İslam dinindən bəhs edən Amerika romanı

İslam dinindən bəhs edən Amerika romanı
4 may 2015
# 15:50

10 ilə yazılan və 10 aya rus dilinə tərcümə olunan bu mürəkkəb üslublu əsərin Azərbaycan dilinə tərcümə olunacağı günü səbirsizliklə gözləyirəm. Böyük ədəbi peşəkarlıqla yazılmış, redaktor və tənqidçilərin ayaq üstdə alqışladığı, oxucuların isə birmənalı qarşılamadığı bu əsər ilk səhifələrdən oxumaqdan imtina edə biləcəyiniz bir kitabdır. Kitab boş vaxtını keçirmək üçün evdə isti qəhvə ilə, yaxud parkda skamyada rahatlıqla birnəfəsə oxuyacağınız romanlardan deyil. Bu, kitaba və ədəbiyyata formalaşmış ciddi münasibəti olan oxucunun yazı stolu arxasında, lampa işığında, diqqətlə mütaliə edəcəyi bir əsərdir.

Əvvəlcə onu qeyd etməliyik ki, yazıçının tərcüməçilərinə ünvanladığı xüsusi bir məktubu var. O, bu məktubda tərcüməçilərin etməli olduqları və olmadıqları nəsnələri açıq-aydın göstərib. “Payızbülbülü” kifayət qədər çox diqqət tələb edən, dili mürəkkəb və süjeti intriqalı bir əsərdir.

Rusiyada nəşr olunduğu ilk günlərdə təkcə yazıçının özü deyil, həm də əsərin rus dilinə tərcüməçisi də təqdirə və tərifə layiq görülmüşdür. Və bir oxucu kimi sizə tam əminliklə deyə bilərəm ki, tərcüməçi Anastasiya Zavozova bu işin öhdəsində sonuna qədər layiqincə gəlmişdir.

Kiçik şrif... 842 səhifə... Mürəkkəb dil... Qarışıq rəylər... Pulitser Mükafatı...

Kitabı mağaza rəflərində gördükdə bütün bu da sizi nağıllar aləminə apara biləcək bir kitab kimi görünə bilər. Ancaq onun rəflərdə məsum duruşuna qətiyyən aldanmayın. Kitabı əlimizə alarkən onun üz qabığına diqqətlə baxmağınızı tövsiyə edirəm. Cırılmış kağızlar arasından bizə boylanan rəsm əsəri. Həyatım boyu oxuduğum kitablar arasında çox nadir hallarda ola bilər ki, orijinal üz qabıqları onların məzmununa bu qədər uyğun gəlsin, bu qədər gözəl düşünülmüş olsun. Səbəbi haqqında isə irəlidə bəhs edəcəyik.

Fikrimcə, kitabı aldıqda ilk əvvəl maraqlanmalı olduğumuz məqam yazıçının kimliyi olmalıdır. Donna Tartt “Payızbülbülü” əsərindən öncə “Sirli hekayə” və “Balaca dost” adlı iki kitabı ilə öz sözünü demiş bir amerikan yazıçısıdır. Oxucular rəylərində daha çox onun ilk əsərini bəyəndiklərini iddia edirlər. Və haqlı olaraq deyə bilərik ki, əgər “Payızbülbülü” yazıçının ilk əsəri olsaydı, bəlkə də çətinliklə qəbul olunardı... Bir sıra dünyaca məşhur yazıçılar Donna Tartt haqda reklam loqosu sözlərini xatırladacaq ifadələr işlədiblər. Onlar Donna Tarttı tərifləyərək yüksəklərə qaldırmışdılar... Qeyd edək ki, Donna Tarttı sevən yazıçılar arasında məşhur Stiven King də var...

Kitabı açdıqda şriflərin kiçikliyi və səhifələrin çoxluğu artıq bizi ondan uzaqlaşdıra bilər. Oxumağa başladığımız zaman isə artıq 20-ci səhifədə kitabı başqasına hədiyyə etmək haqda düşünə bilərik. Bunun səbəbi əsərin mürəkkəb və çətin anlaşılan dilidir. Yazıçı hadisələri, məkanları, insanları, duyğuları, təbiəti, klassik bir üslubda, yüksək dərəcədə bədiiliklə təsvir etmişdir. Heç bir detal, təfərrüat, səs, gözə görünən və gözə görünməyən incəliklər yazıçının təsvirlərindən, bitməz-tükənməz sinonimlərindən canını qurtara bilməmişdir. Bəzən biz yazıçının qarışıq cümlələrinin, nəhayət ki, bitirəcəyini və hadisənin məğzinə keçəcəyini gözləyirik. Bəzən ən maraqlı məqamlarda ortaya girən təsvirlər, romantika və melanxoliya bizə kitabın səhifələrini saymağa məcbur edir.

Bir hadisədən digərinə gözlənilməz keçidlər, hadisələrin anlaşılmaz axara düşməsi, bəzən baş verən hadisənin tən ortasından təsvir olunmağa başlanması oxucunun səbrini sınağa çəkə bilər. Ancaq bu sadəcə həvəskar oxucular üçün belə görünə bilər. Ədəbiyyatı daha dərindən dərk edənlər yazıçını qiymətləndirməyi bacaracaqdılar…

Məzmun

Teo Dekker pəncərələri jalüzlərlə sonuna qədər örtülmüş soyuq və darıxdırıcı otel otağında neçə gündür qapandığını xatırlamır. O, qorxusundan çölə çıxa bilmir. Çölə çıxmaq onun üçün bəlkə ölümdən daha betər olacaqdır. Səssizlik onu koridordakı səsləri dinləməyə vadar edir. Uzaqdan gələn səslər Teonun xəyalında yavaş-yavaş uzaq xatirələrə çevrilir... Və onun üçün ömrünün sonuna qədər dəhşətlə xatırlayacağı və heç bir zaman bir daha gəlmək istəməyəcəyi Amsterdamda xatirələr onu soyuq otel otağından uşaqlığında onun həyatını dəyişib indi 27 yaşında bu təhlükənin içinə qədər gətirmiş ömür yoluna aparır...

15 il əvvəl 13 yaşında olarkən Teo öz anası ilə məktəb müdirinin yanına getmək üçün evlərindən çıxır. O gün Teonun yaddaşından heç bir zaman silinməyəcək. Anasının ogünkü xatirəsi Teonu bir ömür boyu qarabaqara izləyəcək. Vaxtın hələ çox olması fürsətindən istifadə edib Teonun anası onu muzeyə aparır. Muzey tarixi rəsm şedevrlərindən ibarət olur. Və bu əsərlər içində ən məşhur, ən bahalı rəsm 1654-cü ildə Karel Fabrisius tərəfindən çəkilmiş “Payızbülbülü” əsəri olur. Teo elə bu əsərin qarşısında həyatının sevgisi Pippanı ilk dəfə görür. Bu əsərsə Teonun həyatını tamamilə dəyişir. Bir neçə dəqiqə sonra baş verəcək terror aktında o anasını faciəli şəkildə itirir. Ancaq hadisələrin qarışıqlığı arasında o məşhur əsəri özü ilə götürməyi bacarır.

Yenicə anasını itirən, atası tərəfindən isə çoxdan atılan Teo taleyin kəşməkəşli sınaqlarına atılır. Əvvəlcə sinif yoldaşının zəngin ancaq çox xeyirxah olan ailəsinin himayəsinə verilir. Sonradan peyda olan atası onu Las Veqasa aparır. Teo orada əsərin ikinci qəhrəmanı, yaxın dostu, əslən ukraynalı, rus dilində danışan, “İdiot” romanını oxuyan Borislə tanış olur.

Sonradan atasının ölümündən sarsılan Teo geriyə, Nyu-Yorka qayıdır. Şəkil onu öz arxası ilə aparır. O bu şəklin sayəsində öz sevgisi Pippanı, həyat müəllimi xeyirxah Xobbini və həyatının peşəsi - antikvar əşyaların peşəkar satıcısı işini tapır. Əsərin intriqa yeri beynəlxalq axtarışa verilən əsərin Teoda olması, əsərin onu olmazın təhlükələrə sürükləməsindən ibarətdir.

“Payızbülbülü “ haqda yazmaq çox çətin olsa da deməliyik ki, əsər elə bəhs etdiyimiz kimi, intriqalı və mürəkkəb süjet xəttinə malikdir... İlk səhifələrdə anlaşılmaz cümlələrin içində nələr baş verdiyini başa düşməyə çalışarkən sonrakı səhifələrdə əsərin çətin üslubuna öyrəşirik, necə deyərlər, əsəri olduğu kimi qəbul edirik. Ən azından əsərin Amerikada çox nüfuzlu Pulitser mükafatına layiq görüldüyünü xatırlayırıq...

Hadisələr qəhrəmanın dilindən təsvir edilir və yazıçı oxucu ilə təhsilini yarımçıq qoymuş, gününü narkotik və içki qəbul etməklə keçirən gənc oğlanın dilindən danışılmasına elə qəhrəmanın öz sözləri ilə aydınlıq gətirmişdir. Belə ki, qəhrəman özünün çox yüksək müşahidə qabiliyyətinin olduğunu, insanlara hər zaman kənardan baxmağı sevdiyini bildirir.

Əsərdə rəsm əsərləri barədə oxuculara maraqlı məlumatları verən yazıçının incəsənət sahəsində yüksək savada, geniş biliyə sahib olduğunu görürük. Əsəri oxuduqdan sonra oxucuda rəsm əsərlərinə, onların tarixlərinə qarşı böyük maraq oyanır. Bundan başqa əsərdə bir çox yer, brend və film adlarına da rast gəlinir. İrəli getdikcə gözlərimiz önündə qarşımıza antikvar əşyaların bərpa olunması səhnələri canlanır. Bu yerdə antikvar əşyaların bərpa olunması və tarixləri, alınıb-satılması haqda təxmin belə etmədiyiniz bir sıra yeni təfərrüatlarla rastlaşırıq.

Əsər bizi hadisələrlə paralel antikvar əşyaların özünəməxsus aurasına saldığına görə Orhan Pamukun “Məsumiyyət Muzeyi” əsərini xatırladır. Kimsəsiz qalmış bir uşağın başına gələn macəralar, vaxtaşırı dəyişən məkanlar, evlər, şəraitlər isə “Ceyn Eyr” əsərini yada salır. Ancaq yazıçının üslubu bizə Dostoyevskini hayqırır.

Teo bir əsər qəhrəmanı olaraq “Cinayət və Cəza” əsərinin baş qəhrəmanı Raskolnikova bənzəyir. Qəhrəmanın psixoloji dəyişiklikləri, təklikdə qalarkən düşüncələri, mülahizələri, bəzən öz-özü ilə, bəzən problemləri ilə, vicdanı ilə söhbəti, rəng alıb, rəng verən əhvalı, vicdan əzabından üşütmə xəstəliyinə tutulması, psixoloji cəhətdən sarsıntı keçirdiyi anda insanlara, küçələrə, evlərə, otaqlara baxışı, görünüşünün, üst-başının vəziyyətə uyğun get-gedə dəyişilməsi və nəhayət, törədilən qətl bizə “Cinayət və Cəza” əsərinin baş qəhrəmanını xatırladır.

Eyni zamanda, əsərdə F.M.Dostoyevskinin “İdiot” romanının da adı çəkilir. Təsadüfi deyil ki, Teonun yaxın dostunun dili ilə yazıçı əsərdə tez-tez bir şeylərə işarə vururmuş kimi “İdiot” əsərinin adını çəkir. Əsərin baş qəhrəmanı Mışkinə işarə vurur. Boris özünü Mışkinə bənzədir. Dostuna yaxşılıq etmək adı ilə etdiyi hərəkətlərinə "Mışkin" donu geydirir... Haqlı olub olmadığı isə sözsüz ki, oxucuların mühakiməsinə qalır...

İlk öncə əsərin oxucuların bəyənə biləcəyi məqamlarından bəhs edək. Romanda ən sevilən məqam sözsüz ki, əsərin həm məzmun, həm də üslub cəhətdən intriqalı olmasından ibarətdir. Oxucu əsəri dəfələrlə yenidən oxumağa məcbur buraxılır. Yazıçının detalları professionallıqla təsvir etməsi də bəyənilən cəhətlərdən biridir. Eyni zamanda, əsər bizə sübut edir ki, müasir dövrümüzdə klassik əsərlər üslubunda şedevrlər yazmaq hələ də mümkündür.

Əksər oxucu kütləsi tərəfindən sevilməyən məqamlar. Hər şeydən öncə əksər oxucuların hətta şikayət etdiyi məqam hadisələrin yersiz uzadılması olmuşdur. Əlbəttə, dərk etməliyik ki, bu, sırf vaxt keçirmək üçün asana qaçan oxucuların şikayətidir. Əminəm ki, əsər öz həqiqi dəyərini kifayət qədər uzun zaman keçəndən sonra alacaqdır. Kitabı illər sonra bir daha oxusaq onu daha yaxşı başa düşə bilərik.

İkinci bəyənilməyən məqam əsərdə qəhrəmanların oğru həyatına, narkotikə, içkiyə sərhədsiz dərəcədə meylli olmasından, bunun normal bir şəkildə, qəbul olunurmuş kimi təqdim olunmasından və sonda qəhrəmanların buna görə "cəza" almamalarından ibarətdir. Sanki narkotik qəbul etmək, içki içmək və oğurluq etmək hər bir “seçilmiş” “xüsusi” insanın normal bir həyat tərzi olmalıdır. Hətta sona yaxın qəhrəman - Teonun dilindən narkotik qəbuluna xüsusi bir bəraət də qazandırılır. Zənnimcə buna görə kitabın üstündə “18+” işarəsi mütləq qoyulmalıdır.

Yazıçı "Pis" qəhrəmanların insanlar arasında normal qarşılanmayacaq bir sıra hətta bir çox xüsusiyyətlərini psixoloji cəhətdən xırdalayaraq onların bu məziyyətlərinə görə oxucular tərəfindən sevilməyinə və qəbul olunmağına çalışmışdır. Yəni, biz həyatda narkoman, içkiyə meylli, əxlaqsız insanları başa düşməli və sevməliyik. Düşünürəm ki, dünyanın harasında olursa-olsun kitablar hər zaman əxlaq və mədəniyyət daşıyıcıları olmalıdır.

Bəlkə də elə bunlara görə bəzi tənqidi məqalələrdə haqlı olaraq qeyd olunmuşdur ki, yazıçının sanki oxucuların nə düşünəcəyi vecinə belə olmamışdır.

Əsərdə İslam dinindən də geniş söhbət açılır... Dinimizdəki məşhur tövhid kəlməsi səhv yazılıbdır.

Əsərdə bir dəfə ermənilərin adı çəkilir.

Əsərdə çox yerdə narkotik və içki, bir neçə yerdə gey səhnəsi var.

Əsərdə çoxlu söyüş və vulqar sözlər istifadə olunub...

Son olaraq qeyd etmək istərdim ki, əsərin Azərbaycan dilinə çox uğurla tərcümə olunacağına az da olsa ümid edirəm. Tərcüməçinin öhdəsinə böyük məsuliyyət düşəcəyini mütləq qeyd etməliyəm. Əsər bütün dünyada olduğu kimi, bizdə də çox müzakirə olunacaq və çox güman ki, birmənalı qarşılanmayacaqdır.

Pulitser alma səbəbi

Amerikanın ən nüfuzlu mükafatlarından sayılan Pulitser mükafatı ədəbiyyat, jurnalistika, musiqi və teatr sahəsinin görkəmli nümayəndələrinə verilir. Mükafat 1917-ci ildən bu günə qədər hər il may ayının ilk həftəsində Nyu Yorkda Kolumbiya universitetində təqdim olunur. Mükafat müxtəlif sahələrdə, müxtəlif nominasiyalar üzrə təqdim olunur. “Payızbülübülü” əsəri həm bədii təsvir gücünə görə, həm də Amerika həyatından ətraflı şəkildə bəhs edə bildiyinə görə tamamilə bu mükafata layiqdir.

Fabrisiusun “Payızbülbülü” əsəri..

Kitabın adından da bəlli olduğu kimi əsərdə hadisələr məşhur rəsm əsərinin ətrafında cərəyan edir. "Payızbülübülü" sözü Azərbaycan dilinə hələ öz dəqiq tərcüməsini tapmamış, rus dilinə "Щеголь" kimi tərcümə olunmuş sarı rəngli kiçik bir quşun adıdır. Əsər məşhur rəssam Rembrantın ən istedadlı tələbələrindən olan 1622-ci ildə anadan olmuş əslən holland olan Fabrisius Karel tərəfindən çəkilmişdir.

Rembrantın bütün şagirdlərindən yalnız Fabrisius orijinal rəssamlıq bacarıqlarına yiyələnə bilmişdir. Ancaq o Rembrantın tünd fonda açıq rəngli şəkil çəkmək üslubuna qarşılıq olaraq açıq fonda tünd rəngli şəkillər çəkmişdir. Rəsmdə səhər doğan Günəş şüalarını xatırladan işığın fonunda sarı rəngli quş təsvir olunmuşdur. Bir ayağı zəncirlə bağlı olan quş məğrur şəkildə rəssama doğru baxır və indicə qanad açacaqmış kimi durur.

Rəssamın öldüyü ildə çəkdiyi rəsm onun “balaca şedevri” hesab olunur. Əsər Donna Tarttın fantaziyalarının əksinə heç bir zaman heç bir uşaq tərəfindən oğurlanmamışdır və hal-hazırda həmişəki yerində Haaqada "Mauriskseys" kral qalereyasında saxlanılır.

# 1044 dəfə oxunub

Müəllifin son yazıları

# # #