Tənqidçilərin bəyəndiyi dəli kitabı

Tənqidçilərin bəyəndiyi dəli kitabı
10 may 2016
# 13:48

(Ədəbi tənqidçilərimiz üçün dostluq şarjı)

– Doktor, “kaktus Camal” kitabını bitirdi! Xəstəxananın bütün pasientləri kitabı gözlərinə təpirlər! Bir görəsiniz necə əks-səda yaradıb kaktusun romanı.., oxuyan qarnını qucaqlayıb sərilir yerə, elə bil nəşələniblər! Hələ belə gülməli roman yazan olmayıb tarixində... – feldşer Yusif köynəyinin, xalatının yaxasını açıb dəsmalıyla üzünü yellədi, gülləri sulamaq üçün həmişə pəncərədə qoyulan su qrafinini başına çəkib hörtdətdi.

– Hətta, roman!!! – dəlixananın baş həkimi kresloya dirsəklənib özünü qaldırdı.

– Bəli, yüz səhifəlik romandır! Kitabı təcili çap etdirməliyik! Sizi əmin edirəm ki, bu roman ölkəni ayağa qaldıracaq, hamı bizim xəstəxanadakı reabilitasiyanın keyfiyyətindən danışacaq.

– Əminsən?

Öz adım kimi əminəm! Aman Allah, siz kitabı əlinizə alsanız, üstündəki atın şəklinə baxsanız içində yazılanları oxumağa ehtiyac belə qalmaz. Kaktus nobeli partladıb, atamın goru haqqı!

– Mövzu nədəndir?

– Dəlilərin həyatından – hallüsinasiyalar, şüuraltı hisslər, ağ atlı igidin səyahətlərindən. Lamançlı Don Kixotun tam yeni və fərqli versiyası. İnanın ki, Servantes bu cür düşünməyi bacarmazdı!

– Maraqlıdır, çox maraqlıdır... Kitabın əlyazmasını götür, təcili göndər nəşriyyatların birinə. Beş yüz nüsxə bəsdir?

– Gəl min nüsxə edək. Arxayın olun ki, göydə gedəcək, əl-əl gəzəcək bu kitab.

– Qardaşım ədəbiyyatçılarla işləyir, deyərəm, tapşırar, tənqidçilərin hərəsinə bir məqalə yazdırarıq, sonra başlayarıq kitabın reklamına. İşi götür öz öhdənə, pul-para nə lazım olsa de, xərcini özüm çəkəcəyəm.

Yusif gəldiyi kimi də otaqdan dəhlizə götürüldü. Baş həkim çənəsini ovuclayıb güllərə su tökə-tökə, – “Bax bu yaxşı oldu. Çox deyirdiniz ki, aqronomdan baş həkim çıxmaz. İndi görərsiniz necə çıxar. Dəli də ətirşah kimidir, suyunu, peyinini vaxtında dəyişsən, o da gül açar”.

Aradan bir ay keçmişdi ki, dəlixananın feldşeri qoltuğunda iri kağız bağlama qapını itələyib şəstlə içəri girdi, – Biz hazır! – bağlamanın kağızını cırıb iki kitabı baş həkimə uzatdı, – Görün necə alınıb?! – pəncərəyə tərəf dartınıb su qrafininin boynundan yapışdı.

– Çox gözəl kitabdır! “Camal Yavuz, Ağ atlı oğlan” – kitabın üzünü oxudu, kitabın karton üzünü bəzəyən şahə qalxmış atın şəklini sığalladı, ağ səhifələrini iki barmağı arasında pul qoması kimi tələsik çevirdi, mətbəənin kağız qoxusunu ciyərinə çəkdi. Döşəmədəki bağlamanın kağızını soyub bütün kitabları səliqəylə qabaq stolunun üstünə sərdi. Üz qabığındakı atların şəklinə valeh olmuşdu. – Tənqidçilərin məqalələrini də kitaba salmısanmı?

– Hamısını! Hamısı da müsbət rəylərdir. Sağ olsun qardaşınızı, onlara necə təpilibsə, bülbül kimi cəh-cəh vurublar. Bir-ikisi hoppanıb-düşmək istəyirdi, amma cibişdanlarına əlimi salıb-çıxarmaqla imana gəldilər. Hər gün oturub onlarla yeyib-içməkdən az qala özüm də alkaş olacaqdım...

– Əla. Yaxşı eləmisən. Camal Yavuza da tapşır davam eləsin, çəkinməsin, nə yazsa, özüm çap etdirəcəyəm. Öz kompüterini də ver Camala, sənə başqasını alarıq. Kitabı payla şəhərin kitab dükanlarına. Çox sağ ol, di get...

Yusif məmnun halda otaqdan çıxandan sonra baş həkim divana yayxanıb tənqidçilərin fikirlərini diqqətlə oxumağa girişdi. Tərifləri oxuduqca köhnə kompüterin klaviaturasında eşələnən kaktus Camalın əzmkar, yorğun obrazı gözləri qarşısında canlanır, keçirəcəyi səsli-küylü kitab təqdimatlarını düşünürdü. Bütün gün televiziyadan, qəzetlərdən adı düşməyən ən məşhur tənqidçilər, ədəbiyyatşünasların çoxusu romandan ağızdolusu yazırdılar:

Tənqidçi, professor Veysəl Qurbansoy kitab haqqında yazırdı: “Son on ildə köhnə tipli Avropa ədəbi tənqidi – düşüncəli, vicdanlı, ədalətli, sənət əsərinin sırf sənət kimi öz-özülüyündə qiymətli olmasına inanan ədəbi tənqid demək olar ki, yoxdur. Son on ilin ingilis ədəbiyyatına baxsaq, ona hakim olan baxışların estetizmə nə qədər yad olduğunu görərik. Propaqanda ədəbiyyatı basıb udub. Ölkəmiz də Avropa ədəbiyyatının yedəyində gedir. Hesab etmirəm ki, bu müddətdə yazılan bütün kitablar pisdir. Sadəcə, bu dövrü xarakterizə edən Oden, Spender, Maknis kimi müəlliflər siyasiləşmiş mənəviyyatçı-yazıçılar olublar, estetika yadlarında olsa da, əsas diqqəti ədəbi texnikaya deyil, mövzuya veriblər. Nisbətən parlaq ədəbi tənqidçilərə baxsan, görürsən ki, marksist-yazıçılardır, Kristofer Koduell, Filip Henderson və Eduard Apvord, onlar hər kitaba baxanda sözün hərfi mənasında siyasi pamflet görürlər. Onları əsərlərin sosial-siyasi qiyməti ədəbi məziyyətlərindən daha çox maraqlandırır. Camal Yavuzun “Ağ atlı oğlan” romanı çağdaş avropa romançılığının üstündən qara bir xətt çəkir. Siz, Quranda, qaçarkən ayaqlarının altından toz qalxan atlardan yəqin ki xəbərdarsınız...”

Adlı-sanlı ədəbiyyatşünas Musa Cavadov: “Müəllifin bütün cəhdləri ədəbiyyatımızın iyerarxiyasını anlamağa yönəlib. Yazılarından gəldiyim qənaət budur: o, cəmiyyətdə hər kəsin yerini gözəl və dəqiq bilir. Və heç vaxt ölçü həddini itirmir. Bu romanı oxuyandan sonra ağlıma gələn ilk nəzəri qeydlər bunlar oldu: Bu romanda məna obrazla kəsişmir - daha doğrusu, hansısa sürreal bucaq altında kəsişir. Bəzən predmetin mənası və simvolik obrazı arasında əlaqəni pozur. Camalın poetik romanında (N. Sarrotda olduğu kimi) vahid obyekt yoxdur, fraqmentlərə - “kubiklərə” (məsələn, “Lal” şeiri) bölünür və hər birinin şəffaf süjeti var. Romanın baş qəhrəmanı atdır. Əslində atın rəngi qara olsa da, buradakı “ağ” sözünü seçməklə müəllif bizi Ağqoyunlulardan tutmuş ta, Ağ hunlaradək aparır...”

Əşrəf Bünyadzadə: “Çağdaş tarixşünaslığın patriarxı A. Toynbinin dediyi kimi, "Əsasında ilahi qanun - Loqos, kainat şüuru duran tarixin mahiyyəti konkretə nüfuz etməklə dərk olunur. Həqiqət insanın Onunla dialoqunda, daha doğrusu, Onun çağırışına cavab verməsində zahir olur" (“Tarixin dərki”). Təxminən eyni fikri D. Andreyev də özünün "Roza Mira" adlı məşhur kitabında deyir. Bu fikir sufilərin küllün zərrədə təcəllasına dair fundamental qənaətindən mahiyytcə fərqlənmir. İngilis alimi, rus ezoteriki və sufilərin fikrincə: tarixi olayların əsl səbəbi onların görünməyən qatındadır; metatarix dünyaya tarixi sifəti ilə açılan universal prosesin noumenal (batini!) tərəfidir; tarix metatarixin işarələr sistemidir. Romanın ad seçimi olduqca uğurlu olmuşdur”…

Samid Alarlı: “Fikrimizcə, “Ağ atlı oğlan” nəsr mətni üzrə məlum olan bütün aspektləri, təsəvvür və anlayışları özündə cəmləşdirməyə cəhd edən bir mətndir. Təhkiyə, süjet və kompozisiya mürəkkəb quruluşa malikdir. Belə olduğu üçündür ki, o, dünyada canlı nə varsa (dinamika...) əvəz etməyə, ölmüş nə varsa ... diriltməyə çalışır. Bu cəhdin bəlirtiləri özünü müəllifin “dil müdaxiləsində” göstərir. Mətndəki sözlərin və sözcüklərin dalbadal düzülüşü, təhkiyə sintaksisinin xüsusi çalar və keyfiyyətdə meydana çıxması fikrimizcə, Azərbaycan romanı üçün yeni olan keyfiyyətlərdir və bu artıq yeni bədii rakursun imkanlarının genişlənməsi ehtiyacını bir sual kimi ortaya qoyur. Malarmeyə görə, dünyanı saxlayan kitablardır, Blua isə belə deyirdi: biz sətirlərik, yaxud sözük, və ya sehrli bir kitabın hərfləriyik – bu isə aramsız yazılan bir kitabdır... İndi bu mətn sona çatmaq üzrədir. Ancaq yalançı kod – açar söz gerçəkliyin öz məntiqini alt-üst edir. Siz şahə qalxmış atın üstündə məğrur dayanan igidin bizi işğal olunmuş torpaqlarımızı azad etməyə çağırışını hiss etmirsinizmi?”.

Baş həkim bu qəliz və şablon söz yığnağından bezdi, bir neçə vərəqi tələm-tələsik çevirib romanı oxumağa tələsdi. Ürəyi həyəcandan az qalırdı quş kimi yuvasından uçsun, – “Bizim dəli kaktus dünyanı ayağa qaldırmasa yaxşıdır…” – yerini rahatladı, ilk cümləni oxudu, – “İgid ata mindi” – nəbzi artdı, yerində qurcuxdu. “Dıqıdıt-dıqıdıt-dıqıdıt, dıqıdıt-dıqıdıt, dıqıdıt-dıqıdıt dıqıdıt-dıqıdıt, dıqıdıt-dıqıdıt, dıqıdıt-dıqıdıt, dıqıdıt-dıqıdıt, dıqıdıt-dıqıdıt…….. – səhifələri çevirdikcə nöqtəsiz-vergülsüz “dıqıdıt-dıqıdıt”lardan başı gicəllənirdi. Onu tər basırdı. Dilinin altında “dıqıdıt-dıqıdıt” deyə-deyə qalxıb pəncərənin qabağındakı qrafini başına çəkdi, qalstukunu boşaltdı, kreslosuna keçdi. Kitabın axırıncı səhifəsinə çatanda “dıqıdıt-dıqıdıt”lardan fərqli bir cümlə gözünə dəydi, alnının tərini silib romanın son cümləsini gözünə təpdi, – “İgid atdan düşdü”... – elə bil bayaqdan tövşəyən atın üstündə bağır-dalaq olan baş həkimin özüydü, kitabı qatlayıb astaca stolun üstünə qoydu, – “Atana lənət, kaktus Camal! Zatın gorbagor olsun, qrafinka Yusif!”...

Rəşid Bərgüşadlı

10 May 2016

# 1123 dəfə oxunub

Müəllifin son yazıları

# # #