İtaliyanı Amerikadan üstün tutan yazıçı

İtaliyanı Amerikadan üstün tutan yazıçı
12 oktyabr 2015
# 12:48

Müharibə hər zaman ədəbiyyatda ətrini itirməyən mövzudur. Çünki nə müharibələr bitir, nə də qan qoxusu. Amma təbii ki, sevgi mövzusundan sonra. Bu günə qədər müharibədən bəhs edən bir çox kitab oxumuşam və hər dəfəsində “yazdığını yaşayan, gözləri ilə görən yazarlar onu daha yaxşı qələmə alır” düşüncəsinin doğruluğunu özlüyümdə yəqin etmişəm. Sonuncu dəfə oxuduğum “Ay və tonqallar” romanı da bu fikrimi təsdiqlədi.

Romanın müəllifi Çezare Pavese 1908-ci il sentyabrın 9-da İtaliyanın Santo Stefano Belbo adlı dağ kəndində anadan olub. Ali təhsilini Turin şəhərində alan Çezare artıq tələbəlik illərindən dünya ədəbiyyatından tərcümələr edib. Avropada baş qaldıran faşizmdən qorunmaq üçün ailəsinin təkidiylə 1932-ci ildə faşist partiyasına üzv olub. Daxilindəki həqiqəti boğa bilməyən yazar partiya daxilində antifaşist təbliğat aparmağa başlayıb və o səbəbdən 1935-ci ildə həbs edilərək səkkiz aylıq Kalabriyaya sürgün edilib. Əsərlərinin mövzusunu təşkil edən İkinci Dünya müharibəsi başlandıqda ordu sıralarına çağırılsa da xəstəliyi ucbatından ordudan tərxis edilib. Müharibədən sonra İtaliya Kommunist Partiyasının sıralarına qoşulub. Amerikalı kino aktrisa Konstans Douilinqlə əzablı sevgi macərası yaşayan yazar 1950-ci il avqustun 29-da Turin şəhərinin məşhur “Roma” mehmanxanasında həyatıyla vidalaşıb.

Belə ağrılı həyat yaşayan Çezare Pavese “Ay və tonqallar” romanını yazmaq məcburiyyətində idi. O, müharibəni görmüşdü.

“Ay və tonqallar”

Romanın süjet xətti olduqca sadədir. O qədər sadədir ki, bir çoxlarımız onu düşənə bilər. Harda doğulduğunu bilməyən, pul müqabilində övladlığa götürülən, ucuz işçi qüvvəsi kimi mülkədarlar tərəfindən istismar edilən qəhrəman uşaqlığını və yeniyetməliyini İtaliyanın ucqar bir kəndində üzüm tənəkləri arasında keçirir. Övladlığa götürüldüyü ailə ilə yolları ayrılandan sonra muzdurluğa başlayan Çezare (əsərdə avtobioqrafik motivlər olduğundan və qəhrəmanın adı bilinmədiyindən onu mətn daxilində şərti olaraq Çezare adlandıracam) xəyallar aləmində yaşayır. Bir gün darıxacağı bu üzümlüklər indi onun üçün maraqsızlaşıb və o şansını başqa diyarlarda sınamaq istəyir.

Tale onu isti İtaliya torpağından soyuq Amerika torpağına aparır. Elə ilk andaca darıxmağa, sıxılmağa başlayır. Çünki Amerika insanları ötəridir, soyuqdur. Hətta içkiləri belə Çezarenin ağız dadına uyğun deyil. Doğma torpağında “bir nəfər hamı üçün, hamı bir nəfər hamı üçün” düşüncəsiylə yaşayan Çezare okeanın o tayında “hamı özü üçün” düşüncəsiylə qarşılaşır. Onun qurduğu xəyallar bu deyildi.

İllər sonra İtaliyaya qayıdan Çezare müharibənin dəhşətləri ilə qarşılaşır. Uşaqlığını işləməklə keçirdiyi üzümlüklər daha əvvəlki kimi deyil. Köhnə dostları tapmaq belə çətinləşib. Bəziləri torpağın altındadı, bəziləri də əlində silah dağlarda. Sanki bir günlük öz evindən çıxırsan və geri döndüyündə evdəki əşyaları yerində tapmırsan. Kimsə onların bəzilərini yerə çırparaq sındırıb, bəzilərini də sənin tapa bilməyəcəyin harasa qoyub.

Çezare uşaqlıq dostu, kənd orkestrində klarnet ifa edən dülgər Nuto ilə qarşılaşır. Nuto ona müharibənin bu uca dağlara necə gəldiyi danışır. İllərlə qulluq etdikləri üzümlüklərin bir göz qırpımında əsgər çəkmələri altında necə tapdanmasını, hər il məhsul bolluğu üçün qaladıqları tonqalın onların özünü necə yandırıb külə çevirdiyini, ayın həmişəki kimi bu mənzərəni soyuq baxışlarla izlədiyindən danışır. Bu insanlar üçün üzümdən, tonqaldan və aydan müqəddəs heç nə yoxdur. Çezareni sarsıdacaq xəbərləri isə Nuto zamanla onu müharibənin ağrılarına alışdıra-alışdıra danışır. Övladlığa götürüldüyü ailənin, xüsusən də bu ailənin gözəl qızı Santinanın yaşadığı faciə Çezareyə müharibənin onun düşündüyündən də dəhşətli olduğunu sübut edir. İnsanlar sağ qalmaq üçün hiyləyə əl atır, qadınlar düşmən yatağına girir, dostlar belə də olmalıymış kimi bir-birlərini satır və heç kim bunlara görə günahlandırılmır. Çünki, hamı çirkaba batıb və hamı günahkardı. Axı İsa Məsih demişdi ki, yalnız günahı olmayanlar daş atsın. Günahsızlarsa indi göylərdə, İsanın yanındadılar.

Kommunizm, kapitalizm və din

Əsərin süjeti nə qədər sadə olsa da bu sadəlik ətrafında ideologiyalar qabarıq və müqayisəli şəkildə verilir. Çezare ilə Nutonun dialoqlarında kommunizm və kapitalizm müqayisə edilir. Çezare özlüyündə kommunizmin daha yaxşı olduğunu bilir, amma Nuto və digər kənd sakinləri isə bu iki ideologiya arasında qərarsızdı. Buna səbəb isə tutduğu mövqeni tez-tez dəyişən və hərəkəti insanlara da təsir edən kənd keşişidir. Müəllif keşiş surətiylə əslində dinin ümumiləşmiş obrazını yaradır.

İdeologiyaların soyuq savaşında qazanan tərəf dindir. İstər partizanların, istərsə də faşist əsgərlərinin cəsədlərinin dəfnindən xeyir əldə edən yalnız keşişdir. Cəsədlərsə müharibənin bitməyinə baxmayaraq hələ də çayla bərabər dağlardan gəlməkdədir.

Din müharibə zamanı gözə dəyməsə də o bitəndən sonra leş yeyən quzğun kimi cəmiyyətin başının üstünü alır. Onun vurduğu yaralar müharibənin yaraları ilə müqayisə edilsə tərəzinin gözləri bərabər olar, bəlkə də o ağır gələr.

Əsas qeyd

Roman Çezare Pavesenin özünü kəşf mərhələsinin sonudur. Romanın dili və müəllifin üslubu oxucunu yormur. Müəllif qəhrəmanına ad verməyib və romanda hadisələr “Mən”in dilindən danışılır. Pavese harda doğulduğu bilinməyən qəhrəmanını adsız qoymaqla öz ustalığını göstərir. Uşaqlar evində böyüyən, fermerlər tərəfindən işçi qüvvəsi kimi bir qarın yemək qarşılığında istismar edilən qəhrəmanı adsız qoymaq onu nəsilsiz, köksüz vermək ustalığıdır.

Kökünün haradan gəldiyini bilməyən “Mən”in Amerikada pul qazanıb qurduğu, nizama saldığı həyatını qoyub yenidən o üzümlüklərə qayıtmasının səbəbində öz kökünü axtarmaq, vətən anlayışının nə olduğunu dərk etmək, bir insanın nədən doğulduğu yerə bağlı olmasını anlamaq dayanır. Bunu qəhrəmanın nələrisə öyrənməyə və bilməyə olan aclığı kimi də adlandırmaq olar. Öyrənmək və bilmək üçünsə axtarmaq, goreşən kimi keçmişi “qazmaq” lazımdı.

Qəhrəman bu axtarışa üç yolla çıxır: etnologiya, şüuraltı (əsl yaddaş) və tarix. Hər üç yol onu doğru mənzilə aparır. Amma ilk dəfə gedilən yollarda həmişə bələdçiyə ehtiyac olub və romanda “Mən”in bələdçisi Karl Marks ideyasının daşıyıcısı və ona bütün varlığı ilə inanan kənd orkestrinin klarnet ifaçısı dülgər Nutodur. Nuto özündə həm real tarixi, həm də mifologiyanı cəmləşdirir. Demək olar ki, romanda “Mən”in və Nutonun rolları eynidi. Pavese “Mən”in əliylə Nutonun ağzından sözləri çəkib alır və ya ən azından buna cəhd edir.

Çezare Pavesenin “Ay və tonqallar” romanının oxucusu bir yerdə dayanmır. Müəllif ona azadlıq verib. O, reallıqla mifologiya arasında var-gəl edir. Dünyanın ədalətsizliyindən, insanların bir-birinə laqeyd münasibətindən üşüyən oxucu həm müharibə qurbanlarından qalanan, həm də “torpağı oyadan” Müqəddəs Yəhya tonqalında qızınır.

Əsas olansa bu tonqallarda yanmamaqdı.

# 971 dəfə oxunub

Müəllifin son yazıları

# # #