı müasirliyini hələlik dərindən dərk etməmişik.

Bu səbəbdən də klassiklər haqqında yazılan əsərlərdə bir çox halda zahiri tərəflər ön plana çəkilir, klassikin bugünkü insana öyrətdiyi fəlsəfi dərs unudulur.

Həmin istiqamətdə göstərilən cəhdlərə qarşı naşıcasına münasibət müşahidə olunur.

Nədənsə, bəziləri elmiliyi yalnız fakt toplamaqda, məlumat əldə etməkdə görürlər, yeni fikir söyləməkdə görmürlər.

Belə çıxır ki, arxivdən bir sənəd üzə çıxarmaq – elmilikdir, ancaq klassik haqqında yeni fikir irəli sürmək, sənətkarı müasir fəlsəfi axtarışlar fonunda təhlil etmək, onun bugünkü mənəvi həyatda rolunu araşdırmaq isə elmilik deyil.

Bu cür başıbəla mülahizələrdə fikirsizlik alimliyin az qala əsas keyfiyyətinə çevrilir.

Elə bu səbəbdən də klassiklərimizin az qala pencəyinin rəngini bilirik, ancaq fəlsəfi mahiyyətini bilmirik, ruhunu dərindən duymuruq.

Qəribə vəziyyət yaranır.

Hamı bilir ki, əsər haqqında fikir söyləmək, əsərdə başqalarının görmədiyini görmək, əsəri yenidən kəşf etmək – sadəcə fakt toplamaqdan və faktı təqdim etməkdən çətindir.

Ancaq tənqidi təcrübədə fikirsiz – faktoqraf – fikirli filosofu bəyənmir, az qala ona “mənim kimi olmalısan” – deyir.

Bu topal adamın sağlam adamı bəyənməməsinə oxşayır.

“Sən düzgün yerimirsən, çünki mənim kimi axsamırsan”.

Əslində, alimliyin – canı, mənası, mahiyyəti –fikridir.

Alim – dünyaya fikir söyləmək üçün gələndir.

Fakt toplamaq – istedad tələb eləmir, sadəcə zəhmət tələb eləyir.

Alimin qüdrəti fikir meydanında bilinir. Fikrin miqyası – alimliyin miqyasını təyin edir.

Fikrin cılızdırsa – alimliyin də cılızdır!

Fikrin böyükdürsə - alimliyin də böyükdür.

Bu adi məntiqi unutmaq – yəqin ki, təskinlik üçündür.

VI

Zəmanə - mənəviyyat fəlsəfəsi tələb edir.

Zənnimizcə, dövrün mənəviyyat fəlsəfəsi – Nizamilərin, Nəsimilərin, Füzulilərin bədii-idraki dünyasından kənarda qalmayacaqdır, avropasentrizmin məhdud çərçivəsi dağılacaq və bəşəriyyətin dahi əxlaq müəllimləri sırasında Şərqin mütəfəkkirləri də dayanacaqlar.

Fəlsəfi-bədii tənqid bu prosesdə mühüm rol oynamalıdır.

Klassikanın yaratdığı və təbliğ etdiyi fəlsəfi idrak – müasir insanın mənəvi dünyasını müəyyən edən alim səviyyəsinə qaldırılmalıdır.

VII

Bugünkü ədəbiyyatımızda - əxlaqi tərbiyəyə xidmət edən əsərlərlə yanaşı, cılız və bayağı, eybəcər, məhəbbətsiz, mənəviyyatsız əsərlər də meydana gəlir. Həmin yazılarda parnoqrafiya, insani heyvan səviyyəsinə endirmək cəhdi ardıcıl istiqamət şəklində təzahür edir, “provinsial şüur” əleyhinə mübarizə pərdəsi altında fikir xaosu, iddialı tənqidçilik, ənənəyə yadlıq təmayülü təsdiq olunur, Qərbi köləcəsinə yamsılamaq – yenilikçiliyin baş xəttinə çevrilir.

Ədəbi mühitə - hay-küyçülük, sensasiyaçılıq xəstəliyi sirayət edib.

Tənqid ədəbi prosesdə zəif iştirak edir, mütəşəkkil eybəcərliyə qarşı biganəlik göstərir.

Tənqidi əsasən “sədaqətli” dilşünaslar tərəfindən yazılan və yeni nəsri mədh eləyən səviyyəsiz, ancaq hay-həşirli resenziyalar təmsil edirlər.

Son illərdə problematik məqalələr yazılmayıb. Peşəkar tənqidçilər ədəbi prosesdən kənardadır.

Tənqidimizin bəlkə də ən sönük dövrünü müşahidə edirik.

Ancaq bu bizdə fəlsəfi-bədii tənqidin bu gününə və gələcəyinə zərrə də olsun şübhə yaratmır.

Ancaq idrakın məzmunu illərlə yox, əsrlərlə ölçülür.

Çünki, mənəviyyat ilə idrakın vəhdətindən yaranan fikrə ölüm yoxdur.

# 2487 dəfə oxunub

Müəllifin son yazıları

# # #