“Leyla”, Rəcəb və Röya...

“Leyla”, Rəcəb və Röya...
5 fevral 2014
# 12:44

Bəzi romanları və bəzi yazarları oxuyarkən çox böyük bir şey gözləməmək və sadəcə oxuduğundan zövq almağa çalışmaq lazımdır. Cavid Zeynallı da bu tip - oxuduqca oxumaq istədiyim yazarlarımızdandır. Yazarın işlətdiyi zəngin dil, axıcı üslub ilk cümlələrdən insanı kitaba bağlayır və mövzusundan asılı olmayaraq sadəcə oxumaq istəyirsən. Heç bir dərinlik, faciə, fəlsəfə kimi şeylər gözləmədən, sadəcə oxumaq... Həm müəllifin ilk romanı “Günəşi gözləyənlər”i ,həm də “Leyla” romanını böyük zövqlə oxudum. Qısa şəkildə romanın mövzusu belədir:

Romanın adı Leyla olsa da, əsərin qəhrəmanı ziddiyyətli xarakterə malik, sıxıcı və sıradan həyatından bezmiş, günlük həyatını yola verməyə çalışan adi bir jurnalist olan Rəcəbdir. Xəyallarındakı həyatdan çox fərqli bir həyat yaşayan Rəcəb, aldığı maaşla özünü güclə dolandırır. Fortepiano müəlliməsi olan sevgilisi Əsmər ilə tələbəlik illərindən bəri davam edən münasibətləri də artıq sıradan olmuş və adiləşmişdir... Bir gün yaşadığı məhəlləyə məşhur müğənni Leylanın köçməsi isə Rəcəbin həyatını tamamilə dəyişdirir. Ölkənin ən məşhur xanımlarından biri olan Leylanı daha yaxından tanımaq və son zamanlar baş verən qalmaqalların altında hansı səbəblərin olduğunu öyrənmək həvəsi Rəcəbi gözləmədiyi təhlükələr və yeni suallarla qarşı qarşıya qoyur. (Şou biznes aləmini idarə etdiyi iddia edilən Klaranın kim olduğu, Maestro Vüqar, Leylanın səhnədən gözdən düşməsinin səbəbləri, Rəcəbi ölümlə hədələyən naməlum şəxslər)

Roman Rəcəbin monoloqu üzərinə qurulub. Bütün hadisələri onun dilindən təsvir olunur. Oxucuya sən deyə müraciət edən yazar asanlıqla oxucuyla səmimiyyət qurmağa nail olur. Rəcəb hadisələri danışarkən, bir yandan da, daima vicdanıyla hesablaşır.

Əsərdə ən çox diqqəti çəkən xüsusiyyətlərdən biri yazarın azərbaycanlı obrazını (orta statistik) əla təsvir etməsidir. Dinlədiyi musiqilər, qəhrəmanların düşüncə tərzi, həyata baxışları, yaşayış tərzləri çox sadə və düzgün şəkildə ifadə olunub. Heç bir şişirtmə və qeyri-real obraz yoxdur. Rəcəbin düşüncə tərzində bizə yad olan heç bir şey yoxdur. Yazar hər gün gördüyümüz insanları özünə xas bədii üslubuyla bəzəyib-düzəyib, cümlələr halında oxucuya çatdırıb. Demək olar ki, əsərdə cəmiyyətimizdə oturmuş fikirlərdən kənara çıxan, fərqli bir düşüncəyə sahib heç bir obraza rast gəlinmir.

Roman başdan sona qədər müəllifin zəngin dili ilə bəzədilib. Süjet və ideyadan çox dilə üstünlük verildiyi və bunu da uğurla icra etdiyi ortadadır. Rəcəbin adi çox da maraqlı olmayan düşüncələrini və yumorunu zövqlə oxudumsa, bu müəllifin dildən çox gözəl istifadə etməsi ilə bağlıdır.

Cavid Zeynallı “Leyla”da Aygün Kazımovadan, Lalə Məmmədovanın həyatından, Röyadan, Nisə Qasımovadan, Rəqsanədən nəsə var desə də, kitab internet portallarında “Röya haqqında erotik roman” kimi yayıldı. Təsadüfi deyil ki, elə Röya Cavid Zeynallı ilə əlaqə saxlayıb və bu haqda məlumat almaq istəyib. Düşünürəm ki, romanın bu formada təqdim olunması və bu başlıq altında tanınması Leyla romanının mənəvi dəyərini azaltmışdır. Əgər romanı bu formada təqdim etməyin müəllifin ideyası olduğundan əmin olsaydım, yazarın kitabı təqdim etmək üçün ən ucuz yola əl atdığını düşünəcəkdim. Allahdan, belə deyil. Yazarın belə bir uydurma təqdimata ehtiyacı olmadığını düşünürəm (Əgər yazar romanı “Röya haqqında erotik roman” kimi təqdim etsəydi, Leyla romanının hərgün xəbər saytlarında diqqət çəkmək üçün müxtəlif başlıqlarda yayılan uydurma xəbərlərdən fərqi olmazdı). Ümumiyyətlə, Röya və erotika sözləri yan-yana tv-də, “Parni iz Baku” və “Bu şəhərdə”nin səhnəsində o qədər səsləndirilib ki, bu olduqca sıradan və mənasız söhbətə çevrilib. Əsərin bir məqamında işlədilən bu cümlələrin Röyaya ithafən istifadə olunduğunu düşünürəm: “O, Azərbaycan şou-biznesindəki qadınların yalançı əxlaq və tərbiyə maskasını yırtanda keçmişini və bu gününü düşünməmişdisə, deməli indiki faciəsini yaşamaq bu Davudnəfəs qızın “halal” haqqıdır.

Erotik səhnələr isə toplamda 2-3 səhifə olar ya olmaz. Kitabın üz qabığında ehtirasla bir - birini arzulayan dodaqlar müəyyən qədər erotika, ehtiras və sevgidən xəbər verirdi. Amma onu dəqiqliklə deyə bilərəm ki, bu roman erotik roman deyil (Əgər öpüşmək, qarşındakı qadına baxıb onun döşlərini sıxmaq arzusu ilə yanıb alışmaq kimi hisslər romanı erotik roman etmirsə). Elə “Günəşi gözləyənlər” romanında da bu qədəri var idi. Ümumiyyətlə, müəllifin ilk romanını oxuyanlar qəhrəmanlar arasındakı oxşarlığı mütləq görəcək. İki romanda da, baş qəhrəmanların uzun müddətdir davam edən münasibətləri-sevgililəri- olduğu kimi, sonradan ortaya çıxan fahişə obrazını təmsil edən ikinci bir qadın da var. Rəcəbin yaşadığı evin ətrafından ət iyi gəlirsə, Üzeyirin evində sidik iyindən oturmaq olmur. İsmayıl dayı (“Leyla”) və Firəngiz xala (“Günəşi gözləyənlər”) mehriban və xeyirxah ev sahibəsi və qonşu kimi bir-birlərini xatırladırlar.

Müəllifin yaradıcı və zəngin dili roman haqqında ciddi bir qınaq ortaya qoymağıma mane olur. Düşünürəm ki, bir qədər şişirtsək, Cavid Zeynallıya “Azərbaycanın Paulo Koelyosu” demək olar. Axıcı, zövqlü və aktual mövzularda yazması, oxucunu təsir altına asanlıqla alması kimi səbəblər məndə bu təəssüratı yaratdı.

Sonda bir daha Leylanın Röya kimi təqdim olunması məsələsinə toxunmaq istəyirəm. Yoxsa ürəyimdə qalacaq. Hər nə qədər əvvəlcədən Leylanın əslində Röya olmadığını bilsəm də Leyla nə vaxt danışsa Röyanın səsini eşidirdim. Düşünürəm ki, müəllif (yada bunu kim belə təqdim etdisə) oxucunun xəyal dünyasına sərhəd qoymamalı və bunu bizim (oxucuların) təsəvvürümüzə buraxmalı idi. Çünki, Leylanın bədən quruluşu və ağ baldırları haqqında oxuduqca gözümün qarşısında canlanan Röyanın siması əzilib büzülür və bir-birinə qarışırdı (Röyanın ağ olmadığını bilirik). Axırda isə özümün zorla səsi dəyişdirmək cəhdlərim tam alınmadı və ortaya sanki Qaragözün səs dalğalarına çevrilmiş halı çıxdı.

Elvir Nizamioğlu

qafqazinfo.az

# 1567 dəfə oxunub

Müəllifin son yazıları

# # #