Elçindən “İntihar” hekayəsi

Elçindən “İntihar” hekayəsi
25 aprel 2017
# 11:40

Kulis.az Xalq yazıçısı Elçinin “İntihar” hekayəsini təqdim edir.

(Gözəl Kor Qız haqqında hekayə)

1. Əbinin Ağa olması.

…sonra gördü ki, ağır bir daş sürəti ilə başı aşağı sıldırım qayaların arasından dibi görünməyən yarğan boyu aşağı uçur – uçdu, uçdu, nəhayət, yarğanın dibinə çırpıldı və parçalanmış kəlləsindən pırtlayıb çıxan beyini başından fəşqıran Qana qarışıb, yalçın qaya parçalarının üstünə çırpıldı.

Və o qış gecəsi Zəhra – Əbinin anası – uşağın o dəli hürkü ilə bağırtısına yerindən dik atıldı və yalın ayaqları ilə səs salmadan onun yanına qaçaraq həyəcan dolu bir pıçıltı ilə:

- Əbi, nədi, nolub? Pis yuxu görmüsən?- soruşdu və bədənindən sürüşmüş yorğanı uşağın üstünə çəkəndə gördü ki, Əbi suyun içindədi: - Nə yaman tərləmisən…- pıçıldadı.

Əbinin iri, yaşıl gözlərinə, elə bil, hardansa işıq düşürdü və uşaq qaranlıqda işıldayan gözləri ilə zənnlə anasına baxdı:

- Aslan yenə hardadı?

Anası Ani olaraq Şakirə tərəf baxıb:

- Yavaş ol,- dedi və:- Kimi dedin?- soruşdu.- Kim hardadı?

- Aslan…

- Yavaş danış... Aslan kimdi?

Aslanın kim olduğunu Əbinin özü də bilmirdi, amma:

- Yenə ştraf eləyiblər?- soruşdu.

Zəhra da pıçıltıyla:

- Yuxuda nə görmüsən belə?- soruşdu, sonra:- Qalx, görüm.- dedi və uşağın yaş maykasını əynindən çıxardıb, özünün gen-bol gecə köynəyinin qolu ilə Əbinin bədəninin tərini sildi, əvvəlcə istədi ki, başqa mayka gətirsin, amma qorxdu ki, Şakir yuxudan oyanar:- Yat, yat, Əbi.- pıçıldadı.- Yorğanı üstündən salma.

Əbi dalbadal doğulan beş qızdan sonra dünyaya gəlmişdi, ancaq qız dalınca qızın doğulması, onsuz da bəxtindən və güzəranından çox narazı olan, ömründə üzü gülməyən və dünyanı fikrində «oğraş dünya» hesab edən, bir az içəndən sonra isə dünya haqqında bu fikrini hamıya bildirən, get-gedə də Allahdan uzaqlaşan Şakirin – qızların atasının – ürəyini elə bir qüssə ilə doldurmuşdu ki, Əbinin bu «oğraş dünyaya» təşrif buyurması belə, onu sevindirmədi.

Zəhra eləcə səssiz addımlarla qayıdıb, yavaşca yerinə girdi və ehtiyatla Şakirə baxdı – Bakı sirkində avtobus sürücüsü işləyən, sübh tezdən elektrik qatarına minib işə gedən, axşamdan da xeyli keçmiş evə qayıdan Şakir elə yorulurdu ki, yatanda bərk yatırdı və bu dəfə də bərk yatmışdı, oyanmadı. Şakir qastrola gətirilən, sonra da geri qaytarılan, zooparklara gəndərilən və oradan da sirkə daşınan heyvanları ordan bura, burdan da ora daşımaqla məşqul idi və heyvanlara adət etmişdi-nə idi, adamlarla danışmağa qəti həvəsi yox idi, danışanda da ağına-bozuna baxmırdı, həyat haqqında ağzına gələni deyirdi.

Zəhra isə həmin payız gecəsi yata bilmədi – çox narahat yatmış Əbi o tərəf-bu tərəfə çevrilərək yorğanı üstündən atırdı, Zəhra da səssiz bir kölgə kimi gedib onun tərini silir, yorğanı üstünə çəkirdi. Şakir çox siqaret çəkdiyi üçün xırıltıyla nəfəs alırdı, hər nəfəs aldıqca da ucuz və tünd siqaret iyi ətrafa yayılırdı və Zəhra artıq vərdiş etdiyi bu siqaret iyi içində Allahdan diləyirdi ki, Əbi xəstələnməsin.

O payız gecəsinin səhəri «Əbi» – yəni ki, Əbdül, xəstələnmədi və altı yaşlı Əbi də, Zəhra da Aslanın kim olduğunu on ildən sonra, Əbinin on altı yaşı olanda bildi, ancaq bu, elə bir onillik idi ki, sehri-sirri bəlkə neçə on ilə də sığmazdı – bu onillikdə nəinki qəsəbə camaatı, hətta siqareti tərgitmiş Şakir də ona Əbi yox, Əbdül də yox, «Ağa» deyirdi.

Qəsəbənin şimal tərəfində dənizlə üzbəüz dağın ətəyində «Korgözəlqız» («Kor gözəl qız») piri var idi – deyilənə görə gözəllikdə şöhrəti bütün sahil boyu Abşeron kəndlərinə, qəsəbələrinə yayılmış bu yerlərin ən Gözəl Qızı anasını çox istəyirdi, ancaq ana qəflətən xəstələnib ölür, Gözəl Qız isə illər boyu gecə-gündüz o qədər ağlayır ki, kor olur və onun göz yaşlarından bir bulaq yaranır, Allah-təala da Gözəl Qızın belə bir sədaqətinə görə həmin bulağa şəfa bəxş edir. Qaladan bir az yuxarıda, dağın təpəsində isə kiçik bir qaya parçasına «Kor Qız Qayası» deyirdilər: guya o qızı son dəfə bu qayanın üstündə oturan görüblər, sonra da yox olub.

Yalnız qəsəbə camaatı yox, bütün ətraf kənd və qəsəbə sakinləri – o insanlar ki, dərdi-səri var idi və bu piri müqəddəs hesab edirdi «Korgözəlqız»ı ziyarət edirdi, hətta Bakının özündən də bura gələnlər olurdu, əhdlərini edib, nəzir verirdilər, bulaqdan içib, suyu üz-gözlərinə, sinələrinə sürtürdülər, bəzən balaca uşaqları o suda çimizdirirdilər, ancaq o qış gecəsi ki, kiçik vücudunu tər basmış Əbi gecənin yarısı oyanıb Aslanı soruşdu, həmin vaxtdan bir müddət sonra «Korgözəlqız»ı ziyarətə gələnlərin sayı azalmağa başladı.

Məsələ burasında idi ki, həmin gecəyə qədər Əbi məhəllə uşaqları kimi adi uşaq idi, hamıyla birlikdə atılıb-düşürdü, cürbəcür oyundan çıxırdı, gülürdü, ağlayırdı, ancaq həmin gecədən sonra Əbi tamam başqa bir uşaq oldu – uşaqlar dənizdə çimib qışqır-bağır salırdılar, oynaşırdılar, o, isə bir kənarda oturub maraqla bu uşaqlara baxırdı və ən qəribəsi bu idi ki, Əbi hər uşağa baxanda, elə bil, kino görürdü: o uşaqlardan biri birdən-birə böyüyüb təmtəraqlı bir maşın sürürdü, o biri dənizdə boğulurdu, bir başqasını, qan fışqırtısı – elə bil, yerdən neft fışqırırdı – qıpqırmızı rəngə boyayırdı, o birisi kiçik oğlunu məktəbə aparırdı…

Hərdən də elə olurdu ki, zənnlə baxanda uşaqların ürəyinin necə döyündüyünü, damarlarında qanın necə axdığını, içdikləri suyun mədələrinə necə getdiyini, bir sözlə, uşaqların daxilində nə vardısa hamısını görürdü,

Əvvəllər bu görüntülər Əbi üçün maraqlı bir oyun idi, ona elə gəlirdi ki, elə belə də olmalıdır, hamıda belədir, ancaq yavaş-yavaş onun özü üçün də aydın olurdu ki, bu, nəsə başqa bir şeydir və Əbi ikinci sinifdə oxuyanda bir çisginli payız günü tənəffüs vaxtı müəllimlər otağının qabağında başqa müəllimlərlə söhbət edən sinif rəhbəri Talıb müəllimi görəndə diksinib dayandı.

Talıb müəllim təəccüblə ona baxıb:

- Nədi, a bala, nə olub?- soruşdu.

Əbi:

- Bədəl damdan düşüb öldü.- dedi.

Talıb müəllimin gözləri bərəldi:

- Nə?!.- Və hövlnak müəllimlər otağına girdi ki, telefonla evə zəng çalsın.

Bədəl məktəbi qızıl medalla bitirib, Bakı universitetinin biologiya fakültəsində oxuyurdu və onun hələ Xuruşşov vaxtı qəsəbədə tikilmiş beş mərtəbəli panel binanın – «xuruşşovka»nın damında saxladığı göyərçinlərdən də qəsəbə sakinləri yaxşı xəbərdar idi: Bədəl yaşadıqları o binanın damında saxladığı göyərçinləri göyə qaldıranda, o göyərçinlərin göydə mayallaq vurması böyükdən-kiçiyə qəsəbədə hamıya ləzət edirdi.

Və evə telefon açıb sağ-salamat Bədəlin özü ilə danışan Talıb müəllim şagirdlərin yeməkxanasına gəlib, onun başının üstündə duranda Əbi bulka yeyirdi və mülayim, xoşsifət bir adam olan Talıb müəllim gözlüyünün qalın şüşələri arxasından bu dəfə hirslə ona baxaraq:

- O nə axmaq sözlər idi, deyirdin, hə?!- dedi.- Sabah atan məktəbə gəlsin!

Talıb müəllim, gör, nə qədər qəzəblənmişdi ki, Əbinin atasını məktəbə çağırırdı, çünki Şakir dünyaya nə qədər nifrət edirdisə, qəsəbə camaatının da Şakirlə bir o qədər arası yox idi, o, hamının çəkindiyi, heç kimin istəmədiyi ətiacının, davakarın biri idi və qəsəbə camaatı öz aralarında ona «avçarka Şakir» deyirdi.

Bulkası əlində qalmış Əbi Talıb müəllimin ardınca baxa-baxa, nə üçün belə bir qəzəbə tuş gəldiyini heç cürə başa düşə bilmirdi.

Həmin çisginli payız günü axşama yaxın qəsəbəyə dəhşətli bir xəbər yayıldı: Talıb müəllimin oğlu Bədəl göyərçinləri havaya qaldırmaq istəyəndə «xuruşşovka»nın damından yıxılıb, ölüb və bu qəfil xəbərdən sarsılmış camaat elə bilirdi ki, o çisginli havada yazıq Bədəlin ayağı sürüşüb, damdan yıxılıb, ancaq təkcə Əbi heç kimə demirdi, ancaq dəqiq bilirdi ki, Bədəlin ayağı sürüşməyib, Bədəl özünü damdan atb, ölüb – hələ səhər-səhər tənəffüs vaxtı məktəbin dəhlizində Talıb müəllimlə rastlaşanda Əbi bunu bir anın içində aydınca görmüşdü və həmin vaxtdan sonra illər boyu Əbi bildiklərini heç kimə demirdi.

Və Əbinin səhər-səhər başqa müəllimlərin yanında Talıb müəllimə dediyi sözlər bədbəxt Bədəlin ölüm xəbərindən dərhal sonra bütün qəsəbəyə yayıldı və bundan sonra Əbini elə uşaq vaxtlarından əvvəlcə tam adıyla – «Əbdül» çağırdılar, sonra «Əbdül Ağa» oldu, sonra da «Ağa» oldu – «Ağa» deyəndə uşaq da, böyük də bilirdi ki, söhbət kimdən gedir.

Bir gün – Əbi hələ lap təzə-təzə məşhurlaşmağa başlayan vaxtlar idi – işdən qayıdan Şakir evdə oturub həmişəki kimi siqaret dalınca siqaret çəkə-çəkə Əbiyə baxıb, heç özü də bilmədi ki, qəflətən necə dedi:

- Bunun gözləri vəhşi pişiyin gözlərinə oxşayır!..

O zaman Zəhraya elə gəldi ki, Şakir bu sözləri içəridən gələn bir vahimə ilə dedi və elə bil, o anda Şakir, bəlkə də, həyatında ilk dəfə özünü itirdi. İki gündən sonra Şakir yenə işdən qayıdıb, yemək yeyəndən sonra siqaret dalınca siqaret çəkəndə Əbi iri, yaşıl gözlərini atasını zilləyib:

- Daha çəkmə.- dedi və həmin vaxtdan etibarən Şakir siqareti atdı.

2. Ağanın gündəlik həyatı.

«Korgözəlqız» pirini ziyarətə gələnlərin sayı o qədər azalmışdı ki, ətraf kəndlərdən, qəsəbələrdən, hətta Bakının özündən də qarışqa kimi «Korgözəlqız» pirinə daraşmış nəzir yığan, özlərini bu pirin sahibi hesab edən və bir-birləri ilə didişən yalançı mollalar, yalançı seyidlər, yalançı dilənçilər Ağa haqqında cürbəcür böhtan uydururdular, camaatın arasında şayiələr yayırdılar, «şok xəbər» kimi mətbuata ötürürdülər, ancaq bunların heç bir mənası olmurdu, çünki şöhrəti Bakıdan tutmuş bütün bu tərəfə yayılmış, get-gedə də artan Ağanın vergisi göz qabağında idi. Hətta qəsəbədə yaşayan və yalançı yox, həqiqətən savadlı bir molla olan Molla Qurban belə, bu açıq-aşkar vergi qarşısında məəttəl qalmışdı. Təzə vaxtlar:

- Ay camaat,- deyirdi.- uşağı yolundan azdırıb bədbəxt etməyin. Qoyun dərsiylə məşqul olsun. Nadan olmayın, cahil olmayın. Falçılıq deyilən, cadugərlik deyilən, cindarlıq deyilən şeylər xurafatdır. Belə işlərlə məşqul olmaq Şeytan əməlidir.

Ancaq bir müddətdən sonra Molla Qurbanın özünün iki yaşlı nəvəsi birdən-birə az qalırdı ölsün, həkimlərin də hərəsi bir söz deyirdi, bir dərman yazırdı, heç nə də kömək etmirdi, anası, yəni Molla Qurbanın qızı başıalovlu uşağı Ağanın yanına apardı və Ağa iri, yaşıl gözləri ilə zənnlə uşağa baxıb sakitcə:

- Uzun rezin udub.- dedi.

Uşağı təcili Bakıya apardılar cərrahiyə əməliyyatı keçirib, bağırsağında ilişib qalmş rezini – doqquz santimetr uzunluğunda kukla ayağını – çıxartdılar və çox şey görmüş təcrübəli həkimlər də heyrət etdilər ki, iki yaşlı körpə bu boyda rezini necə udub.

Rəhmətlik Molla Qurbanın da o zaman əllərini yana uzadıb:

- Vallah, nə deyim?..- deməsi, əslində, Ağanın vergisinin mötəbər bir təsdiqi idi.

Xəstələr, əlillər, itən adamlarını axtaranlar, uşaq arzulayanlar, uzun sözün qısası, cürbəcür dərdi-səri, arzu-istəyi, nigaransçlığı olan insanlar Ağanın qapısı ağzında növbəyə dururdular və Ağa yaşa dolduqca da bir uşaq səmimiyyəti ilə yalan danışmırdı, nə görürdüsə, onu deyirdi, görmədiyini isə özündən uydurmurdu, etiraf edirdi ki, mən bir söz deməyə çətinlik çəkirəm.

Və Ağa ilə birlikdə dəniz səhilindəki bu ucqar qəsəbə də bir tərəfdən məşhurlaşır, o biri tərəfdən də abadlaşırdı, çünki sirkdə işdən çıxıb, Ağanın qəbulları ilə bağlı təşkilatçılıq məsələləriylə məşqul olan Şakir yalnız özlərinin güzəranının qayğısına qalmırdı – ziyarətə gələnlərin sayı artdıqca, aydın məsələdir ki, vəsait də artırdı və Şakir bu vəsait hesabına magistralla qəsəbə arasındakı az qala üç kilometrlik bərbad yola asfalt çəkdirdi – dünənəcən qəsəbədən üç kilometr aralı dayanan Bakı avtobusu indi qəsəbənin düz qabağında dayanırdı. Hələ Stalinin vaxtlarında – 1940-cı illərin axırlarında çəkilmiş elektrik xətti hər dəfə külək bərkiyəndə qırılıb tökülürdü, Şakir elektrik xəttini təzələdi və ümumiyyətlə, sən demə, sir-sifətindən zəhrimar tökülən, yetəni acılayan, hamının zəhləsi getdiyi davakar («avçarka») Şakir dünyanın ən ürəyi yumuşaq, xeyirxah, kasıb-kusuba əl tutan bir insanı imiş.

Şakir beş qızının beşini də ərə verdi və qızlardan birinin əri Aslan da o zaman peyda oldu. İlk vaxtlar Şakir özünə işlənmiş bir «Moskviç» almışdı, ancaq Ağanın şöhrəti artıqca Şakir də özünə təzə «Jiquli» aldı və o köhnə «Moskviç»i Aslana bağışladı. Aslan çəp idi və tez-tez yol hərəkəti qaydalarını pozurdu və kasıb, təbiətən də sadəlövh, ancaq bir az da üzlü oğlan olduğu üçün hər dəfə Ağagilə gəlib:

- Məni ştraf eləyiblər…- deyirdi.

Dörd-beş dəfə «ştraf» söhbətindən sonra Ağa hiss etdi ki, Aslanın hər dəfə gəlib cərimə oldunduğunu deməyi Şakirin xoşuna gəlmir və Şakir daha onun cərimə haqqını ödəməyəcək.

Ağa:

- Aslan nə istəyir, həmişə ver.- dedi.

Onun sözü əslində hökm idi, evdə hamı üçün, o cümlədən də Şakir üçün qanun idi və Şakir bu hökmü Ağanın mərhəməti kimi yozdu və qəbul etdi, ancaq məsələ tamamilə başqa idi: Ağa bilirdi ki, Aslanın ömrünə bir ildən də az qalıb – beyninə qan sızacaq və bir neçə gündən sonra xəstəxanada rəhmətə gedəcək.

Ağa bunu bilirdi, ancaq heç kimə demirdi və bu cür bilgilər yavaş-yavaş artaraq onun içini doldururdu. Əvvəllər o, qəbuluna gələn adamlarda nə görürdüsə, hamısını deyirdi, ancaq böyüdükcə başa düşürdü ki, insana gələcəyi ilə bağlı hər şeyi demək düz deyil və ümumiyyətlə, hərdən fikirləşirdi ki, hər bir insanın ölümü Allahın yazdığı möhlətin sonudur – bunu yalnız Allah bilir, məxluq bunu bilə bilməz!

O zaman Ağa bunu necə bilir və niyə bilir?

Ağa məktəbi buraxmadı, düzdü, ateizmin hökm sürdüyü sovet vaxtı idi – söhbət 1970-ci illərdən gedir – bütün çətinliklərə baxmayaraq, Talıb müəllimin köməyi ilə məktəbi bitirdi. Talıb müəllim artıq neçə il idi ki, məktəbin direktoru idi və onu neçə dəfə maarif müdirliyinə, hətta Marrif nazirliyinə çağırmışdılar ki, bu nə biabırçılıqdır belə? Sovet şagirdi qəsəbədə falçılıq kantoru açıb, direktor hara baxır? Ancaq Talıb müəllimin maarif işçiləri arasındakı nüfuzu Ağanı müdafiə edə bildi və o vaxt ki, Talıb müəllim orta məktəbi bitirənlərə attestat təqdim edirdi, Ağanın əlini sıxanda, onun eynəyin qalın şüşələri arxasından baxan gözlərinin dərinlərində heç vaxt keçib getməyəcək bir kədər var idi və Ağa həyatında ilk və son dəfə yalan dedi:

- Talım müəllim, Behbud çox yüksəklərə qalxacaq, hamının çox hörmət etdiyi bir şəxs olacaq…

Behbud rəhmətlik Bədəlin kiçik qardaşı, Talıb müəllimin artıq yeganə övladı idi və o anlarda Talıb müəllimin gözləri doldu – bu gözlərdə sevinclə, təşəkkürlə bərabər, həm də daimi bir kədər var idi.

Ağa ona görə yalan deyirdi ki, Behbudun çox ağır, hətta fəlakətli bir həyat yaşayacağını dəqiq bilirdi və Ağa onu da bilirdi ki, bundan Talıb müəllimin xəbəri olmayacaq.

Ancaq universitetə şəxsi maşını və sürücüsü ilə gələn, hər dəfə də onu gözləyən müxbirlərin, televiziya işçilərinin arasından keçməyə məcbur olan Ağa yalnız bir semestr oxuya bildi, çünki elmi ateizm kafedrasının müdiri, həmişə dəb və zöqlə ilə geyinən, öz tualetinə fikir verən, yaraşıqlı bir kişi olan – təsadüfə bax ki, onun da familyası Ağa-zadə idi – professor Ağa-zadə aləmi bir-birinə qataraq («Bu aferisti, bu falçını universitetdə saxlamaq olar? Onda bağlayın mənim kafedramı! Universitetdə falçılıq kafedrası açın, qoy, tələbələr də oxuyub, şarlatan olsun!») Ağanı universitetdən qovdurdu.

Ağa bir də heç vaxt hansısa universitetə girməyə cəhd etmədi, ancaq onun qəsəbədə təzə tikilmiş iqamətgahındakı iri kitab dolabında kitabların sayı get-gedə artırdı və Ağa əvvəldən axıracan oxumadığı bir kitabı o dolaba qoymurdu.

Bu iqamətgahın tikilib, başa çatmasında çox (amma həvəslə) zəhmət çəkmiş Şakir hər gecə ikinci mərtəbədəki geniş eyvana çıxıb, başını göyə, əllərini də sinəsinə qaldırıb, Allahına şükür edirdi:

- Şükür sənə, ya Rəbbim!.. Şükür!.. Şükür!..

Və bir gecə Ağa yatmazdan əvvəl birdən-birə atasını bərk-bərk qucaqladı və bu qəfil vaqeədən əvvəlcə özünü itirmiş Şakir də onu qucaqladı – bütün həyatlarında onlar ilk dəfə idi ki, qucaqlaşırdılar və Ağanın bu məhəbbətindən çox təsirlənən Şakir doluxsuna-doluxsuna:

- Ağa,- dedi.- Məni bağışla, uşaq vaxtı səni çox incitmişəm, ananı da, bacılarını da çox incitmişəm…

Ağa atasını öpdü – bu, onların bütün həyatlarındakı ilk öpüş idi – və heç nə deməyib, öz otağına getdi. Sübh tezdən isə Zəhranın çığırtısı qopdu: Şakir gecə yuxuda ikən keçinmişdi və qəsəbə camaatı onu böyük hörmətlə torpağa tapşırdı.

Ağa evlənəndə toy eləmədi, on dana kəsdirib ətini sahil boyu kəndlərin, qəsəbələrin yetim-yesirinə, kasıb-kusubuna paylatdı və birinci oğlunun adını da Şakir qoydu – ümumiyyətlə, Ağanın nüfuzunun, ona olan ehtiramın bir səbəbi Allah vergisi idisə, o biri tərəfi də onun gözütoxluğu, əliaçıqlığı, mərhəməti idi.

Bir dəfə SSRİ-nin baş qəzeti Ağa haqqında «Yeni peyda olmuş peyğəmbər» (orijinalda belə idi: «Novoyavlennıy prorok») adlı təhqiramiz bir felyeton dərc etmişdi və o zaman qəzetin redaksiyasına da, Politbüroya, Brejnevə də o qədər etiraz teleqramları vurulmuşdu ki, bu məsələni elə Moskvadan da yatırtdılar. Ağanın nüfuzu o dərəcəyə çatmışdı ki, sovet vaxtı rəhbər partiya işçiləri, KQB zabitləri, hətta nazirlər belə, gecələr gizlincə – heç kim görməsin, heç kim tanımasın – onun hüzuruna gəlirdilər və çox zaman da bu gəlişlərin yaxşı nəticəsini görürdülər.

Bir dəfə də – 1981-ci il idi – bir neçə gün Ağa heç kimi qəbul etmədi, özü də görünmədi və belə bir xəbər yayıldı ki, Moskvadan gələn KQB işçiləri Ağanı hərbi təyyarədə Moskvaya, Brejnevə baxmağa aparıblar. Düz idi, düz deyildi, ancaq təkcə qəsəbədə yox, Bakıda da hamı bunu danışırdı və «perestroykanın» son vaxtlarında, o zaman ki, artıq sovet qəzetlərində kim nə istəyirdi, yazırdı, Moskva qəzetləri təzədən bu məsələyə qayıtmışdılar və bu barədə sensasiyalı yazılar dərc olunmuşdu – guya həmin 81-ci ildə həkimlər Ağanın buyruqlarına əməl edə-edə Brejnevi klinik ölümdən qaytarıblar. Hətta müxbirlər sovet vaxtı Kremlin baş həkimi Yevgeni Çazovu tapıb, bu barədə ona da sual vermişdilər və Çazov nə «hə» demişdi, nə də «yox», tamam qeyri-müəyyən bir cavab vermişdi.

SSRİ dağılandan, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Ağanı XX yüzilin Vanqa, Messinq, Edqar Keysi, Uri Qeller kimi ekstrasensləri ilə müqayisə edirdilər, hətta Ağanı daha üstün tuturdular. ABŞ-dan məşhur alimlər, operator və rejissordan ibarət bir dəstə çəkiliş qrupu Ağanın iqamətgahına gəlib, neçə gün cürbəcür təcrübələr keçirərək 50 dəqiqəlik «Ənənəvi elmi heç edən dahi» adlı sənədli film çəkmişdilər və böyük uğur və tamaşaçı qazanan bu filmin müqaviləsinə görə ona 475 min dollar qonarar verilmişdi, Ağa da bu pulu yarıya bölüb, bir hissəsini Bakıdakı uşuq evlərinə, o biri hissəsini də YUNİSEF xətti ilə Afrikada aclıq çəkən uşaqlara verdi. Moskva televiziyasının Ağanın haqqında çəkdiyi «Bəlkə o, yadplanetlidir, heç özü də bunu bilmir?» adlı filmi İzraildə «İlin filmi», Venesiya televiziya filmləri festivalında isə ən yüksək «Büllur baydarka» mükafatlarını almışdı.

Ağa heç vaxt qəbuluna gələnlərlə olum-ölüm söhbəti etməzdi, insanın taleyi ilə bağlı bəd bir şey görürdüsə və bunu aradan qaldırmağın mümkünlüyünü hiss edirdisə, məsləhətlərini verirdi, yox, hərgah daha heç nə mümkün deyildisə, bu barədə heç nə demirdi, ancaq günlərin bir günü, gözlənilmədən Ağanın qəbulunda professor Ağa-zadə peyda oldu – aradan keçən bu qədər illər yenə də dəb və zövqlə geyinmiş, sifəti, saçları səliqə-səhmanlı, dırnaqları dibindən kəsilmiş bu insana təsir etməmişdi və dəyişən yalnız o idi ki, professor Ağa-zadə Sovet İttifaqını ən aktiv, hətta aqressiv ifşa edən məşhur şəxslərdən biri idi.

Ağayla köhnə tanış kimi çox səmimi görüşdü:

- Salam, ay kişi, necəsən?- Və məlum oldu ki, professor Ağa-zadəni axşam vaxtı Ağanın hüzuruna çəkib gətirən sadə bir sual imiş: - Rektorumuz xəstədir, ərizə yazıb, gedir. Mənim də namizədliyim var. Necə bilirsən, məni rektor təyin edəcəklər, ya yox?- Ancaq, kim bilir, bəlkə bu sual bir bəhanə idi və keçmiş ateist professor Ağa-zadəni Ağanın hüzuruna çəkib gətirən daxili bir maraq, hətta şüuraltı bir ehtiyac, bir tələbat idi?

Ağa iri, yaşıl gözlərini professor Ağa-zadənin gözlərinin içinə zillədi və:

- Bəli, təyin edəcəklər.- dedi, sonra heç özü də gözləmədən – elə bil, bu sözlər onun, yəni Ağanın yox, baş bir kimsənin ağzından çıxdı – yenə də ömründə ilk və son dəfə insanın nə vaxt öləcəyini üzünə dedi.- Ancaq təqdimat vaxtı rəhmətə gedəcəksiz.

Xoş xəbəri eşidən anda professor Ağa-zadənin nurani sifətindən açıq-aşkar bir xoşbəxtlik dalğası keçdi, elə bil, güldanda suya qoyulan gözəl bir gül ani olaraq ləçəklərini açdı, ancaq bunun ardınca Ağanın gözlənilməz sözlərindən sonra professor Ağa-zadə elə həmin andaca yerində dondu – ancaq Ağa onun ürəyinin necə şiddətlə döyündüyünü aydınca gördü.

Professor Ağa-zadə özünü ələ aldı və:

- Taqsır səndə deyil, - dedi.- Taqsır məndədi ki, sənin kimi dəllalın birinin yanına gəlirəm!

Və professor Ağa-zadə qapını çırpıb iqamətgahdan çıxdı.

3. Ağanın sirri.

Ağa universitetə rektor təyin olunmuş professor Ağa-zadənin kollektivə təqdim olunduğu vaxt qəflətən ürəktutmasından vəfat etdiyini qəzetdə oxudu və bu xəbər ona olduqca pis təsir etdi, ancaq bunda Ağalıq nə vardı? Ağa gördüyünü demişdi və Ağa bunu desəydi də, deməsəydi də, professor Ağa-zadənin o qəfil ölümünün qarşısını heç nə ala bilməzdi.

Həmin gün gecə qəsəbəyə yağış yağırdı.

Ağa öz otağında pəncərənin qabağında oturub, şıdırğı yağışa baxırdı və yağış pəncərənin şüşəsinə çırpıldıqca, Ağa professor Ağa-zadənin iztirablarını hiss edirdi – nəinki hiss edirdi, o, bu iztirabları görürdü.

Rektor təyin olunmuş professor Ağa-zadənin son gecəsi idi və o, heç cürə ölüm qorxusundan qurtara bilmirdi, hər vəchlə özünü inandırmağa çalışırdı ki, o dəllalın – yəni Ağanın – dedikləri boş sözlərdir, o dəllal ondan yüz il bundan qabağın hayıfını çıxır, ancaq heç cürə sakitləşə bilmirdi.

Professor Ağa-zadə düz fikirləşirdi, əgər Ağa özündən asılı olmasa da onun yaşamaq möhlətini şax üzünə dedisə, deməli, uzun illər boyu Ağanın içində bir intiqam hərisliyi olub və Ağa məqamdan istifadə edib.

Ağa öz uşaqlarına zənnlə baxmaqdan çəkinirdi və baxmırdı, ancaq bəzən elə olurdu ki, övladlarının taleyi – ömürlərinin möhləti bütün təfərrüatı ilə qəflətən onun gözlərinin qabağına gəlirdi və Ağanın həyatı, əslində, elə o görüntülərlə yaşamaq məşəqqətindən ibarət idi.

Professor Ağa-zadə ömrü boyu arzuladığı, həsrətində olduğu bir məqamı əldə edirdi və həmin anda da ölürdü – nə üçün? Yaradan da ondan intiqam alırdı? Axı, insan Yaradanın yazdığından kənara çıxa bilməzdi – kənara çıxa bilsəydi, Ağanın gördükləri baş tutmazdı və ümumiyyətlə, taleyi görmək mümkün olmazdı.

Ağa iri, yaşıl gözləri ilə zənnlə insanlara baxanda, onların yalnız daxili orqanlarını görmürdü, həmin insanların ruhunu da görürdü və professor Ağa-zadənin ruhu da qara bir duman parçası idi, ancaq nə olsun? Onu da, onun kimi Ağanın gördüyü minlərlə qara ruhlu insanı da Allah xəlq etmişdi, ancaq nə üçün? Hər şey Yaradanın, yəni miqyası, qüdrəti insan ağlına sığışmayan hansısa Ali Qüvvənin əlindəydisə, bütün məxluqatı O xəlq etmişdisə, onda nə üçün bu qədər insanların ruhu beləcə qara duman içindədi? Nə üçün insanların, bəlkə də çoxunun ruhu bu qədər qara duman içindədir, bəzən hətta kömür kimi qapqara bir qəlbdir? Yaradan, o Ali Qüvvə nə üçün buna imkan verir?

Ağanın illər uzunu daxili aləminə dola-dola yığılmış, pərçim olmuş hisslər, həyəcanlar, düşüncələr, elə bil, professor Ağa-zadənin ölüm xəbərini gözləyirmiş və yağışın pəncərə şüşəsini döyəclədiyi həmin gecə birdən-birə baş qaldırmışdı – elə bil, onun içindən vulkan püsgürmək istəyirdi və Ağa daha heç cürə bunun qarşısını ala bilmirdi.

Ala bilmirdi, yoxsa daha almaq istəmirdi?

O, uzun illər idi ki, həmin hissləri, həyəcanları, düşüncələri öz içində həbs etmişdi, onları dişara çıxmağa qoymurdu, çünki Ağa bu hiss-həyəcanlardan, bu düşüncələrdən qorxurdu və əlbəttə, bu, heç kimin ağlına gəlməzdi, ancaq həqiqət belə idi: Ağa içinə dolmuş o hisslərdən, həyəcanlardan, düşüncələrdən qorxurdu və əslində, Ağa belə bir pis qorxu ilə yaşayan tənha adam idi – bu, kimin ağlına gələrdi?

Həmin gecə yarıdan keçəndə bütün qəsəbə qaranlıq içində idi, tək-tük həyət qapısının ağzında elektrik lampası yanır, yağış pəncərəni döyəcləyirdi və elə bil, şüşəyə çırpılan o yağış Ağanı çağırdı – o, pəncərəyə yaxınlaşdı, ancaq yatmış qəsəbəni yox, pəncərə şüşəsində öz əksini gördü.

Ağa öz əksinə baxmaq istəmirdi.

Məsələ burasında idi ki, Ağa öz ruhunun da şəffaflığına əmin deyildi – o, özü öz daxilinə baxa bilmirdi, ancaq başqalarında hər şeyi o, açıq-aşkar görürdüsə, bunun səbəbi və mənası nə idi? Və bir mənası vardısa, nə üçün məhz Ağa seçilmişdi?

Bu, bəlkə vaxtıyla rəhmətlik Molla Qurbanın dediyi kimi, Şeytan əməli idi? Ancaq Şeytan əməlinin özü nə demək idi? Və həmin anlarda Ağanın fikrindən keçdi ki, insan bütün pislikləri, bəd əməlləri Şeytanın boynuna yıxıb ki, özünü kənara çəksin.

İnsan həqiqəti – daxilindəki qaranı görmək, bu barədə nəsə bilmək istəmir, buna görə də həmin qaranı görmür və hər bəd əməlinin də öz bəraəti var, ancaq insan kimdir ki, bu, onun istəyi ilə olsun? İnsanı O, yaradıb, bunu O, istəmir, onda, bəs, nə üçün Ağaya imkan verib ki, hər şeyi görsün?

Yağışın pəncərəni döyəclədiyi həmin gecə də Ağa bu suallardan qaçmaq istəyirdi, ancaq bu suallardan qaçmaq mümkün deyildi və Ağa bunu başa düşürdü.

Əgər Ağa kiminsə nə vaxt öləcəyini, necə öləcəyini görürdüsə, bilirdisə, nə üçün sonrasını – ölümdən sonrasını görə bilmirdi? Ağa illər boyu nə qədər çalışırdısa da, həmin kimsənin öldükdən sonra nə olduğunu heç cürə hiss edə bilmirdi, yumulu gözlərinin qabağına ancaq bomboş bir bozluq gəlirdi, vəssalam.

Sonra – yəni yoxluq? Heç nə yox idi?

Əgər sonra heç nə yox idisə, insan bu dünyaya niyə gəlmişdi və onun taleyi əvvəldən axıracan nə üçün yazılmışdı? Axı, bu tale yazılmasaydı Ağa onu necə görə bilərdi?

Birdən-birə bir görüntü Ağanın yadına düşdü: o, bilirdi ki, anası – Zəhra arvad – 107 il yaşayacaq və bu, onu sevindirirdi (Ağa da adi insan idi – hər halda özü belə hesab edirdi), ancaq bir gecə – professor Ağa-zadənin ölümündən bir neçə il əvvəl – elə bil, uzaq keçmişdə qalmış o payız gecəsi idi, Ağa yenə altı yaşındakı kimi tərin içində yuxudan oyandı, qalxıb çarpayıda oturdu və birdən-birə həmin görüntünü gördü: yaşı yüzü haqlamış anası onun, yəni çoxdan rəhmətə getmiş Ağanın saralıb-solmuş fotosuna baxırdı – Zəhra o fotoya baxdı, baxdı və soruşdu:

- Bu kimdi belə?

Əgər on beş-iyirmi ildən sonra öz anası da onu tanımayacaqdısa, onda Ağa nə üçün bu dünyaya gəlmişdi? Əlli ildən, lap yüz ildən sonra unudulmaq üçün? Yüz il olmasın, milyon il olsun?

Ağa şıdırğı yağış yağan o gecə pəncərədən göyə baxdı: göylə o gecənin qaranlığı bir-birinə birləşmişdi, ancaq həmin anda qəribə bir iş oldu: Ağa bir göz qırpımlıq aydın səma gördü – böyük ay və par-par yanan saysız ulduzlar – və Ağa gümsədi: bu boyda kainatın yanında milyon il nə idi? Heç nə.

Və Ağa birdən-birə Kor Gözəl Qızı xatırladı, elə bil o Kor Gözəl Qız da, qəsəbədə yaşayan bir kimsə idi – asta addımlarla o şıdırğı yağış altında gəlib həmin qaya parçasının – «Kor Qız Qayası»nın üstündə oturdu və Ağa az qaldı qışqırsın ki, ay qız, sən nə edirsən, sətəlcəm olarsan, ancaq bu, reallıqdan uzaq, yəqin haçansa olmuş bir görüntü idi. Yağış qızın nazik çəhrayı köynəyini bədəninə yapışdırmışdı və onun qabarmış dolu döşləri, dolu qolları, baldırları, bütün vücudu tərtəmiz, şəffaf bir ruhdan xəbər verirdi və Ağa hiss etdi və şahidi oldu ki, həmin məqamda Yaradan o qızın gözlərinə işıq bəxş etdi, qız başını qaldırıb göyə baxdı, eynən indicə Ağa gördüyü kimi, ayı, parpar yanan saysız ulduzları gördü.

Ağanın içindən uzun illərdən sonra ilk dəfə bir sevinc dalğası keçdi, ancaq bu heç bir an da çəkmədi və Ağa başa düşdü ki, o qız Yaradanın ona bəxş etdiyi bu aylı-ulduzlu xoşbəxtliyi anasının xatirəsinə bir xəyanət hesab etdi – yerindən sıçrayıb o qaranlıq gecədə Ağanın gözləri qabağında yox oldu.

Ağa gözlərini yumdu və fikirləşdi ki, bəlkə insanlar öz ruhunu – istəyir tərtəmiz, şəffaf, istəyir qapqara olsun – qorumaq üçün ondan, yəni Ağadan uzaq olmalıdır?

4. Ağanın ölümü

2011-ci il avqust ayının 13-də Ağanın 55 yaşı tamam oldu və bu rəqəmin özü onun üçün heyrətamiz bir möcüzə idi, çünki 6 yaşında tərin içində yuxudan oyanıb, rəhmətlik Aslanın adını çəkdiyi o qış gecəsi bütün təfərrüatı ilə Ağanın yadında idi, heyrətamizi də o idi ki, həmin gecədən nə az, nə azacıq – bu qədər illər keçib, ancaq Ağaya elə gəlirdi ki, bütün bu illər bir gözqırpımında ötüb, gedib.

Onun saçı-saqqalı ağappaq ağarmşdı və düzdür, baxanda ona 55 yox, çox yaş vermək olardı, ancaq qəbuluna gələnlərdə, hətta onu tanıyan, yaşda ondan xeyli böyük olan qəsəbə sakinlərində də elə bir təəssürat var idi ki, Ağanın 100 yaşı var.

Ağa hərdən güzgüdə özünü görəndə diksinirdi, çünki balaca Əbi həmişə onun gözünün qabağında idi – həmin 2011-ci il 13 avqust günü də Ağa güzgüdə özünü görəndə Əbi gözlərinin qabağına gəldi və Ağanın ürəyində bir anlıq nəsə xoşagəlməyn bir ərəfə hissiyatı oyandı, ancaq sonra keçib getdi.

Və o günün ürəkaçan bir cəhəti də bu oldu ki, elə bil, Zəhraya bir vəhy gəldi, birdən-birə yatağından qalxıb özü plov bişirdi və onların bütün böyük ailəsi süfrə başına yığıldı. Neçə gün idi ki, Zəhra özünü pis hiss edirdi, zəifləmişdi, heç nə yemirdi və qızlar çox həyəcan keçirirdilər, ancaq Ağanın bir kəlməsi ilə: «- Qorxmayın!»- onların ürəyi sakit oldu.

Zəhranın dirçəlməsindən sonra həmin 13 avqust gününün ikinci xoş xəbəri də o oldu ki, Ağanın kiçik hamilə qızının sancıları tutdu və onu Bakıda xəstəxanaya apardılar, axşam isə xəbər gəldi ki, hər şey qaydasındadı, əmin-amanlıqdı, sabahda, birigündə Ağanın yenə bir oğlan nəvəsi dünyaya gələcək.

Hər şey bundan sonra başladı.

O axşam ərzində Ağa daha heç kimi – təbrikə gələnləri də, ziyarətə gələnləri də qəbul etmədi, özünü yorğun hiss edirdi (bəlkə elə heç kimi qəbul etmədiyinə görə yorğun idi?) və Ağa birdən-birə Talıb müəllimin oğlu Bədəli xatırladı – yəqin indi ikisi də o biri dünyada görüşüblər və Talıb müəllim də bilib ki, Bədəlin ayağı sürüşməyib, özünü damdan atıb – ancaq «o biri dünyada», yəni hansı dünyada?

Ağa ikinci mərtəbədəki geniş otağında xeyli var-gəl etdi və Ağa hərdən belə var-gəl edəndə evdəkilər bir-biri ilə az qala pıçıltı ilə danışırdılar, işlərini də çox ehtiyatla görürdülər ki, ona mane olmasınlar (o, nə edirdi ki?) və bu dəfə də iqamətgahda təkcə Ağanın addımlarının yumuşaq səsi eşidilirdi. Sonra Ağa yataq otağına yatmağa getdi – adətən hamı yatandan sonra yatırdı – gec yatıb, tez oyanan idi, gündə dörd-beş saatdan artıq yatmırdı – və bu dəfə də 13 avqust artıq bitmişdi.

Ağa soyunub yerinə girmək istəyəndə, elə bil, ayaq üstə qəflətən qurudu və elə ayaq üstdə də hələ anadan olmamış o çağa – Ağanın bu günlərdə dünyaya gələcək nəvəsi – oğlan – onun iri, yaşıl gözlərinin qabağına gəldi: o sağlam, yaraşıqlı, hamını sevindirən və sevən oğlan sürətlə böyüyüb yeddi yaşına çatdı, dayandı və qəflətən avtomobil qəzasına düşüb dəhşətli əzablarla həlak oldu.

Ömrü boyu minlərlə insan taleyi görmüş Ağa heç vaxt bu cür sarsılmamışdı – ona görə yox ki, belə dəhşətli əzablar içində həlak olan o yeddi yaşlı oğlan onun nəvəsi idi, ona görə ki, belə bir aqibəti olacaq bu çağa nə üçün dünyaya gəlirdi? Əgər yeddi il ərzində bu çağanın ömrü (günahları) o cür ölümə layiq olacaqdısa, onda nə üçün onun taleyinə bu cür günahkar bir ömür yazılmşdı?

…Və Ağa iqamətgahından çıxanda bütün qəsəbə yatmışdı.

Ağanın bütün varlığını qatı qara duman kimi qatı bir nifrət hissi bürümüşdü.

Ayaqları onu «Korgözəlqız» pirinə tərəf aparırdı və Ağa bunu bilirdi, ancaq – nə üçün ora gedirdi? – bu barədə fikirləşmirdi, çünki bütün varlığını bürümüş o qatı nifrət hissi illər uzunu onun beynini çatladan o fikiləri, düşüncələri, hiss-həyəcanları dağıdıb, it-bata salıb, yox etmişdi.

O bürkülü avqust gecəsi Ağanın nəfəsi çatışmırdı, ancaq o, bunun fərqində deyildi, eləcə sürətlə dağa qalxırdı və Ağa pirin yanında dayanmayıb, birbaşa dağın təpəsinə – qayalığa çıxdı.

Və Ağa nəhayət ki, «Kor Qız Qayası»nda əyləşib nəfəsini dərdi.

O gecənin sakitliyini yalnız dənizin bu qədər uzaqlıqdan da eşidilən uğultusu pozurdu.

Hər tərəf qaranlıq idi və Ağa heç başını qaldırıb göyə də baxmırdı.

Ağa üçün hər şey maraqsız idi.

O Kor Qızın ruhundakı təmizliklə, şəffaflıqla qapqara ruhlar arasında heç bir fərq yox idi və Ağa özünü böyük bir yalanın, böyük bir hiylənin içində hiss edirdi.

Ağa bu yalana, bu görünən və görünməyən kainat qədər böyük hiyləyə, bu qurulmuş nəhəng riyakar oyuna nifrət edirdi və Ağanın içinə dolmuş o nifrət o qədər güclü idi ki, o, özü qalxmadı, onu «Kor Qız Qayası»ndan içindəki həmin nifrət qaldırdı və həmin nifrət də Ağanı altı yaşlı Əbinin o gecə görüntüsünə doğru apardı.

5. Epiloq

Bütün mətbuat, saytlar, teleqraf agentlikləri 2011-ci il avqut ayının 13-dən etibarən Ağanın yoxa çıxdığını yazırdı. Hətta prokurorluq ayrıca iş açmışdı, Ağanın övladları məşhur ekstrasenslərə müraciət etmişdi.

Ancaq bütün bunların heç bir əhəmiyyəti olmadı.

16 yanvar 2017.

Roqaşka.

# 1124 dəfə oxunub

Müəllifin son yazıları

# # #