Ölüm necə də yaxın imiş

Ölüm necə də yaxın imiş
24 sentyabr 2013
# 13:57

Ədəbi ictimaiyyətimizə başsağlığı verirəm.

Ölüm ən istedadlıları aparır aramızdan. Bu artıq simptomdur. O qədər ziddiyyətlər, ağrı-acılar içrə yaşayırıq ki, ya zəlzələdən, ya vəlvələdən, ölüm yaxşıları götürüb-aparmağı məqbul bilir, əbədiyyət dünyasına...

BSU-ya, rektorumuz Kamal Abdullaya başsağlığı verirəm.

Elnarə Tofiqqızı əsl tapıntı idi BSU üçün. Yaradıcılıq fakültəsi yarananı, altı-yeddi il ərzində ən uğurlu dekanıydı fakültənin...

Yaradıcılıq fakültəsinə başsağlığı verirəm.

Ölüm ən çox onlardan apardı. Cəmi bir neçə ay öncə fakültənin məzun gününə yığışmışdıq, tələbəli-müəllimli, qonaq-qaralı. Məzunlarla birgə Elnarə xanımı da qutlayırdıq. İlk təmtəraqlı buraxılış idi fakültənin az tarixində. Kamal müəllimi də qutlayırdıq. “Yaradıcılığ”a layiqli kadr tapması münasibətilə təbrik edirdik...

Kənardan müşahidəçi olsam da, duymaya bilməzdim: Elnarə xanım fəaliyyətinin ən məhsuldar, bəlkə də ən xoşbəxt çağlarını yaşayırdı burda. Feysdən xəbər tuturduq: tələbələrin hamılıqla onu necə sevdiklərini, ətrafında məmnuniyyətlə cəm olduqlarını. Həm Elnarə xanımın da liderə yaraşan bir sərtlik və zərifliklə tələbələrinə sevgisini...

Əvəzsiz itkidir Yaradıcılıq fakültəsi üçün.

Telefondakı isti-qılıqlı səsi yadıma gəlir. Bu və ya digər tədbirə dəvət edərkən, mühazirə demək üçün razılığımı alırkən... Son dərəcə hörmətcil, taktlı olmağa çalışırdı. Adətən Kamal müəllimin adından danışırdı, amma elə ki, öz xahişini də hiss etməmək olmurdu. Sayğıyla yanaşır, qarşılıqlı sayğı gözləyirdi. Elnarə xanımın dəvətinə “yox” demək mümkünsüzdü. O, Yaradıcılıq fakültəsində ürəkdən, bütün ruhuyla çalışır, hələ nə qədər də işləmək istəyirdi...

Elnarə Tofiqqızı imzasını Pərvizin “Yad dildə” romanı haqqında “Azadlıq”da çıxmış silsiləvi məqaləsindən tanımışdım. İncədən-incə, geniş, təfərrüatlı təhlilləriylə yazının özü də bir növ ədəbi proses üçün görünməmiş bir iş, “yad dildə”ydi... Gəl ki, müəllifin ədəbiyyat adamı olması dərhal bilinirdi; ilk tanışlıqdan bizə “yad” gəlməyən istedad olurmu?..

Sonra Azadlıq radiosunun Oxu zalındakı roman müzakirələrinə bərabər qatıldıq. Elnarə Tofiqqızı ədəbi imzası məhz burda parladı. “Roman yazı”larından ikisini Tənqid.net jurnalının 7-ci və 8-ci saylarında da dərc etdirdim. Razı qalmışdı; ədəbiyyatda təmənnasız olanların məmnunluğunu duymaqdan gözəl nə ola bilər. Daha bir yazısını jurnalın 9-cu sayında təqdim etsəm də, təəssüf ki, nəşri gecikir...

Elnarə Tofiqqızı potensiallı ədəbiyyatşünasıydı. Bunu onun yazılarının ümumi kontekstindən və altqatında gizlənən bilgilərdən asanlıqla duymaq olurdu. Xüsusən də folklorşünaslıq biliklərindən...

Elnarə Tofiqqızı istedadlı tənqidçiydi. Az bir zamanda ədəbi prosesə imzasını qoya bilmişdi. Mətnə yanaşma tərzinə görə yaxın bildiyim həmkarlarımdandı. Konkret predmetdən çıxış etməyi bacarır, ədəbi tənqidi bir fənn kimi dəyərləndirmə və təhlildən ibarət bilirdi. Bunu bizə onun bir kitablıq yazıları da deyir...

Elnarə xanımla daha sonra MKM-də rastlaşdıq. Onu ekspertlər sırasında görəndə heç təəccüb etmədim. Nigar xanım MKM-ə ədəbiyyata bağlı, öz fərdi-vicdanlı mövqeyi olan, bitərəf səslər axtarırdı. Elnarə Tofiqqızı məhz, nə olursa-olsun, ədəbiyyatın mövqeyini heç vəch güzəştə getməyən, işinə vicdanla yanaşanlardan idi. 2-ci və 3-cü MKM müsabiqəsində daxili mübahisələr zamanı həmkarlarımla bahəm onun öz imici üzərində necə əsdiyinin şahidi olmuşuq... Bütün əsərləri bölüşüb, bircə-bircə oxuduğumuz halda, işimizə şübhənin hardan, necə qaynaqlanmasından necə də narahat olur, həyəcanlanırdı...

Telefonda Elnarə Tofiqqızının ölüm xəbərini eşidəndə çaşıb-qaldım, bir zamanlar Rafiq Tağının heyrət etdiyi sayaq içimdən təkrar-təkrar yalnız bir nida qopdu:

Vay-vay-vay-vay!!!

Ölüm necə də yaxın, əlçatar, lap qibtə olunası olub...

Potensialını axıracan xərcləyə bilmədisə, itirən biz olduq; bu dünyada Elnarə Tofiqqızının parlaq, işıqlı, ədəbi və əbədi obrazı qalır...

Anar Niftəliyevə, ailəsinə, yaxınlarına başsağlığı verirəm...

Allah rəhmət eləsin.

# 1925 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #