İki qardaşın bir qadını

İki qardaşın bir qadını
23 iyul 2014
# 13:20

Kulis.Az Nəriman Əbdülrəhmanlının tərcüməsində Xorxe Luis Borxesin “Şər qadın” hekayəsini təqdim edir.

Deyirlər (bununla belə, şaiyələrə inanmaq da çətindi), bu əhvalatı min səkkiz yüz doxsanların hansı ilindəsə Moron dairəsində öz əcəlilə ölmüş böyük qardaşı Kristiansenin tabutu başında çırpındığı vaxt Eduardenin özü, kiçik Nilsen danışıb. Amma dəqiq məlumdu ki, o əhvalatı kədərli mate arxasında qısaltdıqları həmin uzun müddət keçməyən gecə kimsə kimdənsə eşidib Santyaqo Dabovaya çatdırıb, o da mənə xəbər verib. Çox-çox illər sonra mən, orda, Turderdə, baş verdiyi yerdə yenidən eşitdim. Bir qədər ətraflı olan ikinci versiya baş verən hadisənin bütövlükdə Santyaqonun hekayətinə – bəzi variasiyalar, ricətlərlə ki, bu da adi iş hesab olunur, – uyğun gəlirdi. Mənsə bu əhvalatı indi ona görə yazıram ki, orda paytaxt ətrafının əvvəlki sakinlərinin xasiyyətinin faciəvi, aydın mahiyyəti, əgər səhv eləmirəmsə, güzgüdəki kimi görünür. Hər şeyi dəqiq çatdırmağa çalışaram, bununla belə, artıq hiss olunur ki, lazımsız xüsusiyyətləri qeyd eləmək, yaxud yazıb doldurmaq kimi ədəbi cazibəyə təslim oluram.

***

Turderdə onları Nilsenlər adlandırırdılar. Kilsə keşişi mənə dedi ki, bu adamların evində qara cildli, qotik şriftli didik-didik olmuş Bibliyanı görəndə çox təəccüblənib; son səhifələrdə əllə yazılmış tarixi adlara rast gəlib. Bu, evdə olan yeganə kitab idi. Nilsenlərin hər şeyi kimi çürümüş, dağınıq xronikasıydı. Artıq mövcud olmayan ev gildən tikilmişdi, iki həyəti - əsas, qırmızı plitəylə döşənmiş, ikinci torpaq döşəməli - vardı. Bununla belə, orda çox az adam olurdu. Nilsenlər öz tənhalıqlarını qoruyurdular. Kasıbyana döşənmiş otaqlarda taxta çarpayılarda yatırdılar. Onların sevinci at, yəhər-yüyən, qısa tiyəli bıçaq, şənbə günləri səs-küylü gəzinti, keflərini qaldıran içkiydi. Bilirəm ki, onlar ucaboy, sarısaçlıydılar. Haqqında, deyəsən, eşitmədikləri Danimarka, yaxud İrlandiya bu iki kreolun qanındaydı. Ətrafları sarışınlardan qorxurdu: ola bilsin, onlar kimisə öldürmüşdülər. Bir dəfə qardaşlar çiyin-çiyinə polislərlə vuruşurdular. Deyirlər, kiçik oğlan Xuan İberroyla toqquşub, özünü qoruya bilib, bu da dünyagörmüş adamların fikrincə, az şey deyildi. Onlar həm naxırçıydılar, həm dəri aşılayır, mal-qara kəsir, bəzən də sürüləri damğalayırdılar. Pulun qədrini bilir, amma sərt içkilərdə, qumarda xəsislik eləmirdilər. Onların nəsli barədə heç kəs eşitməmişdi, özlərinin hardan gəldiklərini də kimsə bilmirdi. Nilsenlərin öküz boyunduruğu, arabası vardı.

Görkəmlərinə görə, şəhərətrafının bir vaxtlar bura Abırsız Bulanıq Sahil adı vermiş yerli sakinlərindən fərqlənirdilər, bu və hələ bilmədiklərimiz iki qardaşın möhkəm dostluğundan xəbər verir. Onların biriylə öcəşmək o birini öz düşməninə çevirmək demək idi.

Nilsenlər gəzəyən idilər, amma onların sevgi macəraları hələ özgə qapılarıyla, ümumxanalarla məhdudlaşırdı. Buna görə də Kristian Xuliana Burqosu evə gətirəndə az söz-söhbət olmadı. O, əlbəttə, qulluqçu tutdu, amma o da doğruydu ki, qulluqçuya gözəl bər-bəzək bağışlayır, onu özüylə gəzməyə aparırdı. Qonşuların özgə qızlarını əldən almağın qəbul olunmadığı sadə gəzintilərə gedir, rəqslərdəsə hələ böyük sevinc tapırdılar. Xuliananın badamı gözləri, qaraşın dərisi vardı; zəhmətin, qayğıların qadınları qurutduğu kasıb məhəllədə o, cəlbedici görünürdü.

Eduarde əvvəlcə hər yerdə onlarla birgə olurdu. Sonra qəfildən Arresifesə yollandı, bilmirəm nəyə görə yolüstü bir qız seçib götürdü, amma bir neçə gündən sonra onu qovdu. O, daha qaşqabaqlı oldu, meyxanada tək içirdi, hamıdan qaçırdı. Eduarde Kristianın qadınına vuruldu. Bundan, yəqin, onun özündən tez xəbər tutan məhəllə sakinləri qardaşların gizli rəqabətinin nəylə qurtaracağını bədxahlıqla gözləyirdilər.

Bir dəfə gecə Eduarde meyxanadan qayıdıb Kristianın talvarın altındakı dirəyə bağlanmış kəhər atını gördü. Böyük qardaşı onu həyətdə bayramsayağı geyinmiş halda gözləyirdi. Qadın çıxıb əlində mate qayıtdı. Kristian Eduardeyə dedi:

- Mən təkcə Fariasa kafeyə gedirəm. Xuliana qalacaq. Əgər istəsən, istifadə elə.

Səsi hökmlə, xeyirxahcasına səslənirdi. Eduarde neyləyəcəyini bilmədən düz qardaşının üzünə baxa-baxa yerində donub qaldı. Kristian qalxdı, Eduardeylə sağollaşdı, hətta, Xulianaya baxmayıb – o, əşyaydı, – ata mindi, yorğa yerişlə sürüb getdi.

***

Həmin gecədən Xuliananı bölüşürdülər. Şəhərətrafının abırlı güzəranını pozan bu abırsız ittifaqda günlərinin necə keçdiyini kimsə düz-əməlli bilmirdi. Hər şey üç həftə beləcə rahat keçdi, amma müddət bu cür davam eləyə bilməzdi. Qardaşlar, hətta, çağıranda belə, Xuliananın adını dillərinə gətirmirdilər, amma dalaşmaq üçün bəhanə axtarıb tapırdılar. Əgər mübahisə hər hansı dərinin satışından gedirdisə, mübahisə heç dəri barədə deyildi. Kristian həmişə səsini qaldırır, Eduardesə susurdu. Onlar istər-istəməz bir-birini qısqanırdılar. Malikanənin qəddar əxlaqı kişiyə qadının onda, sadəcə, ram eləmək istəyindən başqa bir hiss doğurduğunu, hətta, özünə etiraf eləməyə imkan vermirdi, amma hər ikisi də vurulmuşdu. Bu da məlum tərzdə onları alçaldırdı.

Bir dəfə axşam Lomas meydanında Eduarde Xuan İberraya rast gəldi, Xuan onu ələ keçirə bildiyi gözəlçəyə görə təbrik elədi. Məncə, məhz onda Eduarde onu əzişdirdi. Kimsə onun yanında Kristianı ələ sala bilməzdi.

Qadın onların hər ikisinə heyvani itaətlə qulluq eləyirdi, amma öz payından imtina eləməyən, həm də bu evdə birinci qayda yaratmayan kiçik qardaşa üstünlük verdiyini gizlədə bilmirdi.

Bir dəfə Xulianaya baş həyətdə iki stul qoymağı, orda görünməməyi tapşırdılar – qardaşlar söhbət eləməliydilər. Xuliana danışığın axırını uzun müddət gözlədi, bu müddətdə dincəlmək üçün uzandı, amma tezliklə onu çağırdılar. Bütün əşyalarını, hətta, şüşə çötkəsini, anasından qalma xaçını kisəyə doldurmağı əmr elədilər. İzahatsız-filansız onu arabaya mindirib sakitcə ağır yola çıxdılar. Yağış yolu xarab eləmişdi, yalnız səhər saat beşə yaxın Morona çatdılar. Orda qızı ümumxana sahibəsinə satdılar. Alış-verişi yerində elədilər, Kristian pulu alıb yarısını kiçik qardaşına verdi.

Turderdə Nilsenlər, nəhayət, sevgi əsintisindən (onların məhvinin qarşısını alan) çıxıb kişilərin əhatəsindəki əvvəlki kişi həyatlarına qayıtmağı arzuladılar. Sonra təzədən davalara, içkiyə, dalaşmağa başladılar. Ola bilsin, başqa kərə öz qurtuluşlarına da inandılar, amma tez-tez əsaslı, yaxud əsassız səfərlərə – hərəsi öz işinin dalınca – gedirdilər. Yeni ilə az qalmış balaca qardaş dedi, Buenos-Ayresə getməlidi. Kristiansa Morona yollandı, tanış evin talvarı altında Eduardenin səmənd atını gördü. İçəri girdi. Kiçik qardaş orda oturub növbə gözləyirdi. Görünür, Kristian ona deyib:

- Bundan sonra belə olacaqsa, atları yoracağıq. Yaxşısı budu, qoy o, əlimizin altında olsun.

Sahibəylə danışıb qurşağının altından pulu çıxardı, qardaşlar qızı özlərilə götürdülər. Xuliana Kristianla getdi. Eduarde onlara baxmamaq üçün səmənd atını mahmızladı.

Hər şey artıq haqqında danışdığımıza qayıtdı. Problemin iyrənc həlli çıxış yolu olmadı, hər ikisi qarşılıqlı yalanacan alçaldılar. Qabil* - (Rəvayətə görə qardaşı Habili öldürmüş Qabil nəzərdə tutulur - tərc.) lap yaxında dolaşırdı, amma Nilsen qardaşlarının bir-birinə bağlılığı möhkəmiydi – kim bilir, birgə hansı çətinlikləri, təhlükələri aradan qaldırmışdılar! İndən sonra ikisi də öz acıqlarını başqalarına keçirməyə üstünlük verirdilər. Başqa adamlara, itlərə, inciklik yaratmış Xulianaya.

***

Mart ayı sona çatır, amma isti azalmırdı. Bazar günü (bazar günləri adamlar evlərinə tez dağılışırlar) Eduarde meyxanadan qayıdıb gördü ki, Kristian öküzləri arabaya qoşur. Kristian ona dedi:

- Bura gəl görüm. Pardo üçün bir neçə dəri aparmaq lazımdı. Artıq yükləmişəm. Sərin vaxtda getmək asandı.

Pardonun ticarət anbarı, mənə elə gəlir, uzaqda, Cənub tərəfdəydi. Onlar Las-Tropas yoluyla gedirdilər, sonrasa yoldan çıxdılar. Gecəyə doğru düzənlik qarşılarında daha geniş açılırdı.

Onlar ceyilli bataqlığın yanıyla gedirdilər. Kristian közərən siqareti atıb sakitcə dedi:

- İndi işə başlayaq, qardaş. Sonra bizə qurdlar kömək eləyəcək. Mən bu gün onu öldürdüm. Qoy öz əşyalarıyla burda qalsın. Daha bizə zərəri dəyməyəcək.

Sonra, az qala, ağlaya-ağlaya qucaqlaşdılar. İndi onları daha bir bağ - ağrıyla qurban verilmiş qadın, onu unutmaq zərurəti bağlayırdı.

ardaş. Sonra bizə qurdlar kömək eləyəcək. Mən bu gün onu öldürdüm. Qoy öz əşyalarıyla burda qalsın. Daha bizə zərəri dəyməyəcək.

Sonra, az qala, ağlaya-ağlaya qucaqlaşdılar. İndi onları daha bir bağ - ağrıyla qurban verilmiş qadın, onu unutmaq zərurəti – bağlayırdı.

# 2429 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #