Qeyri-dəqiqlik, yorğunluq, hissizlik, təntənədən uzaq – Yazarlar Xəyyam Rəfilini tənqid etdilər

Qeyri-dəqiqlik, yorğunluq, hissizlik, təntənədən uzaq – Yazarlar Xəyyam Rəfilini tənqid etdilər
19 yanvar 2022
# 15:02

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Xəyyam Rəfilinin “Ölü quşlar” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.

Xatırladaq ki, bu layihədə çap olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.

Cavanşir Yusifli

Taleyə çevrilən mətnlər - Fraqmentlər - Cavanşir YUSİFLİ |  Edebiyyatqazeti.az

Xəyyam Rəfilinin “Ölü quşlar” hekayəsi süjet dinamikası və kompozisiya özəlliyi ilə zənnimizcə bizim son dövr hekayələrimiz arasında seçilən ən mükəmməl nümunələrdən sayıla bilər. Təhkiyə texnologiyası, hadisələrin doğurduğu təəssüratın süjet dolanbaclarına sirayət edib “sızması”, həm də, yerlə göy arasında baş verən hadisələrin uşağın qəlbindən keçib göy üzünü bürüməsi, qrad yağışı altında hər şeyin təkcə qorxuyla deyil, qəribə bir sevgiylə hiss edilməsi oxuduğun anda sənə təsir edir, bundan da ötə: bu minimalist mətndə detal və fraqmentlərin, əşya və insan təsvirlərinin lazım olan məqamlarda bir-birinə təmas etməsi... heyrətləndirir. Hekayədə obraz, metaforalar arası əlaqələrin bir-birinə keçməsi (yaxınlaşıb-uzaqlaşma...) onun poetik semantikasını bəlləyir. Hekayənin kompozisiyasının (süjetyaratma dinamikasının - !) əsasında “çevrilmə məqamı” durur. Dünya ən təmiz və ən gerçək şəkildə bir uşağın qəlbindən və ruhundan keçər, haçansa, bəlkə uzaq keçmişdə, ya da yaxın keçmişdə axşamüstü ildırım tut ağacının budağını qırmış və o budaq uşağın nənəsigilin evinin pəncərəsindən içəri girmişdi. Qrad mərmisinin qəlpəsi uşağın anasının ayağına dəyməsiylə o da eynən həmin budaq kimi şaqqıltıyla yerə çökmüş, axan qan göy üzündəki bütün təsvirləri pozmuş, bir-birinə qarışdırmışdı. Uşağın anasının bir ayağı o birindən cəmi dörd santimetr qısadır, ona görə qrad atılanda evlərindən o binanın zirzəmisinə qədər keçirilən yol bir ömrün hissi baxımdan, ürəyi dəlib keçən güllə yaşantısı kimi sona qədər uzanmışdı. Qrad qırıntısı ananın ayağına dəyəndə çəkələyi ayağından çıxmış və bir balaca daşın üstündə durmuşdu, özü də necə: heç anasının iyirmi dörd il qabaq (evdən zirzəmiyə qədər pillələrin sayı qədər - !) illərlə üstü bəzəkli sandığın içində saxladığı ağ, altı da üstü qədər tər-təmiz tuflisi belə şax durmazdı. Bu detal, yəni ildırım düşməsiylə qırılan budaq necə pəncərə şüşəsini qırıb evə girirsə, ananın ayaq bağları da o şəkildə qırılır, eyni dəhşətli səs çıxarır, tut ağacı evin yanında durub onu bəladan hifz edən kimi ana da qrad yağışı nə qədər dəhşətli olsa da balalarını qoynunda gizlədib onların tələf olmasına yol vermir, zərbəni özü qəbul edir. Daha sonra sandıqdakı gəlinlik tuflisinin geyinilməməsi (6 avqustdur ki, ata yoxdur, ana və iki uşaq var...), altının elə üstü qədər yaraşıqlı və təmiz qalması həm də insan həyatını dağıdıb keçmiş bədbəxtlik işarəsidir, ev, ailə dağılmış, həyat onları yaralamışdır, ancaq bütün bunları ürəyinin istisi və sevgisiylə “ört-basdır” etməyə çalışan ana bu iki uşağı nəfəsiylə saxlayır (“xallı balam, dur, məktəbə gecikirsən...”).

Qrad yağışı və həyatın qara-qorxusu altında uşaq daim göy üzünə baxır, bir anlıq ona elə gəlir ki, bu hadisələrin fonunda (o həm də hər şeyi saya bağlayıb: anası addımını neçə saniyədə irəli atır. Pillələrin hansını sevir, hansından zəhləsi gedir, anasından qopmamaq üçün balaca bacısının pilləkəndə daim irəli gedib geri qayıtması...) hər şey göy üzünə yazılıb, bu nə müəmmadırsa ordan oxumaq olar, göyə baxdıqda bulud görür, köynəyin yaxalığına vurulan yamaq kimi... Düşünür ki, bu güllələr göylə gəldiklərinə görə bəlkə quşlara dəyir, yerə düşən quş gördükdə tez qaçıb güllə yarası axtarır. Hekayədə ağrının ən acımasız şəkildə hiss edildiyi yer də budur. Rəqəm və say hesabı hekayənin kompozisiyasında önəmli yer tutur. Raketlər bir-bir atıldığından ölmək ehtimalı daha çoxdur və bundan qaçmaq demək olar mümkün deyildir. Qənaət ölüm ehtimalını artırır. 24 il, qırx lülə, 40 yaş və 16 yaş...

Bir də qaçılmazlıq. Uşaq düşünür ki, bir anlığa hər şey donub dayansa (quşlar uçduğu yerdə, yarpaqlar xışıldadığı anda...) yəqin o qrad qəlpələri də göy üzündə donub qalar və hamı xilas olar. Ancaq... bir daşın üstündə özünü günə verən kərtənkələ bezib gözünü qıya bilər, arxası üstə uzanmış tısbağa çevrilə bilər və hər şey yenidən hərəkətə gələr... Yəni uşaq hər şeyi saysa da, qəzavü-qədərdən qurtulmaq mümkün olmur, güllə anasına dəyir... Və həyat məhz bu anda dayanır, bir anlıq... Qrad zirzəmi divarının dibinə düşdüyündən ora sığınmış insanlar pətəkdən perikən arılar kimi ətrafa uçuşur...

Qəşəm Nəcəfzadə

Xəyyamın hekayəsi xoşuma gəldi, savadlı hekayədir. “Savadlı” sözünü adətən insana deyirlər, amma mən hekayəyə deyirəm. Düz də deyirəm. Bu kiçik mətnin beyinciyi müharibəni göstərdi mənə. Olduğu kimi göstərdi, eynən xatırladığım kimi.

Anasının sandıqda gizlətdiyi toy tuflisi ilə, hər gün ayağına geyindiyi qana batmış çəkələyinin müqayisəli təhlili, toyla yasın, bədbəxtliklə xoşbəxtliyin paralelliyi çox dəqiqdir.

“Göydə quşlara güllələr dəyirmi” düşüncəsi və onların ölümü, özü də arxası üstə üzü göylərə sarı yıxılması təbiətin ölümüdür, təbiətin ölümü metaforanın, sonra da insanın ölümüdür.

Ananın hər partlayış baş verəndə “Allah sən saxla, Allah sən saxla”, partlayış səsləri kəsəndən sonra “Allah məni öldürsün, Allah məni öldürsün” deməsi; hər iki deyilişin baş verdiyi yer, an, vəziyyət o qədər dəqiqdir ki, birincidə həqiqi qorxu, ikinci də isə bir az arxayınlaşıb sanki günahı öz üzərinə götürməklə verilən yaşam vaxtının uzandığını göstərən faktdır. Əgər bir adam deyirsə ki, “Allah məni öldürsün”, demək orda hələ ki, ölüm qorxusu yoxdur.

Müəllif səksən addımlıq yolu ömrə bənzədir. 16 yaş, 16 lüləli qurğu, ayın 16-sı ad günü və bu onaltılardan sabitliyi pozan yalnız qraddır. O da atılıdıqca, lülələrdəki raketlər azaldıqca yaşamaq ehtimalı çoxalır və sonda insan oğlunun – yazıçının gəldiyi qənaət:

“On ikinci raketin uğultusu eşidiləndə bir anlıq xəyal etdim ki, əgər biz gözümüzü qırpmadan, nəfəs almadan yerimizdə dursaq, quşlar qanad saxlasa, yarpaq belə tərpənməsə, dənizlər dalğalanmasa, külək əsməsə, zəmilər xışıldamasa, sular axmasa, hər şey olduğu yerdə donub qalsa, o raket də göydə dayanar”.

Dayanarmı? Əlbəttə. Əgər bu sükutu pozan olmasa, yəni isti qayanın üstə uzanan kərtənkələ və tısbağa olmasaydı.

Onaltıların sağ qalmaq ehtimalı var, amma ananın yaşı qırxdır. Onun da 16 yaşı olsaydı, sağ qalmaq ehtimalı böyükdür. Rəqəmlərə mifoloji inam əsas məsələdir burda. Və ana vurulur.

Bacının altıncı avqustdur ki, atanın yerində yatması, qana bulaşmış çəkələyin sandıqdaki tuflidən daha çox qürurla qayanın üstə dayanması, evin son nəfəsi, tül pərdələrin ruh kimi pəncərədən çölə çıxması və s. kimi başqa abzaslar hekayənin ən yadda qalan və səni arxasınca çəkib aparan enerji burulğanıdır.

Hekayədə bəzən qeyri-dəqiqlik də nəzərə çarpır, bu da hekayəyə xələl gətirmir. Məsələn, “Mən yuxudan otağıma qayıdana qədər ikinci partlayış lap yaxından, bizdən ikicə ev aralıdan eşidildi. Ardınca da qəlpələr aprel dolusu kimi damımızda taqqıldadı”.

Necə hesablamaq olardı ki, doğurdan da, partlayış iki ev o tərəfdə baş verib, bəlkə bir və ya üç ev. Niyə məhz iki ev? Bunu o anda dəqiqləşdirmək mümkün deyil. Əgər desəydi ki, “çox güman ki”, və ya “mənə elə gəldi ki, bizdən iki ev o tərəfdə partlayış baş verdi”. Bu, daha doğru olardı.

Samirə Əşrəf

Xəyyam Rəfilinin “Ölü quşlar” hekayəsi məndə kədərli ovqat yaratdı. Hekayədə bəhs olunan hadisələr mənim kimi qaçqınlıq dövrü yaşayan insanların taleyi ilə bağlıdır. Bu baxımdan hekayəni oxuduqca, uşaqlıq illərində müharibə zamanı yaşadığım ağır günlərə qayıtdım. Oxşar keçmişi olan insanlar olduğumuz üçün o günləri yenidən xatırlamaq, əlbəttə ki, çətindir. Ancaq şəxsi ağrılarımı xatırlatmaqla yanaşı, Xəyyam hekayəsində yaşadıqlarını, gördüklərini ədəbiyyata çevirməyi, üstəlik də çox yüksək səviyyədə çevirməyi bacarıb. Hekayədəki metaforalar, anaya duyulan məhrəm məhəbbətin pafossuz təqdimatı çox gözəl idi. "Ölü quşlar"la yanaşı Xəyyamın digər hekayələrini də oxumuşam. Onun daxili təmizliyi, dürüstlüyü, sadəliyi bütün mətnlərində özünü yaxşı formada göstərib. “Ölü quşlar” hekayəsində də müharibənin boyasız, rəngsiz verilməsi, müharibə fonunda ətrafdakı insanlardan, təbiətdən, quşlardan bəhs olunması, anasının gəlinik ayaqqabılarını qəhrəmanın xatırlaması, ən kulminativ və ağır məqamda yenidən o ayaqqabıları, həm də xoşbəxt günləri xatırlayıb, ağrıdan və zərbədən kənara atılıb qalan çəkələklərlə müqayisə etməsi, gözəl gedişlərdi. Hekayəni oxuduğum zaman sanki ağ-qara filmə baxırdım. Orada bircə yerdə rəng gördüm. O da ananın ayağına dəyən qəlpənin açdığı yaradan axan al-qırmızı qan rəngi idi. Ümumilikdə, qəhrəmanın başına gələnləri təmkinlə nəql etməsi, sonradan isə faciədən ürküb sarsılması, keçmişə, ilıq günlərə qayıtmaq, sığınmaq arzusu oxucunu mütəəssir edir. Xəyyama uğurlar arzu edirəm. Çox istərdim ki, ədəbiyyatşünaslar, tənqidçilər, ümumilikdə, ədəbi mühit onun mətnlərinə qarşı diqqətli və həssas olsunlar.

İlham Əziz

Umud ” – Ilham Əziz – Yenifikir.info

Xəyyamın hekayələri yorğundu. İllərin əzab-əziyyətinin, taleyin sükutunun səsidir. “Ölü quşlar” müharibə hekayəsidir. Bizdə müharibə hekayələri çoxdur. Xəyyamın hekayələri intellektuallığı, həlimliyilə seçilir. Bu hekayədə insan-təbiət münasibətləri başqa müstəvidə həll olunub. Hekayənin yaratdığı fon, aura özünəməxsusdu. Təsvirlər mətnin daxili dinamikasını tamamlayır. Xəyyam bu hekayədə müharibə dəhşətinin qırıntılarından muncuq düzüb. Təhkiyənin rəvanlığı mətnin balansını pərgar dəqiqliyi ilə saxlayır, hər abzasda çevrə qapanıb, yeni areallar açılır. O hekayələri mübhəm sevgiylə yazır. Xəyyam mənim sevdiyim yazıçıdır. Müəllifə uğurlar diləyirəm.

Fərid Hüseyn

Fərid Hüseyn: Həsrətimi danışsam...

Hekayənin ideyası, təhkiyənin inandırıcılıq gücü məqbul hesab ediləcək həddədir.

Əsərdə evdən zirzəmiyə qədər olan yolun şərtiliyi, ora qədər “xərclənən” zamanın nisbiliyi olduqca əsaslı təsvir olunub. İnsan vaxtın fərqinə varanda “zaman böyüyür”, yolun fərqinə varanda məsafə uzanır, xəstəliyin fərqinə varanda ağrılar artır. Bütün bu məqamlar əsərdə olduqca həssaslıqla, əsl yazıçı duyumu ilə verilib.

“Sitauativ qəhrəman”ın nəzərində ayrı-ayrı anların şərhi sadə üslubda, həm də baş qəhrəmanın daxili dinamizminə “söykəli” ifadə olunub, çox təsirlidir.

Detallar, – tısbağa və quşlarla bağlı incə nüanslar da diqqətçəkicidir. Müharibə insanı məhv etmək üçün düşünülmüş, amma bütün mövcudluğa qənim kəsilmiş “kəşfdir”. Müəllif detallarla bunu deyir. Qanun günahkar insanı, müharibə isə bütün dünyanı cəzalandırır. Hekayədəki quş və tısbağa obrazları həm də “aqibətin milliyyəti olmur” ideyasını təlqin edir, əsərə dünyəvi mahiyyət verir.

Yaxud baş qəhrəmanı yuxudan daim anasının oyatması, sonda ruhu bədəndən çıxan evin “ölümü”, ananın yaralanması, – bütün bunlar hər şeyin heç zaman əvvəlki kimi olmayacağına işarədir. Hekayənin sonunda məlum olur ki, elə ilk cümlə, əslində, həm də son cümlədir.

Cavid Zeynallı

Jurnalist Cavid Zeynallı baş redaktor təyin olundu

Xəyyamın hekayəsi rəvan dillə, yaxşı təhkiyə ilə yazılmış mətndir. Onun bundan əvvəl bir hekayəsini də oxumuşdum. Detallar, bir-birinin içində gizlənmiş tapıntılar xoşuma gəlmişdi. Bu hekayə haqqında isə eyni şeyi dəyə bilməyəcəyəm. Xəyyam nəsr duyğusu olan, nəfəsi olan müəllifdir. Onun daha yaxşı şeylər yazacağına inanıram.

Sevinc Elsevər

Sevinc Elsevər “Mücrü” uşaq jurnalına rəhbərlik edəcək

Müəllif zəhmət çəkib. Normal hekayədir. Ancaq hiss etmədim heç nə. Bəlkə də hiss etmək vacib deyil, bilmirəm. Bəlkə özüm hissizləşmişəm bu aralar. Müəllifə də, hekayəyə də haqsızlıq etmək istəməzdim.

Sahilə Yaya

Ədəbiyyat qəzeti"nin sorğusu | Edebiyyatqazeti.az

Xəyyamın yaradıcılığı ilə tanış deyildim. Maraqlıdır. Yaxşı yazırmış. Hekayəni çox bəyəndim.

Orxan Həsəni

Orxan Həsəni. Füzulinin dişi (HEKAYƏ) » Yarpaq.az

Mətnin təntənədən uzaq, bir qatlı atmosferi məni tezliklə cazibəsinə aldı. Bu xarakterdə olan mətnlərdə yazıçıları aydın və çılpaq gördüyümü, istedad alovunun istiliyini daha yaxından duyduğumu etiraf etməliyəm. Dünya uşaqların gözündən həmişə əyləncəli görünüb, üstəlik müharibədə. Dəhşətli reallığı təmiz, munis təsəvvürlərin dişinə vermək, vermək və bu həzmi-rabedən salamat çıxmaq hər yazıçının hünəri deyil. Xəyyam bəyin hekayəsi təmizdir, onun öz səsi ilə danışır, gülümsəyir və ağlayır. Hekayə atılan qrad mərmilərinin havada dayanmış halıdır, yəni iddiasız, öz halında, gözləri yer süpürən, əlləri cibində gəzişən adamlar kimi. Forma və məzmun sakit addımlarını oxucunun çiyinlərindən atıb keçir. Hadisələrin və üslubun astagəl axarı göstərirdi ki, müharibə və müharibənin atəşi yalnız fon funksiyasını yerinə yetirir. Diqqət vektorları məhəbbətin və qorxunun, həyəcanın və kədərin uşaqlığın ağ kağız yaddaşından oxunmasına çevrilməlidir. Ancaq bu ağ kağıza qırmızı izlər düşür və təsəvvürlərimiz yerlə-yeksan olur.

“Anamla mənim aramdan keçən qəlpə mənə yox, anama dəymişdi” – ölümün bədii həllinin natamam qaldığını düşünürəm. Övladlarını xilas edən ana obrazı xarakterə çevrilmir. Buna görə ölümü adi hadisə kimi qəbul edirik.

Ənvər Məmmədxanlının “Buz heykəl” hekayəsi ilə “Ölü quşlar” hekayəsi arasında müəyyən paralelliklər aparmaq olar. Övladını öz canı bahasına qoruyan ana instinkti hər iki hekayəyə hakim kəsilib. Və amansız müharibə. İnsanlar münasibətlərinin dəhşəti övlad məhəbbəti qarşısında boynu-bükük qalır, utanır və ümidli, işıqlı gələcək vədi verir. Vədlər isə heç vaxt bitmir. Anaların ətdən divar olub qəlpələrdən qoruduğu uşaqlar müharibələrdə ölür. Hər halda Xəyyam bəyin hekayəsindəki dramaturji düyün olduqca yumşaq alınmışdı, buna görə müqayisə paralellikləri bir yerdə sınır.

# 3895 dəfə oxunub

Müəllifin son yazıları

# # #