İri qanadlı çox qoca adam

İri qanadlı çox qoca adam
26 avqust 2015
# 10:25

Kulis Qabriel Qarsiya Markesin "İri qanadlı çox qoca adam" hekayəsini təqdim edir.

Üç gün idi ki, yağış kəsmirdi və onlar evin içinə doluşan dəniz xərçənglərini çölə atmağa güclə macal tapırdılar. Əvvəl birlikdə xərçəngləri çomaqla vurub keyidir, sonra da Pelayo su basmış həyətdən sürüyüb dənizə atırdı.

Ötən gecə körpənin qızdırması da qalxmışdı. Yəqin ki, bunun səbəbi hədsiz rütubət və həyəti bürümüş üfunət idi.

Çərşənbə axşamından bəri sanki bütün dünya sıxıntıya qərq olmuşdu.

Səma ilə dəniz bir-birinə qarışıb kül rəngli boz bir kütləyə çevrilmiş, mart ayında qum dənələri parıldayan çimərlik isə palçıq və çürümüş molyuskalardan əmələ gələn horraya dönmüşdü, hətta günorta belə işıq o qədər tutqun idi ki, Pelayo pstionun o biri başında tərpəşən və inildəyən məxluqu yaxşı görə bilmirdi.

Yalnız lap yaxına gələndə gördü ki, bu zarıyan məxluq qoca, çox qoca bir kişidir, üzü üstə palçığın içinə düşüb və yekə qanadları mane olduğu üçün heç cür ayağa qalxa bilmir.

Gördüyü mənzərədən qorxuya düşən Pelayo evə cumub xəstə körpəyə kompress qoyan arvadı Elisendonu çağırdı. Hər ikisi təəccüb, heyrət içində susub bir müddət palçığa yıxılmış məxluqa baxdılar. Yazıq cır-cındır içində idi, rəngsiz saçlarının bir neçə çəngəsi çılpaq kəlləsinə yapışmış, ağzında demək olar ki, dişi qalmamışdı.

Ümumi görkəmində də möhtəşəmlikdən əsər-əlamət yox idi. Ləkələrinin çoxu yolunmuş iri şahin qanadları həyətin qatı palçığında batmışdı.

Pelayo və Elisendo onu uzun müddət elə diqqətlə nəzərdən keçirdilər ki, qocanın qəribə görkəminə bir növ gözləri öyrəşən kimi oldu, hətta bir az tanış da gəldi. Nəhayət ər-arvad cəsarətlənib bu əcaib məxluqla söhbətə başladılar, lakin qocanın dənizçilər kimi xırıltılı səslə dedikləri hansısa naməlum dialektdə olduğuyçün heç nə anlamaq mümkün olmadı.

Qısa götür-qoydan sonra ər-arvad bu qəribə qocanın qanadlarının varlığını unudub qərara gəldilər ki, yəqin tufana düşmüş xarici gəmilərdən birinin motrosudur. Bununla belə hər ehtimala qarşı qonşuluqda yaşayan və dünyada hər şeydən xəbəri olan qoca qarını çağırdılar, o da məxluqa baxan kimi ər-arvadın fikirlərini alt-üst elədi.

- Bu matros deyil, mələkdi, – qarı onlara dedi. – Yəqin onu sizin körpəni aparmağa göndəriblər, amma yazıq çox qoca olduğuyçün bu leysanda tab etməyərək yerə dəyib.

Tezliklə qəsəbədə hamı Pelayonun əsl, həqiqi mələk tutduğundan xəbərdar oldu, hər şeyi bilən həmin qonşu qadının iddiasına görə müasir mələklərin hamısı əvvəllər Allaha qarşı qəsd hazırladıqlarına görə cəzalandırılan və müxtəlif üsullarla cəzadan qaçıb yerdə gizlənən mələklərdi. Lakin bu qəribə məlumata baxmayaraq onu öldürməyə heç kəsin əli qalxmadı.

Pelayo bir müddət əlində hər ehtimala qarşı kəndir tutub, pəncərədən bu əcaib mələyi gözdən keçirtdi, nəhayət axşamtərəfi onu palçığın içindən çıxarıb toyuq hininə sürüdü və qapını bağladı.

Gecəyarısı yağış kəsdi, buna baxmayaraq Pelayo ilə Elisena hələ səhərə kimi xərçəngləri çölə daşımaqla məşğul oldular. Səhərə yaxın körpə də yuxudan ayılıb ağladı, yemək istəyirdi, qızdırması da artıq keçmişdi.

Bundan ruhlanan və əhvalları yaxşılaşan ər-arvad məsləhətləşib qərara aldılar ki, bu qoca mələk üçün taxta sal düzəldib üstünə üç günlük ərzaq və içməli su ehtiyatı qoysunlar və dalğaların ixtiyarına buraxsınlar.

Lakin səhər yuxudan ayılıb Patioya çıxanda kəndin bütün sakinlərinin ora toplaşdığını gördülər. Hinin qabağında yığılan adamlar bir o qədər də ürək çırpıntısı keçirmədən mələyə baxır, dəmir torun məftillərinin arasından içəri çörək tikələri soxurdular, sanki qarşılarındakı səmavi bir məxluq deyil, hansısa zooparkdakı bir heyvan idi.

Axşam saat yeddiyə yaxın bu əcaib xəbərdən həyəcanlanmış padre Qonsaqa gəldi. Bu vaxt hinin qarşısında artıq daha elitar publika – kəndin qaymaqları toplaşıb qəribə əsirin gələcək taleyini müzakirə edirdilər.

Sadəlövhlər onun “dünyanın alkaldı” təyin ediləcəyini güman edir, bir qədər sağlam düşüncəli adamlarsa belə bir rəy irəli sürürdülər ki, bu mələyin qismətinə bütün müharibələrdə qalib gələn bir general olmaq düşüb. Bəzi xəyalpərəstlərsə bu mələyi istehsalçı kimi saxlayıb kainatın bütün qarışmış işlərini qaydaya sala bilən müdrik və qanadlı adamlar cinsini yetişdirməyi təklif edirdilər.

Keşiş olmazdan əvvəl odun yaran olmuş Padro Qonsaqa dəmir tora yaxınlaşıb “Kataxezis”-dən oxuduqlarının hamısını xatırlayaraq xahiş etdi ki, hinin qapısını açsınlar və o, içəri keçib toyuqların içində elə özü kimi gücdən düşmüş iri bir quşa bənzəyən mələyə baxmağa başladı. Mələk peyinin və səhərdən qalan yeməyin qalıqları içində uzanıb qanadlarını günə verirdi.

Padro Qonsaqa hinə girəndə mələk biganəliklə, sanki tor tutmuş gözlərini açıb keşişin latınca müraciətinə öz əcaib dialektində nəsə qırıldadı. Kilsə xidmətçisi mələyin Tanrı dilini bilmədiyindən və onun xidmətçilərinə hörmət göstərməyə adət etdiyindən bir balaca şübhələndi.

Mələyi diqqətlə nəzərdən keçirən keşiş fikirləşdi ki, bu səmavi məxluqdan daha çox adi insana oxşayır: tüfeyli avaralar kimi üfunət qoxuyur, qanadlarını həşərat basıb, lələklərini isə küləklər dağıdıb.

Bir sözlə onun görkəmi ali mələk məqamına heç cür uyğun gəlmirdi. Hini tərk edən keşiş üzünü camaata tutub mövhumatın təhlükəsi barədə qısa bir moizə ilə çıxış etdi. Hamıya xatırlatdı ki, maska taxıb sadədil insanları aldatmaq, düz yoldan azdırmaq şeytanın köhnə adətidir.

Sonda Padre haqlı olaraq qeyt etdi ki, hərgah qanadların mövcudluğu şahinlə təyyarəni bir-birindən fərqləndirmək üçün heç bir əsas vermirsə, deməli, mələklərin tanınmasında da heç bir əhəmiyyəti ola bilməz.

Bununla belə söz verdi ki, vilayət yepiskopuna məktub göndərəcək, o da öz növbəsində hər şeyi ölkə Kordinalına və Roma Papasına yazsın ki, məxluqun taleyini həll edəcək verdikt lap ali instansiyadan gəlsin. Keşişin ehtiyatlı olmaq barədə təklifini heç kəs vecinə almadı.

Əsir götürülmüş mələk haqqında xəbər elə sürətlə yayıldı ki, ertəsi gün Pelayonun həyəti bazar meydanına döndü. O qədər adam yığılmışdı ki, bu kütlənin həyət-bacanı dağıdıb tökməyinin qarşısını almaqdan ötrü ordu hissələri çağırmaq lazım gəldi.

Həyətdəki zir-zibili yığışdırmaqdan Elisendanın artıq beli ağrıyırdı və bu vaxt qəfildən ağlına gəldi ki, Pationu çəpərləmək, mələyə baxmaq istəyən hər adamdan giriş üçün beş “sentavo” pul almaq lazımdır. İnsanların axını getdikcə lap artdı. Hətta Martinikadan da gələnlər vardı. Bir müddətdən sonra həmin kəndə səyyar sirk qrupu gəlib çıxdı.

Lakin camaatın üstündə vızıltı ilə pərvaz edən akrabatlar heç kəsin diqqətini cəlb etmədi, çünki onların qanadları mələk qanadı yox, ulduzlu yarasa qanadlarına bənzəyirdi.

Bütün Karib dənizi sahillərində nə ki sağalmaz xəstə vardısa hamısı bura – şəfa tapmaq üçün mələyin hüzuruna üz tuturdu: uşaqlıqdan öz ürəyinin döyüntülərini sayan və artıq hesabı itirmiş sərsəm qadın, ulduzların qaldırdığı hay-küydən heç cür yuxuya gedə bilməyən gənc, gündüz tikdiklərini dağıtmaq üçün gecəyarı yuxudan durub fəaliyyətə başlayan lunatik bənna və başqa qorxulu xəstəliklərə tutulmuş adamlar öz ümidlərini yalnız bu lələkləri ütülmüş qoca mələyə bağlayırdı.

Hətta yeri belə titrədən kütləyə nəzarət etməkdən Pelayo və Elisendo dəhşətli dərəcədə yorulsalar da taleylərindən razı idilər – bir həftədən də az bir müddət ərzində onlar evdəki bütün yorğan-döşəyin içini pulla doldura bilmişdilər, mələyə baxmaq üçün sıraya düzülən zəvvarların cərgəsi isə ta üfüq xəttinə qədər uzanırdı.

Bütün bunlar nədənsə mələyin özünün heç xoşuna gəlmirdi. Ziyarətə gələnlərin hinin ətrafında yaratdıqları şamların hisi-tüstüsü onu lap əsəbiləşdirir, özündən çıxarırdı, binəva bütün gün ərzində hinin künc-bucağında gizlənib rahatlanmaq üçün yer axtarırdı.

Hər şeydən xəbərdar olan həmin qonşu qadının dediyinə görə mələklərin əsas qidası komfor kristallalarıdır və camaat əvvəlcə bu qoca mələyi də onunla yemləmək istədi. Lakin o, komfor kristallarını da, ona verilən başqa yeməkləri də rədd edirdi.

Bunun səbəbini heç kəs bilmirdi, ya çox qoca olduğu üçün iştahası pozulmuş, ya da bu məxluq ümumiyyətlə mələk deyildi. Qoca məxluq yalnız badımcan kürüsü yeyirdi. Onun ilk baxışdan xariqüladə görünən yeganə xüsusiyyəti həddən artıq səbrli olmasıydı.

Ələlxüsus, ilk günlərdə toyuqlar bu qoca mələyin qanadlarında törəyib-artan səmavi parazitləri dimdikləyir, şikəstlər öz yaralarına qoymaq üçün lələklərini dartışdırır, qabiliyyətsizlər birtəhər ayağa qalxızıb daha yaxşı tamaşa etməkçün onu daşa basır, o isə bütün bunlara səbrlə dözürdü.

Binəva mələk yalnız bircə dəfə özündən çıxdı. Buzovları damğaladıqları qızmış dəmirlə onun böyrünü damğaladılar ki, uzun müddət hərəkətsiz uzanmış qocanın ölüb-ölmədiyini dəqiqləşdirsinlər.

Közərmiş dəmir parçası bədəninə toxunan kimi o, gözü yaşlı halda yerindən sıçrayıb öz naməlum dilində nəsə qışqıraraq qanad çalmağa başladı və hində elə bir peyin tozu qalxdı ki, ətrafdakılar bunu o dünyadan əsən küləyin nəfəsi kimi hiss elədilər.

Hərçənd ki, çoxları bunu səmavi qəzəbin yox, adi, cismani ağrının təzahürü kimi qiymətləndirdilər. Lakin bununla belə mələyi daha bu cür üsullarla narahat etməmək qərarına gəldilər, çünki onun passivliyi təqaüdə çıxmış məlaikə sükutu yox, müvəqqəti dincələn tufan sakitliyi kimidir.

Əsirin təbiəti barədə yüksək dini instansiyaların rəyi gələnə qədər Pedro Qonsaqa öz başılovlu ümmətini sakitləşdirməyə, başlarına ağıl qoymağa cəhd etsə də təbii ki, bunun bir xeyri olmurdu. Lakin Roma Vatikanında deyəsən, tələsik iş görməyə adət etməmişdilər.

Vaxtın çoxu Romadan gələn məktublara cavab yazmağa gedirdi. Yüksək dini instansiya isə çox qəribə şeylərlə maraqlanırdı: bu qəribə məxluqun göbəyi varmı və əgər varsa, harda yerləşir, onun danışığında qədim yəhudi dilinə oxşar cəhətlər varmı, məxluq sancağın gözündən keçə bilirmi və s.

Son sorğu isə Pedro Qonsaqanı lap təəccübləndirdi: “Dəqiq öyrənin ki, bu məxluq özünə qanad taxmış norveçlilərdəndi, ya yox”. Bu sorğuların göndərilməsi yəqin ki, bir əsrə də bitməyəcəkdi, lakin xoşbəxt bir təsadüf kilsə keşişinin daxili əzab-əziyyətlərinə son qoydu.

Hadisə belə oldu. Həmin günlərdə qəsəbəyə Karib sahillərində dolaşan səyyar attraksionlardan biri gəldi. Attraksionun əsas nömrəsi valideynlərinin sözündən çıxdığına görə cəzalandırılaraq hörümçəyə döndərilmiş qadın idi.

Hörümçək-qadına baxmağın qiyməti daha ucuz idi, bundan əlavə ilahi cəzanın həqiqiliyinə şübhə yaratmamaq üçün qadına yaxından baxmağa, hərtərəfli nəzərdən keçirtməyə, əcaib görkəmi barədə suallar yağdırmağa da icazə verilirdi.

Bu qoyun boyda, qadın başlı iyrənc bir tarantul idi. Tamaşaçıları təəccübləndirən və heyrətləndirən bu cəhənnəm məxluqunun zahiri görkəmindən çox, öz başına gələn fəlakəti çox inandırıcı və yanıqlı surətdə nəql eləməsiydi. Dediyinə görə hələ qız vaxtı o, bir dəfə valideynlərinin icazəsi olmadan evdən qaçıb rəqsə gedibmiş və gecə evə qayıdanda qəfildən göy guruldayıb, şimşək çaxıb və qaranlıq səmanı iki yerə bölən ildırım onu vurub, hörümçəyə çevirib.

Onun yeganə qidası təsirlənmiş tamaşaçıların atdığı çəkilmiş ət kopalarıydı.

Dünyəvi həqiqətin və İlahi cəzanın təcəssümü olan bu cür möcüzə təbii ki, tamaşaçılara etina etməyən lovğa, özündən razı mələyi kölgədə qoymalıydı, camaatın mələyin ayağına yazdığı möcüzələr isə əslində onun əqli çatışmazlığından xəbər verirdi: uzaq bir yerdən şəfa tapmaq ümidiylə mələyin hüzuruna təşrif buyurmuş kor qocanın gözləri açılmadı, amma əvəzində boşalmış ağzına üç dənə təzə, əntiqə diş çıxdı.

İflic olmuş başqa bir kişi sağalmaq əvəzinə lotoreyada külli miqdarda pul uddu, cüzamlı bir xəstənin yaralarında isə günəbaxanlar bitməyə başladı. Bütün bunlar ilahi əməllərdən çox camaatı ələ salmaq kimi görünürdü və mələyin nüfuzuna, reputasiyasına xeyli xələl gətirmiş oldu, hörümçək-qadın isə öz peyda olmağıyla ümumiyyətlə, mələyə olan marağın üstündən xətt çəkdi.

Və yalnız bundan sonra Pedro Qonsaqa nəfəs ala bildi və gecələr ona əziyyət verən yuxusuzluq onu tərk etdi. Çünki hörümçək-qadının peyda olmasından heç beş-altı gün keçməmiş Peleyonun həyəti üç gün dalbadal yağış yağdığı və xərçənglərin otaqlarda veyilləndiyi vaxtlarda olduğu kimi bom-boş qaldı. Ev sahibləri isə öz talelərindən narazı deyildilər.

Qazandıqları pula ikimərtəbəli, eyvanlı, qarşısında bağça olan bir ev tikmişdilər.

Evin altını hndür eləmişdilər ki, dənizin suyu qalxanda içəri xərçənglər doluşmasın və hər ehtimala qarşı pəncərələrin hamısına dəmir barmaqlıqlar vurmuşdular ki, yolunu azmış mələklər evə təcavüz edə bilməsinlər. Pelayo əvvəlki işini tərk edib, şəhərdən bir qədər kənarda təsərrüfat düzəldib dovşan yetişdirməklə məşğul olmağa başladı.

Elisenda isə özünə hündür dabanlı, laklı tufli və o dövrdə dəbdə olan, bazar günlərində ən möhtərəm senyoraların geydiyi əlvan ipəkdən tikilmiş çoxlu paltar aldı.

Mələyin yaşadığı hin onların təsərrüfatında yeganə yer idi ki, ona ümumiyyətilə, məhəl qoyulmurdu. Əgər hərdənbir oranı yuyub təmizləyərək içində mirra yarpaqları yandırırdılarsa da, bunu heç də mələyin xətrinə yox, hindən yayılan və təzə evin bütün künc-bucağına nüfuz edən üfunətin qarşısını almaq üçün edirdilər. Körpə artıq ayaq açıb yeriməyə başlayanda, Elisedo onun hinə yaxın getməsinə icazə vermirdi.

Lakin günlər keçdikcə onlar bu üfunət iyinə öyrəşdilər və bütün qorxular keçib getdi. Beləliklə, hələ dişlərinin hamısı tökülməmişdən qabaq uşaq artıq tordakı deşiklərdən sivişib hinin içinə girməyi öyrənmişdi. Mələk başqa adamlara qarşı olduğu kimi ona qarşı da etinasız idi, lakin it mütiliyi ilə onun bütün uşaq əyləncələrinin sərtliyinə dözürdü.

Bir müddətdən sonra onlar hər ikisi eyni vaxtda qızılca çıxartdılar. Uşağı müalicə edən həkim, mələyi də müayinə etmək qərarına gəldi və gördü ki, ürəyi çox zəifdir, böyrəkləri isə demək olar ki, yararsız bir haldadır.

Bu halətdə onun hələ də sağ qalması təəccüblü idi. Həkimi ən çox maraqlandıran isə qanadlarının quruluşu idi – bu lələyi tökülmüş qanadlar qocanın bədəninə üzvi surətdə uyğunlaşdığına görə, həkimin içində qeyri-ixtiyari belə bir sual doğdu: görəsən, nə üçün başqa insanların belə qanadı çıxmır?

Pelayonun oğlunun məktəbə getməyinə yaxın yağış və külək hini artıq tamamilə dağıdıb, yararsız bir hala salmışdı. Onunçün də hini söküb daşlarından başqa məqsədlərçün istifadə etdilər.

Azadlığa çıxmış mələk gücdən düşən lunatiklər kimi bütün günü həyət-bacada o yan-bu yana veyillənirdi. Süpürgəylə yataq otağından qovurdularsa, mətbəxdə əl-ayağa dolaşırdı, ordan qovanda qonaq otağında peyda olurdu. Pelayo şübhələnirdi ki, mələk ikiləşərək, eyni vaxtda evin bir neçə guşəsində görünmək bacarığına malikdir.

Bezmiş Elisenda isə qışqırırdı: -Ən böyük cəza bu cür mələklərlə ağzınacan dolu olan cəhənnəmdə yaşamaqdı. Mələk son vaxtlar demək olar ki, heç nə yeyə bilmirdi və yaman taqətdən düşmüşdü, hər addımda nəyəsə ilişib yıxılır, gözü ayağının altını görmürdü.

Qanadında isə cəmi iki-üç ütülmüş lələk qalmışdı. Nəhayət, Pelayonun ona yazığı gəldi, yorğana büküb artırmada yerləşdirdi və yalnız bu zaman hiss elədi ki, mələyin qızdırması yaman qalxıb, hətta gecələr sayıqlamağa da başlayıb.

Pelayo ilə Elisenda həqiqətən təşvişə düşdülər – hətta hər şeyi bilən müdrik qonşu arvad da ölmüş mələklərlə nə etmək lazım olduğunu bilmirdi. Lakin mələyin ölmək fikri yox idi.

O, ömrünün bəlkə də ən ağır qışını birtəhər yola verib, bahar girənə yaxın yavaş-yavaş sağalmağa başladı. Əvvəlcə, bir müddət pationun küncündə gizlənib, kənar gözlərdən yayındı və bir gün Pelayo gördü ki, onun gözləri işıqlanıb, əvvəlki şəffaflığını bərpa edib. Qanadlarında isə təzə libas geyməyi qərara almış qoca quşlarda olduğu kimi sərt, möhkəm lələklər peyda olmağa başlayıb.

Mələyin özü deyəsən bu dəyişikliklərin səbəbindən xəbərdar idi. Lakin onları ciddi-cəhdlə kənar gözlərdən gizlətməyə çalışırdı, hətta bir dəfə heç kimin onu görmədiyini güman edən mələk gecə vaxtı asta səslə dənizçi mahnılarını zümzümə edirdi. Bir səhər Elisendo yemək üçün soğan doğrayarkən dənizdən əsən qəfil külək mətbəxin pəncərəsindən içəri çırpıldı.

Qadın pəncərədən boylananda mələyin yer üzərindəki yaşyışının son saniyələrini müşahidə edə bildi.

Onun uçuşa hazırlaşmağında narahatçılıq və daxili sıxıntı hiss olunurdu – yöndəmsiz tullanışlarıyla bostanın bütün şitillərini əzib-tökdü, gün işığında yüngülcə parıldayan qanadlarını çırpanda isə az qaldı həyətdəki çardağı dağıtsın. Nəhayət, çətinliklə yerdən aralanmağa müvəffəq ola bildi.

Elisendo onun qəsəbə evlərinin üzərində az qala damlara toxunaraq qanad çalmasını seyr etdikcə həm özünün, həm də mələyin yerinə rahat nəfəs aldı, yüngüllük hiss etdi. Mələyin uçuşu onu şahinə bənzədirdi.

Elisendo soğan soyub qurtarana qədər gözdən itməkdə olan mələyə tamaşa elədi və nəhayət o, üfüqün arxasında tamamilə görünməz oldu. Bu qoca mələk artıq onun həyatında keçilməz bir maneə yox, üfüq üzərində xəyali bir nöqtəydi.

İlqar Fəhminin tərcüməsi

Virtual Hiper e-Kitabxana

# 1722 dəfə oxunub

Müəllifin son yazıları

# # #