Professor düzmü yazdı? - POLEMİK

Professor düzmü yazdı? - <span style="color:red;">POLEMİK
2 fevral 2016
# 12:55

Kulis şair-tədqiqatçı İlham Qəhrəmanın “Aşıq eldə bir dindir” yazısını təqdim edir.

“Ədəbiyyat qəzeti”nin 5 sentyabr 2015-ci il tarixli sayında hörmətli alimimiz Məhərrəm Qasımlının Haqq Aşığı, cinas ustadı kimi tanınan Sarı Aşığın yaradıcılığı haqqında “Bayatılarımızın heyrət heykəli” adlı geniş məqaləsi getmişdir.

Folklor sahəsində dərin bilgilərə malik görkəmli alimin yazısı diqqətimi çəkdi. Çünki Sarı Aşığın yaradıcılığı üzərində təxminən on dörd il işləmişəm. O sələfdi, biz xələfik, zəhmətimiz ona halaldı. Folklorla bağlı yazdığım kitabların ikisinin təqdimatının aparıcısı kimi Məhərrəm müəllim böyüklük göstərib. Bunlardan birincisi “Laçın folkloru” kitabıdı, o birisi isə müxtəlif mənbələrdən toplayıb tərtib etdiyim Sarı Aşığın “Gül dəftəri” kitabıdır. Minnətdarlıq hissiylə deyirəm ki, Məhərrəm Qasımlı Ata Türk mərkəzində hər iki kitab haqqında geniş çıxış etmişdir. Ancaq şəxsiyyətinə hörmət etdiyim Məhərrəm müəllimin məqalədəki bəzi fikirləriylə barışmaq olmur. Əvvəl S.Mümtazın “Aşıq Abdulla” məqaləsində yazdığı və Məhərrəm müəllimin də istinad etdiyi yanlışı düzəldək. Yanlış odur ki, Sarı Aşığın qəbri Həkəri çayının sol tayında yox, çayın axarı istiqamətində baxanda sağ tayında – Güləbird kəndindədir. Həkəri çayının sol tayında dağın sinəsində qabaq-qənşər sevgilisi Yaxşının qəbridir. Görünür bu redaktə səhvidir. Çünki S.Mümtazın 1935-ci ildə Bakıda “Azərnəşr”də çap olunmuş “Sarı Aşıq və boyatıları” kitabında qəbrinin 1933-cü ildə çəkilmiş şəkli var. Şəklin altındakı açıqlamada qəbrin yeri düz yazılıb – Həkəri çayının sağ sahili.

İkinci məsələ Demokratik Cümhuriyyət dövründə Zəngəzur qazisi olmuş ilahiyyat alimi Bəhlul Bəhcətin Sarı Aşığın haradan olması haqqında “Sarı Aşığın bayatıları” kitabındakı (Bakı, “Səda”, 2006) “Bayatı şairi “Aşiqin” tərcümeyi-halı” yazısı haqqındadır. “Gül dəftəri” (“Adiloğlu”, Bakı, 2011) kitabına yazıdığım ön sözdə (“Ürək qoyulan kitab”) bu haqda yazılıb. Ön sözdə Bəhlul Bəhcətin fikrinə münasibətim belədir: Bəhlul Bəhcət Sarı Aşığı “...aşağıdakı bayatısına görə

Aşıq Qaramannıdı,

Xalın qara mannıdı.

Yaxşının tənəsindən,

Dağda qar amannıdı

Türkiyənin Qaraman elindən hesab edir. Müəllif yazır ki, “Rum səlcuqları dövlətinin inqirazı nəticəsində Anadoluda kiçik bir dövlət təşəkkül etmişdi. Bu dövlətin mərkəzi Konya şəhəri olub, o zamankı adı ilə Qaraman vilayəti və ya Qaraman eli deyə adlanırdı”. Daha sonra müəllif “Qaraman oğulları” deyilən bu dövlətin Osmanlı dövləti tərəfindən məhv edildiyini və ... “oradakı müəyyən cərəyanlara mənsub olan təriqətçilər öz yurdlarını tərk edib başqa yerlərə hicrət edirlərdi” (yenə orada – İ.Q.) - deyə qeyd edir. Bəhlul Bəhcət belə hicrət edənlərin bir dəstəsində Sarıca Nəbinin – yəni Sarı Aşığın Qarabağa gəlişini göstərir. Yazının bizim üçün maraqlı olan hissəsini bütövlükdə burada veririk:

“Bu dəstə o zaman Səfəvi şahlarına tabe olan “Qarabağ” vilayətinə gəlmişdi. Bu vaxtlar ikinci Şah Abbasın hökmranlığı dövrü idi. Təriqətçilikdən zühura gəlmiş olan Səfəvi şahlarının bu mühacirlərə himayə edəcəkləri yəqin idi”. Bildiyimiz kimi, doğum və ölüm tarixi dəqiq bəlli olmayan Sarı Aşığın bir sıra yazılı ədəbiyyatda 16-cı əsrin sonları və 17-ci əsrin əvvəlləri aralığında yaşadığı qeyd edilir. İkinci Şah Abbas isə mənbələrə görə 1633-cü ildə doğulmuş, 1642-ci ildən 1666-cı ilə qədər – yəni ölümünə qədər hakimiyyətdə olmuşdur. Belə olduğu halda 1642-ci ilə qədər ədəbiyyat tarixçiləri tərəfindən öldüyü güman edilən (17-ci əsrin əvvəlləri-İ.Q.) Aşıq Bəhlul Bəhcətin dediyi dəstədə necə gələ bilərdi. O biri yandan Qaraman oğulları dövləti 1250-ci ildən 1487-ci ilə qədər tarix səhnəsində olmuşdur. Sarı Aşıq isə təxminən yüz il ondan sonranın ədəbi hadisəsidir. Göründüyü kimi, Bəhlul Bəhcətin Salman Mümtaz haqqında dediyi - “Bayatı şairi Aşıq hər kəsdən çox Salman Mümtaz tərəfindən qat-qarış bir hala salınmışdır” – fikri daha çox onun özünə aiddir”. İndi həmin bayatıdakı “qaraman” sözünün dilimizdə hansı anlamı verdiyini açmağa çalışaq. Bildiyimiz kimi dilimizdə həm man sözü var, həm də manşır sözü. Man sözünün işlənmə məqamı belədir: bir şəxs ayıb bir iş tutanda (ya hərəkətində, ya danışığında, ya geyimində və s.) başqa birisi deyir ki, bu ona man deyil. Yəni o adam ayıb bilmir, ayıbına kor olmur və s. Göründüyü kimi man sözünün eldə işlənən mənası ayıb deməkdir. Manşır sözünün tanıtmaq, yerini eləmək, məşhur kimi anlamı var. Fikrimizə söykək üçün: filan nəsil eldə xeyir əməlləri ilə manşırdı, meşədə yaxşı bir palıd tiri manşırramışam (yerini eləmişəm), filankəsin qəbrinin yeri manşırdı (bilinir) və s. Bayatını misra-misra belə də oxumaq olar: 1. Aşıq qaramannıdı – Aşıq qara ayıblıdı, qara ilə məşhurdu, yəni qara taledi, qara bəxtdi, qara günlüdü. 2.Xalın qara mannıdı – Xalın qaradı, xalın qarası ilə tanınır və s. 3-cü və 4-cü misralardakı mətləb oxucuya aydındır.

Adı çəkilən məqalədə Məhərrəm müəllimin Aşığın yaradıcılığını və aşıq kimi statusunu şübhə altına alan fikirlərinə rast gəldik. Məhərrəm müəllim yazır Sarı Aşığın irsi mürəkkəb bir mənzərə içərisindədir. Mürəkkəbliyi yaradan bir tərəfdən onun sənətkar statusu ilə bağlı tam aydınlığın olmamasıdırsa, başqa bir tərəfdən də poetik irsinin müəyyən hissəsinin anonimləşməsi, yəni Aşıq bayatılarının xalq bayatıları ilə qarışıq düşməsidir (kursiv bizimdir)”. Burada alimin fikrinə münasibət bildirmək üçün sitatı dayandırırıq. Salman Mümtaz “Aşıq Abdulla” məqaləsində Aşığın bayatılarını nəzərdə tutub yazır: “Söz yox ki, bunlar öz vaxtında kitab şəklində toplanıb nəşr olunsa idi daha da məşhur olardı. Bu kitabça (fikir verin - kitabça) Aşıq külliyyatının bir hissəsi hesab olunmalıdır”. Demək S.Mümtaz hesab edir ki, Aşığın yaradıcılığı onun axça verib camaatdan satın aldığından daha çoxdur. Məhərrəm müəllimin nəzərdən qaçırdığı daha bir vacib məqam isə S.Mümtazın “Sarı Aşıq və boyatıları” kitabında yer alan cünglərin şəkilləridir. Həmin cüngləri S.Mümtaz keçən əsrin əvvəllərində Sarı Aşığın ölümündən təxminən 300 il sonra Zəngəzur qəzasına etdiyi ekspedisiya nəticəsində pulla camaatdan almışdır. Həmin cünglərin şəkillərinin altında belə açıqlamalar var - “Bu səhifə 18-ci əsrin əvvəllərində yazılmışdır. Əsli Səlman Mümtaz kütübxanasındadır.” Başqa bir şəklin altındakı yazı belədir : “Bu səhifə birinci vəsiqənin ikinci üzüdür ki, 18-ci əsrin əvvəllərində yazılmışdır. Əsli Səlman Mümtaz kütübxanasındadır.” Növbəti şəklin altındakı yazı isə belədir: “Bu səhifə 19-cu əsrin əvvəllərində yazılmışdır ki, üstündə tarixi dəxi vardır. Əsli Səlman Mümtaz kütübxanasındadır.” Kitabda S.Mümtazın Zəngəzura ekspedisiya zamanı əldə etdiyi cünglərdən səkkizinin şəkli var. S.Mümtazın Aşığın yaşadığı qəzada qapı-qapı gəzib pulla satın aldığı cünglər də bayatıların müəllifinin Sarı Aşıq olduğunun təsdiqidir. 18-ci əsrin əvvəllərinə aid olan cüng Aşığın ölümündən 100 il sonraya təsadüf edir. Zaman etibarıyla Aşığın yaşadığı dövrə yaxın olan bu bayatıları necə anonim adlandırmaq olar?! S.Mümtazın “...bayatıların ərişindən, arğacından və ümumiyyətlə toxunuşundan kimin ağzı ilə çağrıldığı bəlli olur” fikri çox dəqiq deyilib. Aşığın bayatılarının üstündə onun dəst-xətt möhürü var və bunu başqa bayatılarla səhv salmaq olmaz.

Cünglərin qələmə alınma zamanı və məkanıyla (zaman və məkan məvhumu) bağlı bu faktlar Məhərrəm müəllimin “İndi bayatı önlərində kütləvi şəkildə müşahidə olunan “aşıq”, “mən aşıq”, “aşiqəm” deyimlərinin hansının Sarı Aşığın təxəllüsünü, hansının isə bayatıönü qəlibi ifadə etdiyini söyləmək olduqca çətindir. Bu səbəbdən də anonimləşmiş Sarı Aşıq bayatılarının, eləcə də Sarı Aşığın adına çıxılan bir çox el bayatılarının müəlliflik məsələsi zaman-zaman folklor araşdırıcıları arasında fikir müxtəlifliyi və mübahisəli mülahizələrin meydana çıxması ilə nəticələnmişdir (kursiv bizimdir)” fikrinin tam dürüst cavabıdır. İndi yazılan bayatıların 18-ci, 19-cu əsrlərdə qələmə alınmış cünglərə nə dəxli var?!

Daha sonra Məhərrəm müəllim yazır: “Sarı Aşıq hansı sənətkar statusuna sahibdir? O, sözün klassik anlamında aşıqdır, yoxsa el şairidir? Sarı Aşıq haqqında əldə edilmiş bilgilər onun aşıq statusu daşıdığını o qədər də əsaslandıra bilmir: Aşığın ustad-şagird münasibətlərində iştirakı, yəni ustadının kim olması və ya hansı şagirdləri yetirməsi – toy-düyündə, şadlıq yığnaqlarında, aşıq məclislərində çalıb-çağırması nə rəvayətlərdə, nə də adına bağlı dastanda xatırlanır (kursiv bizimdir)”. Kursivdə verdiyimiz fikrinə söykənən alim aşağıdakı qənaətə gəlir: “...Sarı Aşıqla bağlı rəvayət və el söyləmələrinin, eləcə də onun öz poetik irsinin mənzərəsindən daha çox el şairi statusu boy göstərir”. Əvvala onu deyək ki, “Yaxşı və Aşıq” dastanı Aşığın bayatı və tapmaca-bağlamalarından doğan süjet əsasında qurulub və bu dastan Sarı Aşıq kimi ustad bir aşığı olduğu mərtəbədə göstərmək gücündə deyil. Eyni zamanda dastanda Aşığın bəzi tapmaca-bağlamalarına verilən cavablar onu göstərir ki, dastan naşı şəxs tərəfindən yazılmışdır. Fikrimizə tutalğa olsun deyə burda “Gül dəftəri” kitabına yazdığım ön sözdən misal yerinə düşür: “Tərtib etdiyimiz kitabda 6N-ə altında verilən tapmaca belədir:

Mən Aşığam, əmər hey,

İncə beldə kəmər hey.

Göydə bir madyan gördüm,

Altda qulun əmər hey.

Dastanda deyilir ki, bir gəlin Aşıqdan itən atını xəbər alır, Aşıq da ona yuxarıdakı tapmacayla cavab verir. Guya gəlin də meşənin arasında olan göy otlağa gedib atını qulunuyla tapır. Əslində isə tapmaca oxucuya başqa mətləb qandırır. “Laçın folkloru” kitabını yazarkən anamdan bir tapmaca eşitdim. Tapmaca belədi:

Həmər ha həmər,

Şah belində kəmər,

Ayaqları yerdə,

Göydə qulun əmər.

Bu tapmacanın cavabını anam belə dedi - Göy qurşağı, şimşək, yağış, yer (“Laçın folkloru” Bakı, Adiloğlu nəşriyyatı, 2009, səh.187). Göründüyü kimi hər iki tapmaca cüzi fərqlə bir-birinin təkrarıdı. Demək, Aşıq eldə olan tapmacanı bağlama-bayatı şəklinə salıb. Daha dastandakı bəsit cavab Aşığın ustalığıyla düz gəlməzdi.” Oxucuya aydın olsun deyə bildiririk ki, tapmacada söhbət dastanda deyilən kimi göy otluqdan (göydə) yox, göydən - səmadan gedir. Eyni zamanda S.Mümtazın kitabında yer alan aşağıdakı tapmaca-bağlamanın cavabını biz özümüz tapmışıq:

Mən Aşıq, içi dəri,

İçinin içi dəri.

Bu gün bir loxma yedim

Üzü ət, içi dəri.

(Pötənə)

Ustad-şagird məsələsinə gəldikdə, Məhərrəm müəllimin nəzərinə çatdırırıq ki, “Gül dəıftəri” kitabında Təbrizdə Məhəmməd İbadi Qaraxanlı tərəfindən çap olunmuş “Sarı Aşıq” (Təbriz, “Əxtər” nəşriyyatı, 2007) kitabından götürdüyümüz rəvayətlərin ikisində onun şəyirdi haqqında məlumat verilir. Bu rəvatəyətlər “Gül dəftəri” kitabında “Mətn 7” və “Mətn 9” kimi işarələnmişdir. Rəvayətlərdən aydın olur ki, şəyirdi Aşığın öz qardaşı oğludur. Bu ayrı məsələdir ki, şəyirdin sonrakı taleyi haqqında bizə heç bir məlumat gəlib çatmamışdır.

İndi də Məhərrəm müəllimin Aşığa verdiyi “el şairi statusu” barədə bir neçə kəlmə Aşığın öz irsindən gələn sübutları göstərək. Bilirik ki, ustad aşıqların deyişmələri olub və onların məşhur olmasının bir göstəricisi də söylədikləri bağlamalar olubdu. Bu bağlamalarda mətləb nə qədər dərin olsa, eyni zamanda haqqında söhbət gedən canlının, əşyanın, bitkinin, dini və mücərrəd məvhumun və s. əlamətləri üstüörtülü şəkildə nə qədər dəqiq verilsə, aşığın sənətkarlığının göstəricisi hesab edilir. Aşağıda Sarı Aşığın deyişmə-bağlamalarından gəlib bu günə əlimizə çatanları veririk:

Bağlama:

Zülfün ucu gümüşdür,

Sal boynuma gəmişdir.

Yemişlərdə yarpaqsız,

Tap, gör necə yemişdir?

Cavabı:

Zülfün ucu ilandır,

Sal boynuma dolandır,

Tapmacanı tapmışam,

Yarpaqsız dombalandır.

Bağlama:

Heçədi,ay heçədi,

Başındakı keçədi.

Səndən soruşum, aşıq, –

Göydə ulduz neçədi?

Cavabı:

Heçədi, ay heçədi,

Başındakı keçədi.

Sən göyə nərdivan qoy

Çıxım sayım neçədi.

Bağlama:

Xalın bənək-bənəkdi,

Telin bənək-bənəkdi.

Səndən soruşum , aşıq,

Araz neçə sənəkdi?

Cavab:

Aşıq bənək-bənəkdi,

Telin bənək-bənəkdi.

Sən Arazı dayandır

Deyim neçə sənəkdir.

Bağlama:

Mənim adım Yaşardı,

Nə xeyirdi, nə şərdi.

Səndən xəbər alıram,

Bu daş neçə yaşardı?

Cavab:

Aşıq, aşın bişibdi,

Bişib yerə düşübdü,

Dünya bina olandan,

Bu daş yerə düşübdü.

Deyilənə görə Aşıq bu bağlama-deyişmələri Təbriz aşığıyla deyirmiş. Belə ustaddan gəlmə bağlamalar müəllifinin statusunu necə danmaq olar?!

Bundan başqa Sarı Aşığın S.Mümtazın tərtib etdiyi kitabında 6 qoşma və 1 təcnisi yer almışdır. Eyni zamanda “Əyandı qərəz” şeirinin də Aşığa aid olduğunu öyrənəndən sonra mənbələrdən tapıb tərtib etdiyimiz “Gül dəftəri” kitabında yerinə qoyduq. Bununla da kitabında Aşığın səkkiz şeiri oldu. Bu şeirlərdəki misralar təmiz ana dilimizdə olmaqla Füzuli misraları kimi məna yüklüdür. Onun aşıq olduğunu aşağıdakı bayatıları da təsdiq edir:

Aşığı el saxladı,

Sazını tel saxladı.

Gördü Yaxşı camalın,

Qanlılar əl saxladı.

(“Gül dəftəri” səh. 71, N205)

Aşıq eldə bir dindir,

Al sazını bir dindir.

Yaxşı, bir səvab eylə,

Al könlümü, bir dindir.

(“Gül dəftəri” səh.149, N595-13)

Aşığın eldə, xalq arasında din qədər əziz və məşhur olmasını deyən şəxsi necə aşıq hesab etməyəsən?!

Onun Aşıq, həm də Haqq Aşığı olduğu aşağıda çağırdığı bayatı da əksini tapmışdır:

Gözəl Allah, gül Allah,

Qul bəndənə gül, Allah.

Mən ki, Haqq Aşığıyam,

La İlahə İlallah!

(“Gül dəftəri” səh. 66, N128)

Bundan başqa məqalə müəllifi “Bu baxımdan bayatı önlərindəki “aşıq” sözlərinin heç də hamısını Sarı Aşığın təxəllüsü kimi qəbul etmək olmaz” kimi hökm verir və “...həmin örnəkləri türk folklor ənənəsinin ortaq-müştərək məhsulu” kimi qəbul edir. Daha sonra isə Sarı Aşığa aid ola bilən bayatıları necə seçməyin yolunu – şərtini göstərən müəllifin yazısından bu qənaət hasil olur ki, hansı bayatıda Aşığın sevgilisi Yaxşının adı çəkilirsə, eyni zamanda “Aşıq” təxəllüsü axırıncı misralara (3-cü və 4-cü misralar nəzərdə tutulur) düşən və müəyyən yer adlarıyla bağlı bayatılar ona aid edilməlidir. Belə çıxır ki, yerdə qalan bayatılar anonimdir. Məhərrəm müəllim birinci misrada “aşıq” təxəllüsü gedən bayatıları da Sarı Aşığın hesab etmir. Yaxşı tutaq ki, biz hörmətli alimin bu fikriylə razı oluruq. Bəs onda birinci misrada Aşıq təxəllüsü və 3-cü misrada Yaxşının adı çəkilən, kitabda (kitab deyəndə Sarı Aşığın “Gül dəftəri” kitabı nəzərdə tutulur) 60N altında gedən bu bayatı kimindir?

Aşıq, dur ayaq ara,

Dan üzü Ay ağara.

Gördü Yaxşı camalın,

Düşübdür Aya qara.

Yaxud kitabda 50 N-ə ilə gedən birinci misrada Aşıq, 3-cü misrada Yamandan bəhs edən və ya birinci misrada Aşıq, 2-ci misrada Yamanın adı çəkilən 356 N-ə ilə qeyd edilən bayatını kimin adına çıxaq?!

Kitabda 305N-li bayatısında Aşığın adı 2 misrada çəkilir:

Mən Aşığam, üz bəri,

Sona, göldə üz bəri,

Can pəşkəş eylər Aşıq,

Canan gəlsə üz bəri.

Belə çıxır ki, bu bayatı müəlliflər tərəfindən şərikli yazılıb! İki misrada “Aşıq” deyimi olan bayatılar kitabda 74; 138; 144; 348; 595-9 N-lər altında verilmişdir. Bundan başqa Aşığın elə bayatıları var ki, orda 3 misrada (323; 324; 325;) “Aşıq” sözü işlənmişdir. 1-ci və 4-cü misrada “Aşıq” sözü işlənən bayatılar da var – 326; və 589 saylı bayatılar. 3-cü və 4-cü misrada “Aşıq” adı çəkilən 1 bayatı var kitabda – 333 saylı bayatı. Göründüyü kimi belə şərtlər ilə ədəbi taleyi uğursuz olan nakam Aşığın bayatılarının müəllifliyini şübhə altına almaq olmaz. Kitabda Sarı Aşığın “Aşıq” təxəllüsü 1-ci misrada gedən 596 bayatısı, 2-ci misrada gedən 5bayatısı, 3-cü misrada gedən 135 bayatısı, 4-cü misrada gedən 10 bayatısı yer alıb. Bu bayatıların 52-sində (2-si təxəllüssüz bayatılarda)Yaxşının adı çəkilir. Eyni zamanda 111 bayatıda (24 bayatı təxəllüssüz bayatılarda) yer adları var.

Məqalə müəllifinin meyarıyla yanaşsaq onda bu bayatı Sarı Aşığın deyil:

Mən Aşıq, gülüstandı,

Aç, oxu, “Gülüstan”dı.

Bülbülün göz yaşından

Bağçada gül islandı.

Demək olarmı ki, dövrünün qabaqcıl adamlarından olan Aşıq “Gülüstan”ı oxumayıb?! Adama təsir edir – Aşıq hər misrasında 3-4 dəfə ərəb və fars tərkibli sözlər lüğətinə baxdığımız qəzəllər yazsaydı onun müəllifliyi şübhə altına alınmazdı, amma, doğma ana dilimizdə az sözlə lakonik, forma və məzmun vəhdətinə əməl edilən gözəl cinas bayatılar yazdığı üçün müəlliflyi şübhə altına alınır. Hörmətli Məhərrəm müəllimə onun Akademiyanın bağında gəzərkən mənə dediyi bir fikrini xatırlatmaq istəyirəm. Sarı Aşıqdan söhbət əsnasında Məhərrəm müəllim dedi: “bütün cinas bayatılar Sarı Aşığa məxsusdur”.

Burada bir daha bildirmək istəyirəm ki, “Gül dəftəri” kitabında gedən 1000-ə yaxın bayatıların hamısının mənbəyi göstərilib və biz özümüzdən o kitaba heç nə əlavə etməmişik. Bu gün Bakı şəhərində bütün yaradıcılığı Sarı Aşığın bir bayatısına dəyməyən bir çox aşıq və şairlərin adına küçə və meydanlar, heykəllər, büstlər var, amma Aşığın adına heç nə yoxdur. Amma ana dilimiz qarşısındakı əvəzsiz xitmətlərinə görə buna onun daha çox haqqı var. Bu böyük sənətkarın uğursuz ədəbi taleyidir. Ona görə də 14 il üzərində işləyib, cinaslarını qurduğumuz, çətin sözlərin izahını verdiyimiz, yer adlarının dəqiq yerini göstərdiyimiz “Gül dəftəri” kitabından bir dövlət orqanı 1 nüsxə belə almadı. Amma, Sarı Aşığın irsi xalqa məxsusdur, bu irs ölkə kitabxanalarında olsa, faydası xalqa dəyər. Həmişə dediyim bir fikri burda təkrar edirəm: “Gül dəftəri” kitabının ikinci bir adı da var – o ad “Böyüklər üçün ana dilidir”. Mənə və gördüyüm işə etinasızlıqdan pis olmuram, əksinə Sarı Aşığın dağınıq irsinin müəyyən hissəsini ağzıbirə yığdığımdan dolayı bir xələflik borcumu yerinə yetirməyin həzzini yaşayıram.

Sonda onu demək istəyirik ki, Sarı Aşığın bayatılarının ona aid olduğunu təsdiq edən tutalğa elə bayatıların özündə var, özü də lap çoxdur. Onlara anonim damğası vurmaq qeyri mümkündür. Yazımızı Haqq Aşığının bir bayatısı ilə tamamlayırıq:

Aşıq dua göndərdi,

Zülfün dua göndərdi,

Özü gələ bilmədi,

Çox-çox dua göndərdi.

# 2227 dəfə oxunub

Müəllifin son yazıları

# # #