Gənc yazar: “Oğurluğa normal baxıram” – Müsahibə

Gənc yazar: “Oğurluğa normal baxıram” – Müsahibə
11 iyun 2019
# 18:12

Kulis.az gənc yazar Orxan Həsəni ilə müsahibəni təqdim edir.

Sənin üçün nə yazmaq daha vacibdir, yoxsa necə yazmaq?

– Nəyi yazmaq, yoxsa necə yazmaq? – bu ağır tonajlı sual haqqında yumor diliylə desək, düşünüb-düşünüb heç nə yazmamaq da olar. Ancaq şair demiş, əlim qələm, sinəm dəftər ( gülür). Məncə, məsələ iç səsini tapmaqdır. O səsi tapanacan adam özünü çox dağa-daşa çırpır, çox yazıçı-şairə dəyib çaşırsan, yeri gələndə axsayırsan, yorulursan, komputerin başında dörd dolanırsan, taleyində ədəbiyyatın barmaq izi varsa, gec-tez o səsi tapırsan, o səsi tapandan sonra nə yaşamısansa, kimi sevmisənsə, hansı ağrılardan durulub keçmisənsə, hamısına mükafat kimi baxırsan və başlayırsan yaşadıqlarını yenidən yaşamağa, ancaq bu dəfə həyati detallara ədəbiyyatın eynəkləriylə baxırsan, taleyini hamının taleyinə çevirə bilirsən, yaşadığın, oxuduğun hər şey sənin yaradıcılıq arealına daxil olur.

Bu sual məni hələ də düşündürür. Ancaq nəyi yazmaq və necə yazmağın çağdaş ədəbiyyatda bir-birindən fərqli komponentlər olduğunu deyə bilmərəm. Müəllif hansı mövzu haqqında yazır-yazsın işin öhtəsindən ustalıqla gəlməlidir, mövzuya sənətkarcasına yanaşmalıdır. Tutaq ki, ədəbi əcdadım hesab etdiyim Nabokovun "Lolita” romanında mövzu nə qədər yüngül, əxlaqi yöndən müzakirəli olsa da, sənətkarlıq, ustalıq yüksək səviyyədədir. "Lolitanı” bütün qadağalara, təzyiqlərə baxmayaraq XX əsrin yaxşı romanları siyahısına salan səbəb də bu ustalıqdır. Görünür, müəllif yazdığını hiss etməlidir, obrazın, mövzunun həm içində olmalıdır, həm də çölündə. Tanrı kimi həm ən yuxarıda, həm də öz bəndəsinin könlündə. Məhz buna görə Flober "Mən Madam Bovariyəm” deyirdi. Bəlkə də, hamımız Bovariyik.

Yamsılamağa çalışdığın müəllif var? Prustu çox sevdiyini bilirik…

– "Kaş mən yazardım” dediyim mətnlər var. Bunu ilk dəfə hiss eləyəndə, təxminən, səkkizinci sinifdə oxuyurdum. Dostoyevskinin "Cinayət və Cəza”sın oxumuşdum. Roman sillə kimi çəkilmişdi üzümə. İlahi, o nə zərbəydi!? Yaş üstə yaş gəldi, həyatımdan çox roman keçdi, bəziləri tez unuduludu, bəziləri hələ də ilk sevgi kimi canımda-qanımda yaşayır. Yeniyetməlik dövrümdə "Cinayət və Cəza” kimi bir roman yazmaq üçün çox tərlədim, o vaxt mətnlərə qarşı bu qədər həssas deyildim, yeniyetmə könlümə yol tapmaq çox asandı. Nəticədə cızma-qaradan başqa bir şey alınmadı, indinin gözü ilə baxanda əslində alınmamağı normaldı. Elə bir roman yaza bilməməyim məni, təxminən, iki illik dərin, burulğanlı bir depressiyaya salmışdı. İnsanlarla ünsiyyətim səngimişdi, dostlarım seyrəlmişdi. İllər sonra düşünürəm ki, sevdiyim roman kimi roman yaza bilməməyim məni yazmaq istədiyim romanın qəhramanına çevirib. "Gənc oxucunun qəribə hekayəsi” hekayəmdə "Cinayət və Cəza” romanına göndərmələr, üstüörtülü işarələr var. Mətnlər arasındakı paralleliyi bir kənara qoysaq, adam hərdən içinə ağrı formasında yığılan hadisələrin cavabını əlacsızlıqdan bu cür verir.

Prusta gəldikdə isə ona qarşı yersiz bir heyranlığım var. Filologiya fakültəsinin dördüncü kurs tələbəsiyəm. Mütəmadi yeni müəlliflər axtarıram, yeni kitablar oxuyuram, ancaq hər dəfə əlimə yeni bir roman alıb ilk cümləsini oxumamışdan öncə içimdən buxar kimi bir səs qalxır: "Əsla Prust kimi olmayacaq”.

Çağdaş müəlliflərdən ən çox Edqar Keretin hekayələrini çox sevirəm. Tənqidçilərimizin, dostlarımızın dediyinə görə Edqar Keretin mənim mətnlərimə çox ciddi təsiri var. Özün də bilirsən, müəllif mətnin qarşısına keçəndə bütün "təsirləri” soyunur, mətnlə təkbətək qalır. Məncə, müəllif öz oxuduqlarını unudanda o bilgilərin gerçək sahibinə çevrilir. Bu məsələ məni hələ də düşündürür. İş orasındandır ki, mənim yamsılamağa, ədəbiyyatda oğurluğa münasibətim normaldır. Yetər ki bu ustalıqla baş tutsun. Hekayələrimdə çoxlu detallar var ki, klassik və çağdaş ədəbiyyatla müəyyən mənada parallelik görünür.

Gəlin, İstanbullu məşhur yazıçıdan oğurladığım bu cümlə ilə cavabımıza yekun vuraq – "Mən yazıçıları yamsılamıram, onlardan oğurlayıram”.

Bu müəlliflərin kölgəsində qaldığını hiss edirsən?

– Sevdiyim müəlliflərə dostlarım kimi baxıram. Əminəm ki, nə zamansa, onlar da mənim keçirdiyim hisləri keçiriblər, yaşadığım yaradıcı narahatlıqlar illər öncədən onlara tanışdı. Tarix bircə hisləri öldürmür e, Ulu! Hislər həmişə diri qalır, adamdan adama keçir, yaşayır. Ancaq bu o demək deyil ki, mən onlarla həmişə mehribanam. Xeyr! Bəzən aramızda, təxminən, ata oğul münaqişəsinə bənzər münaqişələr olur. Öz ədəbi əcdadlarımla mehriban düşmən münasibətimi qoruyub saxlamağa çalışıram. Bilirəm ki, tutaq ki, Floberin "Madam Bovariy” si dünya ədəbiyyatında hansı nöqtədədir. Yaxşı mətnin sevincini yaşayır, ancaq qəfil də içimə bir narahatlıq dolur. Yeni bir sevgi hekayəsini necə yazmaq olar ki, məhz Floberin "Madam Bovaryi”sindən daha usta, daha sənətkarcasına alınsın, eyni zamanda həm də Floberdən – Balzakdan gələn roman ənənəsi qorunsun. Bu mənada öz atasının kölgəsindən çıxmağa, atasından daha uğurlu olmağa çalışan uşaq komplekslərim var.

– Xarici müəllifləri çox oxuyursan. Bu yazı dilinin axsamağına səbəb olmur ki?

– Bizim ən böyük problemlərimizdən biri də dil məsləsidir. Bu gün, 21 yaşımda, hələ yaradıcılığımın iməkləmə mərhələsində məni bir sual maraqlandırır – günümüzün dili hansıdır? Hansı üslubda yazmalıyıq? Həqiqət arxasında səhralara düşən miskin dərvişlər kimi mən də bu sualın cavabının arxasınca çox dolandım, məclisdən məclisə, adamdan adama yol ölçdüm. Bizdən əvvəlki nəslin özünü təstiq etmiş müəllifləri ilə görüşdüm, uzun söhbətlərdən diri çıxdım, o söhbətlərdən geridə qeyd dəftərlərimdə sərxoşluqdan əyri-üyrü xətlərlə yazılmış qeydlər qaldı, o qeydləri güclə oxudum, bir cavab hasil olmadı. Hələ də axtarıram. Bəlkə də, yaradıcılıq elə həmişə axtarmaqdır, heç vaxt tapmamaqdır. Xarici müəllifləri çox sevsəm də, Əkrəm Əylislini, İsi Məlizadəni, Mövlud Süleymanlını, İsa Muğannanı, Yusif Səmədoğlunu, Elçini, Saday Budaqlını, Kamal Abdullanı, Eyvaz Əlləzoğlunu, Səfər Alışarlını, Şərif Ağayarı, Mübariz Örəni sevərək oxumuşam və hələ də oxuyuram. Bu müəlliflər, bəlkə də, mənə öz valideynlərimdən daha yaxındılar, daha doğmadılar, aramızda həssas tellər var. Bu müəlliflər Azərbaycan dilinin ən dərin qatlarına yenən, dilin ruhunu, ecazkarlığını hiss etdiyim müəlliflərdir. Əkərmi oxuyanda elə bilirəm bir nəğmə dinləyirəm, bu nəğmədə sözlərdən çox səslər çəkir məni, öz ağuşun qonaq eləyir. Bax belə, Ulucay. Bir dəfə uğursuz bir hekayə yazmışdım. Şərif Ağayar məni qabağına çəkib danladı, danladı, danladı sonra dedi ki, ədəbiyyat öz bildiyini eləməkdi, ədəbiyyat subyektiv hadisədir, kefin nə istəyir onu da elə, nə istəyirsən onu da yaz. Sarsıldım. Dostoyevskinin üzümə çəkdiyi sillə efektini yenidən yaşadım. Məncə, hər dövrün öz dili var və o dili müəllif tapmır, dil öz müəllifini tapır. Düzü, bu sual haqqında on il sonra yenidən danışmaq istəyirəm, xahiş edirəm, bu sualı on il sonra yenidən ver!

"Metro terminalının sevgisi" hekayənin sonunda yazıçı həyatının məişətini, tərzini vermisən. Sənə görə yazıçı əslində necə yaşamalıdır?

– Nədənsə, digər hekayələrimə nəzərən "Metro terimınalının sevgisi” daha çox sevilir. Həmin hekayə qısa müddətdə, təxminən, bir həftəlik zaman fasiləsində yazılıb. Məndən soruşsan, çox bayağı hekayədir. Digər hekayələrim üzərində zəhmətim daha böyükdür. Bir dəfə Səfər Alışarlı ilə söhbətləşirdim; "yaxşı mətnlər təsadüfən ortaya çıxır” dedi. Bəlkə də, gerçək elə budur. Fəqət gerçək belə olsa, mənim iradəm ona qarşı həmişə dirəniş göstərəcək. Yaxşı mətn zəhmətin, ağrının, istirabın məhsuludur. Mən bundan özgə bir yol bilmirəm, yaşamamışam və uğurlu hesab etdiyim mətnlərin yazılma tarixçəsi ilə maraqlananda görmüşəm ki, o müəlliflər yaxşı mətnin əzab payını verməkdən çəkinməyiblər. Müəllif yalnız qalmaqdan qorxmamalıdır. "Metro terminalının sevgisi” hekayəsində obraz bir otağa həbs olunur. O, həyatının sonunacan günə bir hekayə yazmağa məhkumdur. Hələ Dostoyevskinin həyatıma ildırım kimi düşdüyü zamanlardan bu günəcən yazmaq mənim üçün bir otağa qapanmaq və beynində, içində bir dünya təsəvvür edib o dünyanı inşa etməkdir. Reallığa qarşı gəlmək, öz reallığını yaratmaq, öz həqiqətini başqlarının həqiqətinə çevirmək. Hekayələrimin demək olar ki, hamısı az-çox həmin zəhmətin məhsuludur. Bəzən saatlarla komputerin qarşısından çəkilmirsən, gecəni səhər eləyirsən, bəzənsə bir günü başdan-başa bir abzasın arxasınca sürünürsən, alınmır, silirsən, yenidən yazırsan. Bu şeylər kənardan nə qədər bezdirici, zəhlətökən bir iş kimi görünsə də, sirr işin alınmamağında gizlidir. Heç vaxt istədiyini, hiss etdiyini yaza bilməyəcəksən, vəssalam. Sadəcə ideala can atacaqsan və bu proses davam etdikcə ortaya mətnlər çıxacaq. Bütün işlər rəzildir, ancaq o iş uğurunda çəkdiyin zəhmət rəzil deyil, hətta zəhmət müqəddəsdir. Hekayələrimdən birində yazıçı obraz qəzetlərdə dərc olunan hekayələrini divardan asır, gecələr o səhifələrə baxanda, elə bilir, sözlər kəpənək kimi havada uçuşur, sonra o kəpənək sözləri tutub birləşdirir, yeni hekayələr uydurur. Mən də qəzetlərdə dərc olunan hekayələrimi divardan asıram, hekayələrimin hamısı arasında bağ, xətt var. Bəzən onların bir-birinin davamı olduğu deyil, mən bu cür düşünməsəm də, əlaqə təbii ki, var. Bizdə çox pis bir yazıçı obrazı yaradılıb. Guya, həmişə içən, avara-sərgərdan olmalıdır yazıçı. Burdan elə düşünən müəlliflərə, oxuculara demək istəyirəm ki, məsələ bu qədər bəsit ola bilməz. Yaradıcılıq, xüsusən, nəsr ayıqlıq, sistemlilik tələb edir. O boyda Pol Oster deyir ki, nəsr yazmaq fiziki hadisədir, fiziki. Araq şüşəsini qucaqlayıb yatan adamların gerçək ədəbiyyat yaratmağı, sonacan davam gətirməyi, hələ bizim kimi cəmiyyətlərdə nadir hadisədir. İşin maraqlı tərəflərindən biri də mətni yazmağa başlamazdan əvvəlki proseslərdir. Mən bunu mastrubasiyaya bənzədirəm, heç kim neylədiyini bilmir (Gülür). Məhsul ortaya çıxanacan bir çox mərhələdən keçir, oxuduqlarının, yaşadıqlarının süzgəcindən keçirirsən, uzun-uzun cəhdlərdən, qaramalardan sonra ortaya üç-dörd səhifəlik mətn çıxır. Bəlkə, o üç-dörd səhifənin bir səhifəsinin arxasında onlarla qeyd, onlarla cızma-qara var.

Roman yazmaq firkin var?

– Artıq yazmağa başlamışam. Məni qarşıda hərbi xidmət gözləyir. Bilmirəm, bu hislərlə bir il necə ötüb keçəcək. Hər halda maraqlı təcrübə olacaq. Düşməni cavab atəşi ilə susdurmaqdan vaxtım qalsa, romana orda da davam etmək istəyirəm.

Mözvusu nə olacaq? Strukturu, üslubu…

– Bayaq da dedim, aylardır Marsel Prustun təsirindəyəm və nə qədər başqa müəlliflərə baş vursam da, bu təsirdən çıxa bilmirəm. Sanki, o yeddi cildin içində məhbəs həyatı yaşayıram, özümü o kitabdan bu kitaba, o obrazdan bu obraza vururam. Prust məni ilk oxuduğum cümlədən son cümləyəcən hərarətdə saxlayır. Onu elə bil dikan üstündə oxuyuram, aldığım dad isə əvəzsizdir. Gərgin anlarımdan birində redaksiyada "Svanın eşqi” ni oxuyurdum. Rəvan çevrilib birbaşa dedi: "Bu əhvalla necə oxuyursan onu?” – "Kitab oxumuram, sakitləşdirici dərman qəbul edirəm”– dedim. Görünür, Prustun təsiri ilə böyük bir dövrü əhatə edən ailə romanı yazmaq istəyirəm. Həm canımdakı təsiri soyunub atmaq, ona öz borcumu bir romanla qaytarmaq, həm də öz uşaqlığımın, yeniyetməliyimin ağrılarını ədəbiyyat hadisəsinə çevirmək. Hər şey beynimdə hazırdır, sadəcə zaman lazımdır. Zaman deyəndə də, gəncik, gələcək bizimdir. Ağır üslubda, Prustvari bir tonajda yazılacaq, ən azından buna cəhd edəcəm. Çox marqlıdır ki, bəzi oxucular Prustun ağır dilindən əziyyət çəkirlər, ancaq müəllif bu mətnləri birdəfə, çox asanlıqla yazıb, mətnlərə geri qayıdanda çox daha çox nələrisə əlavə etmək üçün qayıdıb. Hər halda mənim üçün maraqlı eksperiment olacaq. Müharibə, məcburi köçkünlük dövrü, Qarabağ hekayələri, uşaqlığımda dinlədiyim, ya özümün şahidlik etdyim əhvalatlar romanın əsas temaları olacaq.

Futbola marağının olduğunu bilirəm. Səncə, futbolla ədəbiyyatın oxşarlığı var?

– Futbolu sevirəm. Düzdür, son zamanlar canlı baxa bilmirəm, sevdiyim oyunların təkrarını izləyirəm. Məncə, nəticələri bildiyin oyunlara baxmaq nə qədər maraqsız olsa da, ləzzətlidir. Həyacan fılan yaşamırsan, oyunu daha dərindən analiz edə bilirsən. Heç bilmirəm analiz edəndə nə olur, adama nə qazandırır, amma yenə də öz uşaqlıq həvəslərimə çalışıram bəzi məqamlarda sədaqətli olum. Fakültəmizin futbol yığmasında dörd il fovet oynadım. Görünür, Filologiyada oğlanların az olmağı bəxtimdən olub ( Gülür). O ki qaldı ədəbiyyatla futbolun oxşar cəhətinə, bunu sən özün də yaxşı bilirsən, mən fərqli cəhətini deyəcəm; Futboldan fərqli olaraq ədəbiyyatda ulduz olmaq üçün qırmızı kart almağı bacarmaq lazımdır.

Söhbətləşdi: Ulucay Akif/adalet.az/

# 3059 dəfə oxunub

Müəllifin son yazıları

# # #