Natiq Məmmədlinin Markeslə səsləşən romanı

Natiq Məmmədlinin Markeslə səsləşən romanı
1 dekabr 2015
# 11:48

Kulis filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayevanın “Bədii mətnlərdə gerçək tarixin portreti haqqında...” məqaləsini təqdim edir.

(N.Məmmədlinin “Körpüdə ümid” əsəri ilə bağlı bəzi qeydlər)

Bu gün bütün dünya ədəbiyyatında bəşəriyyətin taleyi, yer kürəsinin ictimai-siyasi, sosial-mədəni hadisələri, xeyir və şər mübarizəsinin sonunun necə olacağı haqqında suallara sanki ancaq və ancaq roman janrı cavab verir, daha doğrusu, verməlidir və sanki hətta buna məsuldur, cavabdehdir...

Bəli, roman, belə demək mümkünsə, ədəbiyyatın generalı, sərkərdəsi kimi dünyanın soyuq və isti müharibələrində öz təsiredici gücünü göstərə bilir. Dünya roman tarixinin müasir dövrünə nəzər salsaq görərik ki, Cerom Devid Selincer, Xuan Rulfo, Andre Morua, Lion Feyxtvanger, Con Hoyer Apdayk, Xulio Kortasar, Jorj Amadu, Qabriel Qarsia Markes kimi romançılar fərdlərin deyil, cəmiyyətlərin, zamanların, mədəniyyət və mənəviyyatların bədii tarixini yarada bilib. O tarixi ki, onda gerçək tarixin portreti daha canlı və diri görünür...

İnsan düşüncəsində və yaddaşında dünya işləri ilə bağlı nizamlayıcı, yolgöstərici tarix yaza bilən bu janra çağdaş Azərbaycan ədəbiyyatında və mədəni-intellektual mühitdə də ümidlə baxanlar çoxdur. Lakin...

Mətbuat, internet, televiziya kanalları, sosial şəbəkələr hər gün, hər saat zamanımızda və məkanımızda, gözlərimiz qarşısında baş verən olaylarla bağlı üstümüzə qalaq-qalaq xəbərlər səpələyir. Real siyasi-ictimai durumu çözən mətləblərdən siyasətçi də, ictimaətçi də, jurnalist də, biznesmen və sıravi vətəndaş da danışır, situasiyanı təhlil edir, araşdırır, şərh edir... Deməli, canlı, qanlı, gözbərəldici bütün “şok”lar (heyrət doğurucu hadisələr) siyasətin, iqtisadiyyatın, mətbuatın, cəmiyyətin və məişətin belə açıq mövzusu ola bilir və bilər. Amma nədənsə ədəbiyyatın yox! Bədii mətnlərimiz reallığın, nəfəs alıb-verən canlı hadisələrin həndəvərinə belə hərlənmir... Azərbaycan ədəbiyyatının çağdaş bədii mətnləri qopuz, saz havaları, mif, nağıl ilğımları illüziyasında insanlara sükutun və susqunluğun laylasını çalır...

Xalq arasında “sözünü qısa de, dastan açma” ifadəsi var. Həmin o “dastan açan” adam isə ürəyi dolu, dərdi böyük olan insanlar olub. İndi bu “dastan” yükünü romançılar daşıyır. Yəni bu insanlar roman ideyasını ağıllarına salan kimi qələm, kağız götürüb onun süjet və kompazisiya detallarını, belə demək olarsa, planını tərtib edir.

Bugünkü Azərbaycan ədəbiyyatında həmin “plan”ın maddələri adətən bunlar olur: a) siyasi ştrixlər (bu zaman “dozanı” gözləyərək, bəzi dairələr üçün ehtiyatlı, oxucunun gözündə isə cəsarətli olmaq müşküllüyü, hiss olunur ki, yazarı əldən, dildən salır), b)cəmiyyətin mənəvi-sosial durumu (burda da çox zaman məlumdan-məlum, ortalıqda olan, mətbuatda, efirlərdə fır-fır fırlanan problemlər xalq dərdi çəkən insan canıyananlığı pafosu ilə təsvir edilir), c) vətən, vətəndaş, vətənsevərlik məsələləri (təbii ki, bu maddəsiz olmaz, axı bizim ənənəvi yazar əxlaqımızın dəyişməz qanunlarından biri və bəlkə də birincisi budur. Burda da mütləq Qarabağ probleminə işarələr vuran nüanslar olmalıdır. Bizim yazarların və ədəbiyyat müəllimlərinin bu mövzuda roman və inşa yazmaq, yazdırmaq işi həmin borcun – vətəndaşlıq missiyasının yerinə yetirilməsi kimi qəbul edilir), d) məhəbbət (səliqəli, ədəbli, tərbiyəli yazıçı imicini qoruyacaqsansa, sadəcə iki kam ya da nakam aşiqin sevgisindən bəhs edəcəksən, yox kitabını yaxşıca satdırmaq və bir az da camaatı diksindirmək kimi cığal xasiyyətin varsa erotik səhnələrdən ibarət “fotosessiya”və s. bu kimi bəzəklər...) və s. və s...

Natiq Məmmədli oxucusuna və özünə, qələminə hörmət edən müəlliflərdəndir. O mənada ki, ictimai və ədəbi-intellektual rəy onun üçün əsasdır. Hər gün gözlərimiz qarşısında ölən dəyərlərin üstündə sakit-sakit, “səliqəli” şəkildə ağı deyənlərdən biri də odur... Və müəllif bu ölümlərlə barışmazlığını ifadə etmək üçün “Körpüdə ümid” romanını da yazdı.

Mən “Körpüdə ümid” romanını oxuduqca Natiq Məmmədlinin Azərbaycan və dünya ədəbiyyatından hansı müəllifləri və hətta konkret olaraq onların hansı əsərlərini oxuduğunu yəqinləşdirirdim. Hiss edirdim ki, Natiq Məmmədli çox kitab oxuyub və oxuduğu zamanlarda da bərk təsirlənib, mütəəssir və ya məmnun olub. Bütün bunlar onun əsərində aydınca hiss olunmaqdaydı. Natiq Məmmədli Şekspirin Hamletinin monoloqunu, Markesin, Aytmatovun mif və əfsanələrdən istifadə üslubunu yaxşı mənimsəyib, M.F.Axundov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, N.Nərimanov tənqidi realizmindəki obrazları, portretləri, konkret tənqid və ifşa hədəflərini, XX əsrin 60-cı illər nəsrindəki ayamalı və dəli “titullu” ağıllı tipləri yaddaşına həkk edib. Və onların yeni –müstəqillik dövrü variantlarını (Qırmızı Xudu, Yoğun Minə, Pirdəli, Qız Telli, Qələm Bəkir, Burun Qasım ) yaradanda bir çox məqamlarda sələflərini təkrarladığının belə fərqində olmayıb...

Doğrudur, müəllif yalnız hadisələr süjeti qurmağa çalışmayıb, xarakter, tip yaratmaq, ideyalarını, şəxsi qənaətlərini ifadə edə biləcək “mən” üzərində də zəhmət çəkib. Kiçik zaman və məhdud məkan daxilində, az saylı obrazlar və az sözlə çox mətləblərə toxunmaq istəyib.

“Körpüdə ümid” romanı bu cümlələrlə başlayır: “ - Allaha şükür, çatdıq.

Belinin donqarı çarşabının altından təpə kimi dikələn qarı həyəcandan titrəyən əllərini göyə qaldırdı; nəfəsini çiynindən alan çəlimsiz oğlan uşağı da kal-kal göyə baxdı. Qarı geri qanrılıb qan-tər içində onlara çatmaq istəyən bəstəboy kişini məzəmmətedici baxışlarla süzüb dedi:

- Nə təhər demişəmsə heylə də eliyəjiyik ha, qurban olduğumun başına düz üş dəfə dizin-dizin sürünəjiyik, torpağını dönüb-dönüb öpəjiyik, tay burdan o yana yoxdu.”(N.Məmmədli.”Körpüdə ümid”. Bakı, Qanun 2014.200s . s 5)

İlk cümlə (Allaha şükür çatdıq) yəqin ki, təsadüfi seçilməyib. Uzun bir yolun, yolçuluğun, son ümid nişangahı kimi müəyyənləşən mənzil başına – pirə ünvanlanan məşəqqətli səfərin tamamlanma nöqtəsində, pirin ətəyində edilmiş şükranlıqdır. Qarı “çatdıq” deyir, amma bəlli olur ki, əslində hər şey bundan sonra başlanacaq...

Hər şeydən - keçmiş və gələcəkdən, şərq və qərbdən, mif və həqiqətdən, inam və inamsızlıqdan, haqq və nahaqdan, ölüm və ölümsüzlükdən, zənginlik və yoxsulluqdan, aqillik və cahillikdən, boşluq, heçlik, körpü üstündəki “əbədilik” qədər illüziyalardan, eyni zamanda, bir məkan kimi-hər yerə aparana və hər yerdən qayıdana dayanacaq nöqtəsi olan məkan kimi-bir gün uçulacağına şübhə olan körpü üstündəki insanlardan – hər şeydən danışmaq istəyib Natiq Məmmədli... Bu qədər mətləblərə, demək olar ki, vaxtaşırı (bəlkə də hər səhifədə) öz “psixoloji təhlil” müdaxilələri ilə zəhmətini bir az da artırıb. İnsan, dünya, haqq-ədalət, bəşəri qanunlar və s. haqqında fəlsəfi subyektivlik notları da aydınca görünür. Və müəllif bu yükü ənənəyə sadiq qalaraq özünün dəli qəhrəmanı Pirdəliyə daşırtdırır. Bəzi səhifələrdə hətta “Pirdəlinin aforizmləri” assosiasiyası yaradan cümlələrə də rast gəlirik. “Pirdəli ilə ötən gecəki söhbəti xatırladı, bu dəfə o gəlməyəcəkdi, elə bil birdəfəlik qeybə çəkilmişdi, bir də onun dəyişdirəcəyi dünyada olub o vaxta kimi ürəyində pıçıldadıqlarını, bu dəfə açıq-aydın dilinə gətirəcək və kimsə ona dəli deməyi ağlından belə keçirməyəcəkdi. Onun sözləri, xüsusən də keçmiş barədə dedikləri yadına düşdü – “keçmiş açardı, bütün səhvlərin başlandığı, bütün xəyanətlərin baş qaldırdığı məkanın açarı”. Qəribədi, nə üçün Ümidqovan camaatı keçmişlərindən belə qorxur, nə olub orda, heç kim dünəni barədə danışmaq istəmir, sanki bu kəndin heç dünəni olmayıb, bəlkə başqa planetdən gəliblər, veclərinə deyil... Pirdəlidən savayı heç kim keçmişini nişan vermədi, bu adamların dünənində gizlənən nədi; görünür utandıqlarından, müqəddəsliklərinin alt-üst olmasından, uydurduqları və yalnız özlərinin inandıqları tarixlərinin puça çıxmasından qorxduqları üçün keçmişdən danışmırlar, nədən söhbət açırsan aç, mütləq hərlənib – fırlanıb ya bu günün, ya da gələcəyin üstünə gətirirlər. Əslində bu kəndin pirinə gələnləri də elə gələcək maraqlandırır. Gələcəyi dəyişmək, öz qəliblərinə salmaq sevdasıdır ki, bu qədər insanı qışın sazağında, yayın qızmarında üzü yoxuşa zillətlə dırmaşıb pirə sitayiş etməyə sövq edən”. (N.Məmmədli.”Körpüdə ümid”. Bakı, Qanun 2014. S. 154-155) Başqa bir yerdə isə Pirdəli Ümidə deyir ki, mən dəliliyimi başa vurdum, cəmiyyəti dəyişmək növbəsi artıq sənindir...

Onu da qeyd edim ki, Azərbaycan oxucusu artıq “millət dərdi çəkən” dəli, təlxək, nağıllı qarılar, gələcəyi yuxusunda görən uşaq, çiçəkli dağlarda gizlənən nurani qocalar, səhrada “avarə dolaşan” dərvişlər və s. (bizim kimi məşəqqətli cəmiyyətin işinə yaramayan, qeyri-real güc və səlahiyyət sahibi olan) qəhrəmanlardan bezib. Necə ki, Natiq Məmmədli adını Ümid qoyub keçmişdən gələcəyə müdrik və filosofanə bir qiyafədə göndərdiyi balaca qəhrəmanını nağıldan mifə, mifdən sirrə, sirdən sehrə, sehrdən yuxuya, yuxudan da dumanlı bir xəyalat aləminə sürükləyir. Bu Ümid bizim – atəşkəs şəraitində bomba və ya iynə üstündə oturan bir xalqın nəyinə lazımdır? Kobud səslənsə də, axı dəfələrlə üzümüzü yazıçılarımıza, xüsusən, romançılarımıza tutub demişik ki, bizə nağıl danışmayın... V.F.Odoyevski necə qəzəblə deyirdi: “Ah, bu nağıl danışanlar... əlimdə əlac olsaydı, onlara yazmağı qadağan edərdim”.

“Sənə nağıl danışmağım gülməli olar, sən nağıllara inanırsan?” – Ümid başı ilə təsdiq işarəsi verdi. Telli əlini əlinə vurub ürəkdən güldü. Ümidin də yaşlı gözlərinə bir anlıq sevinc qondu, dərhal da ciddi görkəm aldı – “görəsən, bu dünya gözəli ürəkdən güləndə içərisindəki nisgil əriyərmi?” “Nağıllara inanırsansa, kəndimizin, bax elə bu pirin, elə bu gördüyün adamların nağılını danışsam, inanarsanmı?” – Telli soruşdu. Ümid yenə də razılıq əlaməti kimi başını tərpətdi. “Amma nə vaxt yorulsan durub gedə bilərsən. İncimərəm, onsuz da hələ mənə axıra kimi qulaq asan olmayıb”. “Bizim kəndin nağılında biri vardı, biri yoxdu sözü olmur, bəri başdan deyim sənə. Mənim nağılım belə başlayır, hər şey vardı, heç nə yoxdu, Ümüdqovan adında bir kənd vardı” – Telli bunu deyib yenə də bayaqkı kimi əlini əlinə vurub uğunub getdi”. (N.Məmmədli.”Körpüdə ümid”. Bakı, Qanun 2014.s. 64)

Əsər sirlər, müəmmalar yığınından ibarətdir. Detektivlik çalarları da hiss olunmaqdadır. İnsanların ayaması, bir-biri haqqında gizli və ya aşkar söylədikləri də bu sirlilikdən xəbər verir. Qələm Bəkirin qələmi, Qırmızı Xudunun rəngi, Qız Tellinin bakirəliyi, Burun Qasımın burnu, Yoğun Minənin çəkisi, Pirdəlinin dəliliyi, Ümidin ümidsizliyi - hər şey sirr kimi söylənilir.

“Bu roman eyni zamanda bir sıra əsərlərlə də səsləşir. Məsələn, Anarın “Otel otağı”nda obrazlar var ki, ataları 1937-ci ildə pantürkizmə qarşı çıxanlar, 1990-cı illərdə türkçü olurlar. “Körpüdə ümid” romanında isə ataları vaxtilə kommunist partiyasının ideoloqları olanlar, sovetlər dağılandan sonra Pirin ətrafına yığılırlar. Yəni, elə bir təbəqə var ki, onlar istənilən dövrdə fəallıq göstərib idarəetməni ələ ala bilir, bir növ hər zaman suyun üzündə qalmağı bacarırlar. Romanda Yusif Səmədoğlunun “Qətl günü” ilə səsləşən məqamlar da var. Orada da iki tarixi zaman qarşılaşdırılır, “Körpüdə ümid” romanında da. Əsərdə qədim Mitridat, Pompey dövrü və müasir dövr qarşılaşdırılır. Bu ədəbi üsuldan Çingiz Aytmatov, Bulqakov, eləcə də bir çox Azərbaycan yazıçıları istifadə ediblər.

“Körpüdə ümid” romanı Azərbaycan bədii ədəbiyyatına ilk dəfə olaraq Mitridat obrazını gətirib: “Həm ümumi, həm də ədəbi metod baxımından “Körpüdə ümid” romanı Markesin əsərləri ilə də səsləşir. Markesin əsərlərində müəyyən şəxslərin və məkanın simvollaşdırılması, nəsillərin bir-birini əvəz etməsi məsələsi qoyulub, bunun timsalında bütün bəşəriyyətin tarixini vermək cəhdləri ifadə olunub. Misal üçün, “100 ilin tənhalığı”nda 5 nəsildən söhbət getsə də, əslində Adəmin özündən bu günə kimi bəşər tarixi təsvir olunub. Natiq Məmmədli də əsərdə kəndin adını Ümidqovan verib. Simvolik məna daşıyan bu kənd həm irreal, həm də real məkandır. Müəllif bu kəndin timsalında Azərbaycanı bir körpüyə bənzədib və haqlı da edib. Azərbaycan karvan yollarının kəsişdiyi, Şərqlə Qərbin ortasında olan bir ölkədir. Bu, tarixi, coğrafi, zaman və mistik baxımdan bizim ölkəmizin taleyidir. Əsərdə Ümidqovan kəndinin sakinlərinin Şərq, yoxsa Qərb dilemması qarşısında qalmağı Mirzə Cəlilin “Anamın kitabı”ndakı seçimlə də səsləşir. Mirzə Cəlil sonradan bu seçimə “Azərbaycan” deyə cavab vermişdi. Natiq Məmmədlinin romanında bu məsələnin siyasi və ideoloji tərəfi ilə yanaşı, həm də ümumbəşəri tərəfi var. Müəllif deyir ki, biz nə Şərqi, nə də Qərbi seçməliyik, biz yalnız özümüzü seçməli, öz gücümüzə, ağlımıza arxalanmalıyıq. Bu ideya müasir dövrümüzlə çox səsləşir. Ona görə də “Körpüdə ümid” romanı həm də siyasi əsərdir”. (Ə.Cahangir)

“Körpüdə ümid” əsərinin çox sadə süjeti var. Atası vəzifəyə keçəndən sonra dili tutulan Ümidi nəzir-niyazla, şəfa axtarışı məqsədilə atası və nənəsi Ümidqovan kəndindəki pirə gətirirlər, uşağı orada qoyub gedirlər. Uşaq həmin yerdə qaldığı günlərdə Qırmızı Xudu, Yoğun Minə, Pirdəli, Qız Telli, Qələm Bəkir kimi müqəddəsliklə, paklıq və haqq-iman, inamla əlaqəsi olmayan, belə demək mümkünsə, pirin “texniki işçiləri” ilə və ora pənah gətirən insanlarla tanış olur. Bizim “texniki işçilər” kimi səciyyələndirdiyimiz, piri bir “obyekt”, iş yeri, müəssisə kimi işlədən insanlar isə camaatın incə damarını tutub. “Pirin həyətinə əvvəlcə Minəylə Bəkir, onlardan az sonra isə Burun Qasım gəldi. Burda onların hərəsinin öz yeri, öz görəcəkləri işləri vardı. Bu yerlərin yolunu yağır edənlər pirin adamlarını da yaxşı tanıyırdılar, hətta onlara pirin bir parçası kimi yanaşıb nəzir verənlər də tapılırdı. Deyirdilər ki, Minənin nəfəsində var, həm də yaxşı çöpçüdü, ziyarətdən sonra insanlar ona yaxınlaşmağı bir növ özlərinə borc bilirdilər. Müqəddəs torpağa gələsən, nəzir-niyaz verəsən, Minənin nəfəsi üzünə dəyməmiş gedəsən – heç yaxşı olmazdı. Bəkirə daha çox kişi ziyarətçilər müraciət edərdilər, bəndi-bərəsi bağlanan, əhdi-peymanı pozulan, naümid gələcəyindən qorxanların hamısı Bəkirin yanına gələrdi. Adına ona görə Qələm Bəkir deyərdilər ki, bu müqəddəs torpaqda ondan savayı dua yazan yox idi, yazdığı duanın gücü barədə, açılmayan qapıları açması, sınmayan tilsimləri sındırması haqqında o qədər nağıllar qoşulmuşdu ki... Qasım kişinin isə əlləri şəfalıydı, nə nəfəs verər, nə dua yazar, eləcə əlini ağrıyan yerə qoyan kimi ağrı xırp kəsərdi, adam zoqquldayan yerini unudub anadangəlmə olardı”. (N.Məmmədli.”Körpüdə ümid”. Bakı, Qanun 2014. S. 17)

Gördüyümüz kimi, bu pirdə hər kəsin öz vəzifəsi vardı, məsələn, Qız Tellinin əlindən başqa iş gəlməsə də buraya pərişan gələn hər kəs üçün samovar çayı verər və onları ovundurardı.

Pirdə Pirdəlidən başqa hamı Ümidə xəstə, mağmın və əmanət uşaq kimi baxır və onun qayğısına qalırlar. Ümidə “boğazında söz qalıb” “diaqnozu” qoyulur. O söz çıxsa danışacaq – deyirlər...

Əslində isə bəlkə də əsərin səksən faizi Ümidin danışığından, Pirdəli və pirlə söhbətindən ibarətdir. Yəni, hamının lal hesab etdiyi uşağın içindən orator və filosof nitqləri su kimi axmaqdadır. Bu nitqin mətninin müəllifi isə ilk səhifədən son səhifəyədək qəhrəmanlarının başının üstünü kəsdirib dayanıb. Onları artıq-əskik danışmağa, hətta düşünməyə belə qoymur... Onları danlaya-danlaya, onlara öyüd-nəsihət verə-verə qaranlıq keçmişdən işıqlı gələcəyə doğru qovur... Əsərin ideyası beş-altı cümləlik ideologiyadan yox, 200 səhifəlik moizədən ibarət olur –Natiq Məmmədlinin həyat, dünya, zaman, Azərbaycan, müharibə, sülh, əxlaq, dostluq, sədaqət, nifrət və s. bu kimi anlayışlar haqqında izahlı və ensiklopedik təsvirindən... Əsərin dili səlis, bədii, obrazlı və poetik çalarlıdır, lakin üslub və ifadə, təhkiyə tərzi, ideyanı çatdırma üsulu publisistikadan gəlir. Mif və sətiraltı mənalar qılafında gizlətmək istədiyi fikirlər belə publisistik üslubun güdazına gedir. Müəllif yazıçı kimi yaratmaq istədiyi mürəkkəbliyi, (sətirlər arasında sirlər, gizlinlər müəmması ilə oxucusunu düşündürmək və s.) jurnalist kimi açıb tökür, oxucu təxəyyülünə, yozumuna ehtiyac qalmır. Necə deyərlər, açar qıfılın üstündədir...

Müəllif obrazları incə ştrixlərlə xarakterizə etmək, onları bir-birindən fərqləndirmək üçün müşahidələrindəki dəqiqliyi və müasirlərinin danışıqlarından, maneralarından seçdiyi tipik cizgiləri mətnə tətbiq edib. Fəqət, uğursuzluğun səbəbi isə budur: əsərdə bircə baxış bucağı var - müəllifin subyektiv, şəxsi tribunasına qoyulmuş işıqlandırma lampaları altında bircə adam danışır... Didaktika, ifşaçılıq, tənqidi notlar bədii ovqatı üstələyir. Obrazlar hazır vəziyyətdə, qəlibdən çıxmış şəkildə təqdim edilir. Böyük ədəbiyyatlarda olduğu kimi Allahın yaratdığı insanların cövhərinə enmək, onu situasiyadan-situasiyaya salıb silkələmək, yaxşı bildiyimizin pis, pis dediyimizin yaxşı, qorxaq kimi görünənin mərd, cəsurtək alqışlananın mənfur və rəzalət içərisində olan biri kimi təsdiqlənməsinə digər romanlarımızda olduğu kimi bu əsərdə də rast gəlmədik. Bizim yazarların böyük əksəriyyəti öz qəhrəmanlarını sanki maqazindən üstü yarlıqlı vəziyyətdə sifariş verib gətizdirir.

Bu məqaləni yazarkən internetdə gözüm balaca bir yazıya sataşdı. Bu balaca yazı oxucuya böyük bir roman mətni qədər fəlsəfi fikirlər diktə edir: “70-ci illərdə Mariya Abramoviç bir eksperiment etdi. Şəhərin sərgi mərkəzlərindən birində hərəkətsiz halda duraraq öz qarşısına tapançalı çəkicdən tutmuş yağlı boyaya qədər müxtəlif predmetlər qoymuşdu. İnsanlara isə icazə verilirdi ki, istədikləri predmeti götürüb Mariya ilə istədiklərini etsinlər. Əvvəldə insanlar utanırdılar, daha sonra isə edirdilər və gülürdülər. Onlar Mariyanı çılpaq soyundurdular, bədəninə şəkillər çəkdilər, hətta kəsdilər də. Abramoviçin xatirələrindən: "Əvvəlcə tamaşaçılar mənimlə oynamaq istədilər. Sonra isə onlar daha aqressiv olmağa başladılar və bu 6 saatlıq dəhşət idi. Onlar mənim saçlarımı kəsdilər, bədənimə iynələr batırdılar, boynumu kəsici ilə kəsirdilər və axan qanı içirdilər. Sonra isə kəsiyə plastır yapışdırırdılar. 6 saatlıq performansdan sonra mən çılpaq, ağlaya-ağlaya tamaşaçılara tərəf getdim. Onlar isə bundan qorxub, dağılışdılar. Otağı tərk etdilər. Xatırlayıram ki, otelə, öz otağıma gəlib, güzgüyə baxanda başımda xeyli ağarmış tük gördüm. Mən bir şeyi göstərmək istəyirdim: insana icazə verilsə, o, özünün əvvəlki, mağaradakı halına çox sürətlə qayıda bilər".

Bəli, bu olmuş hadisədə - 6 saatlıq eksperimentdə qarşımızda yeni insan tipləri, daha doğrusu, insanın situasiyadan asılı olaraq ortaya çıxan xislətindəki vəhşiliyi görürük. Mariya əsir düşərgəsində deyildi, mədəni insanların estetik zövq almaq üçün baş vurduqları sərgi salonunda idi. Amma özünü bütün varlığı ilə seyrçilərinin iradəsinə təslim edən bu qadının başı 6 saatın içərisində heyrətdən və sarsıntıdan ağarır...

Durmadan cinayətkar, oğru, satqın və əxlaqsız insanlar “istehsal edən” cəmiyyət modeli yoxdur dünyada. Hər faciəvi durumun, hər ağrılı problemin bir niyəsi var... Dostoyevskinin, Kafkanın, Heminqueyin və Folknerin bütün yaradıcılığı bu, bizim fərqinə varmadığımız “Niyə?” sualını çözməyə həsr olunmuşdu. Heç vaxt da filosofluq etmək iddiasında olmamışlar...

“Romançı özünü öz fəlsəfəsini romanlarında açıq-aşkar ifadə etmək hüququndan niyə məhrum etməlidir axı?” - sualına məşhur fransız-çex yazıçısı Milan Kundera çox maraqlı cavab vermişdi: Çünki yazıçının fəlsəfəsi deyilən şey yoxdur. Çexovun, Kafkanın, yaxud Müzilin fəlsəfəsindən çox danışırlar. Amma siz bir cəhd edin, görün onların yazılarında sistemli bir fəlsəfə tapa bilirsinizmi? Onlar hətta ideyalarını bloknotlarına yazanda da həmin ideyalar fəlsəfi fikir səviyyəsinə qalxmır, uzaqbaşı intellektual gəzişmə, təzad oyunu, yaxud improvizasiya olur. Roman yazan filosoflar saxta romançılardır, onlar sadəcə, roman janrından öz ideyalarına illüstrasiya kimi istifadə edirlər. "Roman janrının öz gücünə nələrə nail ola biləcəyini" özü üçün nə Volter kəşf edib, nə də Kamyu. Mənim bildiyim bircə istisna var. O da "Fatalist Jak"ın müəllifi Didrodur. Möcüzəyə bax! Ciddi bir filosof roman janrı çərçivəsinə daxil olandan sonra şən bir fikir adamına çevrilir. Romanda bircə dənə də olsun ciddi cümlə yoxdu - hər şey bir oyundur. Adamı əsəbiləşdirən odur ki, indiyəcən bu romana Fransada layiq olduğu qiymət verilməyib. Halbuki Fransanın itirdiyi və qaytarıb bərpa etmək istəmədiyi hər şeyi məhz "Fatalist Jak"da tapmaq olar. Fransada ideyalarla əlləşirlər. "Fatalist Jak"ısa ideyalar dilinə çevirmək qeyri-mümkündü. Buna görə də ideyalar ölkəsində onun başa düşülməsi mümkün deyil.”

“Körpüdə ümid” əsərinin ideyası finalda ümid və ümidsizlik ovqatının mübarizəsi fonunda əks olunur. Pir bacasından içəri atılan istək, dilək, yalvarış məktublarını bayıra atandan, xalqın diləyindən imtina edəndən sonra “Ümidqovanda təzə gün başlamalıydı!” nidası sanki hər şeyi təzələmək istəyirdi. Müəllif kitabın əvvəllərində olduğu kimi, “hər şey bitdi, hər şey yenidən başladı” dilemması, paradoksu ilə oxucusunu ziddiyyətli bir duruma salır. Atası ilə danışan Ümid deyir:

- Hə, tay məktub götürməyəcək, tay müqəddəslik qurtardı...

- Ə, heylə şey olmaz. Bəs innən belə nağarajıyıx? Ümid piri olmayanda haradan alajıyıx ümidi?

- Ay dədə, çox ürəyinə salma, bəlkə hər şey ümid qurtarandan sonra başlayır, nə bilirsən... Dədə, özün necəsən?

- Lap yaxşıyam, başına dönüm. Desəm inanmıyajaxsan, qapımızın ağzındakı yekə armud ağacı yadındadımı, yazqabağı qurumuşdu, o gün baxıram quru kötükdən təzə zoğ qalxıb, inanırsan əlim üzümdə qaldı.

- Ay dədə, yoxsa təzə qulluğundan çıxmısan?

- Başına dönüm, sən hardan bildin? Çıxmısan deyəndə, çıxartdılar dədəni, arşınımız düz gəlmədi.

- Deyirsən, kötük cücərib hə?..” (N.Məmmədli.”Körpüdə ümid”. Bakı, Qanun 2014.s.199)

Müəllif əsərini yenə də ümidlə bitirir. Kötüyün cücərməsi möcüzəsi ilə oxucusuna hələ hər şeyin bitməməsi fikrini aşılayır...

Natiq Məmmədli kitabının üzərində çox zəhmət çəkib. Dilinə, cümlələrin strukturundakı məntiqi dəqiqliyə, təhkiyə və təsvirlərinin mükəmməlliyinə, obrazlarının tipikləşdirilməsinə və s. bu kimi sənət məsələlərinə həssaslıqla yanaşıb. Lakin bədii mətn mühiti, roman ideologiyası fundamentallığı, üslub özünəməxsusluğu formalaşdıra bilməyib...

# 1009 dəfə oxunub

Müəllifin son yazıları

# # #