Oğluna bacısı qızını alan ananın faciəsi - Hekayə

Oğluna bacısı qızını alan ananın faciəsi - Hekayə
16 noyabr 2019
# 14:00

Kulis.az Sara İbrahimin “Günahların cəzası” hekayəsini təqdim edir. Xatırladaq ki, onun ilk hekayəsi "Yeni imza" layihəsindən çap olunmuşdu.

Həyət qapısından içəri girən kimi gözü payız küləyinin budaqlarından qoparıb qapı-bacanın hər tərəfinə səpələdiyi yaşıl, sarı yarpaq topalarını aldı. Dünən gecədən başlayan güclü külək yavaş-yavaş sakitləşirdi. Küləkdən sonra həyət qapısının yaxınlığındakı nəhəng çinarın üstündə demək olar yarpaq qalmamışdı.

Asya arvad qapıbir qonşusu Zibeydəgildən gəlirdi. İki saatdan çox idi ki, bir həftə bundan qabaq toy edib oğluna aldığı gəlinindən danışıb ürəyini boşaltmışdı. Gəlindən danışdıqca o qədər qeyzlənmişdi ki, hələ də sakitləşə bilmirdi. Zibeydənin də qeybətlə arası yaxşı olduğundan, ocağın üstünə bir az da neft töküb alovlandırmışdı.

Həyətdəki yarpaq qalaqlarını görəndə gözünü yumub, ağzını açdı:

- Gözləyirsən həyətin zibilini mən təmizləyim? Utanmasan oynamağa nə var buna deyiblər. Bəxtəvər oldum gəlin gətirdim, həyətdə zibil dizə çıxır, gün gəlib günortanın vaxtına, gəlin hələ də yatır.

Təzə gəlin qayınanasının səsinə özünü evdən çölə atdı:

- Xala, gözləyirdim, külək tamam kəssin, sonra təmizləyim.

Asya arvad başını əsdirdi:

- Külək çoxdan kəsib! Çöldən xəbərin var? Külək əsir, yoxsa yağış yağır? Sənin yerinə kim olsa xəcalətindən başını yerdən qaldırmaz, sən hələ mənimlə söz güləşdirirsən.

Qayınanasının axırıncı sözləri gəlinə güllə kimi dəydi. Onun nəyə işarə vurduğunu başa düşüb doluxsundu, qayıdıb içəri girdi.

Asya arvad oğluna öz doğma bacısı qızını almışdı. Özü kənddə yaşasa da bacısı rayon mərkəzində yaşayırdı. Elçi gedəndə bacısı qızını “xalauşağıdılar, sonra uşaqlarında bir xəstəlik, şikəstlik olar” deyib vermək istəməsə də, Asya arvad sonunda bacısını razı sala bilmişdi. Elçi getdiyindən heç bir ay keçməmiş “ istəyirəm gəlinim evimdə olsun, yaşlanmışam, bir qab yemək bişirib qabağıma qoyan yoxdu” deyib toyu tezləşdirmişdi. Amma elə toyun səhəri bacısı qızını bu evə gəlin gəldiyinə peşiman eləmişdi.

Üç qız, iki oğul anası olan Asya qızlarının üçünü də məktəbi qurtaran kimi zorla sevmədikləri adama ərə verib başından eləmişdi. Qızlar üçü də qonşu kəndlərə gəlin köçmüşdülər. Anaları xəbər göndərəndən- göndərənə ildə-əyyamda bir dəfə od almağa gələn kimi ona baş çəkib evlərinə qayıtmağı qənimət bilirdilər. Asya qızları qapıdan içəri keçməyə macal tapmamış yeddi arxın suyunu bir-birinə qatır, qızlarını ata evlərinə gəlməyə peşiman edirdi.

Asyanın böyük oğlu Sahib kənddəki təsərrüfatlardan birində fəhlə işləyirdi. Kiçiyi Hilal isə əsgərlikdəydi.

Əri Camal Asyanın göstərişi ilə oturub-duran, çox fağır, dilsiz, ağızsız, müti bir adamıydı. Kənddə camaatın mal-qarasını verdikləri cüzi pul müqabilində dan yeri ağarandan şər qarışana qədər kəndlərindən çox uzaqdakı otlaqlarda otarırdı.

Asya hələ cavanlığından Camalın gözünün odunu alıb evin, uşaqların bütün ixtiyarını öz əlinə yığmışdı.

Gödək boyu, dolu bədənli, daim yerində dayanmayıb oynayan xırda gözləri, alnının ortasında birləşən qara qalın qaşları, neft rəngində qapqara, həmişə qəzəbli ifadə olan üzü Asyanı çox qorxunc göstərirdi. Nəyəsə güləndə gözləri gülməzdi. Soyuq, qəzəbli ifadə sanki gözlərində həmişəlik donub qalmışdı. Asyanı nəyəsə razı salmaq müşkül məsələydi. O, təkcə gəlinindən narazı deyildi; öz uşaqlarına da qəddar olmuşdu. Onları hələ lap körpə yaşlarından hər xırda şeyin üstündə danlayıb döyər, həyət bacada, çöl işlərində qul kimi işlədərdi.

Qonşular onun şər-xatasından uzaq durmağa çalışar, Asyanın dilinə düşməkdən çəkinərdilər. Kənddə kimin qızının böyründən yel ötsəydi, Asya o yeli fırtınaya, qasırğaya döndərib kəndə yayar, həmin adamı dilə-dişə salardı. Vay o gündən ki, qonşulardan kiminsə toyuğu onun bostanına girib bir şitilini yeyəydi; Asya qiyaməti qoparar, toyuğu salbalayıb öldürəndən sonra qonşunun çəpərindən atardı:

- Götür leşini, mənim çəpərimi basanın axırı belə olur.

Asyanın evinin arxasından camaatın öz bağlarını suvarmaq üçün çəkdikləri arx keçirdi. Yayda bağ-bostanlarını suvarmaq istəyənlər növbə ilə suyu öz əkinlərinə axıdırdılar.

Asya su arxının qarşısını torpaqlayıb suyun axınını öz bağına yönəldərdi. Kəndin camaatı:

- Asya, sən öz bağını suvar, qurtaranda bizə de, sonra suyu biz aparaq.

Asyanın ehtiyacı olmasa da suyun qarşısını kəsir, çox vaxt suyu lazımsız yerə yola-rizə axıdırdı.

Toy gününün səhəri Asya evə qan əkdi; gəlini ismətsizlikdə suçlayıb bütün qohum-əqrəbasını başına yığdı.

- Bu da mənim özümünkü; dedim bacım qızıdı, yıxılanda qolumdan tutar, aldım evimə gətirdim, məni el içində rüsvay elədi, - deyib gəlini şərləməyindən qalmadı.

Oğlu Sahib : “Ay ana, günah edirsən, axı sən dediyin kimi deyil” desə, bacısı, gəlini nə qədər and-aman eləsələr də, Asya ipə-sapa yatmadı:

- Mən başımın tükü sayı gəlinlər görmüşəm. Belə şeyləri məndən yaxşı bilən yoxdu! Siz mənim gözümə kül üfürə bilməzsiniz!

Asyanı oğlunun sözləri, gəlinin göz yaşları inandırmadı. Gəlini həkim müayinəsindən keçirəndən sonra son hökmünü verdi:

- Bacım rayon mərkəzində yaşayır; həkimlər onu tanıyır deyə, onlarla əlbir olub başıma corab hörürlər.

Asya gəlinin gününü göy əsgiyə düyünləmişdi. Gəlin onun qulluğunda durub bir sözünü iki eləməsə də, Asyanın zəhərli dili dinc durmurdu: ”Göydə uçan quşdan da zirək olsan, heç nəyə yaramaz. Məni el içində rüsvay eləmisən. Üzün hər iki dünyada qaradı”.

Bir gün gəlininin tövlədə ipdən asılmış meyidini görən Asyanın tükü də tərpənmədi. “ Günahını özünü asmaqla yuyub. Onun yerində kim olsa, belə edərdi” deyib, özlüyündə yasa gələnlərə hadisənin səbəbini başa salırdı.

Sahib arvadının faciəli ölümündən sonra baş götürüb evdən getdi. Oğlu evdən gedəndən sonra tək qalan Asyanın daha Zibeydəgilə qiybətə keçməyə vaxtı qalmırdı. Hər şeyi özü eləməli olmuşdu. Həyət- baca işləri, toyuq, cücənin dəni, yemi...

Evə keçib qaynayan çaydanın altını söndürdü. Ora-bura çovuduğundan təngnəfəs olmuşdu. Kök, tosqun bədəni tərlədiyindən paltarı əyninə yapışmışdı. Paltarını dəyişib bir az uzanmaq istəyirdi ki, həyətdə çığırışan toyuqların səsinə eyvana çıxdı. Bağın aşağı tərəfində kölgəlikdə həmişə bağlı saxladıqları həyət itləri bağlandığı ipi qırıb həyətə-toyuqların hini tərəfə keçmişdi. Ağzında təzə yumurtadan çıxmış körpə cücələrdən birini tutmuşdu. Asyanın hirsindən qan beyninə vurdu; dolu bədənini yırğalaya-yırğalaya eyvandan aşağı düşdü. İtin boynundakı zəncirdən tutub onu evin arxasında həmişə gün döyən boş yerdə zəncirə vurdu:

- Burdan qaç görüm necə qaçacaqsan. Kölgədə havayı yemək səni qudurdub! İndi də cücələrə dadanmısan. Gün təpənə döyəndə ağıllanacaqsan.

Asya deyinə-deyinə iti zəncirə vurub həyətə keçəndə ayağı nəyəsə ilişdi. Özünü yıxılmaqdan güclə saxladı. Yıxılmamaq üçün əlini yerə dayaq verəndə biləyi burxuldu. Bu onu daha da qəzəbləndirdi.”ac -susuz zəncirdə öldürəcəyəm səni” deyib burxulan biləyinin ağrısından zarıdı.

Üç gün idi ki it günün altında ac-susuz zingildəsə də, Asya nə özü onu kölgəyə bağlayıb su verir, nə də əri Camalı itə yaxın getməyə qoyurdu. Günəşin yandırıb-yaxan şüaları altında əziyyət çəkən itin zingiltisi getdikcə zəifləyirdi. Yazıq heyvanın susuzluqdan dili böyrünə düşmüşdü. Səs eşidən kimi uzandığı yerdən durur, yazıq-yazıq hənirti gələn tərəfə boylanırdı.

Asyanın biləyinin ağrısı bir az azalmışdı. Günün altında bağlı saxladığı it yadına düşmürdü. Kimsə evin arxasındakı arxla su aparırdı. Beli götürüb suyun qabağını öz bostanına tərəf döndərmək üçün evin arxasına keçdi. Zəncirlə bağladığı it yadına indi düşdü : “ daha cəzasını çəkdi, aparım yerinə bağlayım”.

İti bağladığı yerə tərəf keçdi. Heyvanın başı irəliyə uzatdığı pəncələrinin üstünə sallanmışdı. Asya itə yaxınlaşıb zəncirindən dartdı. İt tərpənmirdi. Üç gün qızmar yay günəşinin altında susuz qalan itin cansız bədəni qaxaca dönmüşdü.

Asya ömründə bir dəfə də olsun xəstələnməmişdi; yanaqlarından həmişə qan damardı. Yaşlı olsa da dişləri yerindəydi. Güləndə, danışanda dişlərinin bəyazlığı qara nöysət çöhrəsini işıqlandırırdı.

Titrədib-qızdırır, gözlərindən dayanmadan çirk axırdı. Analarının xəstələndiyini eşidib gələn qızlarının gətirdiyi həkim:

- Möhkəm soyuqlayıb, keçib gedər - deyib dava-dərman yazıb getdi.

Həkimin yazdığı dərmanların Asyaya heç bir faydası yox idi. Günlər keçdikcə vəziyyətinin ağırlaşdığını görüb qızıyla kürəkəni onu Bakıya apardılar.

Asyanın ağrıları getdikcə çoxalırdı. Dözülməz ağrıları ağrıkəsicilər də sakitləşdirə bilmirdi. Bakıdakı həkimlər onda qorxulu şiş xəstəliyi aşkar etmişdilər. Xəstəlik gizli getdiyindən, sonda üzə çıxmışdı. Onun ömrünə çox az qaldığını, xəstəxanada saxlamağın mənasız olduğunu deyib evə buraxdılar.

Xəstəliyə tutulduğundan keçən bir ay ərzində Asyanın kök, dolu bədənindən əsər-əlamət qalmamışdı. Gözləri düşdüyü çuxurdan güclə görünürdü. Gözündən axan qanlı çirk üzündən çənəsinə axırdı. Ağrıların şiddətindən qışqırır, gecələr səhərə qədər yanında ona qulluq edən qızını çimir almağa qoymurdu. Asyanın günlər keçdikcə üzü, boynu da şişməyə başlamışdı. Şişlər böyüdükcə üzü qorxunc hala düşürdü.

Xəstəyə baş çəkməyə gələn Zibeydə qapıdan içəri girəndə üz-gözü şişib tanınmaz hala düşən Asyanı görəndə diksinib bir addım geri çəkildi. Asyanın başının forması, üzü ona qonşusunun ölən itini xatırlatdı. Onun ağrıdan çıxardığı səslər, inilti də it zingiltisinə bənzəyirdi. Asya it kimi ulayır, zarıyır, bəzən ağrıların hövlündən yerində dik qalxıb qorxulu səslər çıxarırdı. Zibeydə gördüyündən necə vahimələndisə, arxaya dönüb qapıdan çıxdı.

Asya düz iki ay canıyla əlləşdikdən sonra bir gecə canını tapşırdı. Kəndin ölülərini yuyan yaşlı qadın onun meyitinə yaxın gedə bilmirdi. Cəsədə üfunət iyindən yaxınlaşmaq olmurdu.

Onun məzarını qəbiristanlığın hansı tərəfindən qazırdılarsa, ordan su fışqırırdı. Bu kəndin torpaqlarında iki yüz metr dərinlikdən də su çıxarmaq mümkün deyildi. İndi beli hara vururdularsa, ordan su çıxırdı. Axırda məcbur olub onu qəbiristanlığın lap aşağı küncündə-qaratikan kollarının arasında basdırdılar.

Asyanı dəfn edənlər yorğun-yorğun kəndə qayıdırdılar. Göyün üzü qapqara qaralmışdı. Qəfil göy gurultusundan sonra səmada çaxan ildırım hər tərəfi işıqlandırdı. Kəndə yağış yağırdı.

# 9551 dəfə oxunub

Müəllifin son yazıları

# # #