Təhminənin sirrini gərək açmayaydı – Yazarlar Anarın yeni hekayəsini tənqid etdi

Yazarlar

Yazarlar

13 noyabr 2021
# 12:00

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Xalq yazıçısı Anarın yeni yazdığı “Təhminənin son sirri” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.

Xatırladaq ki, bu layihədə çap olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.

Əkrəm Əylisli

Nə azərbaycanlılar günahkardır, nə də ermənilər ” - Əkrəm Əylisli

Bəyəndim hekayəni. Başqa söz deməyə ehtiyac duymuram.

Səfər Alışarlı

Keçmişdə müəyyən uğur qazanmış qəhrəman obrazlarına təkrar qayıdışın tərəfdarı deyiləm. Qocalıqdan bəhs etsə də, mənə elə gəldi ki, hekayə gənc beynin məhsuludur. Ola bilər ki, müəllif bunu çoxdan yazıb.

Cavanşir Yusifli

Bu hekayəni məlum romana şərh kimi anlamaq olarmı? Bilmirəm, ancaq bir məsələ aydındı: bir yazıçı kimi Anarın üslubuna sinxronluq xasdır, dünyada bir sıra proza ustaları kimi o, yazını bir mənbədən alıb davam etdirir (bütün əsərlərini diqqətlə oxusaq bunun şahidi ola bilərik, qəhrəmandan qəhrəmana, obrazdan obraza və hadisədən hadisəyə keçidlər onları bir tama, həm də açıq kitaba çevirir...), ancaq bu həmin əhvalat və mətləbin tam fəth edilməsi anlamına gəlmir, buna görə ayrı-ayrı əsərlərində hadisələr və personajlar arası keçidlər həm də dönüş nöqtələridir, bu hekayədə Zaur, fikir vermisinizsə təkcə yaş baxımından dəyişməyib, müəllifə yaxınlaşıb, yəni, bədii əsərdə həmin doğma keçidlər personaj və düşüncənin daxilən başqalaşmasını da şərtləndirir.

Romanda onu mükəmməl bədii mətn kimi şərtləndirən cəhətlərdən ikisini nümunə gətirək, beşmərtəbənin altıncı mərtəbəsi (metafora) və Təhminənin sirri... Bu ikisindən birini götürsək, aradan qaldırsaq roman başqa bir formatda oxunardı.

Hekayədə 6-cı mərtəbə yoxdur (əslində var, ancaq... Zaur sirri öyrənəndən sonra lift işləmir, ora tövşüyə-tövşüyə, ölərək qalxmalıdır...), insanlar yaşlaşıb, qocalıblar (əvvəllər söz deyəndə qıpqırmızı qızaran Firəngiz indi elə bil dilotu yeyib, Spartak yaddaşını itirmək qorxusunu yaşayır, Zaur o mərtəbəyə qalxan pilləkənlərə ayağını basdımı tövşüyür, ürək dözmür, gəncliklə bərabər o arzular və onlara yaraşan metaforalar da əriyib gedib...), təkcə o sirr qalıb, hamıdan, hər şeydən cavan və ən çox yaşamaq haqqı olan sirr.

Hekayədə iki yuxu var, biri mətnin əvvəlində, xəbərdarlıq işarəsi kimi, ikincisi müəllifin yuxusu. Hekayədə sirab kimi əriyib gedən görüntülər yuxu metaforasının içindən süzüb gedir. Məmməd Nəsirlə bağlı Zaurun dediyi “Dünyada qoca içkibazlar qoca həkimlərdən çoxdur” sözlərinə Firəngizin reaksiyası:

“Firəngiz güldü:

- Onun sözü deyil ki. Yadındadır, Parisdə bir kafeyə getmişdik. Orda divarda yazılmışdı bu sözlər. Bizə tərcümə etdilər. Xeyli güldük – Firəngiz köksünü ötürdü:

- Eh, nə gözəl günlər idi… Elə bil yuxuda görmüşəm bütün bunları.”

Ayağını hara atsan yuxu məkanıdı, əriyib gedən və yenidən səni içinə alan yuxu.

Hələlik bu qədər.

Fəxri Uğurlu

“Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanının finalında Anar gələcəyin mənzərəsini yaratmağa bir balaca cəhd göstərmişdi (mənim təxmini hesabımla o gələcəyin üstündən bir gələcək də keçib). Ancaq bütün yaxşılı-yamanlı sifətləriylə bu günümüz, belə gələcək o vaxt nəinki müəllifin, yer üzündə bir bəni-adəmin ağlına, xəyalına gəlməzdi. Təhminənin sirri indiyə necə salamat gəlib çıxıb, bilmirəm. Axı bu müddətdə dövlətlərin, kəşfiyyatların, mafiyaların sirləri çözülüb, arxivlər, saxlanclar açılıb, ağır-ağır kilidlər, qıfıllar sındırılıb – bunların fonunda bir gözəlin intim sirri dəryada damladan da kiçik görünür.

Həmişəki kimi bircə həyatın sirri açılmayıb, Təhminənin dövründə necə məxfi saxlanırdısa, eləcə qalıb.

Uzun yaşasaydı, Təhminə öz sirrini özü faş eləyəcəkdi – bulvar qəzetlərinə intervülər verməklə, özündən kitablar yazdırıb seriallar çəkdirməklə. Onda müəllifin müdaxiləsinə də ehtiyac qalmayacaqdı. Məncə, heç belə də ehtiyac yoxuydu, Təhminənin sirri elə örtülü qalsa yaxşıydı. Məlumdur ki, sirr faş olunanda cazibədarlığını itirir. Müəllifin qələmi də öz qəhrəmanını “çirkaba bulayanda” daha qüdrətliydi, nəinki “təmizə çıxaranda”.

Belə götürəndə Anar ən yaxşı əsərlərində öz personajlarına qarşı ittiham mövqeyində durmayan yazıçılardandır. Onun, təbiri caizsə, bir ittiham obyekti var, o da sirrini heç kəsə açmayan həyatın özüdür. “Ağ liman”da, “Macal”da, elə adını çəkdiyimiz romanın özündə də Anar ayrı-ayrı insanları, onların əməllərini yox, zalım, amansız, məntiqsiz həyatın özünü ifşa eləyir. Bu baxımdan onun əsərlərini oxuyub sarsılmamaq, bədbinliyə qapılmamaq çətindir.

Bir zaman “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanının epiloqu məni də sarsıtmışdı. Xüsusən də Təhminənin öz sirrini özüylə aparması adama yer eləyirdi. Qırx neçə ildən sonra müəllif oxucularını bu nigaranlıqdan qurtardı. Ancaq o sirrin indiyə təravəti qalıbmı? Elə sandıqda saxlansa, daha yaxşı olmazdımı?

Zaurun, Spartakın sağlığına sevindim – eynən öldüyünü eşitdiyim köhnə tanışların küçədə sağ-salamat qarşıma çıxmasına sevindiyim kimi. Hərçənd onların miskin aqibəti məni əvvəlkitək kədərləndirdi...

Elnarə Akimova

Əvvəlcə, bunu deyim. Əsərdəki istənilən sirrin müəllif tərəfindən açılmasını təqdir etmirəm. Mətn daha çox reseptiv oxunuşa açıq olmalıdır. Yəni kim necə qavrayırsa, o cür. Çünki bədii əsərin varlığını, mənasını məhz müəlliflə oxucu arasında həmin o münasibət – sirr, məchulluq təyin edir. Bir halda ki, müəllif sirri açıb, o zaman hekayəni də bu sirrin kontekstindən dəyərləndirmək gərək.

Anarın yeni hekayəsini müəllifin qəzavü-qədər düşüncələri, fanilik duyğusu, aqibət yaşantıları içrə oxudum. Bir də bu yaşantılar içrə ömür urasını yaşayan obrazın illərlə qəlbində gəzdirdiyi sirdən qurtulma anının yaratdığı psixoloji effekt, poetik təəssürat. Bu mənada, hekayədəki intonasiya, ritm nizamı nəsr əsərlərinə gərəkən şəkildə monolit və simmetrikdir. Müəyyən yaşdan sonra həyat və ölüm haqqında narahat duyğularla yaşayan insanın bir ömür içində yığılıb qalan suallara cavab axtarışı, suxurlanan nigaranlıqdan, məchulluq və təlatümdən xilas olub yüngülləşmək istəyi.

İstənilən mətnin öz daxili zamanı var və yazıçı öz mətnində zamanı istədiyi kimi qurmaqda sərbəstdir. “Təhminənin son sirri” hekayəsindəki zamanın semantik yükü özündən əvvəlki keçmişlə - romanın zamanı ilə əlaqə yarada bilməsidir. Amma qəribədir ki, oxucu bu zaman fərqini çox da hiss etmir. Əlbəttə, dövr çox dəyişib, lap çağımızın koronavirus bəlasının mövcudluğunu ehtiva edəcək qədər. Buna baxmayaraq, Anar romanın yazıldığı zaman, məkan, şəxs-personaj heyətini çərçivələnmiş nəql strukturunda birləşdirib yeni mətnə ötürməyə nail olur. Və bu çərçivələnmiş nəqlin daxilində zaman sıçrayışları, retrospeksiya çalarları hər addımda öz fərqli modusları ilə görünür. Obrazların xarakterinə, səsinə, danışıq tərzlərinə, həyat platformalarına qədər hər nüans, situasiyaların təsvirinə, rəqəmlərin simvolikasına (altıncı mərtəbə) qədər hər detal yenidən xatırlanıb səhifələnir. Hətta Anar dilinin aparıcı xətti olan daxili səs qüdrəti, bu səsin addımbaşı obrazın ruhunda işlək olması da nəzərə çarpan poetik amillər sırasındadır.

Baş verənlər yalnız roman, yaxud hekayənin yazılma zamanını əhatələmir əslində. İki mətnin yazılma mərhələsi aralığındakı vaqeələrə körpü salınır. Nə dəyişib? Məlum olur ki, heç nə. Yeni olan bir koronavirus bəlasıdır. Bir tanımadığımız yeni obraz - Spartakın üçüncü həyat yoldaşı Qızbəs. Bir də Firəngizin xasiyyəti: “Uzaq gəncliklərində, təzə evlənəndə Firəngizin səsi çıxmazdı, kimsə onu dindirəndə qıpqırmızı qızarar, sanki danışmağa söz tapmazdı. İndi maşallah elə bil dilotu yeyib”.

Vəssəlam. Qalan hər şey adidən adidir. Hamı öz gününü qazanıb ömrü uduzmaqla məşğuldur: Məmməd Nəsir, Spartak, Firəngiz, Zaur. Həyatın axarına qarışıb günlərini keçirirlər. Kənardan belə görünür hər halda. Amma dəyişməyənlər arasında dünənli duyğulara da yer var deyəsən. Necə ki, ani bir məqam gəlir və dincə qoyulmuş çarpışmalar, düyünlər açılır. Zaur sirri çözür, sualına cavab tapır, amma tapdığı anda da nəsə itirir. Bu dəfə görünür ki, əbədilik. Bu əbədiliyin ağırlığı onu artıq əvvəlki həyata qayıda bilməmək mənasında geri dartır. Sonluq bu mənada düşündürür və ardınca sual işarələri gətirir. Belə çıxır ki, yazıçı bir sirri qapayarkən yenisinə qapı açır. Məsələn, qəhrəman hansı mənzilə doğru can atır? “Altı mərtəbə yuxarıda onu ömrünün son sığnağı, son təsəllisi, son hayanı gözləyir” deyərkən son duracaq kimi hara tələsir? Evinəmi? Yox, “son sınaq və borcun” yaratdığı təlaş ev üçün ola bilməz. Keçmişəmi? Yox, ürəkdəki yanğı qəhrəmana nəfəsini toparlayıb altıncı mərtəbəyə yetmək üçün imkan verməz daha. Keçmişə dönüş qarşısında hamı gücsüzdür. Zaur da. Bu gücsüzlük də ona pilləkənləri sonadək – (ünvana!) qalxmağa imkan vermir, yuxarıya doğru atdığı hər addımla əslində geriyə, əbədiyyətə yön alır. Burdan o yana gedilən yeganə ünvan inanmadığı “o biri dünya” ola bilər. Məmməd Nəsirlə bağlı səhər gördüyü yuxunu xatırlayırıq və dairə qapanır.

Mübariz Örən

“Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni on yeddi yaşımda oxumuşam. O vaxtdan romandakı obrazlar hopub yaddaşıma, həyatda nə vaxtsa rastlaşdığım, tanıdığım adamlar kimi. Eyni zamanda o ab-hava, o şəhər, o münasibətlər... Bu, istənilən əsərin böyük qələbəsidi; buraxdığı izlər silinmir.

“Təhminənin son sirri” hekayəsi yuxu ilə başlayır. Zaurun yuxusuna çiyinlərində tabut daşıyan maskalı adamlar girir. Sonra o adamlar tabutu küçənin ortasında qoyub yox olurlar. Meyit qalır ortalıqda. Sarı geyimli xidmətçilər tabutu evakuatora yükləyib aparmaq istəyəndə meyit başını qaldırıb Zauru çağırır. Demə, tabutu daşıyan adamlardan biri Zaur özüymüş: “Yox, yox, Məmməd Nəsir, gəlmirəm. Çağırma, gəlmirəm, Məmməd Nəsir!” – deyib yuxuda dəhşət içində bağırır. “Nə bağırırsan, Zaur? Dur görək” – Firəngiz Zauru dümsükləyib oyadır.

Zaur yuxudan oyanandan sonra mediumluğu tutur; yuxu ilə real həyat arasında, ölü ilə diri arasında əlaqələr axtarır. “Çıxıb bir az bulvarda hava alım”, adıyla köhnə dostu Məmməd Nəsirə baş çəkmək qərarına gəlir.

Hekayədəki bütün obrazlar oxucuya tanışdı, Rizvandan başqa. O hardan və necə gəlib girib bu hekayəyə, ilk baxışdan müəmmadı. “Məmməd Nəsirin bacısı oğluyam” – bunu bildik, çox yaxşı. Amma bu ortayaşlı qarabuğdayı kişi əvvəldən oxucuda üzlü, sırtıq, artıq adam təsiri bağışlayır. Əlində imkan ola, nəinki dayısının mənzilinə, sözügedən hekayəyə, hətta “Beşmərtəbəli evin altıncı mərtəbəsi”nə də dürtülər. “Bu evi də mənə özü vəsiyyət eləmişdi. Axı məndən başqa heç kəsi yoxdu. Mənim Nardaranda bir balaca dükanım var. Oranı da saxlamışam, amma dedim şəhərdə də bir balaca dükan açım. Savab işdi”. Nəyi savabdı? Dükan açmaq nə vaxtdan savab olub? Savab o olardı ki, dayın Məmməd Həsənin İçərişəhərdəki ikiotaqlı mənzilini “Market” yox, məsələn, “Bu dünyanın sonu puçdu...” adlı ev muzeyi edəydin, içərisinə də ikicə nimdaş eksponat qoyaydın: bir həsir, bir də rəhmətliyin sağlığında oynamağa adam tapmadığı köhnə nərdtaxtasını. Onda olardı savab. Kişinin də ruhu şad olardı, adamlar da gəlib dünyanın faniliyi ilə bağlı metofizik hisslərə bürünüb, duyğulanıb gedəydilər. Yoxsa “halal sosiska”. Sosiskanın bu işə də dəxli?

“Sən yaxşısı budur, de görək, dayın nədən rəhmətə getdi, harda dəfn olundu, necə olundu?.. Bəlkə kişinin meyitini ortalıqda qoyub qaçanlardan biri elə sənsən?” Bu sualların heç birini Zaur, təbii ki, dilinə gətirmir, bəlkə də heç ağlına da gətirmir: “Yox, yox, sağ ol. Bizdə sosiska yeyən yoxdu, Allah kişiyə rəhmət eləsin” – deyib, marketdən çıxır, “kabab iyinə qərq olmuş İçərişəhərin bu qədər doğma, tanış və bu qədər yad, özgələşmiş küçələriylə” uzaqlaşır. Və bu yerdə aydın olur ki, İçərişəhərin “doğma, tanış... yad, özgələşmiş” – küçələrinin yadlaşmış, başqalaşmış, dəyişmiş ab-havasını vermək üçün Rizvan öz maskalı sifətilə mütləq gəlməliydi. “Məmməd Nəsirin bacısı oğluyam” deyib, şəhərin ortasında bazar açmalıydı.

Mən polkovnikəm”, – yuxudakı adamlardan biri belə deyirdi.

“Mən də KQB-nin mayoruyam” – o biri də belə.

Yuxusuna girib hara çağırırdı onu Məmməd Nəsir?! O dünyaya?

Anar nəsri həmişə nikbin olub. İşıqlı, ağ; hətta ölüm xofu canını hopmuş obrazı belə Eyb etməz, viruslar da sarımsaqsız bir gün çox yaşayarlar” – deyib, insanlığı şüurlu” surətdə qırıb-çatacaq məxluqları – virusları xilas etmək əhvalında olur, özündə güc tapır.

Hekayə, demək olar ki, dialoqlar üzərində qurulub, hətta təhkiyəçinin özü belə sanki obrazların birinə çevrilib. Spartakla Zaurun söhbəti hekayənin ən ətli-canlı hissəsidi. Bu hissə sanki Beşmərtəbəli evin... əlli il qabaqkı materialından kəsilib: o dadı, o ətri verir. Bir də, güləcəksiniz, Firəngizin Gəl yemək ye, sonra get. Kələm dolması bişirmişəm. Sən axı xoşlayırsan kələm dolmasını…” sözləri. Romanın yox, o romanı oxuduğum vaxtların doğma havası çaldı burnumu. Cəbrayılda babamgildə qalırdım o vaxt. Nənəm çağırdı ki, gəl yeməyini ye, az oyna o kitablarnan. Bir büküm (dörd sac yuxası) çörək qoymuşdu stolun üstünə, tər kişnişin üstündə doğranmış soğan və yağlı, sütül kələm dolması...

Qayıdaq əsas məsələyə – Təminənin sirri. Təhminənin nə sirri ola bilər axı? Lap tutaq ki var. O sirri kim aça bilər? Kitab bağlanıb axı. Müəllifin ixtiyarından çıxıb. İstəsə də edə bilməz. Əvvəla oxucu icazə verməz. İkincisi də, Təhminə ölüb. Başqasının diliylə, tutaq ki, Spartakın diliylə açılan sirr Təhminənin yox, Spartakın sirri olacaq. Bir də, sirri açmağa nə ehtiyac var? Təhminə bütün sirrləri, özəllikləri ilə Təhminə deyildimi?

Spartakın “fahişəni məleykəyə çevirmək” cəhdi əbəsdi.

Xüsusən də yaşadığımız cəmiyyətin meyarlarını nəzərə alsaq, Təhminə əla qızdı. Nə edib, əcəb edib.

Anar da əla oğlandı; yaxşı ki bu hekayəni yazıb. Ədəbiyyatımız qazanıb, oxucular təzə, dadlı-duzlu, qiymətli mətnə sahib olub. Amma...

“Beşmərtəbənin...” əsas sirri Təhminədə deyil axı.

Anar da bu sirri həmişə mübhəm saxlayıb, heç vaxt axıracan açmayıb.

Açmayacaq da...

Mirmehdi Ağaoğlu

Açığı deyim ki, hekayəni önyarğı ilə oxumağa başlamışdım. Hətta birinci abzas məni vurdu. Lakin sonra Anarın bir yazıçı kimi bu ahıl çağda sevimli personajlarına qayıtmağı məndə nəsə bir ab-hava yaratdı. Bu ab-hava ilə də hekayəni sonacan oxudum. Ayrıca götürsən zəifdi, Təhminə-Zaur personajlarının ansamblında götürəndə isə ovqat yarada bilib.

Samirə Əşrəf

Anarın “Təhminənin son sirri” hekayəsi yuxu ilə başlayır. Elə yuxunun içərisindəcə koronovirusdan bəhs edilir. Görünür yazıçı bununla oxucuya müasir hislər təlqin etməyə çalışıb. Ancaq hekayəni romanın davamı kimi də hesab etmək olar. Çünki romandakı intonasiya hekayədə də davam edir ki, bu da indi müasir dövrlə, internet əsri ilə az uyuşur. Hekayədəki obrazlar eyni, nəql olunan keçmiş əhvalat eynidir. Dəyişən bircə zamandır. Bu zaman içərisində insanlar yaşlanıb, xasiyyətlər dəyişib, hərçənd Spartak cavanlıqdakı kimi kefqom, Zaur yenə də qaraqabaq, azdanışan, özünəqapanandır.

Hekayədə hər kəs ölümə doğru yön alıb. Yazıçı Anar da artıq “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanını yazan yaşda deyil. Bu baxımdan mətndə keçmişi qəribsəmə, heyifslənmə, yuxu ilə iç-içə olma, yozumçuluq duyğusu özünü aydın şəkildə büruzə verir. Yuxunu adətən qocalar yozur axı...

Hekayənin kulminasiya nöqtəsi Spartakın yaddaşının itirmək qorxusu və özü ilə illərlə daşıdığı sirri Zaura açmaq istəməsidir. Ancaq sirr açılandan sonra məlum olur ki, indiki dövrdə, üstündən bu qədər zaman keçəndən sonra həmin sirrin əhəmiyyəti çox azdır. Təhminə illərdir dünyadan köçüb, Zaur oğul, qız, nəvə sahibidir. Spartak da yaşlanıb, onu qısqanacaq görünüşü, yaraşığı, həm də ən vacibi Təhminə yoxdur. Yəni yazıçı subliminal mesajını istəsə də, istəməsə də oxucuya ötürür ki, hər bir əhvalat, sirr zamanında daha qiymətli, daha vacibdir. Çünki bəzən bu sirr insanın xoşbəxtliyinə, səadətinə xidmət edir.

Ayxan Ayvaz

Ayxan Ayvaz: "Belə insanlar özlərinə yer tapa bilmir" –

Mənə elə gəlir, Anar bu hekayəni zor gücünə yazmışdı. Sanki məcbur yazdırmışdılar ona. Hekayənin hər cümləsindən hiss eləmək olurdu bunu. Üstəlik illər əvvəl sevilmiş, populyarlıq qazanmış bir obrazın üstünə təzədən qayıtmaq və yenidən işləmək, mənə elə gəlir, yazıçının artıq tükəndiyinin isbatıdır. Anar gərək bu qəhrəmanları öz talelərinin axarına buraxaydı. Çünki əsər bəzən sirli qalanda daha cazibəli görünür. Anar gündəm mövzusuyla, koronovirusla hekayəni təzələşdirmək istəsə də, alınmamışdı. Bircə sonluq xoşuma gəldi. Postmodernist bir gediş eləmişdi. Sadəcə o gedişi də köhnə estetika ilə “müəllifdən” başlığı ilə verib zay günə qoymuşdu. Heç nə, Anar müəllimə uğurlar arzulayıram. İnanıram, gələcək illərdə daha yaxşı hekayələr yazacaq.

Orxan Həsəni

Arvadı başqasına qoşulub qaçan çobanımız, Ceyrançöldə əlimi öpmək istəyən  mırıq qadın və mənim yenidən doğulmağım – Orxan Həsəni yazır...

Yaxşı romanlar, hekayələr zaman keçdikcə, belə deyək, müəllifdən qopub öz taleyini yaşayırlar. Təkcə insanların yox, elə əsərlərin də həyatı var və onlar doğulur, boya-başa çatır və zamanı gələndə, yəqin ki, oxunmayanda, unudulanda ölürlər. Anar bəyin "Beş mərtəbəli evin altıncı mərtəbəsi" Azərbaycan ədəbiyyatında ən populyar romanlardan biridir. İllər bu romanı köhnəltmədi, dəyişən zəmanə, dəyişən münasibətlər bu romana təsir etmədi. Hələ də, onu oxuyanlar, sevənlər var. Mən 2018-ci ili xatırlamalıyam. O vaxt Anar bəy Bakı Dövlət Universitetinin Filologiya fakültəsində qonaq idi. Suallar havada uçuşurdu və sualların çoxu məhz Təhminə haqqında idi. Bir-iki sualı "yola verdi" intonasiyası ilə cavablayan Anar bəy növbəti sualın nişanı olmadan özünü sığortaladı və Təhminə haqqında sualları cavablandırmayacağını söylədi. Mən o vaxt, doğrudan da, əsərlərin öz taleyinə inanmış və Anar bəyin bu tövrünə sevinmişdim. Hər şey ilk sözün və son sözün içində baş verir və elə oradaca bitir. Bəlkə də, romanda sözü getməyən, kənar hadisələrdən belə müəllifin xəbəri yoxdur. Axı əsərə yeni tale biçməyin nə mənası var? Bu əsərin müstəqilliyinə xələl gətirmirmi? Gətirir. Sözü gedən romanı maraqlı edən, oxucuların sinəsində od kimi yandıran səbəblərdən biri bəzi qapıların qapanmaması, bəzi sətirlərin yarımçıq saxlanması idi. Hələ yeniyetmə zamanımda romanı oxuyanda buna heyərtlənmiş, sevinmişdim. Belə ki, əsərdə Təhminə və Spartak arasında olan naməlum görüş, bəlkə də, romanın zamanı aşmasında ən ciddi səbəblərdən biri idi. Axı nə üçün Təhminə Spartakla görüşmüşdü? Onların arasında əlaqə olmuşdurmu? Bu suallar əsərin çoxlu ürəyindən biri idi və bu gün həmin ürək dayandı. Zaurun ürəyi kimi! Sırf bu faktlara görə hekayəyə müstəqil yanaşmaq olmur. Onu sadəcə "Beş mərtəbəli evin altıncı mərtəbəsi" romanını gecikmiş finalı hesab etməliyik. Hekayədəki hadisələr yalnız romanı oxuyanlar üçün aydındır. Müəllifin nəzərdə tutduğu oxucu da romanı oxuyan oxucudur. Beləliklə, Anar üçün klassikləşmiş, daşlaşmış dil gülümsəyir.

# 15689 dəfə oxunub

Müəllifin son yazıları

# # #