Yazıçıya tapança gücünə hekayə yazdıranlar

Yazıçıya tapança gücünə hekayə yazdıranlar
1 iyun 2019
# 13:30

Kulis.az çağdaş İsrail yazıçısı Etqar Keretin “Birdən qapı döyüldü” hekayəsini təqdim edir.

“Mənə bir hekayə danış” – divanımda oturan saqqallı adam əmr edərək dedi. Etiraf etməliyəm ki, vəziyyət heç də ürəkaçan deyil. Mən adətən hekayələri yazıram, danışmıram. Heç yazmağı da kiminsə əmri ilə etmirəm. Axırıncı dəfə oğlum hekayə danışmağımı istəmişdi. Təxminən bir il olar. Ona pəri ilə dovşana aid bir hekayə uydurdum. Konkret nə danışdığımı indi xatırlamıram, çünki ikinci dəqiqədə yatmağa başlamışdı. Ancaq bugünkü vəziyyət fərqlidir. Çünki oğlumun saqqalı və tapançası yox idi. Həm də oğlum hekayə danışmağımı məndən xahiş etmişdi, ancaq bu saqqallı hekayəni məndən oğurlamaq istəyir.

Saqqallıya tapançasını yığışdırmağını məsləhət gördüm, bunun ikimizin də xeyrinə olacağını dedim. Dolu tapança sənə tərəf tuşlanmışkən hekayə uydurmaq heç də asan deyil. Ancaq adam təkid edirdi. “Bu ölkədə” – deyir, “bir şey istəyəndə gərək zor gücünə edəsən”. Adam bura İsveçdən təzə gəlmişdi, təbii ki, İsveçdə vəziyyət tamam başqa cür idi. Orada bir şey istəyəndə xahiş etmək istədiyini almaq üçün kifayət edirdi. Ancaq boz, darıxdırıcı Orta Şərqdə vəziyyət belə deyildi. Burada işlərin necə görüldüyünü – yaxud da görülmədiyini bilmək üçün bircə həftə yaşamaq kifayət edirdi. Fələstinlilər mədəni formada bir ölkə istədilər. Əldə etdilərmi? Əsla. Buna görə də avtobusları partlatmağa başladılar və insanlar bundan sonra onların istəklərinə qulaq asdılar. Mühacirlər dialoq tələb etdi. Kimsə onlara qulaq asdımı? Yox əşşi. Məhz ondan sonra sərhəddəki polislərin üstünə qaynar yağ tökdülər və birdən-birə sözlərinin dəyəri olduğunu anladılar. Biz nə ediriksə, təkcə zor gücünə edirik.

Saqqallı kişinin bura köçməmişdən qabaq yaşadığı İsveç inkişaf etmiş və bir çox sahədə formalaşmış bir ölkədir. “ABBA”-dan, “İKEA”-dan və yaxud da Nobel mükafatından ibarətdir. Ora özü-özbaşına ayrıca bir dünyadır və hər şeyi sülh vasitəsilə əldə ediblər. Bu adam İsveçdə “Ace of Base” qrupunun vokalçısının qapısını döyüb ona mahnı oxumağını istəsəydi, qız onu içəri çağırar, bir fincan çaya qonaq edər, sonra çarpayısının altından akustik gitaranı çıxardıb onun üçün bir mahnı oxuyardı. Həm də gülümsəyərək. Amma burada… Düzü silahı olmasa, onu çoxdan qovmuşdum. “Gəl razılaşaq” – deyə sonrakı cümləmi fikirləşirəm. “Heç bir razılıq olmayacaq” – sözümü kəsərək mızıldanır, silahını mənə tərəf tuşlayır. “Ya mənə bir hekayə danışırsan, ya da düz qaşqandan vuracam”. Məsələnin ciddiliyini dərk edirəm. Zarafat etmir. “İki nəfər bir otaqda oturur” – deyə hekayəyə başlayıram. “Birdən qapı döyülür”. Saqqallı adam duruxur, hekayənin diqqətini cəlb etdiyini fikirləşirəm. Amma yox, başqa bir şeyə diqqət edirmiş. Qapı döyülür. “Aç” deyə əmr edir mənə – “amma axmaqlıq eləmə. Hər kimdisə yola ver getsin və özün də cəld ol. Yoxsa, sənin üçün bu işin axırı pis qurtaracaq”.

Qapıdakı gənc anket-sorğu apardığını dedi. Bir neçə sualı var idi. Qısa suallar. Yay aylarında nəmişliyin mənə necə təsir etdiyi ilə bağlı. Maraqlanmadığımı desəm də, məni itələyərək içəri keçir.

Image result for etqar keret

“Bu kimdir?” – deyə saqqallı adamı göstərərək soruşur. “İsveçdən gələn qohumum” – yalan danışıram. “Atası qar uçqununda ölüb, o da dəfn mərasiminə gəlib. Elə biz də vəsiyyəti müzakirə edirdik. Xahiş edirəm bizi başa düşəsən və mümkündürsə gedəsən”. “Yaxşı da”, gənc təkid edir, bir neçə sual. Mən də çörəkpulu qazanmağa çalışıram. Adam sayına görə pul alıram”. Əlindəki kağızlara baxa-baxa divanda isveçlinin yanında oturur. Mən isə ayaq üstəyəm, dediklərimin ciddi olduğunu izah etməyə çalışıram: “Xahiş edirəm get. Çox pis vaxtda gəlmisən”.

“Pis vaxtda gəlmişəm?” – deyə cavab verir. Sonra plastik sənəd qabını açır və böyük bir tapança çıxardır. “Niyə? Dərimin rəngi sizinkindən qara olduğu üçün? İsveçlilərə çoxlu vaxt ayıra bilirsən. Amma bir faslıya - dalağının birini Livanda qoymuş müharibə veteranına ayıracaq bir dəqiqən də yoxdur, hə?” Səbrlə vəziyyətin başqa cür olduğunu izah etməyə çalışıram. Ona isveçli ilə vacib söhbətimin düz ortasında gəldiyini və bundan başqa heç bir səbəb olmadığını deyirəm. Ancaq o, silahını dodaqlarına yapışdırıb susmağımı istəyir. “Vamos”, – deyir, – “Bəhanə gətirmə. Otur və həqiqəti mənə de”. “Hansı həqiqəti?” – heç nədən xəbərim yox imiş kimi soruşuram. Düzü bir xeyli gərginəm. İsveçlinin də silahı var. Vəziyyət hər an qarışa bilər. Şərq şərqdir, qərb də qərb. Fərqli düşüncə tərzinə sahibdirlər. İsveçli hekayəyə tək qulaq asmaq istəyə bilər və buna görə də aləm bir-birinə dəyər. “Aydaa” – anketçi əsəbləşir, – “bax ha, özümdən çox tez çıxıram, tez ol hekayəni danış”. İsveçli də silahını qaldıraraq onun dediyini təsdiqləyir. Boğazımı arıtlayıb hekayəni yenidən danışmağa başlayıram. “Üç nəfər bir otaqda oturur”. “Amma birdən qapı döyüldü demə” – İsveçli sözümü ağzımda qoyur. Anketçi isveçlinin sözlərinin mənasını başa düşməsə də, onu dəstəkləyir: “Davam elə, qapı döyülməsin. Başqa nəsə danış. Maraqlı nəsə”.

Yerimdəcə dayanıb, dərindən nəfəs alıram. İkisi də mənə baxır. Özümü belə vəziyyətlərə necə salıram? Əminəm ki, belə hadisələr Amos Ozun və yaxud da Devid Qrossmanın (İsveç yazıçıları) başına gəlmir. Birdən qapı döyülür. İkisinin də əsəbi baxışları üzümdə görüşür. Çiynimi çəkirəm. Mənim heç bir günahım yoxdur. Hekayəmdə qapının döyülməsi ilə bağlı heç bir detal yoxdur. “Aç gör kimdi, yola ver”, – deyə əmr edir anketçi. Qapını bir az aralayıram. Pizzaçının köməkçisi: “Keretin evidi?” “Aha mənəm, amma pizza sifariş verməmişəm”. “Axı burda Zamenhoff küçəsi, nömrə 14 yazır?”– sifarişin çek vərəqini göstərir. “Ola bilər, amma bu kağız mənim dediklərimin əksini sübut etmir. Mən pizza sifariş verməmişəm”. “Böyük pizza” – təkid edir, – “yarısı ananaslı, yarısı balıqlı. Pulu da kartla ödənilib. Bəxşişimi ver, gedim”. “Sən də hekayə üçün gəlmisən?” – isveçli şübhəli-şübhəli soruşur. “Nə hekayəsi?” – pizzaçının köməkçisi etiraz edir, ancaq yalan danışdığı hiss olunur. Yalan danışmağı yaxşı bacarmır. “Yaxşı görək, çıxart”, – anketçi təkid edir – “çıxart tapançanı”. “Tapançam yoxdu” – pizzaçının köməkçisi utanaraq etiraf edir, ancaq karton qutunun içindən balta çıxardır. “Amma bir hekayə danışmasa, onu dilim-dilim doğrayacağam, bir az əldən iti olsa, yaxşı olar”.

Üçü də divanda oturur – sağda isveçli, yanında pizzaçının köməkçisi, onun yanında da anketçi. “Belə olmaz” – deyə etiraz etməyə cəhd göstərirəm. “Üçünüz də orada oturub, gözlərinizi mənə zilləsəniz heç cür alınmaz, tapança-zad. Çıxıb məhəlləni gəzin, siz qayıdana qədər bir hekayə taparam” “Polis çağıracaq bu dəyyus” – anketçi isveçliyə xəbərdarlıq edir. “Bizi uşaq hesab edirsən?” “Yaxşı da, bir dənəsini danış, işimiz-gücümüz var” – pizzaçının köməkçisi mülayim səslə təkid edir. “Qısa olsun, eybi yoxdu. Cığallıq eləmə. Vəziyyət onsuz da çətindi. İşsizlik, kamikadzelər, iranlılar. İnsanlar fərqli şeylərə acdı. Qanunlara hörmət edən bizləri bura gətirən nədir, səncə? Ümidimiz qurtarıb, başa düşürsən, ümidsizik!”

Boğazımı arıtlayıb təzədən başlayıram: “Dörd nəfər bir otaqda otururlar. Hava çox istidi. Ürəkləri sıxılır. Kondisioner işləmir. Onlardan biri hekayə istəyir. İkincisi də, hətta sonra üçüncüsü də ona dəstək verir…”. “Dayan, bu hekayə deyil” – anketçi etiraz edir. “Bu sənədli yazıya oxşayır daha çox, sanki izahat kimi. Buradakı vəziyyəti göstərir. Biz də elə bundan qaçıb bura gəlmişik. Zibil maşını kimi acı reallığı üstümüzə boşaltma. Fantaziyanı işə sal, yaradıcı ol, uydur, özün də cəld ol”.

Başımı silkələyib yenidən danışmağa başlayıram. “Bir adam bir otaqda oturur, təkdi. Özünü tənha hiss edir. O, bir yazıçıdır. Bir hekayə yazmaq istəyir. Axırıncı hekayəsindən xeyli müddət keçib və hekayə yazmaq istəyir. Bir şeydən başqa bir şey yaratmaq hissi üçün darıxıb. Hə düz bildiniz bir şeydən başqa bir şey yaratmaq. Çünki heç bir şeydən nəsə yaratmaq tamamilə uydurmaq deməkdir və heç bir mənası yoxdur. Hamı edə bilər. Ancaq var olan bir şeydən nəsə yaradırsansa, bu onun, həqiqətən, olduğu və sənin onu yenidən formalaşdırdığın, əvvəlkindən fərqli bir şey kəşf etdiyini göstərir. Yəni adam hekayə yazmağa qərar verir. Siyasi vəziyyətlə bağlı yox, heç sosial vəziyyətlə də. İnsanlığa dair. İnsanlığın hazırkı vəziyyətinə dair. Ancaq zehni bomboşdur. Bir hekayə gəlmir ağlına. İçindəki vəziyyətin hekayəlik dəyəri yoxdur və hekayəni yazmaqdan imtina etmək istəyərkən, birdən…” “Sənə xəbərdarlıq etmişdim” – isveçli sözümü ağzımda qoydu – “Qapı döyülməyəcək”. “Axı məcburam”, – deyə təkid edirəm. “Qapı döyülməsə, hekayə-zad yoxdur”. “Qoy, bildiyi kimi danışsın”, – pizzaçının köməkçisi asta səslə deyir. “Bir az azadlıq verək ona. Qapının döyülməyini istəyir? Yaxşı döyülsün. Təki bundan bizə bir hekayə yaratsın”.

Tərcümə etdi: Rövşən Danyeri

“Ustad” jurnalı

# 2217 dəfə oxunub

Müəllifin son yazıları

# # #