İncə ədəbi fəndlərin böyük ustası

İncə ədəbi fəndlərin böyük ustası
11 fevral 2014
# 11:07

..Siz indi Ramil Əhmədin məqaləsini oxuyursunuz. Rahatlanın. Beyninizdəki bütün düşüncələri qovun getsin. Qapını bağlasanız yaxşı olar. Böyük ehtimalla qonşu otaqda televizora baxırlar. Yüksək səslə deyin: "Narahat etməyin! Mən Ramil Əhmədin yeni yazısını oxumağa başlayıram". Belə deməsəniz çətin ki, sizi rahat buraxsınlar.


Yəqin, bu cür başlıq çoxuna təəccüblü görünəcək. Əslində, təəccüblü heç nə yoxdur. Bu tərzdə başlayan nəinki məqalə, hətta roman da var. Elə yazının ilk abzasının ideyasını "Bir qış gecəsinin yolçusu" romanından "oğurlamışam".

Oxucunu təhkiyəsi, ədəbi fəndləri ilə həmişə təəccübləndirən bu yazıçı ilə gəlin tanış olaq; Adı İtalo Kalvinodur. 1923-cü ildə Kubada anadan olub. Sonradan İtaliyaya köçüb. Gənclik illərində müxtəlif qəzet və dərgilərdə yazılar ilə çıxış edib. İkinci Dünya Müharibəsindən sonra italyan ədəbiyyatının ən öndə gedən imzalarından birinə çevrilib. O, İtalyada bir neçə nüfuzlu mükafatlara layiq görülüb. Yazdığı fantastik hekayələrə görə dünyanın diqqətini özünə cəlb edib. 1984-cü ildə mühazirə oxumaq üçün Harvard Universitetinə dəvət alıb. Nəzərdə tutulan altı dərsdən yalnız beşini keçə bilib. 1985-ci ildə qaldığı otel otağında dünyasını dəyişib. Onun beş mühazirəsi heç bir redaktə edilmədən "Amerika dərsləri" adlı kitabda toplanıb.

İtalo Kalvinonun zəngin tərcümeyi-halı haqqında çox kiçik bir məlumat verdim. Düzdür, öz doğma dilimizdə olmasa da, internetdə axtarış vermək kifayətdir ki, bu yazıçı haqqında geniş məlumat əldə edəsən.

Yazıçının bioqrafiyasını zənginləşdirən ilk növbədə onun əsərləridir. Təəssüf ki, Kalvinonun ana dilimizdə kitabı yoxdur. Onun kitablarını yalnız başqa bir dil vasitəsi ilə oxumaq məcburiyyətindəyik. Ümid edək ki, bu usta yazıçının kitabı yaxın illər ərzində dilimizə tərcümə olunacaq. Ancaq bu, sonranın işidir, indi isə vaxt itirmədən, Kalvinonun hekayələrinə nəzər salaq:

Vicdan

Təsəvvür edin ki, vicdanınızın hökmü ilə kimisə öldürmüsünüz. Nəticə: uzunmüddətli həbs və ya edam.

İndi də təsəvvür edin ki, siz müharibədə adlarını belə bilmədiyiniz, tanımadığınız yüzlərlə insan öldürmüsünüz. Öldürdüyünüz insanların doğmalarını düşünün. Nəticə: qızıl və gümüşdən medallar.

Düşünürəm ki, müharibənin, zorakılığın lehinə olan nəyinki yazıçı heç adi oxucu da yoxdur. Əlbəttə ki, vicdanlı adamlardan söhbət gedir. Bəs görəsən, yarım səhifəlik "Vicdan" hekayəsində İtalo Kalvino bizə nə demək istəyir?

Luiqi adlı bir nəfər müharibəyə könüllü yazılır. Onun müharibəyə qoşulmağının səbəbi keçmişdə ədavəti olan Albertonu öldürməkdir. Ona bu müharibənin Albertonu öldürmək üçün təşkil olunmadığını anlatsalar da, Luiqi bunu heç cür qəbul etmir. O, günahsız, tanımadığı insanları öldürmək istəmir, onu sadəcə Albertonun ölümü maraqlandırır. Bir gün Albertonu tapmaq ümidi ilə qarşısına çıxan bütün düşmən əsgərlərini öldürür. Onun vicdanı narahatdır. O, öldürdüyü adamların kimliyi ilə bağlı hansısa bir məlumata malik deyil. Onları öldürmək isə ona heç lazım da deyil. Beləcə, günlər keçir. Luiqi hər dəfə bir əsgər öldürəndə öldürdüklərinin sayı qədər boynuna qızıldan, gümüşdən medallar asırlar. Nəhayət, hər iki tərəf sülh bağlayır. Luiqi isə axtardığı adama rast gəlmir, yüzlərlə adamı isə nahaqdan, istəmədən öldürür. O, vicdan əzabını yüngülləşdirmək üçün medallarını çamadana yığıb müharibə apardıqları ölkəyə gedir. Medalların hər birini müharibədə ölənlərin həyat yoldaşlarına və uşaqlarına bağışlayır. Təsadüfən, Alberto qarşısına çıxır. "Gec olar, güc olar", - deyib Albertonu öldürür. Luiqini həbs edirlər. Cəzası - edam!

Demək, biz öz məqsədimiz üçün öldürəndə qatil oluruq, başqaları naminə öldürəndə isə qəhrəman. Luiqinin medallarını ölənlərin ailəsinə paylaması ilə yazıçı onların dəyərsiz metal parçaları olduğunu, insan həyatından dəyərli heç nə olmadığını deyir. Luiqi məhkəmədə nə qədər vicdandan danışsa belə ona qulaq asmırlar. Bununla da yazıçı vicdanın heç nəyi həll etmədiyini, onun ölçü olmadığına işarə edir.


Tereza

Yəqin, hər şeyə maraq göstərən (sözün pis mənasında ), bilib-bilmədən hadisələri şərh edən çox adama rast gəlmisiniz. Az adam tapılar ki, bilmədiyi, baş çıxarmadığı şeylər haqqında kənara çəkilib sadəcə “bilmirəm” desin.

Hekayənin qısa süjetini yazıb, nəticəni ixtiyarınıza buraxıram: Yolla keçən bir adam üzünü binaların birinə tutub bərkdən qışqırır: “Tereza!”. Sonra başqa bir nəfər də gəlib onunla birlikdə qışqırmağa başlayır: “Te-re-zaaa!”. Beləcə yoldan keçənlər də onlara qoşulurlar (bayaqdan haqqında danışdığımız adamlar!). Qısa vaxt ərzində təxminən iyirmiyə yaxın adam hamısı bir ağızdan qışqırır: “Teeee-reee-zaaa!!!”. Adamlardan biri Terezanın kimliyini soruşanda məlum olur ki, bu Tereza əslində, heç kimdir! Bu adlı adam varmı, bu binada yaşayırmı? Yox! Ən birincidən tutmuş sonuncuya qədər kimsə Tereza haqqında heç nə bilmir. Binanın önündə ən birinci "Tereza!" qışqıran adam deyir: "Mənim üçün fərqi yoxdur, istəyirsinizsə, başqa bir ad çağıraq. Ya da başqa bir yerə gedib orada da qışqıra bilərik". Hər şey aydındır! Amma adamlar həmin dəqiqə oradan uzaqlaşmırlar. Onlar son bir dəfə də "Tereza!" deyə xorla qışqırırlar. Sonra isə yavaş-yavaş uzaqlaşamağa başlayırlar, amma binanın qarşısında bir adam hələ də inadla “Tereza!” deyə bağırır. Kalvino bu hekayəni çoxdan yazıb qurtarıb. Ancaq bəlkə də, binanın altındakı o adam hələ də "Tereza, Tereza!" qışqırır.

Qara Qoyun

Dostoyevskinin belə bir sözü var - “Kimi dindirirsən deyir yalanı sevmirəm, xəyanətə və haqsızlıqlara dözə bilmirəm. Bəs ortada gəzib dolaşan yalanı, xəyanəti və haqsızlıqları kim edir görəsən?”. Kalvino, sanki, ironiya ilə bu sualı belə cavablandırır: “Dünyada bütün pisliklərin günahı yaxşı adamlardadır”. Niyə? Cavabı tapmaq üçün əvvəlcə gərək hekayənin nədən bəhs etdiyinə baxaq:

Bir zamanlar bütün sakinlərinin oğru olduğu ölkə varmış. Onlar hər gecə bir-birlərini soyurmuşlar. Bu onu, o da bunun evini talan edir, beləcə şad-xürrəm yaşayırmışlar. Günlərin bir günü bu ölkəyə dürüst adam gəlir. Sakinlər adəti üzrə gecə oğurluğa gedəndə yeni gələn dürüst adamın evinin işığının yandığını görürlər. Çünki dürüst adam gecələri oğruluq etmir, kitab oxuyurdu. Nəticədə bir nəfərin evini talan etsələr də, həmin adam yeni sakinin evini soymadığı üçün əliboş qalırdı. Belə olduğu halda dürüst adama başa salırlar ki, onun başqalarının işinə mane olmağa haqqı yoxdur. O, evdə oturduğu hər gecə bir ailə ac qalırdı. Dürüst adam dan yeri ağarana qədər gecəni bayırda keçirməyə başlayır, ancaq oğurluq eləməyi özünə sığışdırmır. Beləliklə, hər səhər bir nəfər geri qayıdanda evini soyulmamış vəziyyətdə tapırdı. Bu dürüst adamın bir gecə əvvəl soyması gərəkən ev idi. Əlbəttə, bir müddətdən sonra evləri soyulmayanlar özlərinin o birilərdən daha varlı olduqlarını gördülər, ona görə də daha oğurluq eləmək istəmədilər. O biri tərəfdən də dürüst adamın evini soymağa gələnlər, əlləri boş qayıtdılar - yoxsullaşdılar. Beləliklə, varlıların da, yoxsulların da sayı artdı. Daha varlılar özləri qarət etmədilər. Onlar oğurlamaq üçün yoxsullara pul verirdilər. Zaman keçir, bəzi varlılar o qədər varlanır ki, artıq oğurluq etməyə, ya da özləri üçün oğurlatmağa ehtiyacları qalmır. Lakin onlar oğurluq eləməsələr tez bir zamanda yoxsullaşmalı olacaqdılar. Ona görə də yoxsulların ən yoxsuluna öz mallarını o biri yoxsullardan qorumaq üçün pul verdilər. Beləliklə, polis yarandı, həbsxanalar açıldı. Dürüst adamın ora gəlişindən bir müddət sonra kimsə oğurluqdan, soyğunçuluqdan bir kəlmə də danışmırdı. Artıq kimin nə qədər varlı, kimin nə qədər kasıb olması barədə söhbətlər dəbdə idi.

Dürüst adam bu ölkəyə gələnəcən heç kim həyatından narazı deyildi. Onlar arasında kəskin fərqlər yoxuydu. Lakin bu adam onların bütün düzənini alt-üst edir. Hekayənin alt qatından bir neçə məsələlər var. Birincisi, əgər həqiqət yoxdursa, demək, biz nəyin yalan olduğunu heç vaxt bilmirik. Əgər yaxşılıq yoxdursa, nəyin pis olduğunu ayırd edə bilmərik. O yerə ki, hələ yaxşılıq gəlməyib, demək, adamlar pisliklə əhatə olunduqlarının fərqinə belə varmırlar. Çünki hələ yaxşını tanımırlar. İkincisi, dürüst adamlar həmişə soyğunçulara mane olurlar. Üçüncüsü, dürüst adamların sayı çox azdır: hekayədə ölkənin bütün oğru sakinlərinə qarşı yalnız bir dürüst adam var. Dördüncüsü, ...... Beşincisi, .......

(Hekayəni oxuyub, nöqtələrin yerinə öz fikirlərinizi yaza bilərsiniz).

Bəs dürüst adamın sonrakı taleyi necə oldu? O, çoxdan, lap çoxdan acından ölmüşdü. Yazıçı demiş, olan işdi.

Ramil Əhməd

# 1753 dəfə oxunub

Müəllifin son yazıları

# # #