“Qar” - Dünyanın ən balaca romanı

“Qar” - Dünyanın ən balaca romanı
17 iyun 2016
# 16:09

Kulis.az Həmid Priyevin tərcüməsində Maksans Ferminin “Qar” romanını təqdim edir.

I

1

Ancaq ağ haqda düşünmək

(Artur Rembo)

Yuko Akitanın ehtirasla sevdiyi iki şey vardı.

Hokku.

Və qar.

Hokku – yapon ədəbiyyatında janr, üç sətirdən və on yeddi hecadan ibarət balaca şeir. On yeddi heca, bircə dənə də artıq olmaz.

Qar – şeirdir. Buludlardan yüngül ağ dənəciklərlə tökülən şeir.

O göyüzündən, Tanrının əlindən tökülür.

Onun adı var. Gözqamaşdıran bəyaz adı.

Qar.

2

Qış küləyi

Sintoist rahibi

Meşəni dolaşır

(İssyo)

Yukonun atası sintoist rahibi idi. O Yaponiyanın şimalında, Hokkaydo adasında, qışı uzun və soyuq keçən yerdə yaşayırdı.

O oğluna kosmik güclərin varlığından, inamın vacibliyindən danışırdı, təbiəti sevməyi öyrədirdi və hokku bacarığına yiyələndirirdi.

1884-cü ilin aprel günündə Yukonun on yeddi yaşı tamam oldu. Yaponiyanın cənubunda, Kyusyu adasında albalılar çiçəkləməyə başlamışdı. Şimaldasa hələ də dəniz buzla örtülüydü.

Cavanın estetik və ruhi tərbiyəsi başa çatdı. Sənət seçmək vaxtıydı. Akita nəslinin bir çox nümayəndələri özlərini dinə və ya hərbi işə həsr edirdi. Amma Yuko nə rahib olmaq istədi, nə də hərbçi.

- Ata, - o ad gününün səhəri gümüşü gölün sahilində dedi, - mən şair olmaq istəyirəm.

Rahib özünü sakit saxlasa da üzündə dərin məyusluq hissi əks olundu. Günəş şüaları suyun üstündə oynaşırdı. Ay balığı daşların arasından üzüb taxta körpünün altında itdi.

- Poeziya sənət deyil. Vaxt itkisidir. Şeirlər axıb gedən suya oxşayır. Bu çay kimi.

Yuko gözünü sakit axına dikdi. Sonra atasında baxıb dedi:

- Mən elə bununla məşğul olmaq istəyirəm. İstəyirəm ki, vaxtın necə keçdiyini görməyi öyrənim.

3

Sınan su qabının səsi

(Bu gecə su donub)

Məni oyadır

(Basyo)

- Şeir nədir? – rahib soruşdu.

- Bu açılmamış sirrdir, - Yuko cavab verdi.

Bir səhər sınan su qabının səsi poeziya axınına rəvac verir, ruhu yuxudan oyadır və ona gözəllik bəxş edir. Bu məqamda başqa vaxt sözlərlə ifadə edə bilmədiyini deyə bilirsən. Bu hərəkətsiz səyahətin vaxtıdır. Bu şair olduğun vaxtdır.

Heç nə bəzəməmək. Heç nə deməmək. Müşahidə edib yazmaq. Bir neçə söz. On yeddi heca. Hoqqu.

Səhər adam oyanır. Dünyadan ona daha artıq heyran olmaq üçün ayrılmaq vaxtı çatır. Səhər – həyatı görmək vaxtıdır.

4

Birinci cırcırama

Dedi və yağdı

Yağış

(İssyo)

Aylar keçdi. 1884-cü ilin yayında Yuko yetmiş yeddi hokku yazdı, hamısı bir-birindən gözəl.

Günəş saralan səhər onun çiyninə kəpənək qonub incə ulduz izi qoydu, sonra həmin izi iyun yağışı yudu.

Hərdən nahardan sonra çay yığan qızların nəğmələrinə qulaq asmağa gedirdi.

Növbəti gün evin kandarında ölmüş həşərat tapdı.

Başqa heç nə baş vermədi.

Elə ki, qışın ilk günləri gəldi, Yukonun gələcəyiylə bağlı suallar yenə ortaya çıxdı.

Bir dekabr səhəri atası onu Xonsyunun mərkəzindəki dağın ətəyinə apardı, dağın həmişə qarlı olan zirvəsini göstərdi, içi yemək dolu çantanı və ipək kağızı ona uzadıb dedi:

- Seçməmiş qayıtma. Hərbçi, ya rahib. İkisindən biri.

Cavan yorğunluğa və təhlükəyə baxmayıb dağa çıxdı. Zirvədə daldalanacaq tapıb üzü dünyanın möhtəşəmliyinə tərəf oturdu.

Yeddi gün sərasər göyün qapılarında oturub gözəllikdən həzz aldı. İpək kağız parçasına cəmi bircə söz yazdı, gözqamaşdırıcı bəyazlığa malik bircə söz.

Atasının yanına qayıdanda atası soruşdu:

- Yuko, öz yolunu tapdın?

Cavan diz çöküb dedi:

- Daha yaxşısını, ata. Mən qar tapdım.

5

Bu qar diyarında

Əgər ölsəm, mən də

Qar Buddası olaram.

(Xosui)

Qar şeirdir. Gözqamaşdırıcı bəyazlıqda şeir.

Yanvarda o Yaponiyanın şimalını örtür.

Yuko yaşayan yerdə qar qışın şeiri idi.

Atasının təəssüfünə rəğmən Yuko 1885-ci ilin əvvəlində şairliyə başladı. O qarın gözəlliyini vəsf edən şeirlərdən başqa heç nə yazmamağa qərar verdi. O öz yolunu tapmışdı. O bilirdi ki, heç vaxt bu yoldan dönməyəcək.

Qışda hər gün səhər tezdən evdən çıxıb dağa tərəf gedirdi. Şeir yazmaq üçün eyni yerə gedirdi. Ağacın altında oturub orada bir neçə saat keçirdir, dünyadakı ən gözəl on yeddi hecanı axtarıb tapırdı. Şeirlərini qoşub ipək kağıza yazırdı.

Hər gün təzə şeir, təzə nəfəs, təzə kağız. Hər gün başqa peyzaj, başqa rəng. Amma həmişə hokku və qar. Nə qədər ki, gecə düşməyib.

O, həmişə evə çay dəstgahı başlananda qayıdırdı.

6

Günahsızcasına

Oynayanda onlar

Ayaqlarını oynadırdılar

(Taidji)

Amma bir gecə Yuko qayıtmadı. Dolun ay. Hər şey gündüzmüş kimi aydın görünür. Qar kimi yumşaq buludlar göyüzünü örtüb. Onlar min ağ əsgər kimi onu zəbt edib. Bu qar ordusuydu.

Ay işığında sakit oturan Yuko onların hərəkətini izləyirdi. Evə dan yeri söküləndə qayıtdı.

Solğun günəşin aydınlatdığı yolda fontandan su götürən qızla rastlaşdı.

Qız əyiləndə tunikası dartılırdı və qızın qar kimi döşünün dərisi görünürdü.

Bir az sonra, öz otağında olanda Yuko əlini alnına qoydu: alnı sake stəkanı kimi istiydi.

Əliylə qırmızı istiota oxşayan şeyini sıxıb yatdı. Küçədə şaxta vardı.

7

Soyuqda

Şaftalı çiçəyini öpürəm

Arzulayaraq.

(Soseki)

Qarın beş əsas göstəricisi var.

O ağdır.

O təbiəti dondurur və qoruyur.

O həmişə dəyişir.

O sürüşkəndir.

O suya çevrilir.

Yuko bunları atasına deyəndə atası bunda yaxşı heç nə görmədi, elə bil oğlunun bu qeyri-adi ehtirası qışı daha da soyuq edirdi.

O ağdır. Buna görə görünmür və var olmaq haqqı yoxdur.

O təbiəti dondurur və qoruyur. Bütün dünyanı donmağa məcbur etdiyini demək çox özündənrazılıq deyil?

O həmişə dəyişir. Buna görə də etibarsızdır.

O sürüşkəndir. Qarda sürüşmək kimin xoşuna gələr ki?

O suya çevrilir. Və daşqın olanda bizi batırır.

Yuko isə dostunda başqa beş xüsusiyyət görürdü və bu da onun şairlik istedadını bütünlükdə təmin edirdi.

O ağdır. Buna görə də o şeirdir. Çox təmiz şeir.

O təbiəti dondurur və qoruyur. Buna görə də o rəsmdir. Qışın incə şəkli.

O həmişə dəyişir. Buna görə də o xəttə oxşayır. “Qar” sözünü on min cür xəttlə yazmaq olar.

O sürüşkəndir. Buna görə də o rəqsdir. Qarda hamı özünü rəqqas hiss edə bilər.

O suya çevrilir. Buna görə də o nəğmədir. Yazda çaylar və göllər ağ notların simfoniyası olur.

- Bütün bunların hamısı sənin üçündür? – Rahib soruşdu.

- Hətta daha çox.

Həmin gecə Yuko Akitanın atası anladı ki, oğlunun gözlərini qarın gözəlliyiylə doldurmağa təkcə hokku qadir deyil.

8

Yuko hokkunu, qarı və yeddi rəqəmini müqəddəsləşdirmişdi.

Yeddi rəqəmini sehirli sayırdı.

Onda kvadratın tarazlığı və üçbucağın dəyişkənliyi eyni anda mövcuddur.

Şair olmağa qərar verəndə Yukonun on yeddi yaşı vardı.

On yeddi hecalı şeirlər yazırdı.

Yeddi pişiyi vardı.

O atasına hər qış ancaq yetmiş yeddi hokku yazacağına söz vermişdi.

Qalan vaxtlar o evdə oturub qarı unudurdu.

9

Yaz günlərindən birində, qürub vaxtı imperatorun saray şairi Meydji Yukonun şeirini gördü. O yaşayan kəndə gəlib Akata atanın evini tapdı və onu soruşdu. Məbəddən qaçıb gələn rahib imperatorun elçisini hörmətlə qəbul edib ona çay təklif etdi və dedi:

- Oğlum bu illik axırıncı dəfə dağdan qayıdacaq. Bu gün onun etmiş yeddinci hokkusunun günüdür. Əgər istəsəniz, sizi onun emalatxanasına apara bilərəm. O ipək kağızlara yazdığı şeirlərini orada saxlayır.

Şair çayın ətrini sinəsinə çəkdi və ürəyi sevinclə doldu, - o söz ustası sayılıb şeirlərini oxumaq üçün imperator sarayına aparıldığı və hökmdarın da şeirlərini bəyəndiyi günü xatırladı. Sonra bir udum içib dedi:

- Mənə bu möcüzəni göstərin.

Rahib ona dalınca gəlməyi təklif edib divarları kağızlarla örtülü otağa gətirdi. Bu mənzərəni görənlərin ruhu dincəlirdi.

- Buradır, Ustad. Oğlumun bütün hokkularını görə bilərsiniz.

Şair yavaşca və təmtəraqla yaxınlaşıb Yukonun bu il yazdığı yetmiş altı hokkunun hamısını oxudu.

Xouyub qurtarandan sonra rahib onun gözlərinin yaşardığını gördü.

- Bu möhtəşəmdir. Heç vaxt beləsini oxumamışam. Düşünürəm ki, mən artıq dünyada olmayanda imperator oğlunuzu saray şairi edə bilər.

Sevincdən özünü itirən Yukonun atası qonağın ayaqlarına yıxıldı.

- Bununla bərabər, - qonaq davam etdi, - iki şeyvar ki, məni məyus edir.

Rahib başını qaldırdı.

- Nə olub? Bəyəm bu hokkular böyük Basyonun hokkularından daha yaxşı deyil?

- Bu şeirlər müqayisəyəgəlməzdir. Sözlər əsil gözəllik bulağından axıb. Mətnlər çox musiqilidir, amma onlarda rəng çatmır.

Oğlunuzun yazdığı dil çox ağdır. Demək olar görünmür. Əgər o şeirlərini imperatora təqdim etmək istəsə, onları rəngləməyi öyrənməli olacaq.

- O hələ cavandır, bunu da unutmayın. Onun hələ on yeddi yaşı var. Bəs başqa nə?

Şair bir fincan da çay istəyib evin qabağındakı yaşıl köşkdə oturdu, bahar təravətiylə işıldayan dağa baxdı. Sonra bir udum içib soruşdu:

- Nə üçün qar?

10

Yuko dağdan qayıdıb biləndə ki, yad biri onun şeirlərini oxuyub və daha pisi, bəyənib, vəhşiyə döndü.

- Bunlar ancaq qaralamalardır. Mən hələ istedadım haqda heç nə bilmirəm.

- Amma səni saraya çağırırlar! Bu böyük, çox böyük şərəfdir! - atası cavab verdi.

- Yox, - Yuko dedi, - bu alçaltmaqdır.

Rahib saray şairinin dediklərini eynilə oluna deyəndə o qışqırdı:

- Axı onun şeirdən və rənglərdən nə başı çıxır? Şeiri on min cür yazmaq, on min cür çəkmək olar, amma mənimçün o qara oxşayır. Mən on min heca yazandan sonra imperatorun yanına gedəcəyəm. On min, nə az, nə çox.

- Axı on min heca – beş yüz doxsan hokku edir! Əgər sən ildə yetmiş yeddi hokku yazsan, bu düz yeddi il çəkər.

- Deməli, mən saraya yeddi ilə gedəcəyəm.

Ata və oğul daha heç vaxt saray şairinin gəlişindən danışmadılar.

Bu bahar Yuko verdiyi sözə əməl edib hokku yazmadı.

Etdiyi yeganə şey – yaşıl bağda albalı çiçəklərinin ətrini iyləmək idi.

Yayda meşə balının ətriylə nəfəs aldı.

Tufanın ilk günlərində çay qırağındakı palçığın içindən sarı göbələk tapdı.

Həmin il ətirli və sakit il idi.

11

Qadın dərisi

Qadınların gizlətdiyi dəri

Necə də istidir!

(Syutejo)

İkinci qış şeirlər gözqamaşdırıcı bəyazlığa malik idi.

Qar həmişəkindən çox idi.

Dekabr gecəsi o vaxt fontanda gördüyü qız onun bakirliyini əlindən aldı. Onun dərisinin dadı qaysını xatırladırdı. Yuko onun əmcəyini ağzına alıb ay limonu kimi sovurdu. Düz səhərəcən.

Bu qış Yuko yetmiş yeddi hokku yazdı. Bir-birindən ağ və gözəl.

Bu da axırıncı üç dənəsi:

Təmiz qar

Gözəlliyin və sakitliyin

Körpüsü

Qarın musiqisi

Səslənir

Ayağımın altında

Çömələn qadın

Işəyib

Qarı əriməyə məcbur edir

Bunlar hokkulardır.

Tərtəmiz. Həqiqi. Yaxın. Incə və şəffaf gözəllik.

Onlar sadə ölümlülər üçün çox da böyük şey deyildi, amma şair ruhu üçün ilahi aləmə körpü idi. Mələklərin bəyaz dünyasına aparan körpü.

12

Baharın ilk günlərində günəş saray şairiylə bir yerdə qayıtdı.

Bu dəfə o tək gəlməmişdi.

Onun yanında şeiri çox sevən gözəl qadın da vardı. Onun dərisi ağ idi, saçlarıysa gecə kimi qara. O Müəllimin sevimlisi idi.

Yukonun atası onları gül-çiçəkli köşkə dəvət edib nadir tapılan ətirli çay təklif etdi.

Müəllimlə qız çay içəndə o dedi:

- Oğlum sizin gəlişinizlə verdiyiniz şərəfin fərqindədir. O belə hesab edir ki, imperator sarayına gəlməmişdən qabaq istedadını kamilləşdirməyə yeddi il vaxt lazımdır. Bu qış onun hokku yazdığı ikinci qışdır deyə hələ beş il gözləmək lazımdır.

Yaşlı adam cavab verməmişdən əvvəl xeyli gümüşü çayın sahillərinə baxdı.

- Beş il – böyük müddətdir. Bilmirəm imperator bu qədər gözləyəcəkmi? Yuko haçan qayıdacaq?

- Gecə.

- Onu gözləyəcəyik.

Yuko dağdan qayıdanda emalatxanasında iki yad adam gördü. Qız həmin dəqiqə onu öz gözəlliyiylə heyran etdi. Müəllimin simasından etinasızlıqdan başqa heç nə oxunmurdu.

- Yuko, - saray şairi dedi, - mənim sənə iki sualım var.

- Sizi dinləyirəm, Müəllim.

- Nə üçün yeddi il?

- Çünki bu sehirli rəqəmdir.

Qızın dodağındakı güclə seziləcək təbəssüm Yukonun nəzərindən qaçmadı. Onun dodaqları təzə meyvəyə oxşayırdı. Yuko özünü onları dişləməkdən güclə saxladı.

- Onda nə üçün qar? – Müəllim davam etdi.

- Çünki bu eyni zamanda həm şeir, həm yazı, həm rəqs, həm də musiqidir.

Qoca Yukoya yaxınlaşıb isti nəfəsiylə pıçıldadı:

- Bütün bunlar – odur?

- Hətta daha çox.

- Sən şairsən. Bəs o biri sənətlər haqda nə bilirsən? Oynaya bilirsən, yaza bilirsən, musiqi bəstələyə bilirsən?

Yukonun cavabı yox idi. Üzünün necə qızardığını hiss etdi.

- Mən şairəm. Şeirlər yazıram. Öz işimlə məşğul olmaq üçün başqa nəyisə bilməyim lazım deyil.

- Yanılırsan. Poeziya – hər şeydən əvvəl rəsmdir, yazıdır, xoreoqrafiyadır, musiqidir, ruhun yazısıdır. Şair – şəkildir, rəqsdir, musiqidir, gözəl xəttdir. Əgər usta olmaq istəyirsənsə, hər şeyi bacarmalısan. Sənin şeirlərin heyrətamiz dərəcədə gözəl və musiqilidir, amma qar kimi ağdır. Onlarda rəng çatmır. Sən rəssam deyilsən, Yuko. Bu da sənin çatışmazlığındır. Ancaq bu. Buna görə də, əgər sən mənə qulaq asmasan, dünyanın gözü heç vaxt sənin şeirlərini görməyəcək.

Qocadan sıxılmışdı, amma qız gözəl idi, onu üzmək istəmirdi.

- Sizi dinləyirəm, Müəllim.

- Yaponiyanın cənubunda incəsənətə tamamilə sahib adam yaşayır. Gözəl şeirlər, musiqili pyeslər yazır, amma hər çeydən əvvəl – o rəssamdır. Bu möhtəşəm, unikal adam özünü Soseki adlandırır. O mənim müəllimim olub. Mənim adımdan onun yanına get. O, sənə səndə olmayan şeyləri öyrədər.

Söhbət əsnasında müəllimin sevimlisi bir kəlmə də danışmadı. O ancaq gülümsəyərək və çay içərək Yukoya baxırdı.

- Gecikmə, - qoca dedi, - Soseki çox qocadır və tezliklə ölə bilər.

Yuko təzim edib dedi:

- Müəllim, günü sabah Sosekinin yanına gedəcəyəm.

Sonra dönüb nataraz hərəkətlə qızın hər iki yanağından öpdü. Qız lağla gülümsədi. Onun gülüşü göyə çıxan zənguləyə oxşayırdı.

Yuko artıq qıza qarşı utanc qarışıq böyük sevgi duydu.

13

Həmin gecə Yuko fontanda gördüyü qızla sevişdi. O qızı albalı ağacının çətiri altındakı qardan götürdü. Onlar yeddi dəfə sevişdilər. Oğlanın şeyi büzüşmüş ənginara, qızın qasığısa bənövşəyi lentə oxşayanacan.

14

Səhər obaşdan Yuko kənddən çıxdı. O atasıyla və ailəsiylə vidalaşıb cənuba yollandı.

Bu onun ruhunun günəşinə səfəri idi. Dünyanın təmizliyi və işığı gözlərini qamaşdırırdı. Yolda yavaşca addımladıqca ürəyinin necə təmiz sevinclə dolduğunu hiss edirdi. O azad və xoşbəxt idi. O özüylə sevgiyə inam və poeziya aparırdı.

Amma olmalı olan oldu. Qarı o qədər sevmişdi ki, ona olan qorxunu itirmişdi.

Dağları aşanda Yuko dəhşətli qar çovğununa düşdü. O xilasını təsadüfən tapdığı daldalanacağa borclu idi.

Yuko mağarada gizləndi. Və orada, soyuqdan əsə-əsə, qarın içində, başgicəlləndirən tənhalıqda, öz sükutunda, dəhşətli soyuqda o yüz dəfə ölməliydi. Amma o sağ qaldı.

O sağ qaldı, çünki bu gecə reallığın qarşı tərəfindən gəlmiş həmin gözəlliyi gördü. Bu onun həyatında gördüyü şəkillərdən ən möhtəşəmi idi. Yuko onu daha unuda bilmədi.

15

Bu qız o idi. Yuko mağarada yatanda qız orada idi. Qız yuxu kimi kövrək görünürdü. Bu cavan, sarı saçlı, Avropa mənşəli qız idi. O ölmüşdü. Meyiti bir metrlik buzun altında idi.

16

Qız həqiqətən yatmamışdı. O ölmüşdü. Amma onun məzarı büllur kimi şəffaf idi. Yuko ilk baxışdan ona vuruldu.

Yuko meyitə bu qədər yaxın olduğunu hələ də anlamırdı. O meyit deyildi. O heyrətamiz dərəcədə canlı idi.

Birincisi qız çılpaq idi. O buzun altında çılpaq nə edirdi? Tezliklə bu sual onun ağlına gəldi. Amma cavabını bilmirdi.

O hardan çıxdı? Bu əbədi şəffaf daşın altında haçandan əsirdir? Və həqiqətən, o mövcuddurmu?

Buzun altındakı qız kövrək və incə arzu kimiydi. Qızılı saçları məşəl kimi yanırdı. Yarıyumulu göz qapaqlarının arasından gözlərinin mavi soyuğu görünürdü. Elə bil buz nazik dərini şəffaflaşdırmışdı. Üzü qar kimi bəmbəyaz idi.

Bu gözəlliyə heyran olan Yuko sakitcə baxırdı.

17

Yuko arzulara inandı.

Ona elə gəlirdi ki, başında qızın obrazı az-maz dəyişilir. Aamma bu qarabasma deyildi. Qız orada idi, buzun altında, ondan bir metr aralı və o qızı sevirdi.

Yuko bütün gecəni orada qaldı, gözlərini bu mənzərədən çəkə bilmirdi. Bircə dəfə də nəzərini yayındırmadı. Yuko orada idi və soyuğa baxmayaraq, əvvəllər heç arzu edə bilməyəcəyi şeyə baxırdı.

Onun üçün bu gecə vaxt dayanmışdı.

O kimdir, nə üçün buradadır?

Yuko bunları bilmirdi.

Amma o kədərli və gözəl bir şeyi bilirdi: o qocalacaq və bir gün öləcək, amma onun bu qıza sevgisi heç vaxt ölməyəcək və buz altındakı qızın siması heç vaxt qocalmayacaq.

18

Səhər Yuko onu tapdığı yerə xaç basdırdı. Sonra yola davam etdi.

Gecə başına gələnləri heç cür unuda bilmirdi. Qızın surəti yol boyu gözünün qabağından getmədi.

Həmin gecə Yuko dağ kəndinə çatdı. Meydana getdi və yorğunluqdan donmuş fontanın qabağında yıxıldı. Qoca kəndli tez ona bir stəkan sake gətirdi.

Cavan ona tərəf döndü, bir qurtumiçib nəfəsini dərdi və soruşdu:

- O kim idi?

Və qocanın qollarına yıxıldı.

19

O gücünü bərpa edib təzədən yola çıxmaq üçün yeddi gün dincəlməli oldu.

Bu yeddi günü Yuko yatdı və yuxuda qar qızı gördü. Bir gün səhər durub qoca kəndliyə təşəkkür etdi və yola düşdü.

Buzdakı qızdan daha bir kəlmə də danışmadı.

20

Yaponiyanın o tərəfindən bu tərəfinə keçib bir səhər Sosekinin qapısına çatdı. Onu Xorosi adlı qulluqçu qarşıladı. Bu yaşlı, gülümsər simalı, çal saçlı bir kişiydi. Yuko ona dedi:

- Mən imperatorun saray şairi Meydjinin adından gəlmişəm ki, ustad Sosekidən rəng sənətini öyrənim. Girə bilərəm?

Qulluqçu qırağa çəkilib yol verdi və onu rahat quruluşlu otağa apardı. Yuko üzü cürbəcür bitkilət əkilmiş bağa oturdu. Ona bir fincan buğlanan çay verdilər. Bayırda, çayın sahilində hansısa quş xumar halda ötürdü.

- Mən uzaqdan gəlmişəm, - Yuko davam etdi. – Şairəm. Daha dəqiqi, qar şairi. Ustad Sosekidən öyrənməyə gəlmişəm.

Xorosi razılıq əlaməti olaraq başını tərpətdi.

- Burada nə qədər qalmağa hazırlaşırsınız?

- Nə qədər lazım olsa. Mən əsil şair olmaq istəyirəm.

- Anlayıram. Amma müəllim çox qoca və xəstədir. Ömrünə az qalıb. Buna görə də ancaq çox bacarıqlı uşaqlara dərs verir. Gündə iki dəfə, səhər gün çıxanda və axşam gün batanda.

- Mən bacaracağam. Və əgər onun diqqətinə layiq olmasam, o saat çıxıb gedəcəyəm.

- Ustad Soseki sizin bacarığınızı qiymətləndirəcək. Budur, özüdür. İndi onun bağda, güllərin arasında gəzmək vaxtıdır.

Yuko çevrilib uzun saqqallı, ip üstündə gəzirmiş kimi asta-asta və ehtiyatla gedən qocanı gördü. Onun gözləri bağlı idi.

- Bu rənglərin ustadıdır? – Yuko soruşdu.

- Hə, Soseki, böyük rəssam Soseki.

- Amma... Onun gözləri...

- Hə, - Xorosi dedi, - mənim sahibim kordur.

21

Kor müəllim necə rənglərin xüsusiyyətini öyrədə bilər? Heç öz işlərini qiymətləndirə bilməyən birini ona müəllim kimi məsləhət biləndə saray şairi Yukoya lağ edirdi? Bircı anlıq Yuko hər şeyi tullayıb kəndə, sevdiyi dağların yanına getmək istədi. Amma Xorosi onu saxladı.

- Heç nə öyrənməmiş getmə. Soseki xırda şeyləri görməyə bilər, amma onun ağlı sənin gözlərinin görə bilmədiyini görür. Gedək səni təqdim edim.

- Kor adam mənə rənglərdən nə danışa bilər?

- Qadınlar haqda danışa biləcəyini, baxmayaraq uzun müddətdir, heç bir qadınla münasibəti yoxdur. Zahirə baxma. Çaşarsan.

Xorosi onu müəllimin yanına apardı.

- Kimsən və məndən nə istəyirsən.? – Soseki soruşdu.

- Yukoyam, qar şairi. Şeirlərim gözəldir, amma bəyazdır. Ustad, mənə şəkil çəkməyi öyrədin. Mənə rəngləri öyrədin.

Soseki gülümsəyib dedi:

- Əvvəlcə sən mənə qardan danış.

22

Ustadın təhsili başqalarınınkına oxşamırdı.

Səhər birinci dərsdə, sübh şəfəqləriylə parıldayan çayın sahilində Yukoya dedi ki, gözlərini bağlayıb rəng təsəvvür etsin.

- Ətrafında rəng yoxdur. Onlar sənin içindədir. Bayırda ancaq işıq var. Nə görürsən?

- Heç nə. Bağlı gözlə ancaq qaranlıq görürəm. Bəs siz?

- Mənsə yox, - Soseki cavab verdi. – Mən göy qurbağalar və sarı göyüzü görürəm. Hansımız koruq?

Yuko istədi desin ki, göyüzü sarı deyil, qurbağalar da göy. Amma özünü saxladı. Ola bilsin qoca sadəcə dəli olub. Yuko onu kədərləndirmək istəmirdi.

- Ustad, - dedi, - mən görməyə başlayıram.

- Nə görürsən?

- Qırmızı ağaclar.

- Sarsaq, - Soseki dedi. – Ola bilməz. Burada ağac yoxdur.

23

Növbəti səhər müəllim yenə Yukoya gözlərini bağlatdırdı və dedi:

- İşıq içəridədir. O səndədir. Ancaq rəng bayırdadır. Gözlərini bağla və nə gördüyünü mənə de.

- Müəllim, - Yuko dedi, - mən qarın ağ rəngini görürəm.

Öz sözünə gülməyi gəldi. Gözəl bahar səhəriydi. Günəş soba kimi yanırdı.

- Bu düzdür, - Soseki dedi, - qışda burada qar olub. Sən görməyə başlayırsan.

24

Beləliklə Yulo bir illik təhsilə qəbul olundu.

Qulluqçu Xorosiylə dostlaşdı. Onlar bir otaqda yatırdılar.

Bir gecə Yuko ondan soruşdu:

- Ustad əslində kimdir? Öz sənətini yaxşı bilirmi?

- Soseki Yaponiyanın ən böyük rəssamıdır. Eyni zamanda musiqini, poeziyanı, xəttatlığı və rəqsi də bilir. Amma qadın sevgisi olmasaydı, onun istedadı heç vaxt üzə çıxmazdı.

- Qadın? – Yuko soruşdu.

- Hə, qadın. Axı sevgi ən çətin istedaddır. Yazmaq, musiqi bəstələmək, oynamaq, şəkil çəkmək – sevməklə eyni şeydir. Bu ip üstündə gəzmək kimidir. Ən çətini yıxılmadan qabağa getməkdir. Soseki də qadına olan sevgisindən yıxılacaqdı. Ancaq istedadı onu kədərdən və ölümdən qurtardı. Amma bu uzun əhvalatdır və məncə sənə maraqlı deyil.

- Yox, - Yuko həyəcanlandı. – Danış!

- Bu əhvalat lap çoxdan, ustad samuray olan vaxt olub.

- Soseki? Samuray? Danış, nə olar, danış!

Xorosi bir stəkan sake içib xatirələrə daldı.

- Hər şey sehrdən başladı...

II

25

Hər şey sehrdən başladı. 18.. ilin qış günlərindən birində müharibədən qayıdan Soseki indiyəcən görmədiyi gözəlliyə malik qadına vuruldu.

O uzaq vaxtlarda Soseki imperatorun samurayı idi.

Soseki ordusunun gözlənilməz qələbə qazandığı qanlı müharibədə iştirak etmişdi. O qalib qayıdırdı. Amma yaralıydı. Əsgərlərdən biri öz başının havaya uçmağından bir neçə saniyə əvvəl qılıncıyla onun çiynini yaralamışdı. Bu səhnə hələ də Sosekinin gözlərindən çəkilmir: ağzında palçıq və qan tamı, ona hücum edən düşmən ordunun əsgərləri, düşmənin nifrət yağan siması. Əsgər onu vurmaq üçün qabağa əyildi. Samuray qılıncın soyuqluğunu başının üstündə hiss etdi. Qulaqbatıran qışqırıq və heç nə. Cansız bədənin bütün ağırlığını onun üstünə salmamışdan qabaq çırpınıb tərpənən başsız adamdan başqa heç nə. Belə. Bu şərəf vaxtı idi. Bu müharibənin sevinci idi. Ya ölmək, ya da yaralı qayıtmaq lazım idi.

Samuray başsız əsgərin görünüşünü heç cür unuda bilmədi. Bu onun həyatında gördüyü ən dəhşətli səhnə idi.

Sonra o huşunu itirdi. Onu ölmüş zənn edib döyüş meydanında qoydular. O bütün gecəni başsız bədənlə uzanıb qaldı. Səhər onun iniltisini eşitdilər. Üstündəki meyiti götürəndən sonra onun dəhşət saçan üzü göründü. Ona qulluq etdilər, amma o xeyli vaxt özünə gələ bilmədi. Bir həftə sonra da gözlərindəki qorxu çəkilməmişdi.

İmperator şəxsən onu təbrik etdi, Soseki fəxr edirdi, amma bu sevincin özündə də baş verən hadisəylə bağlı təəssüf sezilirdi.

Nəhayət özünə gələn Soseki evə qayıtdı. Onun vuruşmağına mane olan yarası deyildi – onu müharibə başlayandan bu yana altı dəfə yaralamışdılar, - onun artıq müharibədən zəhləsi gedirdi. Həyatını hərbə həsr edən samuray başa düşdü ki, daha öldürmək istəmir.

O ordunu tərk edib piyada evə qayıtmağa başladı. Və yolda möcüzə baş verdi.

Soyuqdan əsə-əsə, gözlərində müharibənin dəhşəti, baş verənlərin dəhşəti, tək-tənha qar içində, başgicəlləndirəcək qədər tənha, öz sükutunda tək halda o soyuqdan, aclıqdan və yorğunluqdan yüz dəfə ölməliydi. Amma o sağ qaldı.

O sağ qaldı, çünki reallığın o tərəfindən gələn həmin gözəlliyi gördü. Bu onun indiyəcən gördüyü ən gözəl səhnə idi. Samuray onu unuda bilmədi.

26

Bu qız kanat üstündə gəzən, quş kimi yüngül qız idi. Gümüşü çayın üstündən çəkilmiş tarım ipin üstündə dələ kimi gəzən qız.

O yerdən altmış funt hündürlükdə idi. O artıq ipin üstündə gəzmirdi, möcüzəvi şəkildə havada buxarlanırdı. Uzaqdan onu mələyə oxşatmaq olardı.

Soseki yavaş-yavaş çaya yaxınlaşdı. Qızın gözəlliyi onu heyrətə gətirmişdi. O birinci dəfə idi ki, havada buxarlanan qızı görürdü.

Maraqlandığı üçün bir az da yaxına gəldi. Bu dəfə qız düz onun üstündə idi. Bu qəribə tamaşaya baxmaq üçün sahildə xeyli adam toplaşmışdı.

Soseki qızdan gözünü çəkməyərək bir qocaya yaxınlaşdı:

- O kimdir?

Qoca Sosekiyə baxmadan titrəyən səsilə cavab verdi:

- O ip üstündə gəzən qızdır. Əgər göydə uçan bəyaz quş deyilsə.

27

Qız ip üstündə gəzən idi və onun həyatı bir xətt idi. Düz xətt.

28

Qız Parisdə, Fransada doğulmuşdu. Adı Nej idi. Dərisinin bəmbəyaz, gözlərinin buz rəngində və saçının qızılı rəngdə olduğu üçün onu belə çağırırdılar. Bir də ona görə ki, o havada buxarlananda qar dənəsi kimi yüngül görünürdü.

Onun hadisəsi bu cür başladı. Uşaq vaxtı səyyar sirkdə oldu və öz arzusunu real görüb heyrətləndi.

Təhlükəyə baxmayaraq sirkdə işləməyə qərar verdi. Vaxt keçdikcə onun arzusu böyüdü və o ilk qadın ekvilibristlərdən oldu. O ipin üstünə çıxdı və bir daha heç vaxt düşmədi.

29

Nej balansa görə ip üstündə gəzən oldu. Tarımlanmış ip onun həyatı idi.

O özünü ancaq yerdən min fut hündürlükdə, ipin üstündə addımlayanda yaxşı hiss edirdi. Ancaq irəli. Bircə millimetr də səhvsiz.

Bu onun taleyi idi.

Addım-addım qabağa getmək.

Həyatın bir ucundan başqa ucuna.

30

Nej bütün Avropanı heyran qoymuşdu. On doqquz il ərzində o ip üstündə yüz kilometrdən çox gəzdi, tez-tez həyatla ölümün sərhədində oldu.

O ipi Paris Notr-Dam kilsəsinin iki qübbəsinə bağlayıb uzun müddət o ipin üstündə dayanırdı – küləyin və qarın Esmeraldası kimi.

Sonra öz tamaşasını Avropanın başqa şəhərlərində də göstərdi, hər dəfə də tarazlığa qalib gəldi.

Nej adi ip üstündə gəzən deyildi. O havada buxarlanan sehrbaz idi.

Uzaqdan baxanda bəmbəyaz fiqurası, küləyin dalğalandırdığı qızılı saçları onu qar tanrısına oxşadırdı.

Onun üçün ən çətin şey ipin üstündə tarazlığını saxlamaq deyildi, heç qorxu da deyildi, onun üçün ən çətin şey göyüzündə gəzdiyi halda qar dənəsinə çevrilməmək idi.

31

Bir dəfə bütün dünyada onun istedadını qəbul etdilər. O vaxt o Niaqarayla Kolorado çayının da üstündən keçmişdi.

Və heç özü də bilmədən Yaponiyaya gəlib çıxmışdı. Soseki bundan çox razı idi. Birinci dəfəydi ki, samuraylar ölkəsinə xarici artist gəlirdi.

Samuraysa ona baxdı və sevdi.

Sosekinin gözündə o eyni zamanda poeziya, rəsm, məktub, tans və musiqi idi. Nej Qar idi və incəsənətin bütün gözəlliyini təcəssüm etdirirdi.

Qız nəhayət ki, tamaşasını qurtarıb yerə düşəndə Soseki bu gözəl qıza yaxınlaşa bilmədi. Yaxınlaşanda qızın incə üz cizgilərini gördü və anladı ki, heç vaxt bu simanı unutmayacaq. Soseki qızın gözlərinə baxdı və onda qız da onu gördü. Qız gülümsədi və Soseki ruhunu bu təbəssümdə batırdı.

Soseki təzim etdi, qılıncını yerə atdı və dedi:

- Siz mənim axtardığımsınız.

32

Nej heç kimi axtarmırdı. Amma o Sosekinin jestini çox gözəl hesab etdi. Və ona ərə getdi. İlk illərdə onlar xoşbəxt idilər. Uşağın doğulmağı bu izdivacı daha da möhkəmləndirdi. Qızları olmuşdu. O anasının gözəlliyini və atasının qara saçlarını özündə cəmləmişdi. Onu Bahar Qarı adlandırdılar.

Onların həyatı sakit və gözəl idi. Nej Yaponiyaya öyrəşirdi. Hərdən öz ölkəsi üçün darıxırdı, amma heç vaxt şikayətlənmirdi. Ən çox öz sənəti üçün darıxırdı.

Bir gecə yuxuda təzədən uçduğunu gördü. Səhər oyananda yuxunu düşündü və unutdu.

Qış gəldi. Onun dalınca isə bahar. Uşaq böyüyürdü. Nej xoşbəxt idi. Bir əlində Sosekinin sevgisini, o biri əlində isə öz ürəyini saxlamışdı. Xoşbəxtliyin nazik ipində tarazlığını saxlamaq üçün bunlar ona bəs edirdi.

33

Amma bir dəfə balans pozuldu.

Artıq yaxın adamların bağlılığı xoşbəxtlik üçün bəs etmirdi. O havadakı həyatını istəyirdi. O yenə o hissləri keçirtmək və qələbə qazanmaq istəyirdi. Tək istədiyi təzədən ip üstündə gəzmək idi.

Nej Sosekidən xahiş etdi ki, onun üçün axırıncı tamaşanı hazırlasın. Ipi iki dağ zirvəsinin arasında çəkmək istəyirdi. Əlbəttə, əri bu arzunu dəlilik adlandırdı və ondan öz həyatını təhlükəyə atmamağı xahiş etdi, amma axırda əsl samuray kimi güzəştə getməli oldu.

O Avropadan iki polad tros gətirtdi. Biri balaca və qısa, ikincisi lazım olan diametrdə və beş yüz metr uzunluqda və iki qulluqçunu göndərdi ki, trosu Xonsyunun ürəyindəki iki zirvəyə bağlasınlar.

Nej hazırlaşdı, ip üstündə gəzdiyi ayaqqabılarını geyindi və həyətdəki hovuzun üstündən çəkilmiş balaca trosla məşq etdi.

Soseki dayanmadan ona nəzarət edirdi. Onun arvadı ən yaxşı ekvilibrist idi. Nej trosun üstündə olanda elə xoşbəxt, elə gözəl və yüngül görünürdü ki, samuray belə arvadı olduğu üçün hər gün göylərə təşəkkür edirdi.

Onun saçları qızılı idi, baxışı isə aydın.

O havada gəzirdi.

34

Tamaşa yayın ilk günlərinə təyin olunmuşdu. Gənc fransızın cəsarətinə baxmaq üçün ölkənin hər tərəfindən adamlar gəlmişdi. Deyirlər, hətta imperator da bu bayramda iştirak edirdi.

Nej ayağını kanata qoyan kimi kütlə canlandı. Kanat o qədər uzaq, tamaşa o qədər təhlükəli idi ki, Nej intəhasız göyüzündə qar dənəsi kimi görünürdü. Nej yarım saat havada buxarlandı, dağın o biri zirvəsinə bir az yaxınlaşdı. Aşağıda hamı nəfəsini kəsib dayanmışdı. Bircə səhv addım və onu ölüm gözləyir.

Amma qız hərəkət edirdi. Addım addım dalınca. Nəfəs nəfəs dalınca. Süjut sükut dalınca.

O bir dəfə də büdrəmədi.

35

Amma tros qırıldı. Yəqin ki, yaxşı bağlanmadığı üçün açılan tros qızı da özüylə bir yerdə min futluq uçuruma apardı. Onun havadan düşən quş kimi necə dağın ürəyində yoxa çıxdığını görmək olardı.

Onun cəsədini tapa bilmədilər. Nej qar dənəsi oldu və indi bəyaz yataqda dincəlirdi.

36

Arvadı öləndən sonra Soseki özünə gələ bilmədi. Kanatı bağlayan qulluqçular işdən qovuldular, amma bir neçə gün sonra onların özlərini qayadan atıb intihar etdiklərini eşitdilər. samuray üçün heç nəyin fərqi yox idi. O ancaq öz dərdini görürdü. O bircə şeyi bilirdi – bir də heç vaxt sevdiyi qadına toxuna bilməyəcək. O bir də Neji görməyəcək. O bir də gözəlliyi görməyəcək.

Sevincsiz evinə qayıdıb hərbi paltarını soyundu. O daha samuray olmayacaq. O daha imperatorun zabiti olmayacaq.

Bundan sonra özünü qızının tərbiyəsinə və incəsənətə həsr edəcək. Tamamilə incəsənətə. Qızının simasında onu tərk edən sevgisini görürdü, incəsənətdə isə ekvilibristdən sonra pozulan tarazlığı tapdı.

Beləliklə o şair, musiqiçi, xəttat və rəqqas oldu.

Və rəssam.

Axı rəsm elə sənət idi ki, Neji təzədən yarada bilərdi. Rəsm itmiş sima ilə incəsənəti bağlayan bənd idi. Və məhz bu sənətdə o ustad oldu.

Soseki tacirdən xeyli ləvazimat – taxta molbert, fırçalar, palitra, xeyli rəng aldı. O həyətdə emalatxana tikdi və ora qapandı. Uzun illər ordan çıxmadı və arzularında görə bilmədiyi o qəribə qadının şəklini çəkdi.

Amma Soseki heç vaxt işindən razı olmurdu. Onun rəsmləri nə qədər gözəl olsa da ona çox rəngli görünür, əslinə oxşamırdı. Qarı dəqiq çəkmək üçün şəkil təmiz və bəmbəyaz olmalıydı.

Bəyazlığı necə çəkəsən? Hər çalar özlüyündə gözəldir, amma heç biri qara oxşamır. Beləliklə Soseki öz işinə davam edirdi, günbəgün, gecəbəgecə, bircə an da dayanmadan.

Sonra o qocalmağa başladı. Onun artıq böyüyüb gözəl qadın olmuş qızı Tokioya oxumağa göndərildi. Qoca adam tək-tənha qaldı. O itmiş arvadının əksinə baxa-baxa gözlərini korladı. Və bir dəfə, hələ işini tamamlamamış kor oldu.

Məhz həmin gün, korluğun ağuşunda o ən bəyaz və ən gözəl portreti çəkdi.

III

37

- Belə, - Xorosi dedi, - əhvalat belə qurtarır. Mənim sahibim arvadını unuda bilmədi. Necə ki, ona heyranlığı da keçmədi. Hətta kor olanda da. Məhz tam qaranlıqda Soseki bəyazlığı çəkib əsil təmizliyi tapmışdı. Sonra o başa düşdü ki, həqiqi rəng və həqiqi rənglər həmişə ruhun gözəlliyi ilə əlaqədardır. İtmiş arvadının rəsmini yaratmaqla o əsil incəsənəti yaratmışdı. O işığı görməyəndə işığı özünə ram etdi. Buna görə də Soseki ən böyük rəssamdır.

Xorosi bir anlıq susdu və Yukonun başı gicəlləndi. O qocaya baxıb dedi:

- Mən o qızın harda olduğunu bilirəm. Bura gələndə onu görmüşəm. O ölüdür, amma elə görünür ki, sağdır. O buz qəbirdə yaşayır. O elə gözəldir ki, bütün gecəni dayanıb ona baxmışdım.

O danışırdı, amma gözlərində əminsizlik vardı. Sosekinin əhvalatı uzun və məstedici idi. Real həyata qayıtmaq Yuko üçün çətin idi.

Xorosi sadəcə gülümsəyib təsdiq əlaməti olaraq başını tərpətdi. Və əlbəttə ki, heç nəyə inanmadı.

38

Növbəti gün gümüşü gölün sahilində Soseki Yukodan gözlərini yumub bəyazlığı təsəvvür etməyi istədi.

- Bəyazlıq rəng deyil. O rəngsizlikdir. Gözlərini yum və nə gördüyünü mənə de.

- Ustad, mən buz içində şüşə qəbir görürəm. Bu qəbirdəki qadının üzünü görürəm. O burdadır, gözlərimin qabağında. O arzu kimi kövrəkdir. O gənc qadındır, çılpaqdır, qızılı saçları var və o avropalıdır. O ölüdür və Xonsyu əyalətinin ürəyindəki dağda, bir metrlik buzun altında uyuyur. O ip üstündə gəzən olub. Onun adı Nejdir. Və mən onun harda olduğunu bilirəm.

Soseki quruyub qaldı. Ölü nəzərlərini görmədiyi horizontdan çəkməyərək cavab verdi:

- Sən kimsən ki, bunu bilirsən? Qaranlığın elçisisən? Onun harda olduğunu heç kim bilmir. Dağ onu udub. Özü də lap çoxdan.

- Bu doğru deyil. Dağ onu saxlayıb və ona öz bədənini verib. İldən-ilə, asta-asta qar ordusu onu düşdüyü uçurumdan yuxarı qaldırıb. O ordadır, bir metrlik buzun altında. O ordadır, öz şüşə məkanında, sizin tanıdığınız kimi gözəl. Onun harda olduğunu bildiyimə and içə bilərəm. Mən onu təsadüfən tapmışam, dağı keçəndə və elə heyran olmuşam ki, bütün gecəni ona baxmışam. Buz qəbirin üstünə xaç qoymuşdum. İstəsəniz sizi ora apararam.

Müəllim Yukonun yalan danışmadığını anladı və gözyaşlarını saxlaya bilmədi.

- Bilirdim ki, o haçansa kimisə göndərəcək. Amma elçinin belə gec gələcəyini gözləmirdim.

Sonra Yukoya tərəf dönüb əlini onun çiyninə qoydu:

- Ondan sonra hər gün onu görmək üçün rəssamlığın, musiqinin, poeziyanın köməyindən yararlanırdım. İndi isə onu həqiqətən görə bilərəm. Amma bacarmıram.

39

Növbəti gün dərsdən sonra Yuko Sosekidən soruşdu.

- Siz mənim təklifimi düşündünüz? Haçan sizi arvadınızın qəbrinin üstünə aparım?

Soseki kədərli səslə dedi:

- Oğlum, məncə bu səyahət nəticəsiz olacaq. Əminəm ki, sən yalan demirsən, amma arvadının qəbrini tapmaq qoca kora nə sevinc bəxş edə bilər? O hardadırsa, ora onun üçün yaxşıdır. Qoy onun sakitliyi heç vaxt pozulmasın.

O Yukonu qoyub gül bağına getdi.

40

Bir ay keçdi. Yuko daha müəllimin yanında buz içindəki qızdan danışmağa cəsarət etmirdi. Soseki də söz açmırdı.

Hər gün Yukonu salamlayıb tez də dərsə başlayırdı. Sonra bütün günü harasa yox olurdu və nahar vaxtı da heç nə danışmırdı.

Amma bu səhər gümüşü gölün sahilində Soseki Yukoya dedi:

- Yuko, sənin qələmindən süzülən sözlərdən rəsm, xətt, musiqi və rəqs eyni zamanda axan vaxt sən əsil şair olacaqsan. Xüsusən ip üstündə gəzmək sənətini də mənimsəsən.

Yuko gülümsədi: müəllim unutmayıb.

- İp üstündə gəzmək mənim nəyimə lazım olacaq?

Soseki eynən bir ay əvvəldə olduğu kimi əlini onun çiyninə qoydu.

- Nəyinə lazım olacaq? Düzünü bilmək istəsən, əsil şair onu bacarmalıdır. Yazmaq – ipək kağızda yazılan sözlərin üstündə gəzməkdir. Yazmaq – sözbəsöz, səhifəbəsəhifə kitabda irəliləməkdir. Ən çətini dil ipinin üstündə tarazlığı saxlamaqdır. Bu o demək deyil ki, sən ancaq düz getməlisən. Sənin yolunda xeyli vergüllər, nöqtələr olacaq. Ən çətini söz ipində gəzmək, həmişə arzunun zirvəsində olmaqdır. Şair üçün ən çətin şey söz üstündə gəzən olmaqdır.

Yuko bu gözəl dərs üçün müəlliminə təşəkkür etdi.

Soseki gülümsəyib dedi:

- Sabah Neji axtarmağa gedəcəyik.

41

Onlar obaşdan çıxdılar. Yuko qabaqda gedirdi, Soseki isə onun ayaq səsləriylə gəlirdi.

Hər dəfə yol çətinləşəndə Yuko əlini ona uzadırdı, amma o hər dəfə etiraz edirdi.

Gecə kənd sakinlərindən birinin evində qaldılar və döşəməyə salınmış döşəklərdə yatdılar. Kəndə girəndə Soseki adını və sənətini dedi və qapılar elə bil öz-özünə açıldı. Elə bil bütün Yaponiyada bu adamı tanıyırdılar. Yuko heyrətlənmişdi. İndi bəxtinin necə gətirdiyini anlayırdı.

Tanrıyla rastlaşmaq hər adama qismət olmur.

42

Səyahət uzun və bəmbəyaz idi.

İki yolçunu müşayiət edən səssizlik kimi bəyaz idi.

Nəhayət bir səhər dağların zirvələri göründü. Yol yavaş-yavaş göyün təmizliyinə qalxmağa başladı.

Bunlar ən çətin saatlar idi.

Artıq görünürdü ki, Soseki çox zəifləyib. Amma Yuko özünü bunu görmürmüş kimi aparırdı. Bundan başqa onlar buz məzarın yaxınlığında idilər.

Səyahət başa çatırdı.

43

Yuko xaçı görəndə həyəcandan titrədi.

- Müəllim, - o qışqırdı, - tapdım! Sonra boran olan gecə qızı Nejin məzarını tapdığı daşın altına qaçdı və heyrətdən qışqırdı.

- Nə olub? – Soseki soruşdu. – Nej həmişəlik dağın ürəyində yoxa çıxıb?

- Yox, - Yuko dedi. Tam tərsinə. Elə bil qar ordusu bizim dualarımızı eşiodib və gəlişimizə hazırlaşıb. Nej buradadır. Amma onun bədəni bizə daha da yaxınlaşıb. İndi o cəmisi iki-üç santimetr buzun altındadır. İstəsən ona toxunmaq da olar.

Qız orada idi. Bu dərisi işıldayan qız, arzu kimi incə qız. O ölsə də diri kimi görünürdü. O buzun altında yatırdı. Amma tezliklə öz məzarını tərk edəcək.

Əslində Yukoya birinci dəfə göründüyü kimi o çılpaq deyildi, amma onun paltarı o qədər buzun altında qalmışdı ki, şəffaflaşmışdı. Və bu onun çəkisiz bədənini daha da incə göstərirdi. Yuko yerə oturub dırnaqlarıyla buzu qaşımağa başladı. Nəhayət Nejin üzü açıldı. Yuko Sosekinin əlini götürüb qızın üzünə qoydu.

- Onun üzünü hiss edirsiniz? Bəs onun dərisini?

Qocanın əli itirilmiş sevginin sevincini sığallayırdı.

Soseki kor idi. Amma tanış üzün cizgilərini tanımaq üçün gözə ehtiyacı yox idi.

Qızın üzü elə yaxşı qalmışdı ki, qocanın bircə toxunuşu da bəs etdi.

- Bu odur. Bu Nejdir. Sən yalan demirdin.

Qoca diz çöküb təzədən qayıtdığı cavanlığına ağladı.

Soseki daha dağdan düşmədi. O sevgilisinin yanında uzanıb gözlərini yumdu.

Yuko onu fikrindən daşındırmağa çalışdı, amma o ötkəm səslə dedi:

- Məni rahat burax. Mən öz yerimi tapmışam. Əbədi.

Və o qızın bakirə bədəninin yanında yatdı.

44

O öldü və dünyanın bəyazlığı onu uddu.

O xoşbəxt idi.

Ürəyinin dərinliyinəcən.

45

Yuko dağdan tək qayıtdı.

Və şimala getdi.

Qara tərəf.

O bir də cənuba qayıtmadı. Evə aparan yolda elə gedirdi ki, elə bil Yaponiyanın cənubundan şimalına çəkilmiş ipin üstündə gedir. Ip üstündə gəzənlər kimi.

46

Yuko evə qayıdanda atası səyahət və dərs haqqında soruşdu. Amma o cavab vermədi. O emalatxanasına girdi və bir neçə gün oradan çıxmadı.

Bir səhər rahib dayana bilməyib ondan guşənişinliyinin səbəbini soruşdu. Yuko dedi:

- Ata, Soseki artıq yoxdur. İndisə məni rahat buraxın, mən onun xatirəsini yad etməliyəm.

O ikinci dəfə otağa qapanıb ağladı.

Amma ona bəslədiyi heyranlıq və dostluğa baxmayaraq Yuko heç də müəlliminin ölümünə ağlamırdı.

O qarda itirdiyi sevgisinə ağlayırdı.

47

O uzun gecələr boyu qardakı qadını düşünüb arzuladı.

Qarı.

Bir gecə meydandakı qız onun yanına gəldi və oan təslim olmaq istədi, amma Yuko qızı itələdi. Qız ağlayaraq getdi və Yuko bir daha onu görmədi.

İlin vaxtları zamanın qumuyla süzülüb gedirdi.

Qışın ilk günündə qar yağdı. Və onunla bir yerdə kağızın üstünə ilk şeirin mürəkkəb damlaları axdı.

Kağızdakı ilk sözlər yazılanda onun ürəyi rahatlandı. Amma bunlar hamısı yalan idi. Ancaq poeziya onun dərdini azalda bilərdi. O qələmin ucunu kağıza yapışdıranda ürəyi buz kimi soyuyurdu.

Bu uzun, gözqamaşdırıcı dərəcədə bəyaz qış idi.

48

Baharın ilk günlərində Yukonun yazısı dəyişməyə başladı. Onun şeirləri başqa çalarlara malik olmağa başladı.

Şeirlərdə qar rəngindən başqa rənglər gördükcə o özü də təəccüblənirdi.

Sosekinin dərsləri nəhayət ki, fayda verməyə başlamışdı. Arzunun gümüşü və qızılı rənglərini.

Yuko əsil şair oldu. Onun hokkuları daha bəmbəyaz deyildi. Hər biri göyqurşağı rənglərini əks etdirirdi. Sözləri də aydın və dəqiq olmuşdu. Və rəngli.

Amma qəlbinin sahəsi hələ də bəmbəyaz qalmışdı.

49

Soseki öləndən bir il sonra, bir aprel səhəri Yukonun atasının yanına cavan qız gəldi. Rahib onu tanıdı. Bu saray şairinin yanındakı qız idi. Oğlunun yanında utandığı və sevdiyi qız. Bu dəfə qız tək idi.

Rahib onu təmtəraqla qəbul edib bir fincan isti çay təklif etdi, qız yavaş-yavaş çayı içənəcən gümüşü çaya baxdı. Sonra rahib qızı oğlunun emalatxanasına apardı.

Yuko onu görən kimi titrədi – qız çox gözəl idi. Ipək kağızda yazdığı hokku gözlərinin qabağında oynadı. Yukonun qələmi kağızın üstündə gəzib arada vergüllə bölünən düz xətt çəkdi. Gözəllik kanatı kimi.

Yuko qıza baxıb gülümsədi. Qız heç nə demədən yaxınlaşıb əlini onun çiyninə qoydu. Sonra o cavan sənətkarın əsəriniə tərəf əyilib dedi:

- Şübhəsiz ki, bu mənim anamın ən gözəl portretidir. Onun adı Bahar Qarı idi.

50

Yuko qabağındakı rəsmə baxdı, onra qıza və qəfildən anladı ki, qız – hələ də havada uçan reallığın arzusudur.

- Mən sizi çoxdan gözləyirəm.

Qız başını oğlanın çiyninə qoyub gözlərini yumdu.

- Bilirdim ki, gözləyə biləcəksən.

51

Bu gecə onlar birinci dəfə sevişdilər. cavan şair və müəllimlə buz qadının qızı.

Cavan onun üzünü, döşünü, qarnını öpürdü.

Səhər yuxuya getdilər.

Bayırda qar yağırdı.

52

İki növ adam var.

Elələri var yaşayır, oynayır və ölür.

Elələri də var heç nə etmir, ancaq həyatı balanslaşdırır.

Aktyorlar var.

Bir də ip üstündə gəzənlər.

53

Cavan imperatorun sarayına getmədi.

Bahar Qardənəsi ip üstündə gəzmədi.

Tarix təkrarlanmamalı idi.

Onlar yayın ilk günlərində gümüşü gölün sahilində evləndilər.

54

Və onlar bir-birini sevdilər.

Qar kanatında addımlayaraq.

1999-cu il

# 3210 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #