Sevinc Elsevərin oğluyla qaçan şairə qızı HEKAYƏ

Sevinc Elsevərin oğluyla qaçan şairə qızı <span style="color:red;">HEKAYƏ
17 noyabr 2015
# 12:01

Kulis Günel Eminlinin "Ağ kəpənək" hekayəsini təqdim edir.

Gün o gün idi ki, “Duman” qəsəbəsinə hay düşmüşdü. Fəridənin qızı Sevinc Elsevərin oğlu Araza qoşulub qaçmışdı. Qocalar başını bulamış, cavanlar siqareti-siqaretə calamış, gəlinlər pıçapıça başlamışdılar. Fəridənin qızının başqasında ərdə olması isə məsələni bir az da tündləşdirmişdi. Fəridənin oğlunu isə bir daha qəsəbədə gördüm deyən olmadı. Deyirdilər, başını götürüb şəhərə gedib.

Vaxt o vaxt idi ki, Fəridə qoca anasıyla özünü iki otaqlı dar mənzilinə dustaq eləmişdi. Söz o söz idi ki, onun ərklə gəlinlərə “Ay ərindən yarıyan bəxtəvər” kəlməsini bir daha eşidən olmadı.

Fəridə ərindən, evliliyindən yarımamışdı. Ərini cavan yaşda qatar vurub öldürmüşdü. Arada zarafatla ölünün dalınca deyinib, “A kişi, görürsən qatar gəlir, çəkil də. Nə durmuşdun yolun ortasında?”- deyirdi. O məlum gündən sonra Fəridəgildə havadan türk serialları qapan antenanın da seyrinə gələnlərin ayağı kəsildi. Fəridənin evi axşam saat altıdan səkkizə kimi arı pətəyinə dönürdü. Qız, gəlin, uşaq əlindən evdə oturmaq olmurdu. Hərə bir döşəkcə tapıb televizora boylanırdı. Sevişmə səhnələri olanda uşaqlar pıqqıldaşıb gülüşür, gəlinlər “cigərüz yansın” qarğışı yağdırır, qocalar həvəslə baxmaqda davam edirdilər. Uşaqlar “Ay nənə, nə diqqətlə baxırsan?”- deyib sataşanda, “A bala, gözüm görmür, mən nə bilim bunlar bayaqdan yeyişirlər” söyləyib yaxalarını birtəhər qurtarırdılar.

Sevinc o Sevinc idi ki, saçlarını kare düzəltmişdi. Bu cür saç saxlamaq hələ təzə dəbə düşürdü. Çoxları ona saçı qulağın dibindən vurdurmaq deyirdi. Alagözlü, kare saçlı Sevincin işi hamıya çay paylamaq idi. Uzun, güllü sarafanının ətəyini yığıb, gəlinlərin yox, uşaqların yanında otururdu. Çiynimdən vurub deyirdi ki, “Ağa, maraqlıdı?”. Mən də maraqsız olsam da, Sevinc arada çiynimə toxunsun deyə “Əlbəttə” deyirdim. Amma yaman da qızarırdım. Fikrimi yayındırıb, qapıyla üzbəüz divarda asılmış gülümsəyən kişi rəsminə baxırdım. Əvvəllər elə bilirdim ki, bu, Sevincin cavan ölən atasının şəklidi. Sonra çoxbilmiş Arzu dedi ki, bu məşhur müğənni İbrahim Şirinsəsin şəklidi. Şirinsəs ha?! Yaxşı ki, seriallar arası kliplər olanda bu qarabığlı kişinin soyadını da düz öyrəndim.

Sevinc qaçandan sonra o evə bir daha heç kim getmədi. Qonşular qapının yanından elə tez ötüb keçirdilər ki, elə bil evdəkilər cüzamlı xəstələrdi. Arada Fəridə xalanı zibil atanda görürdüm. Başında ağ tüklər, üzündə qırışlar çoxalmışdı. Bir də gözlərinin altındakı qara kölgələr daha tündləşmişdi. Yəqin Sevinc üçün ağlayır, bəlkə də hiddətlənirdi.

Mən isə Sevinc üçün çox darıxırdım. Oğlanlar əvvəl-əvvəl onun adını dillərinə almırdılar. Sonradan ürəkləndilər. Bir dəfə ən böyüyümüz, 7-ci sinifdə oxuyan Əbdül yava ağzını açdı, nə açdı: ”Həmişə deyirdim bu qızdan yaxşı gəzəyən çıxar. Elə açıq, güllü-müllü geyinən, saçını elə qısa kəsdirən qızdan nə istəsən gözləmək olar”. Çoxumuz bu qaba Əbdüldən qorxurduq. Bu qaba o qaba idi ki, kimi istəsən əzişdirər, uf da deməzdi. Səkkiz yaşından siqaret çəkirdi, məktəb keçidində ikinci növbədən qayıdan qızları arxadan yaxalayıb, özünü onlara sürtürdi. Ona görə də arasını Əbdüllə pozan oğlanların bacıları tezliklə Əbdülün qurbanına çevrilə bilərdilər. Odur ki, o çərənləyəndə hamı razılıqla başını tərpədirdi. Mən başımı tərpətsəm də, ürəyimdə var-gücümlə “Yox!” deyirdim.

Gecə o gecə idi ki, qəsəbənin baş bəlası Arif əmi yenə içib, evində dava salmışdı. Arvadına hücum çəkəndə böyük oğlu ona cumub itələmişdi. Beyni dumanlı Arif əmi ömrü boyu peşman olacağı hərəkətini etmişdi. Qayçını götürüb, oğluna tərəf tolazlamaq istəyəndə, sərxoş gözləri onu aldatmışdı. Naxələf qayçı 13 yaşlı kiçik qızı Leylanın kürəyinə sancılmışdı. Leylanın fəryadı bütün qəsəbəni başına götürmüşdü. Leyla o gecədən sonra axsamağa başladı. Daha bilmədim, kürəklə ayağın nə əlaqəsi vardı? Deyirdilər, qorxudan olub...

Sevincin əri də gözə dəymirdi. Hamı elə bilirdi ki, o, şəhərə gedib sevgililəri axtaracaq. O, isə bütün günü qəsəbənin mərkəzindəki xaşxanada araq gillədirdi. Yazıq Sevinc elə ona görə o divdən canını qurtarmışdı. İncidirdi o güllü sarafanlı, ağ kəpənəyə oxşar Sevinci. Elə mən də kəpənəyimi o pələngin qucağında təsəvvür etmirdim. O, araq qoxuyan ağzını açsaydı, heç bir kəpənək yanında qalmazdı, uçub gedərdi. Necə ki, Sevinc də Elsevərin oğluna qoşulub, şəhərə uçdu.

Amma ağ kəpənək də anası kimi ərindən yarımadı. Mən bunu Fəridə xalagilə təzədən get-gələ başlayandan sonra eşitdim. Elsevərin oğlu Sevinci Bakıda atıb, Rusiyaya getmişdi. Sevincin də qardaşı bacısını tapıb qəsəbəyə qaytarmaq istəsə də cəhdi boşa çıxmışdı. Sonra Sevinc özünü dənizə atmışdı. Üç gün axtarıblar, tapa bilməmişdilər. Qardaşı da məcbur olub qəsəbəyə qayıtmışdı. Bu dəfə cavanlar ondan üz çevirmədilər, çayxanaya girəndə pıqqıllaşmadılar, bir stul çəkib masaya dəvət eləmişdilər. Axı, Murad adını təmizləmişdi.

Mən Sevinci ölü təsəvvür edə bilmirdim. Tez-tez yuxuma gəlirdi. Görürdüm ki, əynində güllü sarafanı, dalğaların arasında üzür. Hərdən su pərisinə dönür, bəzən də onu böyük balıq udurdu. Qəsəbəmizdən balıqçılar hər səhər dənizə gedəndə onlara yaxınlaşıb, “Birdən tora güllü sarafanlı qız düşsə, mütləq mənə xəbər edin!”- demək istəyirdim. Amma belə şey olsaydı, onsuz da əvvəlcə qəsəbənin böyükləri xəbər tutacaqdı. Qəsəbə o qəsəbə idi ki, pis xəbərlər daha tez yayılırdı.

Bakı, 2015

# 914 dəfə oxunub

Müəllifin son yazıları

# # #