Mir Cəlal Sabir Əhmədlidən nə yazdı?

Mir Cəlal Sabir Əhmədlidən nə yazdı?
27 iyun 2014
# 12:34

Yaqut Quliyeva

filologiya üzrə fəlsəfə doktoru

XX əsr Azərbaycan ədəbiyyatında, nəsrində özünəməxsus yeri və mövqeyi olan, gözəl romanlar müəllifi, hekayə ustası Mir Cəlal Paşayev bədii yaradıcılıqla yanaşı, eyni zamanda, ədəbi tənqidlə də məşğul olmuş, xüsusilə, gənc ədəbi qüvvələrin yetişməsində, sonralar bir yazıçı, şair, dramaturq, tənqidçi kimi formalaşmalarında misilsiz rol oynamışdır. Dövrünün gözəl yazıçısı, incə, həssas qəlbli, obyektiv, ədalətli tənqidçisi, eyni zamanda, görkəmli ədəbiyyatşünası və pedaqoqu olduğundan, XX əsrin ortalarında ictimai-siyasi, ideoloji vəziyyətin tam gərgin bir zamanında gənc ədəbi qüvvələrin yaradıcılıq məsələləri ilə bağlı bir sıra problemlərin həlli məhz Mir Cəlal müəllimə tapşırılmış və o, 1955-ci il noyabrın 22-də keçirilən Gənc yazıçıların III Respublika müşavirəsində əsas məruzəçi kimi çıxış etmişdir. Qeyd edək ki, bu məruzənin nəsrdən bəhs edən hissəsi “Bu gün gənc yazıçıların Respublika müşavirəsi açılır. Gənc yazıçılar xalqımıza layiq bədii əsərlər yaratmaq uğrunda mübarizədə fəal iştirak etməlidirlər” başlığı altında “Gənc nasirlərə məsləhət” adı ilə Kommunist qəzetinin 22 noyabr, 1955-ci il sayında çap olunmuş, məruzənin yenə də bədii nəsr, şeir, ədəbi tənqid, qələm və təhsil bölmələrindən ibarət olan mətni isə Azərbaycan jurnalının 1955-ci ilin 12-ci sayında publisistika, tənqid və biblioqrafiya başlığı altında “Ədəbiyyatımızın gənc qüvvələri” adı ilə bütöv şəkildə işıq üzü görmüşdür. Qeyd edək ki, məruzənin nəsr bölməsində ustad ədib birinci olaraq, sonralar xalq yazıçısı kimi tanınacaq gənc Sabir Əhmədovun ilk mətbu hekayələrindən olan “Arabaçı” hekayəsini geniş təhlil edərək, onun müəllifinə uğurlu yol arzulamışdır.

Öz məruzəsini kiçik bir girişlə başlayan Mir Cəlal, girişdə vaxtilə “gənc qələmlərin” – Səməd Vurğunun, Süleyman Rüstəmin, Süleyman Rəhimovun, Mirzə İbrahimovun, Mehdi Hüseynin və başqalarının 50-ci illərdə artıq müqtədir yazıçı olduqlarını xatırlatdıqdan sonra, müharibədən sonrakı illərdə İslam Səfərlinin, Hüseyn Hüseynzadənin, Bəxtiyar Vahabzadənin, Qasım Qasımzadənin, Əliağa Kürçaylının, Ənvər Əlibəylinin, Nəbi Babayevin, Salam Qədirzadənin, İsa Hüseynovun, Seyfəddin Abbasovun, Əhməd Rəhimovun, Pənah Xəlilovun, Məsud Vəliyevin, Qulu Xəlilovun və başqalarının bir şair, yazıçı, tənqidçi kimi meydana çıxdıqlarını bildirir. Son iki-üç ildə isə təzə başlayan, birinci hekayə, şeir, məqalələri ilə diqqəti cəlb edən gənclərdən ilk növbədə, poeziyada Əli Kərimovun, Sərdar Əsədovun, İskəndər Hümmətovun, Arif Cəfərovun, Davud Ordubadlının, Məmməd İbrahimovun, Hikmət Əfəndiyevin, İlyas Tapdıqovun, Famil Mehdiyevin, Cabir Novruzovun, Tahir Hüseynovun, Ramiz Məmmədovun, Tofiq Mütəllibovun, Xəlil Xəlilovun, nəsrdə Sabir Əhmədovun, Altay Məmmədovun, Emin Mahmudovun, Bayram Bayramovun, Nəriman Süleymanovun, ədəbi tənqiddə Ağamusa Axundovun, Bəkir Nəbiyevin və başqalarının adlarını çəkərək, onların daha ümidverici gənclər olduğunu söyləyir. Sonunculardan danışarkən, onların yaradıcılıqlarında mövzu müxtəlifliyi ilə bərabər, bu əsərlərin hamısında yüksək mənəvi keyfiyyətlərin, əxlaqi məziyyətlərin yer tutduğunu xüsusi olaraq vurğulayaraq, bu yenilik hisslərinin artıq uğurlu nəticələrlə və müxtəlif ədəbi formalarda meydana çıxdıqlarını göstərir: “Bu gənclərdə ümumi görünən fərəhli bir cəhət – nədən yazırlar-yazsınlar, mövzudan, janrdan və səviyyədən asılı olmayaraq, yenilik hissinin qüvvətli olmasıdır. Yenilik hissi gənclərin əsərlərində yalnız bir meyl, bir arzu olaraq qalmır. Bu meyl bəzi gənclərin qələmində müvəffəqiyyətli, bədii nümunələrlə nəticələnir. Gənclərimiz işdə, kollektivdə, ailədə, təhsildə hər gün baş verən, daha qabarıq surətdə baş qaldıran yenilikləri sürətlə və geniş surətdə qavramaq istəyirlər. Bu yenilikdən doğan sevinc və fərəh hissini sevinclə ifadə etməyə, ona münasib bədii forma verməyə səy edirlər”.

Qeyd edək ki, məruzəsinin birinci, ikinci, üçüncü bölmələrində müvafiq olaraq nəsr, şeir və ədəbi tənqiddən bəhs edən Mir Cəlal, məruzəsinin dördüncü bölməsinin adını “Qələm və təhsil” qoyur. Əslində gənc yazıçıları, gənc qələmdaşları rus və Azərbaycan ədəbiyyatlarını, klassik və müasir irsi dərindən bilməyə, bu ədəbiyyatların mütərəqqi ənənələrindən bəhrələnməyə çağıran məruzəçi, gəncləri daima öz savadlarını, bilik dairələrini, ədəbi təcrübələrini təkmilləşdirməyə səsləyir. Bu yolda irəliləyərkən, gənc yazıçılara onların yalnız və yalnız zəhmət sayəsində uğura nail olacaqlarını bildirir. Eyni zamanda, bədii yaradıcılığın necə məsuliyyətli bir iş olduğunu xatırladan ustad ədib, gənclərə aşağıdakı nəsihəti verir: Ağac ağacdır, ilin uzun bir müddətini torpaqdan, havadan, günəşdən qida alıb bəslənir, yalnız baharın müəyyən vaxtında bar verir”.

Bu məqamda Mir Cəlal təkcə bir yazıçı və tənqidçi kimi deyil, eyni zamanda, ədəbiyyatın, ədəbiyyat nəzəriyyəsinin gözəl bilicisi, həm də ustad bir müəllim kimi çıxış edərək, gənc yazarlara müəyyən bir yol, istiqamət göstərməklə yanaşı, onların yaradıcılıq estetikasını, bu estetikanın ədəbi-nəzəri əsaslarını da hazırlamış olur. Qeyd edək ki, bu nəzəri-estetik meyarları əsas prinsiplər kimi nəzərdə tutan Mir Cəlal, məhz bu prinsiplər mövqeyindən gənc nasirlərin, şairlərin və tənqidçilərin əsərlərinə öz münasibətini bildirir.

Məruzəsində ikinci bölmədə şeirdən, üçüncü bölmədə isə ədəbi tənqiddən danışarkən, o dövrün gənc qələm sahibləri olan Cabir Novruzovun, Ağəli Qasımovun, Famil Mehdiyevin, İskəndər Hümmətovun, Rüfət Axundovun, Əli Kərimovun, Nəriman Həsənovun, Sərdar Əsədovun, Qulu Xəlilovun, Əhəd Hüseynovun, Məsud Vəliyevin, Əlfi Qasımovun, Bəkir Nəbiyevin, Ağamusa Axundovun və onlarla başqalarının adlarını çəkərək, əsərlərini təhlilə cəlb edən Mir Cəlal, məruzəsinin ilk bölməsində, bədii nəsr haqqında söhbət açarkən, qeyd etdiyimiz kimi, ilk növbədə Sabir Əhmədov və onun “Azərbaycan” jurnalının 1954-cü il, 5-ci sayında çap olunan “Arabaçı” hekayəsindən bəhs edir.

Qeyd edək ki, “Arabaçı” hekayəsi çap olunduğu gündən bütövlükdə ədəbi ictimaiyyət, ədəbi tənqid tərəfindən olduqca yüksək qiymətləndirilmiş, müəllifinə böyük uğur gətirmişdir. Bu hekayə Sabir Əhmədovun ilk qələm təcrübələrindən olmasına baxmayaraq, Mir Cəlalın da nəzərindən yayınmamış və böyük ustad, bizə elə gəlir ki, məhz bu hekayənin bədii uğurunu ilk görənlərdən biri və ya birincisi olduğu üçün, nəsrin uğurlarını şeirdən üstün tutmuş, öz məruzəsində bədii nəsr bölməsini şeir bölməsindən əvvələ keçirməklə, eyni zamanda, ilk olaraq, məhz bu hekayəni təhlil etmişdir. Biz, Mir Cəlal müəllimin öz məruzəsində nəsr haqqında olan hissəni poeziyadan qabağa keçirtdiyini deyərkən, onun aşağıdakı fikirlərini nəzərdə tuturuq. Belə ki, Mir Cəlal müəllim bədii nəsrdən danışarkən, yazır: “Yeni yazanlar arasında şairlərlə yanaşı, gənc nasirlərin də sayı və sanbalı əhəmiyyətli dərəcədə artır. Bunların bəzisi həqiqi yaradıcılıq yoluna düşməkdədir. Gənc nasir Sabir Əhmədov “Azərbaycan” jurnalında çap etdirdiyi (1954, nömrə 5) “Arabaçı” hekayəsi ilə oxucuların diqqətini cəlb etmişdir”. Daha sonra əsas saydığı nəzəri-estetik meyarlar prizmasından çıxış edən məruzəçi, əsərin mövzusunun aktual olduğunu qeyd etməklə bərabər, eyni zamanda, hekayənin yüksək bədii meyarlar əsasında da qələmə alındığını bildirir: “Əsər pambıqçı gənclərin həyatı, məişətindən danışır. Ancaq hekayənin qiyməti yalnız mövzu aktuallığında deyildir. Onun əhəmiyyəti bir yazıçı qələmilə, bədiilik hissi ölçüsü ilə yazılmasındadır”. Məruzədə Mir Cəlal müəllim hekayəni təkcə təhlil etməklə kifayətlənmir, eyni zamanda, “Arabaçı”nın qısa məzmununu bir daha nəzərə çatdırmaqla, onun təhkiyəsi, üslubu haqqında da xoş sözlər söyləyir: “Kolxoz arabaçısı Cəlillə pambıqçı qız Tərgülün ünsiyyəti və bu ünsiyyətin sonradan, iş prosesində necə səmimi və saf bir məhəbbətə çevrilməsi hər iki gəncin inkişafına, səadətinə səbəb olması hekayədə maraqlı bir təhkiyə üsulu, sadə, şirin, xoş bir yumor ilə söylənir”. Maraqlıdır ki, Mir Cəlal müəllim hekayəni təhlil edərkən, onun xarakterlərini, süjet xəttini açmaqla kifayətlənməyərək, ustad bir ədib, tənqidçi kimi bu məsələlərdən bəhs edərkən, hekayəyə, onun personajlarına, süjet xəttinə öz şəxsi münasibətini, fikrini, daha dəqiq desək, rəğbətini də bildirmiş olur: “Cəlil, Tərgül kimi ləyaqətli qızın sevgilisi olmaq iddiasındadır. Digər tərəfdən Cəlil özünü, şöhrətsiz bir peşə sahibi olan bir arabaçının bu məhəbbətə layiq olmaq üçün mütləq yüksəlməyə, tərəqqi etməyə möhtac olduğunu duyub düşünür. Gözəl, əzəmətli, namuslu qız Tərgül daha yüksək peşə və mövqe tutan gənclərə layiq bir qızdır. Cəlilin məhəbbəti təmiz və təbii olduğu qədər də sağlam bir xəyal ilə qanadlanır. O, yaşıdlar arasında, el içində elə bir mövqe tutmaq istəyir ki, sevgilisi fəxr edə bilsin. Bəlkə də məhz bu düşüncələr, Cəlildə yüksəlmək, tərəqqi etmək zərurətini gücləndirmişdir. O, peşəsilə kifayətlənməyib, oxumağa, traktorçu olmağa gedəsi olur”.

Hekayənin əsas qəhrəmanlarından biri olan Cəlilin xarakterini, obrazını olduqca canlı şəkildə, inandırıcı bir tərzdə açıb təhlil edən Mir Cəlal müəllim, görünür, bu kiçik hekayənin ideya istiqamətindən, məğzindən daha çox xoşlandığı üçün, ümumiyyətlə, obrazların təhlilinə daha çox yer vermiş, hekayənin qəhrəmanlarının xarakterlərinin oxuculara və gənc Sabir Əhmədovun qələm yoldaşlarına, həmyaşıdlarına daha aydın şəkildə çatmasını istəmişdir. Bizə elə gəlir ki, Mir Cəlalın bu hekayədə qoyulan ideyanın, oradakı təbiiliyin, xarakterlərin digər gənc yazıçılara örnək kimi göstərmək istədiyindəndir ki, o, Tərgül obrazını da geniş şəkildə təhlil etmişdır. Tərgülü digər əsərlərin qəhrəmanları olan Gülbaharlarla, Bəstilərlə, Gülnarlarla, Rüxsarələrlə müqayisə edərək, onu işıqlı bir obraz kimi bu obrazlara bərabər tutmuş və bizə elə gəlir ki, Tərgül obrazının təbii alınmasında müəllifin həyat həqiqətlərinə sadiq qaldığını ayrıca olaraq vurğulamışdır: “Sadə, sıravi kənd qızı Tərgül hekayədə daha təbii boyalarla verilmişdir. Müəllif həyat həqiqətinə uyğun olaraq, bu qızı nə həddindən artıq pərdəli, nə də bir sıra əsərlərdə olduğu kimi, çox açıq göstərir. Əzəmətli, həyalı, düşüncəli, zəhmətsevən qız Tərgüllə tanış olanda biz istər-istəməz Gülbaharları, Bəstiləri, Gülnarları, Rüxsarələri xatırlayırıq. Cəlil tay-tuş içində tərəqqi zərurətini duyduğu kimi, Tərgül də zəhməti yüngülləşdirməyi, pambıq yığan maşına yiyələnmək üçün oxumaq istəyir. Bu gözəl hiss hər iki gənci yüksək bir gələcəyə çağırır, birləşdirir”.

Qeyd edək ki, bu kiçik hekayənin, demək olar ki, hər bir xüsusiyyətini təhlil edən Mir Cəlal, ustad bir ədib kimi, bu hekayə haqqında, onun ideya-məzmun və xarakterləri barədə bundan artıq danışmağın yersiz olduğunu duyduğundan, əsərin məzmunu haqqında öz müsbət, rəğbət doğuran fikirlərini aşağıdakı sözlərlə tamamlayır: “Oxucu bu gənclər ilə, səadətə doğru gedən bir yolda vidalaşır. Onların birləşməsinə dərin inam bəsləyərək vidalaşır”. Lakin Mir Cəlal müəllim bu cümlələri yazmazdan əvvəl əsərin finalı ilə bağlı daha bir müsbət fikrini bildirir: “Müəllif çoxları üçün mod halına gəlmiş asan toy-bayram finalından qaçmışdır”. Həqiqətən də, ustad sənətkar hekayənin finalının dövrün ədəbi tələblərinə uyğun olaraq, müəyyən standart çərçivədə bitmədiyini nəzərə aldığı üçün, əsərin sonluğunu bəyənmiş və onu uğurlu bir bədii tapıntı kimi qiymətləndirmişdir. Doğrudur, əslində bu finalın özü də dövrün ədəbi ab-havasından irəli gəlirdi. Lakin, hər halda, böyük ustad bu finalın başqa hekayələrdəki sonluqlardan seçildiyinə görə, onu bəyənmiş və onun haqqında rəğbətlə danışmışdır.

Sonralar neçə-neçə romanın, povestin, hekayənin müəllifi olacaq Sabir Əhmədli bədii dil, üslub baxımından öz qələm yoldaşlarından həmişə fərqlənmiş, seçilmişdir. Maraqlıdır ki, bu dil əlvanlığı, üslub fərdiliyi, hətta, onun ilk hekayələrindən özünü göstərməyə başlamış və ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. Mir Cəlal Paşayev ustalığının, həssaslığının, ədəbi zövqünün, ədəbi duyumunun nəticəsidir ki, o, böyük bir uzaqgörənliklə hələ cəmi bir-iki hekayəsi çap olunmuş gənc Sabir Əhmədovun yaradıcılığında məhz bu xüsusiyyətləri duymuş və onları qiymətləndirmışdır. Belə ki, Mir Cəlal müəllim bu kiçik hekayənin bütün xüsusiyyətlərini təhlil etdikdən sonra, yuxarıda qeyd etdiyimiz cəhətlərinə görə, hekayənin bədii dili haqqında da danışmaqdan özünü saxlaya bilməmiş və hekayənin dilinə, üslubuna da öz münasibətini bildirmişdir: “Sabir Əhmədovun təsvirlərində bədii əlvanlıq, xalq həyatından gəlmə orijinal naxışlar çoxdur. Məsələn: talvar altında “sac qoyub çörək salmaq”, “girəvəni əldən vermək”, “kəlmə kəsmək”, “göl kimi durğun göy”, “üzüm giləsi kimi qara gözlər”, “maşında ötənlərin mahnısı eşidiləndə, elə bil ki, bir dəstə quş pırıltı ilə uçub getdi” və s.”

Təbii ki, müəllifinə gənc yaşlarında böyük uğur gətirən, lakin onun ilk mətbu və qələm təcrübələrindən olan bu kiçik hekayə, nöqsanlardan da xali deyildir. Bütün müsbət cəhətlərinə - yenilik hissinin güclü olmasına, dilinin əlvanlığına baxmayaraq, dövrünün ab-havasından gələn sxematiklik bu hekayədə də özünü göstərir. Mir Cəlal müəllim həssas ədəbi zövqlə hekayənin bu qüsurunu da duymuş, yuxarıda başdan-başa təriflədiyi bir əsərin əsl tələbkar, ciddi tənqidçi kimi qüsurlarını göstərməkdən də yan ötməmişdir: “Xoş təsir buraxan və müəllif haqqında ümid bəsləməyə əsas verən bu hekayə əlbəttə ki, nöqsansız deyildir. Cəlilin evlənmək haqqında anası ilə söhbəti nə qədər təbii və realdırsa, Tərgülün, “yenidən qurulmaq” üçün Fatmanın briqadasına getməyi o qədər sünidir və tamam artıqdır. Həyat mayası yenilik təravəti ilə seçilən bu hekayədə kitab təsiri yox deyildir”. Doğrudur, Mir Cəlal müəllim gənc Sabir Əhmədovu tənqid etsə də, əslində bu tənqid bir ata nəsihəti, ustad bir sənətkarın əlinə hələ təzə-təzə qələm alan gənc bir yazıçıya öyüdü, hələ tələbəlik illərindən tanıdığı, müəllimi olduğu bir müəllifə göstərdiyi yoldur. Əslində bu tənqid o qədər zərif, o qədər incədir ki, məsələn, biz Mir Cəlalın bu zərif tənqidini nəsrdən danışarkən, sonrakı gənc yazıçıların əsərlərinə münasibətdə görmürük. Mir Cəlal müəllim digər nasirlərə daha sərt yanaşmış, onların əsərlərini daha sərt tənqid etmişdir. Beləliklə, bütün bunlar ustad ədibin bu kiçik hekayəni tamamilə bəyəndiyini, onu dəyərli bir hekayə kimi təqdir etdiyini açıq şəkildə göstərir.

Apardığımız tədqiqlərin nəticəsində məlum olur ki, bu hekayə və hətta, bir qədər sonra bütövlükdə Sabir Əhmədovun yaradıcılıq uğurları nə qədər artsa da, mətbuatda, rəsmi ədəbi tənqiddə Sabir Əhmədov haqqında ilk dəfə söz deyən, ona uğurlu yol arzulayan məhz Mir Cəlal Paşayev olmuşdur. Maraqlıdır ki, gənc Sabir Əhmədov da, sonralar neçə-neçə romanın, povestin, hekayənin müəllifi olan Xalq yazıçısı Sabir Əhmədli də ona ilk yol göstərən, uğurlar arzulayan böyük ustad Mir Cəlal kimi ustad bir sənətkara çevrilmiş, bu böyük ədibin məsləhəti ilə öz sonrakı əsərlərində həyat həqiqətlərinə sadiq qalaraq, həmişə sxematiklikdən, dövrün sxematik tələblərindən uzaq durmuşdur.

P.S. Bu məqalə beş il, on il bundan öncə bəlkə də yazılmaz, Sabir Əhmədli özü bu yazının təvazökarlıqdan uzaq olduğunu söyləyərdi. Amma mən, bir övlad kimi Mir Cəlal Paşayev və Sabir Əhmədov timsalında ustad bir yazıçının gənclərə göstərdiyi qayğını və böyük bir yazıçının, Mir Cəlal Paşayevin, Sabir Əhmədli haqqında ilk yazı yazdığını və onun ədəbi taleyində mühüm rol oynadığını müasir oxucuların nəzərinə çatdırmaq istədim.

# 3541 dəfə oxunub

Müəllifin son yazıları

# # #