Zəlzələdə ölənlərin səsini çıxaran royal

Zəlzələdə ölənlərin səsini çıxaran royal
25 fevral 2014
# 11:17

Müasir yapon ədəbiyyatının banisi Akutaqava Rünoske (1892-1927) haqqında Azərbaycanda da çox yazılıb və çox danışılıb. Təqdim etdiyimiz miniatürlər bu dünya şöhrətli yazıçının yaradıcılığının yeni hüdudlarını görməyə imkan verir.

Royal

Yağışlı bir payız günü İokoqamedə Yamate küçəsiylə iş dalınca gedirdim. Bu rayonda həmin vaxt zəlzələ (Kantoda 1923-cü ildə baş verən dəhşətli zəlzələ nəzərdə tutulur) günlərində olduğu kimi xaos idi. Dəyişən bir şey vardısa, o da evlərin damından qopub düşən şiferlərin və dağılmış kərpic divarların arasında bitən kol-kosdu. Hansısa bir evin xarabalığında mən birdən yarıya qədər divarın qalıqları altında qalan, klavişləri parıldayan royal gördüm. Kol-kosun içindəsə çəhrayı, mavi, qəhvəyi hərflərlə əsərlərin adı yazılan islanmış notlar səpələnmişdi.

Biz o adamla iş haqqında danışdıq. Xoşagələn söhbət deyildi. Tezliklə görüşmək barədə razılaşıb, axşamdan çox keçmiş onun evindən çıxdım.

Xoşbəxtlikdən yağış kəsmişdi. Külləyin qovduğu buludların arasından hərdən Ay görünürdü. Qatara gecikməmək üçün (təbii ki, siqaret çəkmək qadağan edilmiş dövlət dəmiryolunun elektrik qatarı mənə əl vermirdi), çalışırdım bacardıqca bərk gedəm.

Qəfil səslər eşitdim, elə bil kimsə royal çalırdı. Çalmaq yox, daha doğrusu, sanki kimsə klavişlərə toxunurdu. Addımlarımı qeyri-iradi yavaşıdıb, xarabalığa göz gəzdirdim. Ay işığında kol-kosun içindəki həmin royalın klavişlərini gördüm. İns-cins gözə dəymirdi.

Mən vur-tut bir not eşitmişdim. Ancaq bu, şübhəsiz, royal səsiydi. Özümü naqolay hiss eləyib, yenə addımlarımı yeyinlətdim. Bu vaxt arxadan yenə aydınca royal səsini eşitdim. Kürəyimi döyən isti küləyi hiss eləyərək, arxaya baxmadan lap bərk getməyə başladım…

Mən eşitdiyim bu səsə mistik izah vermək fikrindən uzaq idim. Doğrudan da orada heç kim yoxuydu, ola bilsin uçmuş divarın arxasında pişik gizlənmişdi. Pişik də olmasa, siçovul, ya qurbağadı – xarabalıqda yaşayan heyvanları fikrimdən keçirdim. Ancaq, hər halda, qəribəydi ki, royal insan əli dəymədən çalmışdı.

Aradan heç beş gün keçməmiş mən yenə həmin işə görə Yamate küçəsindən keçirdim. Royal əvvəlki kimi kol-kosun içində dururdu. Çəhrayı, mavi, qəhvəyi hərflərlə əsərlərin adı yazılmış notlar yenə ətrafa səpələnmişdi. Bütün bunlar, eləcə də kərpic və şifer yığını payız günəşinin şəfəqlərinə bələnmişdi. Notları ayaqlamamağa çalışaraq, royala yaxınlaşdım. Fil sümüyündən olan klavişlərin öz əvvəlki parıltısını itirdiyini, qapağın üstündəki lakın töküldüyünü indi gördüm. Royalın ayaqlarına meşə üzümü dolanmışdı. İçimdən ümidsizliyə oxşar bir hiss keçdi.

- Görən yenə çalacaqmı? – bərkdən dedim. Elə bu vaxt royal astadan səs elədi. Elə bil inamsızlığıma görə məni məzəmmət elədi. Ancaq buna heyrətlənmədim. Hətta gülümsədim. O zaman olduğu kimi. Ancaq indi ağ klavişlər gün işığında parıldayırdı. İntəhası, indi onların üstündə bir dənə şabalıd var idi – nə vaxt düşdüyünü bilmirdim.

Küçəyə qayıdanda, çönüb yenə xarabalığa göz gəzdirdim. Şabalıd ağacını axır ki, gördüm; uçmuş şifer damın ağırlığından gövdəsi royalın üstünə tərəf əyilmişdi. Kol-kosun içində atılıb qalan royaldan gözümü çəkə bilmirdim. O royaldan ki, həmin dəhşətli zəlzələdən heç kimə məlum olmayan səsləri özündə qoruyub saxlamışdı.

Aprel, 1925

Tərcümə: Saday Budaqlı

# 2175 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #