Mənə bacı demə, günahdır… - HEKAYƏ

Mənə bacı demə, günahdır… - <span style="color:red;">HEKAYƏ
13 oktyabr 2016
# 15:57

Meyxoş Abdullah

… Üz-üzə dayanmışdılar. Hər ikisi susmuşdu. Oğlan başını qaldırıb qızın üzünə baxmağa ehtiyat edirdi. Qız isə bərk əsəbiləşmişdi. O, əlinin arxasıya gözünün üstünə dağılmış saçlarını hirslə arxaya ataraq oğlanı başdan ayağa süzüb dedi:

- Elə bilirsən məni izlədiyini bilmirəm? Hara gedirəmsə addımbaaddım arxamca gəlirsən. Yorulmadın? Sən məndən nə istəyirsən? Nə vaxta qədər arxamca düşəcəksən? Bir fikirləşirsənmi, nə edirsən? Bəlkə, biryol maraqlanasan arxasınca düşdüyün qız kimdir, nəçidir? Bəlkə elə dəlinin biridir, yada ki, elə küçə qızıdır? Hə, maraqlanmısanmı?!

Oğlan başını azacıq qaldırıb qızın üzünə baxdı, tezcə də nəzərlərini ondan yayındırıb dedi:

- Yox, maraqlanmamışam. Amma bilirəm ki, yaxşı qızsan.

- Mənim yaxşı qız olduğumu sənə kim deyib, hardan bilirsən?

- Özüm hiss etmişəm, ürəyim deyir.

- Ürəyin daha nə deyir, deyir tanımadığın birisinin arxasınca qarabaqara gəz, dolan?!

Oğlan başını qaldırıb yazıq-yazıq qızın üzünə baxdı və:

- Axı mən səni sevirəm, niyə məni anlamaq istəmirsən? - deyə mızıldandı.

- Doğurdan məni sevirsən, yalan demirsən ki?- deyə qız istehza ilə soruşdu.

Oğlan çiyinlərini çəkdi:

- Bu boyda yalan olar? Əlbəttə, sevirəm.

Qız bir qədər susduqdan sonra.

- Məni sevən oğlan bilirmi ki, mənim ərim var.

- Bilmirəm! - deyə oğlan udqundu.

- Bilirmi ki, mən hamiləyəm, uşaq gözləyirəm.

- Bilir..əm… yox, bilmirəm, - deyə oğlan udqunaraq başını buladı.

- Onu da bilirmi ki, mən ərimi çox sevirəm.

- Hə olsun. - deyə oğlan mızıldandı.

- Necə yəni nə olsun? O olsun ki, mən ərimi də, uşağımı da çox sevirəm. Mənim ərim səndən min dəfə gözəldir, yaraşıqlıdır.

Mənim başqasının sevgisinə ehtiyacım yoxdur, anladınmı?!

Oğlan susdu…

- Dinmirsən?! Bax, xahiş edirəm sənə qarşı nə qədər kobud rəftar etməmişəm bu yoldan çəkin. Mənim sənə yazığım gəlir. – Qız dedi.

Oğlan başını qaldırıb gözlərini qızın gözlərinin içinə dikdi. Onun gözləri dolmuşdu, dil-dodağı əsirdi. Handan-hana özünü ələ alıb dilləndi:

- Bacarmıram... Əgər bacara bilsəydim, biryolluq çəkilib gedərdim. Mən səni çox sevirəm, səninlə nəfəs alıram. Heç vaxt səndən ayrı yaşaya bilmərəm. Niyə mənə inanmırsan?

Qız:

- Off… Axı mənim nəyimə lazımdır sənə inanım. Axı sən kimsən ki, mən sənə inanmalıyam? – Buna bir bax, məni çox sevir, mənimlə nəfəs alır. Ay qardaş, sevmə məni, mənimlə nəfəs alma, boğul, öl… Qız axırıncı sözləri deyərkən özü də qımışdı, amma məsələnin çox ciddi olduğunu bildiyindən sifətindəki ani təbəəssüm izləri tezcə də əriyib yox oldu.

O məsələnin sadə bir məsələ olmadığını anlayırdı. Bu neçə ayı oğlandan nə qədər qaçsa da, onu bu istəkdən döndərə bilməmişdi. Bu nə dərd-bəlaydı oğlanı tutmuşdu, qız özü də baş aça bilmirdi. Ötəri bir hiss, sevgi olsaydı, yəqin ki, indi çoxdan oğlan ondan əl çəkib getmişdi. Nə etsin, hansı bir yola əl atsın ki, özünü də, oğlanı da bu bəladan qurtara bilsin?

Bir qədər fikirləşəndən sonra qız mehribancasına əlini oğlanın çiyninə qoyub dedi:

- Bilirsən, mən də insanam, mənim də ürəyim var, sənin nələr çəkdiyini mən də başa düşürəm. Amma məni başa düş, sənə dedim, mənim ərim var, mən ailəliyəm. Sən özgəsinin arvadını sevirsən, bunu anlayırsanmı? - Gəl belə edək, mənim qardaşım yoxdur, həyatımda hər zaman qardaşsız olduğumu hiss etmişəm. Əgər etiraz etmirsənsə, mənə qardaş ol, mən səni doğma qardaş kimi qəbul edirəm. Sən də məni doğma bir bacın kimi sev. – Hə, nə deyirsən, qardaşım olmağa razılıq verirsənmi?! – qız soruşdu.

Oğlan gözlərini qızın gözlərinin içinə dikərək maddım-maddım bir xeyli onun gözlərinin içinə baxdı. Sonra başını aşağı dikib güclə eşidiləcək səslə:

- Mən səni sevirəm, axı.

Qız gülümsəyərək başını buladı:

- Sən lap tərsin biriysənmiş ki... Sev də. sənin sevginə mane olanmı var? Amma məni bir doğma bacın kimi sev. Bacararsanmı?!

- Yox, bu boyda sevginin qarşısında mən sənin qardaşın ola bilmərəm.

- Bəs, onda nə edək, sən de, nə edək?!

- Ərindən boşan, mənə gəl. Mən sənsiz yaşaya bilmirəm, deyə oğlan cavab verdi.

- Sən bilirsən nə danışırsan? Mən ərimə nə deyim, deyim ki, gəl ayrılaq, məni bir başqası sevir? Mənim dərdimdən dəli-divanədir? Hə, belə deyim? Bəs, uşaq, uşaq necə olsun?! Bəlkə, onu da övladlığa götürmək fikrindəsən?

- Nə olar, o da sənin balandır, mənim üçün də əziz olar, - deyə oğlan dilləndi.

- Vallah, sən başını itirmisən, sən xəstəsən nə danışdığını bilirsən?!

- Bəs, mən nə edim? – deyə oğlan soruşdu.

- Mən nə bilim nə edəsən? Sən get bir başqasını sev, gözəl-göyçək oğlansan. Hansı qıza ürəyini açsan səninlə ailə qurmağa razı olar. Əgər bunu bacarmırsansa, sənə kömək edərəm, gözəl rəfiqələrim var, ya da kimi istəsən səninçün elçilik edə bilərəm.

- Axı, mən səni sevirəm. Səndən başqa heç kəs gözümdə deyil.

Qız əsəbi halda başını buladı:

- Off… Sən, ya, dəlisən, ya da dəli olmağa hazırlaşırsan. Mən sənə sözümü dedim, indi özün bil, sevirsən də özün bilərsən, sevmirsən də. – deyə qız sözünü deyib oradan uzaqlaşdı.

… Həftələr aylar ötdü. Oğlanın qıza olan sevgisi azalmaq əvəzinə bir az da güclənmişdi. Bunu qız da hiss edirdi. Qorxurdu ki, onun yox cavabından sonra oğlan özünə bir xətər yetirsin. Azmıydı belələri? – düşündü.

Qız, artıq, başını itirmək dərəcəsindəydi. Gecələr yuxularını qarışdırırdı. Oyanıb otağın pəncərəsindən baxanda oğlanı həyətdə ağaca söykənmiş halda görürdü. Hava soyuq olsa da oğlan səhər açılana qədər ağacın altında gözü onların pəncərəsinə tuşlanmış vəziyyətdə qalırdı. Oğlanın bu halı qızın bütün hissiyyatını oyatmışdı. Onun ürəyində oğlana qarşı nə isə özünün də başa düşə bilməyəcəyi bir hiss oyanmışdı. Bu nə idi, yoxsa oğlana qarşı bir sevgiydimi? Qız, bu kələf kimi dolaşmış fikirlər içində furxunurdu.

Bir gün qız işdən evə dönəndə yaşadıqları binanın qarşısındakı parkda oğlanla qarşılaşdı. Qarşılaşdı deyəndə, bilirdi, hər gün oğlan onu burada gözləyir. Ayaq saxladı.

Sən məni ailəmdən etməklə nə qazanacaqsan?

- Bilmirəm.

- Bəs sən nə bilirsən.

- Səni sevməyi.

- Sən xəstə deyilsən ki? – deyə qız soruşdu.

- Xəstəyəm, sənin xəstən.

Qız gülümsəyərək gözlərini oğlanın gözlərinin içinə dikdi. Bir müddət kirpiklərini qırpmadan gözlərini onun gözlərindən çəkmədi. Oğlan da baxışlarını ondan ayırmadı.

Qız həyəcandan titrəyirdi, o heç vaxt belə məsum baxışlarla rastlaşmamışdı. Bu gözlər sehr idi, tilismliydi sanki.

O qeyri ixtiyarı qollarını oğlanın boynuna dolayıb:

- Adın nədir?

- Mehdi…

- Bəs mənim adımı soruşmaq istəmirsən?- deyə qız soruşdu.

- Bilirəm!

- Maraqlıdır, adım nədir?

- Çiçək! – deyə oğlam pıçıldadı.

- Bəlkə soyadımı da deyəsən?

- Əliyarlı?

- Atamın adı?

- Dilqəm müəllim.

- Hətta atamın müəllim olduğunu da bilirsən.

- Doğurdan məni sevirsən, inanım sənə? – qız pıçıldadı.

Oğlan boyun-boğazına yayılan isti nəvəsin təsirindən az qaldı ki, ağlını itirsin. Bu hal elə ani baş verdi ki, o bunu ağlına belə gətirməzdi.

O qorxa-qorxa əllərini qızın kürəyinə səpələnmiş gur saçlarında gəzdirdi. Sonra güclə eşidiləcək səslə:

- Sevmək nədi, sənin dərdindən lap dəli olmuşam.

- Hə, bunu bilirəm, - deyə qız gülümsəyərək, ona sığındı:

- Deyirsən, ayrılımmı ərimdən, əl çəkimmi hər şeydən?!

- Hə, ayrıl ondan, burax hər şeyi, mənim ol, ancaq mənim.

- Ev-eşiyin varmı? - qız soruşdu.

- Hə, bir otaqlı mənzilim var, mətbəxi də genişdir, hələlik ikimiz üçün yetər,- deyə oğlan pıçıltıyla dilləndi.

Qız gülümsədi:

- Hələ, mətbəxi saxla sonraya, elə bu dəqiqə yığışıb sənin evinə köçməyə hazırlaşmıram.

- De görüm kiminlə olursan?

- Heç kimlə, tək-təhna oluram.

- Bəs, valideynlərin?

Onlar yoxdurlar, ayrılıblar, hər kəsin də öz ailəsi, ev-eşiyi var.

- Aldatmırsan ki? – deyə qız yarıciddi, yarızarafat soruşdu.

- Niyə aldadım, adam sevdiyi insanımı aldadar?

- Hə, elədir, adam sevdiyini aldatmaz. Onda belə razılaşaq, bazar günü bir günlüyə sənin qonağın olacağam, yalnız bir günlüyə. Razılaşdıq? - deyə qız oğlanın saçlarını qarışdırdı.

Oğlan gülümsədi.

Qız oğlanla tanış olduğu gündən bəri, birinci dəfəydi ki, onun sifətinin açıldığını görürdü. Çox mənalı sifəti vardı oğlanın azca uzunsov, yanlardan batıq, çənəsinin ortası da çökək.

Bazar gününə iki gün qalmışdı. Bu iki gün hər ikisi üçün iki il qədər uzun göründü. Saatlarındakı dəqiqələr, saniyələr sanki kilidlənmişdi. Divardakı təqvimin, nəinki günü, hətta ili də pozulmuşdu.

Bu da, bazar günü…

… Razılaşdıqları yerdə görüşdülər. Hər ikisi həyəcanlı idi. Görüşəndə bir-birlərinə heç əl də vermədilər. Elə, sadəcə, baxışlarıyla salamlaşdılar. Taksiyə oturub oğlan deyən ünvana sürdürdülər.

Doqquzmərtəbəli, köhnətikili bir binanın qarşısında maşından düşdülər. Binanın həyətində bir neçə nəfər adam gözə dəyirdi.

Qıza elə gəldi ki, hamı onlara baxır. İkinci girişdən binaya daxil oldular.

- Burada yaşayırsan?- qız soruşdu.

- Hə, burada, dördüncü mərtəbədə.

Pilləkənlər dar, dəhliz alaqaranlıq olduğu üçün qız oğlana qısılaraq, onun qolundan yapışmışdı. Əslində, bu tanımadığı məkanda tanıdığı birisi vardısa o da bu oğlan idi.

Dördüncü mərtəbəyə çatanda oğlan sağa buruldu və əlini cibinə salıb qapının açarını çıxartdı və meşin üzlü qapının dəliyinə salıb qapını açdı. Sonra bir addım kənara çəkilib qızın üzünə gülümsəyərək:

- Buyurun, bu da bizim mənzilimiz.

Qız əlini oğlanın kürəyinə qoyub ehmalca itələdi:

- Birinci sən keç.

Oğlan qızın əlini əllərindən buraxmayaraq otağa daxil oldular.

Otaqdan kişi odekolonunun iyi gəlirdi. Hər tərəf səliqəli idi, hətta stolun üstündəki güldandakı güllər də təzəydi.

Oğlan gözlərinə inanmırmış kimi otağın ortasındaca donub qalmışdı. Qız onu vəziyyətdən çıxarmaq üçün dedi: - Xoş gəlmişik.

Oğlan sanki yuxadaymış kimi ayıldı və qızın əllərindən yapışıb : - xoş gəldin, əziz…

O həyəcandan sözlərinin axırını gətirə bilmədi, kəkələdi.

Qız otağın tən ortasındaca dayanıb oğrun nəzərlərlə ətrafı süzürdü. O, əlini uzadıb oğlanın əlindən yapışdı və astaca onun əlini sıxıb:

- Yaxın gəl, qucaqla məni. – dedi.

Oğlan qıza yaxınlaşıb əllərini onun incə belinə doladı və:

- Söz ver ki, məni tərk etməyəcəksən. həmişəlik mənim yanımda qalacaqsan – dedi..

Qız həyəcanlıydı, ürəyi quş ürəyi kimi çırpınırdı. O üzünü oğlanın üzünə söykəyib pıçıltıyla:

- Mən yalnız bir gecəliyə gəlmişəm, bir gecə sənin qonağınam. Sabah tezdən isə çıxıb gedəcəyəm, özü də həmişəlik.

- Yox, sən heç yerə getməyəcəksən, mən sənsiz yaşaya bilmərəm, ölərəm.

- Axı, məmim ərim, uşağım…

- Sənin heç kimin yoxdur, nə ərin var, nə də uşağın.

- Hardan bilirsən? - qız gülümsədi.

- Bunların hamısını qonşulardan öyrənmişəm. Bu neçə vaxtı onların hamısıyla dostlaşmışam, orada səndən başqa hamı məni yaxşı tanıyır, - deyə o, gülümsədi.

Qız əlini əlinə vurub bərkdən güldü:

- Demək, qonşularım məni satıblar. Bunlara bax, ay sizi… Sənə dediyim yalanların üstünü, demək onlar açıbdır. Görürsən…

- Niyə, mənə əzab verirdin, - deyə oğlan qızın üzünü əlləri arasına alıb düz onun gözləri içinə baxaraq soruşdu.

- Mən səni tanımalıydım, axı. Bilməliydim ki, məni sevən oğlan kimdir, nəçidir?

- Tanıdınmı?!

- Hə, tanıdım, əlbəttə tanıdım.

- İnandınmı mənə…

- Varlığım qədər…

- Həmişəlik mənim olacaqsanmı?

- Həmişəlik, ölənə qədər.

Oğlan qızın gözlərindən öpərək:

- Yadındadır, bir vaxt qardaşım yoxdur, qardaşım ol, deyirdin. İndi nə deyirsən, əzizim, qardaşın olummu?!

Qız bərkdən gülərək, qollarını onun boynuna dolayıb bütün varlığıyla ona sığındı və:

- Nə deyirsən de, əzizim, bircə, mənə bacı demə, günahdır…

# 4552 dəfə oxunub

Müəllifin son yazıları

# # #