İşləmədən yaşamaq, müftə maaş, səfil ölüm

İşləmədən yaşamaq, müftə maaş, səfil ölüm
6 noyabr 2013
# 13:17

Birinci hissə

İkinci hissə

Kontorumdan gedəcəksən, ya yox, - qəfildən özümdən çıxdım, ona sarı bir neçə addım atıb cavab tələb elədim.

- Getməməyə üstünlük verərdim. – o, inkar şəkilçisini xüsusi vurğuyla tələffüz etsə də, nəzakətlə dedi.

- Getməməyə nə haqqın var? Mənə kirayə haqqı ödəyirsən? Bəlkə əvəzimə vergi borclarımı qapayırsan? Yoxsa bura sənin şəxsi mülkiyyətindi?

Bartlbi cavab vermirdi.

- İşinə davam eləməyə, sənədlərin üzün köçürməyə hazırsanmı? Gözlərin sağalıbmı? Bu səhər kiçik bir sənədin üzünü köçürə, iki sətiri yoxlaya, ya da poçt idarəsinə gedə bilərsənmi? Bir sözlə, kontorda qalmaq istəyinə haqq qazandırmaq üçün bir iş görməyə hazırsanmı?

Bartlbi heç bir söz demədən öz sığınacağına qayıtdı.

O qədər əsəbiləşmişdim ki, ehtiyatlı tərpənib katibimlə bundan artıq höcətləşməmək qərarına gəldim. Bartlbi və mən kontorda tək idik. Bəxtsiz Adamsı və ondan qat-qat bədbəxt Koltu xatırladım ( Con Kolt XIX əsrdə Amerika Birləşmiş Ştatlarında mühasibat uçotunu təbliğ etməsi ilə məşhur idi. 1840-cı ildə o, klerklər üçün hazırladığı kitabən nəşri üçün nyu –yorklu naşir Sem Adamsla müqavilə bağlamışdı. Kitab 1841-ci ildə böyük tirajla nəşr olunmalı idi, lakin bazardakı tələbat çox olsa da, Adams kitabı az sayda çap etmişdi. Müəllif qəzəblənərək Adamsın iş yerinə gəlmiş və mübahisə zəminində naşiri qətl etmişdi. Koltun məhkəmə işi uzun müddət davam eləmiş: naşirlər Adamsın, mühasib və yazıçılar isə Koltun müdafiəsinə qalxmışdılar, lakin Con məhkəmə tərəfindən günahkar hesab edilərək ölüm hökmünə məhkum edilmişdi.).

Adamsın kimsəsiz idarəsində cin atına mindirdiyi Kolt qəzəbini cilovlaya bilməmiş, özünü unudaraq ölümcül bir səhv etmiş, sonradan bu hərəkətinə görə hamıdan çox heyfslənmişdi. Bu faciə barədə düşündükcə mənə elə gəlirdi ki, əgər onların mübahisəsi insanların çox olduğu bir küçədə və ya evdə başlasaydı, bu qədər kədərli bitməzdi. Məncə, insanı mülayimləşdirən ailə ab-havasından məhrum binanın yuxarı mərtəbəsində yerləşən, çox güman ki xalısız və heç şübhəsiz toz –torpaq içindəki idarə bədbəxt Koltun kor-koranə qəzəbini daha da alovlandırmışdı. O gün mən içimdə baş qaldıran qədim Adams fitnəsinin qolundan yapışıb bir kənara itələyə bilmişdim. Necə? Çox sadə, Tanrının bir – birinizi sevin əmrini xatırlamaqla. Bəli, məni xilas edən bu oldu.

Başqa üstünlükləri ilə yanaşı, xeyirxahlıq həm də öz sahibini qorumağa qadir olan ağıllı və müdrik bir prinsipdir. İnsanlar qısqanclıq, qəzəb, nifrət, xudbinlik, ləyaqət hissi naminə cinayət törədirlər, lakin xeyirxahlığın təhriki ilə amansız qətlin törədildiyini hələ heç kim eşitməyib. Deməli, hamı xüsusilə özlərindən tez çıxan insanlar başqa heç bir səbəb tapa bilmirlərsə, heç olmasa öz mənafeləri naminə xeyirxahlığa və yaxşı əməllərə can atmalıdırlar. Hər halda mən katibin cavablarını bacardıqca müsbət tərəfə yozmağa çalışaraq coşan qəzəbimi cilovlaya bildim: yazıq, yazıq – mən fikirləşdim, pislik eləmək istəmir. Həm də ki, çox çətin günlər keçirib, ona güzəştə getmək olar. Bir tərəfdən də fikrimi dağıtmağa, ruh düşkünlüyündən xilas olmağa çalışırdım. Günortaya qədər özünün münasib hesab etdiyi bir vaxtda Bartlbinin sığınacağından çıxıb qapıya doğru qətiyyətlə addımlayacağını xəyal elədim. On ikinin yarısı gəlib çatdı. Sifəti alışıb yanmağa başlayan Hinduşka mürəkkəb qabını aşırdı, səs-küy qaldırmaq vərdişinə xilaf çıxmadı, Qısqac sakit və nəzakətli bir insana çevrildi, Zəncəfilli Kökə nahar üçün ayırdığı almanı ağzını marçıldada-marçıldada yedi. Dərin xəyallar içində ölü divarlara baxan Bartlbi pəncərədən aralanmadı. Etiraf edimmi? İnanacaqsınızmı? Günortadan sonra ona bir söz demədən kontordan çıxıb getdim.

Bir neçə gün də ötdü. Boş vaxt tapdıqca Edvardsın “Niyyət” və Prestlinin “Zəruriyyət barədə” kitablarını vərəqləyirdim. Yarama məlhəm kimi təsir edən bu kitablardan sonra Bartlbi ilə bağlı çətinliklərimin taleyin hökmü, alın yazım olduğuna inanmağa başlamışdım. Bartlbi müdrik Allahın hökmü ilə bəndələrin anlamağa qadir olmadığı bir məqsədlə mənim yanıma gəlib çıxmışdı.

Bəli, Bartlbi o pərdənin arxasında istədiyin qədər qala bilərsən – mən fikirləşdim, daha səni incitməyəcəyəm. Sən bu köhnə stullar qədər səssiz və ziyansızsan. Nəhayət ki, duyur, hiss eləyirəm, dünyaya nə üçün gəldiyimi başa düşürəm. Bu mənə bəsdir. Bəlkə də başqalarının qismətinə daha ali, daha uca əməllər düşüb, mənim bu dünyadakı vəzifəm isə, Bartlbi, kontorumun bir küncünü sənin ixtiyarına verməkdir.

İşlə əlaqədar kontoruma gələn dostlarımın xahiş eləmədiyim halda üstümə yağdırdıqları amansız məsləhətləri olmasaydı, bu müdrik və xeyirxah hava uzun müddət başımdan çəkilməyəcəkdi. Axı comərd insanların könlü geniş olmayanların hücumları qarşısında yorğun düşdüklərinə tez-tez şahid oluruq.

Digər tərəfdən kontoruma gəlib Bartlbinin qəribəlikləri qarşısında mat qalan, ağızlarından düşünülməmiş bir söz qaçırdan insanların təəccübü də başadüşülən idi.

Bəzən mənimlə işləyən bir vəkil görüşümə gəlir, kontorda Bartlbidən başqa heç kimi tapmayıb harada olduğumu ondan öyrənməyə çalışırdı. Katib isə otağın ortasında hərəkətsiz dayanıb dillənmək istəmirdi. Vəkil bir müddət təəccüblə ona tamaşa etdikdən sonra, gələndə bildiyindən artığını öyrənməyə nail olmadan çıxıb gedirdi.

Bəzən də mübahisəli məsələlərin həlli zamanı otaq hüquqşünaslarla, şahidlərlə dolub-daşanda, işin qızğın vaxtı çox məşğul olan həmkarlarımdan biri Bartlbinin bekar dayandığını görüb ondan kontoruna gedib bəzi sənədləri gətirməyi xahiş edərdi. Bartlbi getməkdən imtina etsə də, əvvəlki kimi işsiz-gücsüz dayanardı. Bax onda həmin hüquqşünas gözlərini bərəldib üzümə baxardı. Nə deyə bilərdim? Nəhayət bir gün eşitdim ki, həmkarlarımın arasında kontorda saxladığım, qəribə, vəhşi məxluq barədə qızğın söz-söhbət gəzir. Bu məni çox narahat elədi.

Bartlbinin bəlkə də həddən artıq uzun bir ömür yaşayacağı, həyatı boyu kontordan getməyəcəyi, mənə tabe olmaqdan imtina edəcəyi, kontoruma gələnləri mat qoya-qoya məni hörmətdən salacağı, ətrafına kədər yaya-yaya yığdığı pulla birtəhər qidalanaraq bədənini ruhundan ayrılmağa qoymayacağı (axı günə beş sentdən artıq pul xərcləmirdi), mən öləndən sonra da kontorda daimi yaşayış iddiasına düşə biləcəyi ilə bağlı qara –qura fikirlər, dostların otağımda saxladığım məxluq haqqında amansız mülahizələri məni çox dəyişdirdi. Var gücümü toplayıb bu dözülməz yükdən birdəfəlik qurtulmalı idim.

Labüd olduğunu bilsəm də mürəkkəb bir plan hazırlamamışdan əvvəl bir daha Bartlbiyə getməyin düzgün addım olacağımı başa salmağa çalışdım. Üzümə sakit və ciddi bir ifadə verib ona bu fikri ehtiyatla və lazımınca götür-qoy etməyi məsləhət gördüm. O, üç gün düşünüb daşındıqdan sonra bəyan elədi ki, əvvəlki qərarı dəyişməz qalır, bir sözlə, bundan sonra da mənimlə yaşamağa üstünlük verir.

İndi mən nə edim? – paltomu axıra qədər düymələyib öz-özümdən soruşdum. Nə edim? Nə etməliyəm? Bu adamdan daha doğrusu, kabusdan vicdanımı ləkələmədən necə xilas ola bilərdim? Ondan qurtulmalıyam, mütləq gedəcək. Amma necə? Bu zavallı, solğun bənizli köməksiz insanı zorla bayıra ata bilməzdim. Bu cür amansızlıq mənə yaraşmazdı. Yox, əlimdən gəlməzdi. Ondansa burda yaşayıb burda ölməyinə icazə verər, sonra da qalıqlarını divara hörərdim. Bəs nə etməli? Dil tökməklə yerindən qımıldada bilməyəcəkdim. Verdiyim rüşvət öz stolumun üstündə öz basmamın altındaca qalırdı.

Deməli, qəti və qeyri-adi bir tədbir görülməli idi. Əlbəttə, polisin bu məsum, solğun bənizli adamın yaxasından yapışıb ümumi həbsxanaya atmasına da göz yuma bilməzdim. Həm də ona qarşı belə bir tədbir görmək üçün polisin əlində heç bir əsas yox idi. Məgər o avaradır? Yerindən tərpənməkdən imtina edən avara? Avaralıq istəmədiyi üçün Bartlbini avaralıqda ittiham edirəm? Gülməlidir. Yaxşı, bəs yaşayış üçün heç bir vəsaitinin olmamasını necə bəhanə edə bilərəm? Yox, bu da yaramır. O yaşayır. Bu da onun yaşamaq üçün vəsaitinin olduğunun danılmaz sübutudur. Yaxşı bu qədər yetər. O getmirsə, mən gedərəm. Kontoru başqa yerə köçürəcək və ona əvvəlcədən qısaca xəbərdarlıq edəcəyəm ki, yeni iş yerimə gəlsə, bu dəfə onunla başqasının mülkünə soxulmuş adi bir cinayətkar kimi rəftar edəcəyəm.

Ertəsi gün planlaşdırdığım kimi Bartlbiyə müraciətlə dedim. – Kontor şəhər idarəsindən çox uzaqdır, havası təmiz deyil. Gələn həftə köçürəm. Daha sənin xidmətlərinə ehtiyacım olmayacaq. İndi xəbərdarlıq edirəm ki, o vaxta qədər özünə yaşamaq üçün başqa yer tapasan.

Bartlbi cavab vermədi, mən də başqa heç nə demədim.

Köçmək vaxtı çatanda araba və adam tutub o qədər də çox olmayan əşyaları bir – iki saata daşıtdım. Bu müddət ərzində o, pərdənin arxasından tərpənmədi. (Pərdəni bütün əşyalar arabaya yükləndikdən sonra sökməyi əmr etmişdim). Pərdəni sökdülər, nəhəng bir qovluq kimi qatlayıb apardılar. Kontorda bomboş otağın hərəkətsiz sakinindən başqa heç nə qalmadı. Mən daxilimlə çarpışa-çarpışa girişdə dayanıb ona baxırdım.

Əlim cibimdə, ürəyim ağzımda otağa qayıtdım.

- Əlvida, Bartlbi. Mən gedirəm, əlvida. Tanrı sənə yar olsun. - Ovcuna sıxışdırdığım pul sürüşüb yerə düşdü. Həsrətlə canımı xilas edəcəyim günü gözlədiyim adamdan özümü güclə araladım.

Yeni kontoruma yerləşdikdən sonra bir –iki gün qapını qıfıllı saxladım, girişdəki hər addım səsindən səksəndim. Hardansa kontora qayıdanda bir anlıq kandarda ayaq saxlayır, diqqətlə qulaq asır, yalnız bundan sonra açarı qıfıla salırdım. Amma bu qorxulara lüzum yox idi. Bartlbi bir daha mənə yaxın gəlmədi.

Tanımadığım bir adam həyəcan içində yaxın vaxtlara qədər Voll küçəsindəki ... nömrəli evi kirayələyən adamı soraqlaya-soraqlaya gəlib məni tapana qədər işlərin qaydasına düşdüyünü güman edirdim.

Nigaranlıqla “mənəm” deyə cavab verdim.

- Elə isə, ser, - sonradan hüquqşünas olduğunu öyrəndiyim kişi dedi – Orada qoyub getdiyiniz adama görə cavabdehsiniz. O sənədlərin üzünü köçürməkdən imtina edir. Ümumiyyətlə, heç bir iş görmək istəmir. Deyir ki eləməməyə üstünlük verərdim, çıxıb getməkdən də boyun qaçırdır.

- Təəssüf eləyirəm, ser, - içim titrəsə də, saxta soyuqqanlılıqla dedim. - O adam mənim heç nəyim deyil. Nə qohumum nə də şagirdim deyil ki, məni ondan cavabdeh sayasınız.

- Tanrı xatirinə, bəs o kimdi?

- Sizə heç nə deyə bilmərəm. Onun haqqında heç nə bilmirəm. Əvvəllər onu sənədlərin üzünü köçürmək üçün işə götürmüşdüm, lakin artıq neçə vaxtdır, mənimlə işləmir.

- Elə isə hesabını mən kəsərəm, ser, salamat qalın.

Bir neçə gün ötdü, Bartlbidən heç bir xəbər yox idi. Tez – tez içimdə xeyirxah bir duyğu baş qaldırıb köhnə kontoruma gedib zavallı Bartlbiyə baş çəkməyi diktə eləsə də, ad verə bilmədiyim qəribə bir ikrah hissi qarşımı kəsirdi.

Daha bir həftə xəbər-ətərsiz ötdükdən sonra bu məsələnin artıq qapandığını düşünməyə başlamışdım, lakin ertəsi gün bir neçə adamın qapının yanında dayanıb əsəbi vəziyyətdə məni gözlədiyini gördüm.

- Odur, gəlir - ən yaxında dayanan kişi qışqırdı. Bir müddət əvvəl yanıma tək gələn hüquqşünas idi.

- Bu dəqiqə onu oradan aparın. - Voll küçəsindəki ... nömrəli evin sahibi kimi tanıdığım dolubədənli kişi irəli çıxıb dedi – bu centlmenlər – mənim kirayənişinlərim daha dözə bilmirlər. Mr. B – mülk sahibi əli ilə hüquqşünası göstərdi. – onu otaqdan çıxarıb. İndi də o, bütün binanı işğal edib. Gün ərzində pilləkənlərdə oturur, gecələr girişdə yatır. Hamı narahatdır. Müştərilər binadan köçürlər. Hamı sərsərilərin kütləvi hücumundan çəkinir. Dərhal bir tədbir görün.

Bu hücum qarşısında qorxuya düşüb geri çəkildim, əlacım olsa, yeni kontoruma qaçıb, qapını içəridən qıfıllayardım. Əbəs yerə Bartlbinin onlar qədər mənə də heç bir aidiyyəti olmadığını təkrar elədim. Yox, mən onunla işləmiş axırıncı insan idim, nəsə eləməliydim, cavabdehlikdən qaça bilməzdim. Adımın qəzetə veriləcəyindən qorxub (kimsə üstü-örtülü hədə-qorxu gəlmişdi) vəziyyəti götür- qoy elədim. Nəhayət, hüquqşünas öz otağında katiblə təkbətək görüşümü təşkil edərsə, onları şikayət predmetlərindən xilas etmək üçün əlimdən gələni etməyə söz verdim. Köhnə məskənimə qalxarkən pilləkəndə səssiz –səmirsiz oturmuş Bartlbi ilə rastlaşdım.

- Bartlbi, burada nə edirsən? – mən soruşdum.

- Pilləkəndə otururam. - O, mülayim səslə cavab verdi.

Köhnə katibimi işarə ilə ardımca otağa çağırdım. Hüquqşünas çıxandan sonra dedim:

- Bartlbi, kontordan qovulduqdan sonra, binanın girişini işğal etməklə məni necə çətin vəziyyətdə qoyduğundan xəbərin varmı?

Cavab gəlmədi.

- İndi ya sən nəsə eləməlisən, ya da sənə nəsə eləməlidirlər. İkisindən birini seç. Necə bir işlə məşğul olmaq istərdin? Yenə sənədlərin üzünü köçürmək istərdinmi?

- Yox, heç bir dəyişiklik etməməyə üstünlük verərdim.

- Xırdavat mağazasında satıcı işləmək istərdinmi?

- Mağazada təmiz hava yoxdur. Yox, satıcı olmaq istəməzdim, amma mənim üçün fərqi yoxdur.

- Təmiz hava! – mən qışqırdım. – Səni heç zorla da təmiz havaya çıxartmaq olmur!

- Satıcı işləməməyə üstünlük verərdim – o, söhbəti bitirmək üçün qətiyyətlə dedi.

- Barmen necə işləmək istərdinmi? Gözünə də yük düşməz.

- Heç də istəməzdim. Amma artıq dediyim kimi mənim üçün fərqi yoxdur.

Bartlbinin vərdiş eləmədiyim danışqanlığından ürəklənib təkrar hücuma keçdim.

- Yaxşı, bəs tacirlərin borclarını toplamaq üçün bu şəhərdən o şəhərə səyahət etmək istərdinmi? Sağlamlığına da yaxşı təsir edər.

- Yox, başqa bir iş görməyə üstünlük verərdim.

- Avropaya gedən gənc bir centlmenə yoldaşlıq edib, yolboyu söhbətinlə onu əyləndirmək necə səni qane edər?

- Heç də yox. Bu iş çox qeyri-müəyyən təsir bağışlayır. Mən olduğum yerdə qalmağı xoşlayıram, amma mənim üçün fərqi yoxdur.

- Di olduğun yerdə qal! – hövsələdən çıxıb qışqırdım. İlk dəfə idi ki, onunla danışanda qəzəbimi cilovlaya bilmirdim. – Əgər gecə düşənə qədər buradan getməsən, mən məcburam, sözün əsl mənasında məcburam ki... özüm çıxıb gedəm. – onu qorxudub yerindən tərpətmək üçün münasib bir söz tapa bilməyib səfehlədim. Bütün cəhdlərimin əbəs olduğunu görüb çıxıb getmək istəyirdim ki, ağlıma əvvəllər də haqqında düşündüyüm bir fikir gəldi.

- Bartlbi, - belə gərgin vəziyyətdə mümkün olan ən mülayim səslə dedim. – gəl mənim evimə gedək, kontora yox, yaşadığım yerə. Boş vaxt tapan kimi vəziyyətdən çıxış yolunu müzakirə edərik, sənin üçün münasib bir iş tapılana qədər mənim evimdə qalarsan. İstəyirsən, gəl indidən başlayaq, elə bu dəqiqə.

- Yox, heç bir dəyişiklik etməməyə üstünlük verərdim.

Cavab vermədim, lakin gedişimin sürəti və gözlənilməzliyi ilə hamını çaşdırıb, binadan tez – tələsik çıxdım. Voll küçəsi ilə üzüyuxarı Brodveyə tərəf qaçıb qarşıma çıxan ilk avtobusa mindim və tezliklə izimi itirdim.

Bir az sakitləşən kimi həm mülk sahibi, həm kirəyənişinlər qarşısında həm də Bartlbini kobud təqibdən qorumaq üçün duyduğum istək və vicdani borc naminə əlimdən gələni etdiyimi aydın başa düşdüm. Artıq bütün qayğılardan arınıb dincəlmək istəyirdim. Bu dəfə vicdanım da mənə haqq qazandırsa da, bu istəyimə nail ola bilmədim. Hiddətlənmiş mülk sahibi və kirayənişinlərin əlinə keçməkdən o qədər qorxurdum ki, işləri Qısqaca tapşırıb bir neçə gün Nyu-Yorkun şimalını və şəhər ətrafını karetimlə gəzdim, Cersi və Hobkendən keçdim, Manheten və Astoriyaya xəlvətcə baş çəkdim. Demək olar ki, bir neçə gün karetdən düşmədim.

Kontora qayıdanda, stolumun üstünə mülk sahibinin məktubunu tapdım. Əllərim əsə-əsə məktubu açdım. Məktubda deyilirdi ki, polisə xəbər verilib və Bartlbi avaralıq ittihamı şəhər həbsxanasına yerləşdirilib. Mülk sahibi Bartbini hamıdan daha çox tanıdığımı yazır, həbsxanaya gedib mənə məlum olan faktları polisə bildirməyimi xahiş edirdi. Bu xəbər əvvəl məni əsəbiləşdirsə də, sonradan mülk sahibinə haqq qazandırdım. Tələskən və çevik bir insan kimi o, mənim heç vaxt cürət etməyəcəyim bir addımı atmışdı. Həm də bu mövcud şərtlər altında sonuncu çıxış yolu, yeganə xilas planı idi.

Sonradan eşitdim ki, zavallı Bartlbi həbsxanaya getməli olduğunu eşidəndə, heç bir müqavimət göstərməyib, həmişəki kimi sakitcə və etinasızlıqla polisə tabe olub. Canıyanan və marağını boğa bilməyən şahidlərdən bir neçəsi də Bartlbi və polisə qoşulub. Səssiz mərasimin iştirakçıları başda Bartlbi ilə qol-qola irəliləyən polis olmaqla axşamtərəfi qələbəliyin isti və səs-küyün arası ilə özlərinə yol açıblar.

Məktubu aldığım gün şəhər həbsxanasına getdim. Cavabdeh məmuru tapıb gəlişimin səbəbini izah elədim. Mənə məlumat verildi ki, təsvir etdiyim adam doğrudan da həbsdədir. Sonra məmuru inandırmağa çalışdım ki, qəribəlikləri saya-hesaba gəlməsə də, Bartlbi son dərəcə əxlaqlı və mərhəmətə layiq insandır. Bütün bildiklərimi danışdım və sözümü daha münasib bir çarə (bu çarənin nə ola biləcəyini heç özüm də təsəvvür eləmirdim) tapılana qədər onu daha yüngül şərtlər altında saxlamağı təklif etməklə bitirdim. Hər halda başqa bir çıxış yolu tapılmasa da, əlillər evi mütləq onu qəbul etməliydi. Sonra Bartlbi ilə görüşmək üçün icazə istədim. Ciddi bir qanun pozuntusunda ittiham edilmədiyindən, həm də son dərəcə sakit və ziyansız olduğuna görə ona həbsxanada ən əsası yaşıl otlarla örtülü həyətə çıxıb açıq havada sərbəst dolaşmağa icazə verilmişdi. Onu dünyanın ən sakit həyətində tapdım, üzünü hündür divarlara çevirib ayaqüstə dayanmışdı. Mənə elə gəldi ki, qatillər və oğrular həbsxana pəncərlərinin barmaqları arasından onu güdürlər.

- Bartlbi,

- Sizi tanıyıram. – o qanrılıb baxmadan cavab verdi. – Sizinlə danışmaq istəmirəm.

- Səni, bura mən gətirməmişəm, Bartlbi, - onun məni günahlandırmasından inciyib dedim. - amma məncə, bura sənin üçün o qədər də pis yer deyil. Burada olduğuna görə heç kim səni qınaya bilməz. Görürsən, bura güman edildiyi qədər də kədərli bir yer deyil. Başımızın üstündəki səmaya, bu yaşıl otlara bax!

- Harada olduğumu bilirəm, - Bartlbi cavab verdi və daha dillənmədi, onu tək buraxdım.

Dəhlizə qayıdanda döşlük taxmış, ət çuvalını xatırladan iri cüssəli bir kişi mənə yaxınlaşdı, baş barmağı ilə arxa tərəfi göstərib soruşdu:

- Sizin dostunuzdu?

- Bəli.

- Acından ölmək istəyir. Əgər ölmək istəyirsə, həbsxana yeməyi yesə bəsdir, başqa heç nəyə ehtiyac yoxdu.

- Siz kimsiz? – belə bir yerdə bu cür qeyri-rəsmi söhbətə nə məna verəcəyimi bilməyib soruşdum.

- Mən aşxananın sahibiyəm. Sizin kimi centlmenlər mənə pul ödəyirlər ki, dostlarını dadlı yeməklə təmin edim.

- Düz deyir?- həbsxana nəzarətçisindən soruşdum.

Nəzarətçi aşpazın sözlərini təsdiqlədi.

- Elə isə, - aşxana sahibinin ovcuna bir neçə gümüş pul sıxışdırıb dedim. – mənim dostuma xüsusi diqqət yetirin. Ən yaxşı naharı ona verin. Onunla nəzakətlə rəftar etməyə çalışın.

- Məni onunla tanış eləyərsiniz? – necə gözəl tərbiyə aldığını nümayiş etdirmək üçün səbrsizlənən aşpaz dedi.

Katibə köməyi dəyəcəyini düşünüb razılaşdım və aşpazdan soyadını soruşub onunla birlikdə Bartlbiyə yaxınlaşdım.

- Bartlbi, bu dostumuzdur. Sənə köməyi dəyə bilər.

- Xidmətinizdəyəm, ser, xidmətinizdəyəm. - Aşpaz ehtiramla təzim edib dedi. – ümid eləyirəm, bura xoşunuza gəlir. Geniş bina, sərin otaqlar. Ümid eləyirəm, hələ uzun müddət qonağımız olarsınız. Sizi qane etməyə çalışarıq. Naharda nə yemək istərdiniz?

- Bu gün nahar etməməyə üstünlük verərdim. Məni qane ətmir. Nahar etməyə vərdiş etməmişəm. – Bartlbi belə deyib yavaşca həyətin o biri tərəfinə keçdi, ölü divarlarla üz-üzə dayandı.

- Bu nə deməkdi? – aşpaz təəccüb dolu gözlərini üzümə zilləyib dedi. – qəribə adamdı, elə deyil?

- Məncə, ruhi xəstədi – kədərlə cavab verdim.

- Ruhi xəstə? Ruhi xəstədi? And olsun, elə bilirdim, sizin bu dostunuz saxta pul kəsən fırıldaqçıdı. Saxta pul kəsənlər həmişə belə solğun bənizli olur, centlmenə bənzəyirlər. Onların halına yanmaya bilmirəm. Mono Edvardı tanıyırdız? – riqqətlə dedi, mütəəssir olub susdu, sonra heyfslənə-heyfslənə əlini çiynimə qoyub ah çəkdi. Sinq-sinqdə vərəmdən öldü. Deməli, Monronu tanımırdınız?

- Yox, mənim tanışlarım arasında saxta pul kəsən olmayıb. Daha yubana bilmərəm. Oradakı dostuma yaxşı baxın, peşman olmazsınız. Yenə gələcəm.

Bir neçə gün sonra yenə həbsxanaya getmək üçün icazə aldım. Bartlbini axtara- axtara dəhlizi keçdim.

- Hücrəsindən çıxıb – nəzarətçi dedi. – Yəqin həyətdə avaralanmağa gedib.

Həyətə tərəf getdim.

- Səssizi axtarırsınız? – yanımdan ötən nəzarətçi soruşdu. – Həyətdə uzanmışdı. Orada - həyətdə yatıb. İyirmi dəqiqədi, uzanıb.

Həyətdə tam səssizlik hökm sürürdü. Adi məhkumlar bura gələ bilmirdilər. Heç bir səs həbsxananın qalın divarlarını aşıb içəri dola bilmirdi. Misir üslubundakı bu daş divarlardan üstümə ağırlıq çökürdü. Ayağımın altında isə məhkum otlar böyüyürdü. Sanki quşların dimdiklərində gətirib ölümsüz piramidaların bağrına səpdiyi toxumlar, möcüzə nəticəsində çatlardan baş qaldırıb cücərmişdilər.

Bir dəri, bir sümük qalmış Bartlbi dizlərini qucaqlayıb, başını soyuq daşlara söykəyib divarın dibində böyrü üstə uzanmışdı, tərpənmirdi. Bir anlıq ayaq saxladım, sonra yanına gedib aşağı əyildim, ifadəsiz gözləri açıq idi. Əvvəl elə bildim, dərin yuxuya gedib, lakin içimdən bir səs ona toxunmalı olduğumu dedi. Bartlbiyə toxunanda, əlimdən qoluma, onurğamdan ayaq barmağıma sancılı bir titrəyiş keçdi.

Yumru sifət aşpaz başımın üstündə dayanıb yuxarıdan aşağı mənə baxırdı.

- Nahar hazırdı, bu gün də yemək yeməyəcək? Heç vaxt nahar eləmir?

Mən: – heç vaxt nahar eləmir - deyib, Bartlbinin gözlərini qapadım.

- Belə de! Yatır?

- Yatır, özü də çox uzaqlarda. – mən cavab verdim.

Daha sözü uzatmağın mənası yoxdur. Bartlbinin kasıb dəfn mərasimi təsəvvür etməyə xəyal gücü də kifayət edər. Oxucularla vidalaşmadan əvvəl demək istərdim ki, əgər bu qısa hekayət sizi yetərincə maraqlandırıbsa, Bartlbinin kim olduğunu, mənimlə tanışlıqdan əvvəl necə yaşadığını öyrənmək istəyirsinizsə, sizə yalnız nigaranlığınızı bölüşdüyümü söyləyə və bu suallar qarşısında acizliyimi etiraf edə bilərəm. Bilmirəm, katibin xəstəliyindən bir neçə ay sonra qulağıma çatan kiçik bir şayiəni aləmə car çəkməyə ehtiyac varmı? Bu şayiənin nəyə əsaslandığını heç cür aydınlaşdıra bilmədiyimdən nə qədər etibarlı olduğunu da deyə bilmərəm. Lakin mənim marağıma səbəb olan bu şayiəni başqaları da bilmək istəyə bilər, ona görə də qısaca bu haqda danışacağam.

Şayiəyə görə vaxtilə tələb olunmamış məktublar idarəsində kiçik klerk kimi çalışan Bartlbi rəhbərliyin dəyişməsi ilə işdən azad edilmişdi. Bu şayiə haqqında düşünəndə hansı hissləri keçirdiyimi ifadə etməkdə çətinlik çəkirəm. Ölü məktubları. Ölü insanlar sözünü xatırlatmırmı? Təbiətən və həyat müsibətlərinin təsiri ilə ümidsizliyə meylli bir insanı təsəvvürünüzə gətirin. Bu ümidsizliyi ölü məktublarını oxuyub yandırılmaq üçün çeşidləməkdən çox nə artıra bilərdi? Nəzərə alın ki, hər il bir araba dolusu belə məktub yandırılır.

Solğun bənizli klerk bəzən qatlanmış kağızların arasından üzük tapır. Üzüyün sahibi kim bilir hansı məzarda çürüyür. Xeyriyyə məqsədilə təcili göndərilmiş banknot. Onun kömək etməli olduğu adam daha nə yeyir, nə də aclıq hiss edir. Ümidsizlik içində ölənlər üçün sədəqə; əli hər yerdən üzülüb ölənlər üçün ümid; çarəsiz fəlakətlərdə boğulub ölənlər üçün yaxşı xəbər. Yaşatmaq üçün göndərilən məktublar ölümə tələsir. Ah Bartlbi! Ah insanlar!

Son

Tərcümə: Ülkər Nəsibbəyli

# 1587 dəfə oxunub

Müəllifin son yazıları

# # #