Rövşanə: [b]“Xəmsə”ni 12 yaşımda oxumuşam”[/b]

Rövşanə: [b]“Xəmsə”ni 12 yaşımda oxumuşam”[/b]
27 noyabr 2015
# 16:06

Kulisin kitabla bağlı suallarını tanınmış aparıcı Rövşanə Bəktaşi cavablandırır

- Bədii ədəbiyyat oxumaqla əvvəllər nə qədər məşğul olmusunuz, nə oxumusunuz və indi vəziyyət necədir?

- Bədii ədəbiyyata orta məktəbdə oxuduğum vaxtlardan maraq göstərmişəm. Humanitar sahəyə meylli olduğum üçün dərslərimi bitirən kimi ədəbiyyat vərəqləyirdim. O vaxtlar atamın çox gözəl kitabxanası var idi. Kimlərin əsərləri yox idi ki orda... Nizaminin "Xəmsə"sini 5-ci, 6-cı sinifdə oxuyanda oxuyub bitirmişdim. Yadımdadır, Əlibala Hacızadənin əsərlərinin çox qısa zamanda oxuyub bitirmişdim. Viktor Hüqonun "Səfillər"ini baxmayaraq ki, 8 ci sinifdə oxumuşam, bu gün də boş vaxtım olanda vərəqləyirəm. Jan Valjan qəhrəmanimdir... Bulqakovu, Çingiz Aytmatovu, Markesi çox sevirəm. Heminqueyin “Qoca və dəniz”i şedevrdir. Markesin "Patriarxın payızı”nı, "Yuz ilin tənhalığı"ndan cox bəyənirəm. Özümüzünkülərə qalanda 60-cılar nəslinin yazarlarının hamısını, demək olar, oxumuşam. Təbii, sevmədiklərim də var. Amma məlumatımın olması üçün və ixtisasıma görə bəzən məcbur qalıb sona qədər oxumaq zorunda qaldığım əsərlər də olub. Ramiz Rövşən şerləri stolüstü kitabımdır. Mənə görə, Afaq Məsud qadın hisslərini çılpaqlığı ilə göstərən ən gözəl qadın yazarımızdır. Qadının heç bir kişiyə bəlli olmayan, heç bir kişinin ömrünün sonuna qədər öyrənə bilməyəcəyi iç dünyasından yazır bu xanım. Mənim üçün Hüseyn Cavidi əvəzləyəcək kimsə yoxdur. Heyf biz bu böyüklükdə yazarı dünyaya tanıda bilmirik. Ümumiyyətlə, XIX Azərbaycan ədəbiyyatı məni daha çox cəlb edir. Xalid Hüseynin "Çərpələng uçuran"nını oxudum bu yaxınlarda. Əfqan xalqının acısını oxucusuna yaşadır. Oxudum və ağladım. Orxan Pamuku tərcümədə oxudum. Tərcümə yordu məni.

- Sizcə aparıcı ədəbiyyat sahəsində nə qədər savadlı olmalıdır?

- Aparıcı hər sahədə az da olsa məlumatlı olmalıdır. Demirəm xarici ədəbiyyat, heç olmasa bizimkiləri tanısınlar. Cəlil Məmmədquluzadənin bir əsərinin adını çəkə bilməyən, Axundovun kim olduğunu bilməyən, "İblis”in müəllifinin kimliyindən bixəbər necə efirə çıxıb insanlara dərs deyə bilər?

- Məşhurların bir çoxu mütaliə etmir. Hətta məşhur xanəndələr var ki, ömrü boyu qəzəli səhv oxuyur, mənasını anlamır. Eyni zamanda aparıcılılar sözü vurğunu düz demir, bəhs etdiyi mövzuya yaxından bələd deyil. Bu məsələyə necə baxırsınız?

- Hər kəsdən mütaliəli olmağı tələb etmək olmaz. Baxırsan elə sahədə çalışanlar var ki, öz peşəsinin gözəl bilicisidir. Öz sahəsi üzrə peşəkardır. Məsələn, elə bir hüquqşünas ola bilər ki, qanunları, məcəlləni əzbər bilsin, öz ixtisasının peşəkarı olsun. Di gəl, bir dəfə də bədii ədəbiyyat oxumayıb. Həvəsi yoxdur... Həmin insanı savadsız adlandırmaq olmaz. Mütaliə insanın dünyagörüşünə, nitqinin formalaşmasına, fikrin izahına çox kömək edir. Bu söylədiyiniz məşhurlara çox gərəkdir. Onlar tamaşaçı qarşısına çıxırlar. Baxırsan, bəzən cümlələrinin əvvəli ilə axırı bilinmir və yaxud, dediyiniz ki, oxuduğu qəzəlin mənasını anlamır. Mən oxuduğunun mənasını anlamayan xanəndənin ürəkdən oxumasına şübhə edirəm. Bu ifanı dinləyicilərə, üzr istəyirəm, sırımaqdan başqa bir şey deyil.

- Türkiyədəki tele və şou aparıcıları ciddi mütaliəlidirlər. Sizcə, bizdə belələri varmı?

- Haqlısınız. Hətta, Türkiyədə dediyiniz qədər ciddi mütaliəli olmayanları da hazırlaşdırıb tamaşaçıya elə təqdim edirlər ki, izləyici qarşısındakının zəifliyini hiss etmir. Amma bizdə çox təəssüf ki, belə deyil. Bəzən elə verilişlər olur ki, aparıcının savadsızlığı, mütaliəsizliyi tam çılpaqlığı ilə görünür. Sanki bir tənbəllik var. İnternet olandan kitab oxumağa çoxunda həvəs qalmayıb. Saytlar, sosial şəbəkələr zamanı yeyir. Bir məclisdə on dəqiqə sonra hamı başını salıb gözünü telefondan ayırmır. Belə olanda heç kimin yadına nə Folkner düşəcək, nə də Sabir. Amma, təbii bizim də mütaliəli aparıcılarımız çoxdur. Bütün kanallarda mütaliəsi olan aparıcıları tamaşaçı o dəqiqə ayıra bilir.

- Sizcə, kitab mədəniyyəti nə vaxt formalaşacaq bizdə? Hansı ki, sovet vaxtı bu normal idi. Bəlkə elə birinci sənət adamlarından başlamaq lazımdır. Örnək olaraq...

- Bizə uşaq vaxtı deyirdilər ki, oxumasan gedib həyət süpürəcəksən. Bu yaxınlarda evdə təmizlik işi ucun gələn bir xanımla söhbət edirdim. Bəlli oldu ki, ali təhsilli, hətta gözəl mütaliəsi olan bir xanımdır. Amma ev işləri görüb çörəkpulu qazanır. Efirdə tanınmış məşhur isə çox bahalı geyimlərini nümayiş etdirib iki cümləni bir-birinin ardınca qoşub danışa bilmir. Bax bu ziddiyyət aradan qalxanda kitab mədəniyyəti formalaşacaq.

- Yazırsınızmı nəsə? Həvəs üçün də olsa... Məktub, şeir, həkayə, nağıl, ən azı status-esemes...

- Yox. Sıradan yazıçı olmaqdansa yazmamaq yaxşıdır. Yazıcılıq istedaddır. Yazmaq xətrinə yazıb səhifə dolduranlar isə özlərinə başqa iş tapsa yaxşı olar. Oxucunu aldatmaq olmaz.

- Şeir əzbərləyirsiniz heç?

- Ramiz Rövşən, Əli Kərim, Vaqif Səmədoğludan əzbərləyirdim. İndi təzələrdən əzbərləmirəm. Yaxşı yazanlar var, amma yadımda qalmır.

- Azərbaycandan sevdiyiniz şeirlər, hekayələr, romanlar haqda da danışın mümkünsə.

- Vaqif Səmədoğlunun bütün şerlərini sevirəm. Vaqif Bayatlı ruh adamıdır. Ruhumdan xəbər verir. Cəlil Məmmədquluzadənin "Ölülər"i, mənə elə gəlir, bütün dönəmlərdə diridir. Aqşini vərəqləyirəm zamanım olanda...

- Dünya ədəbiyyatından sevdiyiniz əsərlər hansılardır?

- Dünya ədəbiyyatından çoxdur sevdiyim əsərlər. “Madam Bavari”, “Kerri bacı”, “Patriarxın payızı”, Gi de Mopassanın hekayələri... “Gombul”u xüsusilə. Əlif Şafakın "Aşk"ı... İlahi eşqin ən gözəl nümunəsi... Şəms Təbrizi - Mövlana sevgisinin acı sonluğu. Çexovu dönə-dönə oxuyuram. Ceyms Coysun az əsərini oxusam da, marağımı cəlb edib.

- Yeni dövr Azərbaycan yazarlarından kimi tanıyırsınız?

- Aqşin, Fəxri Uğurlu, Elxan Qaraqan... Aysel Əlizadənin "Qadın peyğəmbər"i çox xoşuma gəldi. Qadının taleyinə acıdım. Xüsusən qadının filosoflarla söhbət bölümü düşündürdü məni.

- Mo Yanı tanıyırsınız?

- Nobel aldığını bilirəm. Ədəbiyyat sahəsində Nobel alanlarla maraqlanıram. Amma heç bir əsərini oxumamışam.

- Sizcə niyə ciddi bir kitaba 5 manat verməyən azərbaycanlı saiti samitdən ayıra bilməyən toy müğənnisinə və tamadalara minlərlə manat sayır? Bu ciddi problemdir, yoxsa heç bir zərəri yoxdur?

- Praqada olanda mən Frans Kafkaya necə münasibət göstərildiyini gördüm. İnsanlar öz yazarını sevir və fəxr edirlər. Hər addımbaşı o ada rast gəlmək olur. Ya xatirə lövhəsi, ya abidəsi, ya mağazalarda satılan suvenirlər üzərində Kafka keçir. Gələn turistləri tanıdım. Az qala padnosda Kafka təqdim edirlər. Vyanada, inanın dilənçilər də Motsartın musiqisini ifa edib pul yığırdılar. Hər yerdə Motsart izi var. Şokoladlarından tutmuş, dilənçisinə qədər... Yəni xalq özünün yaxşısını təqdim edir ki, bu bizimdir. Çox istəyirəm bizdə də belə olsun. Belə olmadıqca kumir tamadalar olacaq təəssüf. Və beş min, on min verib oğul toyunda "Ay canı yanmış" oxutdurub feyzyab olacaqlar.

- Səmavi kitablardan hansıları oxumusunuz?

- Quranı universitet illərində oxumuşdum. Amma yaxın günlərdə yenidən oxuyacağam. Başqa səmavi kitab oxumamışam. Mütləq oxuyacağam.

- Son olaraq həmkarlarınıza və tamaşaçılarınıza ədəbiyyatla, kitabla bağlı nə dəmək istəyirsiniz?

- Oxuyun, mütləq oxuyun. Cahillik və savadsızlıq dəhşətli yolların başlanğıcıdır. Lap pisi də oxuyun. Ən azı ağı-qaradan ayırmaq üçün.

# 1156 dəfə oxunub

Müəllifin son yazıları

# # #