Sönükdür, alayarımçıqdır, obrazlar tamamlanmayıb - Hekayə müzakirəsi

Sönükdür, alayarımçıqdır, obrazlar tamamlanmayıb - Hekayə müzakirəsi
21 sentyabr 2022
# 15:00

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Etimad Başkeçidin “Günəş topla mənim üçün” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.

Elnarə Akimova

Yeni tipli ədəbiyyatın yaradıcısı – Elnarə Akimova yazır...

Etimad Başkeçidin “Günəş topla mənim üçün” hekayəsi nəsrimiz üçün o qədər də tipik olmayan, qəhrəmanın şüuruna səyahət edən, onun psixi sarsıntısını vizuallaşdıran mətndir. Hekayədə nə obrazların özünüanalizi ilə qarşılaşırıq, nə də onların suallarını eşidirik. Burada qəhrəmanın bütün “münaqişəsi” özüylədir – o, əl-qolunu ölçərək öz-özüylə ucadan danışır, yaddaş pozuntusu yaşayır, daxili psixi gərginlik içində nəyisə həll etməyə can atır, amma suallar vermir.

Bəlkə, buna görə mətndə müəmma düyünü yaranmır. Əksinə, burada suallarla baş-başa qalan tərəf oxucudur. Və bu oxucu içindəki yaranmış suallara cavab tapmaq məqsədilə mətndəki bütün işarə, rəmz və adları, təbiət lövhələrindən tutmuş qəhrəmanların adi jestinə, danışığına qədər hər şeyi iri planda və məntiqi həll əsasında çözməyə ehtiyac hiss edir.

Cavablar qəhrəman – Professor üçün ona görə əlçatmaz deyil ki, bu məsafədə onunla “mən”i arasında dayanan fiqur var və məsələ bundadır ki, bu fiqur - Qarovulçu cavabları tapmaqda yalnız Professora deyil, həm də oxucuya yardımçı olur.

Bütün cavablar onun ikiləşmiş “mən”ində tapılır. Qəhrəman niyə insanlardan təcrid olunub, niyə dağlar arasında yerləşən xəstəxanaya yerləşib, hamının eyni qəlibə salındığı çoxüzlü - əslində isə üzsüz görünən adamların məskunlaşdığı şəhər həyatı onu niyə bezdirib və s. Bir də qəzavü-qədər məsələsi, insanın etdiklərinin üstünə bir də qayıdacağı fikrinə inam: “Boş yerə özünüzə ölüm arzulamayın, Allah insanın xor baxdığı, ağız büzdüyü hər şeyi özünə yaşadır, yalnız bundan sonra canını alır".

Şükür etməyi bacarmayan, hər şeyə mız qoyan, insanlara daha çox olduğu yüksəklikdən nəzər yetirən, onları özünün həyat platformasına uyğun şəkildə qavrayan Professorun xəstəlikdən sağalmağa doğru yaşanan ömür aralığında əzab çəkməklə ruhsal təminat qazanması – mətn boyu poetik fikrin istiqaməti bu kontrastın açılışına yönəlir. Qəhrəmanın daxili səsi, ikinci “mən”i kimi doğulan Qarovulçu obrazı onun ruhsal müvazinətinin bərpasında çox qüvvətli daxili enerjiyə malik olan hərəkətverici amilə çevrilir.

Müəllif bu effektli fəndlə hekayənin emosional qatını dərinləşdirir. Buna baxmayaraq, hekayəyə əvvəldən axıradək təmkinli gərginlik hakimdir. Müəllif Qarovulçu obrazı ilə bağlı heç bir yerdə sirr, müəmma ilə danışmır, amma hər dəfə onunla bağlı qeyr-müəyyən atmosfer yaradır: qaranlıq köşk, Ayın qarşısını tutan qara buludlar, hər tərəfin zülmətə qərq olması, şimşək, ildırım, güclü yağış. Amma yazıçı bunlarla nuar estetikası yaratmır, sıxıcı, soyuq rənglərlə işləmir. Tam tərsi, hekayənin dramaturgiyasındakı orqanik, canlı təsvirlər oxucunu nəql olunan əhvalatın atmosferinə salır.

Qəhrəmanın müəyyən təbəddülatdan, metamorfozadan keçərək çatdığı durulma hekayədə mənəvi tarazlıq göstəricisi olur: “Qarovulçu köşkünə işıq çəkdirin. O kişi axşamlar qaranlıqda oturur...”. Bu cümlə Professorun sağalmasını, özünə qayıtmasını ifadə edən motiv kimi səslənir. O, özünü tapdığı anda Qarovulçunu “itirir”, daha doğrusu, Professorun içinə işıq seli axıdan bu obrazla müəllif insanın həyat mövqeyinin düzgün axarını müəyyənləşdirməyə çalışır və bununla onu - qəhrəmanın “ruhunun qarovulçusu” qismində uğurla simvolizə etməyə nail olur.

Bu ayılmanın, özünüdərketmənin təsviri və baş verdiyi epizod qüvvətliliyi Etimadın hekayəsində poetik zirvədir. O, söz və ifadələrin dərin psixoloji yük daşıyan kontrastı ilə ruhun, mənəvi aləmin dəyişikliyini gözəgörünən edir.

“Günəş topla mənim üçün” hekayəsində yazıçının dil vasitələrindən bədii istifadə yolları rəngarəngdir, dilin daxili zənginlik və mövcud imkanlarının yeni keyfiyyətlər qazanmasına imkan yaradır. Burada dil vasitələri xarici effekt və təəssürat yaratmaqdan daha çox xüsusi məntiqi gücü olan dəlil və əsaslara çevrilirlər. Diqqət edək, yazıçının başqa heç bir əlavə naxışlar vurmadan işlətdiyi tək bir cümlə - “Qarovulçu budaqlarından rəngbərəng parçalar sallanan pir ağacına oxşayırdı”, - ağlını itirmiş adamın geridönüşü üçün edilən duaların, verilən nəzir-niyazların simvolik şəkli olaraq oxucunu fikri nəticəliyə aparır. Yaxud hekayədə mərhələ-mərhələ verilən işarələr – qəhrəmanın Qarovulçu köşkündən eşitdiyi musiqi səsi, başı daşa dəyəndən (!) sonra özünə gəlməsi kimi məqamlar mətndə qüvvətli simvolizmi və mətnaltı dərinliyi yaradan amil kimi mənalanırlar.

Yəni bir epizodda işlənən istənilən detal növbət epizodda beynimizdə yaranmış sualların cavabı olaraq daim oyaq vəziyyətdə saxlanır, sonrakı məzmunu təyin etməyə yardımçı olur. Qəhrəmanın yazdığı bir neçə əsər, fəlsəfə və sosiologiyaya dair oxuduğu bir neçə kitab, musiqi meditasiyası, öz-özüylə danışmağa başladığı vaxtdan bu yana məşğul olduğu: “...yoqa... fəlsəfə... ezoterika...” – bunların hər biri əsərdə işarəvi səciyyə alır, ruhun ikinci yaşayış forması kimi reallaşır. Biz bu detalların hər birini obrazın niyə bu duruma düşməsinə dair səbəblərin yerinə qoyub hallandıra, hətta öz versiyamızda uydurmalara gedə bilərik. Amma bizi qəhrəmanın gəlib çatdığı mənəvi müstəvi maraqlandırır. Məncə elə müəllifin bədii məqsədi də daha çox dissosiativ pozuntu yaşayan insanın bundan qurtulma vəziyyətinin analizidir.

Cavanşir Yusifli

Yeni imzaların mətnləri necədir? - Cavanşir Yusifli yazır...

Etimadın “Günəş topla mənim üçün” hekayəsi onun yaradıcılığında şübhəsiz, yeni bir xətt deyil, bu kimi yazı metodu onun məsələn, “Veyil dərəsi” və digər hekayələrində artıq, necə deyək, oturuşub, yəni Etimadın istənilən hekayəsində (romanından fərqli olaraq-!), hadisələrin inkişafının konkret məqamında mistik bir aura yaranır, daha sonra bir-birinin dalınca gələn reallığı bəlkə də göz deşən olaylar baş verir.

“Günəş topla mənim üçün” hekayəsi də bu baxımdan üslub normativinə uyğundur. Ancaq digər hekayələrindən fərqli olaraq bu mətndə Etimad həmin mistik auranı insanın ruhunun dərinliyindən süzülüb gələn (işıq seli-!) “poetik ovqatla” doldurmağa çalışıb və bədii mətləbin yenə də yazıçının özünün bildiyi, duyduğu anda ən müxtəlif istiqamətlərə şaxələndirə bilib.

Bu hekayədə yuxarıda vurğuladığımız cəhətin hesabına təsvir fraqmentdən farqmentə keçdikcə çox aydın, bəzən insanın ruhi vəziyyəti ilə bağlı görüntü yarada bilir. Təsvirin baş verdiyi və “öldüyü” (bitdiyi-!) anda həmin görüntü hekayədəki dünyanın bütün ərazisini tutur. Bunun sayəsində qarşıdan daha fərqli və dərin ölçülü fraqment gəlir, onların bir-birini şərtləndirməsi fraqmentlərarası keçid məntiqi ilə çözülür.

Diqqət edin, “Professor”un birdən düşdüyü vəziyyətin bu məqamların birində verilməsinə: “... Qəribə azarmış, sizə deyim. Ağzını açan kimi bilinirdi ki, adam özündə deyil. Bəli, insanın ağıllı olduğunu ömür boyu görməyə bilərlər, amma dəli olunca, iki dəqiqəyə sezirlər. Professor yaşının bu çağında dəli olmaqdan, bundan da çox dəli kimi ad çıxarmaqdan qorxurdu. Dağların arasındakı bu ixtisaslaşmış xəstəxanaya da, dostlarının məsləhəti ilə, özünü tarazlamaq, mümkün olsa, düşdüyü bəladan qurtulmaq üçün gəlmişdi.”

Hekayədə baş verən hadisələr. Məqsəd o qəribəlikləri təsvir emək, bunun izahını axtarmaq və tapmaq çabası deyil, əsas mniyyət onları sadəcə göstərməkdir, insanın bəzən hansı dərinliklərdən özünə qayıtdığını bildirməkdir. Bu isə ən müxtəlif üsullarla, təhkiyə texnikası ilə açıqlanır.
“Günəş topla mənim üçün” Zülfü Livanelinin şeiridir, əslində mahnı kimi doğulmuuş mətndir.

Bu qədər günəş şüası ilə dolu mahnının arxasında belə bir mistik auranın olması faktını müəllif belə bir rakursda gerçəkləşdirir ki, məqamı gəlincə, dünya, aləm yox, məhz insanın özü, daxili duyumu dəyişəndə metamarfozalar artıq görüntü formasına keçir. Arzuladığını, xəyalında yaşadığını görmək, “reallıq sərhəddini” keçməklə aləm qarışır. Hər şey tərs məntiqlə işləməyə başlayır. Hekayədəki ani ştrixlə verilən “qum saatı” obrazı da bu mənada təsadüfi deyil. Keçidin aniliyi, olmaqla, reallıqla irreal dünya arasında “çabalaması” özünə uyğun obraz və detallar yaradır, həm “idiminə bax...”, həm də “pir ağacı...”.

Bu dəyişikliklərin “slaydları” gün işığında yanıb saralır, yaddaş sozalır, heç nəyi yada sala bilmirsən və... bir andan sonra bu da sənin üçün önəmini itirir. İnsan artıq gedir, varlıqla yoxluğun sərhəddində dayanır. Yazı-pozu adamı, profesor ayamalı yazıçı indiyə qədər qələmlə “oynadığı” halların tilovuna düşür. Burdan o yana yol yxodur. Professorun özündən çıxan, qarşısında “pir ağacı” kimi peyda olan Qarovulçunu əvvəl qəbul etmir, sonra darıxır, onu görməyə tələsəir – özü kimi, qaçır və içinə, ürəyinə baş qoymağa tələsir.

“... Deyəsən, düz-əməlli yatmaq da ona haram olmuşdu, hər gün yuxudan kal oyanırdı. Qalxıb, ayağını sürüyə-sürüyə, pəncərəyə yaxınlaşdı. Həyətdə ins-cins gözə dəymirdi. Aydınlıq gecədə ağaclar nəhəng, hüznlü insan siluetlərini xatırladırdı. Sanki qaçırılmış fürsətlər, boğulmuş duyğular, boşuna yaşanmış həyatlar burada maddiləşmişdi. Onların arasında bir tanış siluet gördü, hey pəncərələrə sarı boylanır, görünməyən gözləriylə kimisə arayırdı. Onu hardan tanıdığını xatırlamağa belə cəhd eləmədi, onsuz da yadına düşməyəcəkdi. Professor artıq həyatının böyük bir hissəsini unutmuşdu. Hərdən ona elə gəlirdi ki, hamı kimi yavaş-yavaş yox, birdən-birə böyüyüb...”

Rasim Qaraca

Literaz.com | Rasim Qaraca. Son şeirlər

Hekayə darıxdırıcı və yazarın çatdırmaq istədiyi "məna"ya görə çox uzundur. Professorun sağalması oxucunu sevindirmir, əksinə belə həprimləşmiş, sovetdənqalma professorun ölməsi daha çox arzuolunan idi. Oxucunun Professoru sevəcəyi tutarsız bir məziyyəti var: "neçə-neçə hekayə və romanlar müəllifi olan, ölkədə az qala, ədəb mizanı sayılan birisi"dir, müəllifin bu təqdimatı Professorun xəstəlikdən qalib çıxması üçün oxucuda intriqa yaratmağa yetərli deyil, məncə.

Hekayədə qəzəb yox, sevgi yox, nifrət yox, təaltüm yox, ehtiras yox və canım sizə desin, fırtına yox. Obrazı tamamlanmamış özündənrazı bir qoca professor var və bir də portret cizgiləri alayarımçıq olan bir Qarovulçu. Hekayə xalis qrafomaniya nümunəsidir. Sönükdür. Mistik realizmin suyunun suyu deyə bilərik. Müəllifin imkanlarının çox aşağısındadır. Hekayənin tək üstün cəhəti yazarın dil materialından məharətlə istifadə etməsidir. Bu cür dil bazası ilə necə gözəl əsərlər yaza biləcəyini təsəvvür edirəm.

Aqşin Yenisey

Etimad Başkeçidin, mənim "soyuq üslub" dediyim təhkiyə formasında yazdığı bu psixoloji hekayə nəsrimiz üçün ənənəvi deyil. Bu cür psixoloji hekayələrə daha çox Skandinaviya və yapon yazıçılarının yaradıcılığında rast gəlirik. Hekayədəki professorun halüsinogenik vəziyyətini açmaq üçün seçilən sözlər onun "milli insan" obrazını uğurla yaradıb.

Adətən, yazarlarımız bu cür hekayələri yazanda mütaliənin formalaşdırdığı, necə deyərlər, heterogen bir dildən istifadə edirlər. Bu da mətnə qondarmalıq, sünilik effekti verir.

Sanki tərcümə olunmuş bir əsər oxuyursan. Etimad Başkeçidin həm də bir tərcüməçi kimi bu "qondarma dildən" uzaq durması hekayədə məkanın və zamanın milli xarakterini yaradır.

Məsələn, Qoderzi Çoxelinin hekayələrini oxuyanda necə ki, deyirik, bəli, bu əhvalat məhz gürcünün başına gələ bilərdi, Etimadın da professoru bizdə bu təəssüratı yaradır; bəli, məhz azərbaycanlı professor bu cür psixoloji vəziyyətlə üzləşə bilərdi.


# 2895 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #