18 il sürgündə olmuş Azərbaycan yazıçısı

18 il sürgündə olmuş Azərbaycan yazıçısı
7 mart 2014
# 13:00

Kulis.az tanınmış tənqidçi Vaqif Yusiflinin nasir, tərcüməçi Cəfər Bağır haqqında yazısını təqdim edir.

Bu günün gəncləri, xüsusilə cavan yazarlar, ədəbiyyat aləminə yenicə qədəm basanlar Cəfər Bağır adlı bir yazıçını tanıyırmı? Bu sualı cavabsız qoyuram.


Amma biz onu yaxşı tanıyırdıq. 60-70-ci illərin qəzet və jurnal səhifələrində kiçik həcmli, özünün «miniatür hekayə» adlandırdığı yazıları oxuyurduq. Bu yazılarda həyatı, insanları, bu gözəl dünyanı sevən bir insanın hiss və həyəcanlarının, məhəbbət və gözəllik duyğularının izinə düşürdük. 1990-cı ildə, əməkdaşı olduğum «Azərbaycan» jurnalının 10-11-ci saylarında Cəfər Bağırın «Ümidim olmasaydı» sənədli povestini oxudum. Qətiyyən ağlıma gəlməzdi ki, artıq 1983-cü ildə dünyasını dəyişmiş bu yazıçı on səkkiz il Sibirdə, sürgündə olub. Sibirə sürgün olunanda 25 yaşı varmış, o cəhənnəm vadisindən geri dönəndə isə yaşı qırxı keçmişdi. Təbii ki, çəkdiyi əzablar, Vətən həsrəti onun səhhətinə də, arzularına da təsirsiz qalmamışdı. Amma o, əzablı yollardan keçsə də, həyat eşqi, yazıb-yaratmaq həvəsi onu tərk etməmişdi.
Gəlin, yazıçı və tərcüməçi Cəfər Bağır haqqında söhbətə lap əvvəldən başlayaq.

Cəfər Bağır 1912-ci ildə Naxçıvanın Ordubad rayonundakı Dəstə kəndində, yoxsul bir ailədə doğulmuşdu. Atasını on iki yaşında itirib. Maddi məhrumiyyətlərə baxmayaraq kənd orta məktəbini bitirib. Özü də orta məktəbdə yaxşı oxuyurmuş, güclü yaddaşıynan seçilirmiş. Cavidin «Şeyx Sənan», «İblis» əsərlərindən şeir parçalarının çoxunu əzbər bilirmiş. Orta məktəbi bitirdikdən sonra Bakıya gəlir, Azərbaycan Dövlət Pedoqoji İnstitutunun filologiya fakültəsinə daxil olur. Tələbə ikən «Gənc işçi» qəzetində işləyir, hətta şöbə müdirliyinə qədər yüksəlir. Elə o illərdən (otuzuncu illərin əvvəllərində) ilk hekayələri ilə mətbuatda görünməyə başlayır. Sonra bir müddət «Kommunist» qəzetində də əməkdaşlıq edir, daha sonra «Kirovabad bolşeviki» qəzetində jurnalist fəaliyyətini davam etdirir, Yazıçılar İttifaqı Gəncə filialının məsul katibi seçilir.

Bu, onun həbs olunana qədər keçdiyi 25 illik ömür yolu. Daha bir neçə məqamı nəzərinizə çatdırmaq istəyirəm. O, 1934-cü ildə Azərbaycan Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunur. Ondan iki il əvvəl isə «Zəfər səsləri» adlı ilk oçerklər kitabı Azərnəşrdə çapdan çıxır. Həmin kitab haqqında dövri mətbuatda Əli Nazim, Seyid Hüseyn, Mehdi Hüseyn fikir söyləyirlər. «Hücum» jurnalında Cəfər Bağırın «Çoxlardan biri» və «Gəray» adlı povestləri çap olunur. Təbii ki, o illərdə ədəbi yaradıcılıqla məşğul olanların sayı indiki kimi super həddə çatmamışdı və kim bu yolun yolçusu idisə, onu hamı tanıyırdı. Cəfər Bağırın böyük sənətkar Cavidlə tanışlığı varmış, evlərinə gedib-gəlirmiş. Mikayıl Müşfiqlə də dost imiş.

1937-ci il. Azərbaycanda repressiya tufanı. Cəfər Bağır da bu müdhiş tufana düşür. Yazılarındakı sərbəst düşüncə tərzi, milli hisslər, duyğular və çox güman ki, Müşfiqlə dostluğu onu bu tufana sürükləyir.


Cəfər Bağır 18 il sürgün həyatı keçirir. Sürgündən qayıtdıqdan sonra orada keçən müsibətli günlərinin xatirələrini yazır, amma heç bir qəzet və jurnal, nəşriyyat onu çap eləmir. Ölümündən yeddi il sonra bu xatirələr sənədli povest kimi «Azərbaycan» jurnalında işıq üzü görür.


«Ümidim olmasaydı» adlı bu sənədli povesti həyəcansız oxumaq olmur.


Povestdən bəzi məqamları nəzərinizə çatdırıram:

«Acı şaxtalar dadırıq. Alışmadığımız şaxtalar. Rusiya qışı ilə tanışlıq başlayır. Amansız soyuq adamın iliyinə qədər işləyir.
Şaxta. Amansız şaxta. Hər səhər beş-beş sıraya düzülüb, əllərimiz dalımızda işə gedərkən burnumuzun ucu yanır. Soyuqdan yanır. Zəif düşmüş bədənimiz əsir, küləyə məruz qalmış çılpaq budaq kimi əsir. Biz Jiquli dağlarının ətəyində, Volqanın sol sahilində su elektrik stansiyası tikməliyik…


…Səhərdir. İyirmi iki dərəcə şaxta vardır. Saniyədə səkkiz metr şimal-şərq küləyi əsir. Hər yer buz bağlamışdır.

Soyuq nə qədər sərt, nə qədər dəhşətli olsa da adam barakdan kənara çıxıb nəfəs almaq istəyir. İki yüzdən artıq adamın yerləşdiyi, kiçik pəncərələri buz bağladığı bu barakda nəfəs almaq mümkün deyildir. Hələ gecələr ...əzab üstündən əzab. Adam gecələr tamam sarsılır. Sanki gözə görünməyən bir əl boğazından tutaraq boğur, nəfəs daralır, gözlər hədəqəsindən çıxır, ürək qəfəsə salınmış qərib quş kimi çırpınır.


...Norilskiyə gəlişimizin səhəri bizi yer qazmağa apardılar.
Sabah Oktyabr inqilabının ildönümü idi. Bu gün səhər durarkən gördüm ki, ayaq sarığım yoxa çıxmışdır. Kiminsə yox imiş, gecə ilə aparmışdır. Köhnə bir yun köynəyim vardı, qolunu cırıb ayağıma keçirdim. Külək uğuldayır, şaxta adamı kəsir, doğrayırdı».


Povestdə belə səhnələr çoxdur. Amma müəllif sürgündə olduğu illərdə təkcə təbiətin amansızlığından şikayətlənmir. Sürgündə özü kimi günahsız insanlardan da söz açır. Partiya yolunda ömrünü fəda edən cəsur kommunistlərin inamının sarsıldığının şahidi olur. Canilər də, baş kəsənlər də burdadır, KQB-nin casusları da. Burada öz təmizliyini, insani keyfiyyətlərini qorumaq, hifz eləmək, bütün əzablara dözərək Vətənə qayıtmaq ümidi hər adama nəsib deyildi. Amma Cəfər Bağır buna dözdü və Stalin hakimiyyəti süquta uğrayandan sonra o da arzusuna çatdı.


Həbsdə onun məhbus nömrəsi 27777 idi. Bilmirik, sıralanmış yeddilərin onun həyatı, orada keçirdiyi əzablı günlərlə nə əlaqəsi, amma Vətənə qayıdanda 42-43 yaşlı Cəfər Bağır heç nəyi unutmadığı kimi, kürəyində gəzdirdiyi o nömrəni də unutmadı.
Bu da Bakı.


«Yenə haman sahil, yenə oynaq ləpələr, yenə xəfif meh.
Ayrılığımızdan on səkkiz il keçmişdir. Bu illər ərzində hər şey dəyişmiş, küçələr də, evlər də, xiyabanlar da, sahil də, hətta qara qıvrım saçlar da».


O, işsizdir. Hara getməli? Repressiya xofu ürəklərdən təzə-təzə silinir. Amma çıxış yolu var.

O zaman Mirzə İbrahimov şöhrətinin zirvəsindəydi. Həm görkəmli yazıçı, həm də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri.
Budur, o, Mirzə İbrahimovun qəbulundadır.

Qəbulda olanların hamısı bir-bir içəri keçir. Bircə o qalıb. Fikirləşir ki: «Axı, Mirzə məni tanıyırdı. Bəs niyə axıra saxlayıb?».
Nəhayət, o da içəri girir. Mirzə İbrahimov onunla çox səmimi görüşür. Qucaqlaşırlar. «Səni özüm axıra saxladım ki, dərdləşək».
Mirzə İbrahimov diqqətlə onu dinləyir. Sonra deyir ki, sən istedadlı adamsan, yaradıcılığını davam etdir.


Sonda Cəfər Bağır işsiz və evsiz olduğunu söyləyir.
Mirzə İbrahimov gülümsəyir.

O, Azərnəşrdə işə düzəlir: bədii ədəbiyyat şöbəsinin müdiri, redaktor, məsləhətçi redaktor, bədii tərcümə redaksiyasının müdiri. Düz on səkkiz il (yenə on səkkiz!) bu nəşriyyatda çalışır, 1973-cü ildən təqaüdə çıxır. (Bir məqamı unutdum: ona ev də verirlər. Bundan sonra ailə həyatı da qurur).


Cəfər Bağır sürgündən qayıdandan sonra yazmadığı illərin hayıfını çıxır. Sağlığında onun «Səslər», «Xəzan», «Babamın ürəyi», «Bir ömür azdır», «Səni görəndə», «Mən yadına düşəndə», «Miniatürlər», «Bitməmiş gündəlikdən» kitabları işıq üzü görür. Bu kitablarda toplanan yazıların əksəriyyəti kiçik hekayələr, mənsur şeirlər və miniatürlərdir. Bu yazını qələmə almamışdan öncə Cəfər Bağırın bizim jurnalda müxtəlif illərdə sap olunmuş yazıları ilə tanış oldum. Demək olar ki, bütün yazılarında bir səmimiyyət gördüm. O, nədən yazıbsa, hamısında qəlbinin istəklərini qələmə alıb. On səkkiz il sürgün əzabı yaşayan bu yazıçının əsərlərində bol-bol işıq gördüm, dəniz gördüm, insan məhəbbətinin gözəlliyini duydum.


«Meşələri sevirəm, ağacları sevirəm, yarpaqlardakı, otlardakı təravəti sevirəm. Sərinliyi-kölgəliyi sevirəm, intəhasız çölləri, ənginliyi sevirəm. Həmişəki kimi.


Sevirəm uşaqların cingiltili səsini, qızların təmiz-riyasız təbəssümünü.

Bağçalarda gülləri, yamaclardakı çiçəkləri, düzlərdəki mehi sevirəm. Hər şeyə sevinc gətirən günəşi, can verən suları sevirəm. Əvvəlki kimi.

Sevirəm dəniz sahillərini, aylı gecələri, xəfif pıçıltıları, çiyinlərə tökülən saçları, şeh düşən dodaqları, məna dolu gözləri. Gənclik çağlarındakı kimi.


İnsanla, təbiətlə bağlı nə varsa, hamısını sevirəm.


Sevirəm insandakı ülviyyəti, təbiətdəki şeiriyyəti. Mənə belə gəlir ki, yaşayıram, qocalmıram.

Lakin dünən... Məzuniyyətdən qayıdan o qaynar gözlü qız işdə hamı ilə görüşdü, mənə gələndə əyilib üzümdən öpdü. Ürəyim qəflətən sancdı. Deməli, qocalmışa, eləmi, a dostlar?»

Cəfər Bağırın bir mənsur şeiridir bu. Və onun bütün yazılarının dili belə şeiriyyətlə süslənib. Axıcı, rəvan, səlis, doğma Azərbaycan dili.


O, həm də mahir tərcüməçi idi. Əgər onun bədii yaradıcılığı olmasaydı, elə bu tərcümələri kifayət edərdi ki, ədəbiyyat tariximizdə peşəkar bir mütərcim kimi daim xatırlansın.
Görün kimləri tərcümə edib?


Teoder Drayzeri, («Dahi» «Kerri bacı», «Cenni Herhart») Robindranat Taqoru, Əziz Nesini... A.Sent-Ekzüperini. (Cəfər Bağır Kafkanın “Çevrilmə”sinin ilk tərcüməçisidir-red).

Cəfər Bağır deyilənə görə çox mehriban, qılıqlı insan imiş. Ən yaxın bir dostu vardı - bizim görkəmli yazıçımız Qılman İlkin. Qılman müəllim onun hekayələri haqqında bir məqalə çap etdirmiş, «Ədəbiyyat qəzeti»ndə vəfatı münasibətilə «Vida sözü» də yazmışdı... O «Vida sözü»ndə Qılman müəllim yazırdı: «Sən mərdanəliyi tərənnüm edirdin, özün də mərdanə yaşadın. Çətinliyə də, əziyyətlərə də, xəstəliyə də mərd-mərdanə dözdün. Xəstəliyin ağır, əziyyətli dəqiqələri içərisində yazdığın həyat nəfəsli sətirlər səni bizim nəzərimizdə daha da ucaldırdı. Sən həmişə həyat eşqi ilə yaşayırdın, son mənzilə də bu eşqlə getdin».

O, miniatürlərindən birində yazırdı: «Həyatda səadət üçün dəbdəbəli ev, gözəl maşın, hovuzlu bağ kifayət edərmi? Mənə belə gəlir ki, bunlar tam xoşbəxtlik deyildir. Əsl xoşbəxtlik odur ki, başqalarını xoşbəxt eləyəsən. Bərk ayaqda birisinə kömək əli uzadasan, birisini sevindirəsən, səni görəndə desinlər ki, əsl insan belə olar. Bax, həyat budur!».

Yazıçı-tərcüməçi Cəfər Bağır da belə insanlardan biri idi. Gözəl hekayələri, tərcümələri ilə o, çoxlarını xoşbəxt etdi.

# 4120 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #