Keyfiyyətsiz əsərlərinə tərif yazdıran istedadsız, pullu adamlar – Rahid Ulusel

Keyfiyyətsiz əsərlərinə tərif yazdıran istedadsız, pullu adamlar – Rahid Ulusel
6 iyul 2023
# 11:06

Kulis.az Rahid Uluselin “Tənqid funksionallığı: ədəbi prosesi – ədəbi orqanizmə çevirmək” yazısını təqdim edir.

Əsas tezis-suallar:

  1. Azərbaycanda peşəkar tənqid mövcuddurmu?
  2. Tənqid ədəbiyyata refleksiyalar sərhədindən kənara çıxa bilirmi?
  3. Nə üçün tənqidçilər müasir Azərbaycan ədəbiyyatına konseptual yanaşmaqdan, dərin analitik tənqiddən yayınırlar?
  4. Ədəbi medianın formaca zənginləşməsi ədəbi prosesin inkişaf miqyasını əks etdirirmi?
  5. Çağdaş tənqidi düşüncənin aktuallaşması zərurəti necə dərk olunur?

Çağdaş Azərbaycan cəmiyyətinin intellektual həyatının, sosial-estetik düşüncəsinin bir hissəsi olan (və ya bir hissəsi olmağa çalışan) tənqid nə özündə, nə də ədəbiyyatda hələlik əsaslı keyfiyyət dəyişikliyinə səbəb olası bir dönüş görür. Onun diqqət obyektivində – yenə də bütöv ədəbiyyat deyil, onun epizodlarıdır, tendensiyaları deyil, təsadüfləridir, yaradıcı şəxsiyyətlərinin ədəbi təkamülü deyil, ayrı-ayrı əsərləridir, sənət münasibətlərinin dərin mənası deyil, çəkişmələrin çözələnməsidir. Halbuki tənqid məhz etməli olduqlarını etdikdə ictimai marağa səbəb olur.

Tənqid, çağının ədəbi ideologiyasını yaradaraq, həmin ictimai maraq sferasında yer tuta, ona təsir edə və onun dinamikasını təmin edə bilər. Fəqət tənqid hazırkı durumunda göstərilən funksiyalarının heç birini sanballı səviyyədə yerinə yetirə bilmir. Müəyyən istisnaları nəzərə almaqla demək olar ki, o, sadəcə olaraq, özünün yayğın, tərəddüdlü, oturuşmamış mövqeyində “tənqid” rolunu imitasiya edir. Sanki bu tənqid üçün bütöv Azərbaycan ədəbiyyatı, ədəbi proses, onun dinamikası yox, ayrı-ayrı görüntüləri var. Tənqidinsə başlıca vəzifəsi ədəbi prosesi – ədəbi orqanizmə çevirməkdən ibarətdir.

Bu – o demək deyil ki, ədəbiyyat və onun inkişafı tənqid vasitəsilə qəlibləşdirilir, o deməkdir ki, onun hətta ziddiyyət təşkil edən, müstəviləşməyən tərəflərinin harmoniyası, uyarlığı tapılır, strukturu, morfologiyası müəyyənləşdirilir, uzlaşan-uzlaşmayan tendensiyalarının xarakteri, fərdi üslubların mahiyyəti açılır, zamanın estetikasını bəlirləyən işartılar, işıq nöqtələri belə üzə çıxarılır ki, ədəbi-bədii mədəniyyətin baş yolu – tarixi-milli yolu daim işlək olsun, onun üzərində Klassik keçmişdən Klassik gələcəyə doğru hərəkət etmək mümkün olsun, ədəbiyyat qaranlığa düşməsin, qaranlığında azmasın, azdırmasın. Bax bunlar edilmədiyi üçün, çağdaş ədəbiyyatımızın bir sıra diqqətəlayiq “ideya toxumları” da ədəbi selin içində itib-batır.

Vəzifəsi isə ədəbi seli – ədəbi proses qanunauyğunluğunda dərk etməli və etdirməli olan tənqid ədəbiyyatın bədii-estetik dəyərlərini cəmiyyətə təqdim etməkdə, tanıtmaqda, cəmiyyətin aparıcı, “qaynar” ideyalarını, “sifarişlərini”, intellektual yükünü, sosial problemləri ədəbiyyata nişan verməkdə çətinlik çəkir. Buna görə də Azərbaycanda ədəbiyyat və cəmiyyət bir-birinə kifayət qədər yaddır və onların hər biri daha çox “öz problemləri” ilə yaşayır, münasibətləri də “salam – sağ ol!” səviyyəsindədir. Hətta bu reallığı kəskinliyində belə anlamaq olar ki, ədəbiyyat – həyatdan, tənqid isə – ədəbiyyatdan geri qalır.

Bax buna görə də sosial hadisələrə daha canlı, operativ reaksiya verən publisistika bədii ədəbiyyatdan da, onun tənqidindən də daha çox ictimai marağa səbəb olur. Bu, əlbəttə, həm də zamanın ruhundandır. Cəmiyyətin qavrayışında rasional-praqmatik dəyərlər emosional-altruist dəyərlərdən qat-qat üstündür. Ancaq yenə də ədəbiyyat və tənqidin cəmiyyətin intellektual həyatında balansyaradıcı fenomen olduğunu danmaq olmaz. Tənqid – cəmiyyətlə ədəbiyyatın əllərini (ruhunu!) bir-birinə çatdıran möhkəm, etibarlı əldir ki, indi o bu funksiyasını gərəyincə yerinə yetirməlidir.

Cəmiyyətin ictimai marağında çox mühüm yer tutan televiziya, informasiya axını, internet və s. sosial-mənəvi yaşamın virtuallaşdırıcı determinantları kimi bu məkanı tam fəth etmək gücünü nümayiş etdirməkdədir. Şou-biznes dünyasında yüksək bədii-estetik dəyərlərlə heç də əxlaqlı davranılmır. İncəsənətin bütün sahələrini sarmış şou-biznesdə istedadlardan daha çox zirəklər, diribaşlar, gözəgirənlər “uğur” qazanır. Burada İdeya yox, Para rol oynayır. Bu səbəbdən cəmiyyət və onun mənəvi həyatı da getdikcə estradalaşır. Zahirilik dərinliyi, sünilik təbiiliyi, antiharmoniya harmoniyanı, qışqırıq cəhcəhi, rep muğamı, formalizm sənətkarlığı, kosmetika hüsnü, “siçan” qələmi, “modern” klassikanı ... udur. Yox, bu, dünya inkişafının təbii stixiyası deyil ki, deyəsən – mütləq belə olmalı idi. Bu, mədəniyyət düşüncəsinin təkamülündə zaman-zaman buraxılmış səhvlərin, yanlış gedilmiş yolların, sapıntıların nəticəsidir ki, müasir sivilizasiyanı gətirib dalana dirəyib.

Hər cür bər-bəzək, çil-çıraq, sayrışmalar, atəşfəşanlıq da bu mənəvi deqradasiyanı nəinki ört-basdır edə bilmir, əksinə, bir az da körükləyir. Habil Əliyevin kamançasını futlyarına qoyaraq bir daha çalmayacağını bəyan etməsi, əslində, sənətdə və mənəviyyatda gedən deqradasiyaya, dəyərsizləşməyə ən böyük üsyan idi. Bu gün incəsənətin bütün sahələrində baş verən aşınmaya münasibət mədəniyyət əxlaqının varlığını təsdiq edəcək bir barışmazlıq mövqeyi olmalıdır ki, o da məntiqi olaraq, bu funksiyanı peşəkarlıqla yerinə yetirməli olan tənqiddə baş verməlidir, – çünki bu münasibət tənqidin mahiyyəti və stixiyasıdır. Antisənətə qarşı ictimai mövqeyi və rəyi formalaşdırmaq və bununla da bədii sənətin normal fəaliyyətinə şərait yaratmaq, cəmiyyəti bu sənətlə təmasa hazırlamaq, estetik zövqü cilalamaq bu gün Azərbaycan tənqidinin ədəbi-intellektual yaradıcılıqda görə biləcəyi işlərin ən başlıcalarındandır.

Keyfiyyətsiz əsərlərinə tərif yazdıran istedadsız, pullu adamlar – Rahid Ulusel

Cəmiyyət – incəsənət (eləcə də ədəbiyyat) arasındakı münasibətlərin estetik meyarlarının, prinsiplərinin, tənqid sosiologiyasının yaranmaması üzündən ümumən mədəniyyət həyatında həmişə çat baş verib, onun müxtəlif sahələri arasında əlaqələr qırıq-qırıq olub. Tənqid mədəniyyətinin olmaması səbəbindəndir ki, həmişə bu sənətə və onunla məşğul olanlara çəpəki baxılıb. Yazıçılarsa, bir qayda olaraq, onları tərif edən və tənqid etmədən təhlil edən tənqidçilərlə bağrı-badaş olub. Adətən də, ədəbiyyatın hərəkətcil estetikasını yaradan və ya əsas vəzifəsi bunu yaratmaq olan tənqidçilər deyil, mədəniyyətin canını – özəyini yaradan yazıçılar cəmiyyətin (daha doğrusu, ideoloji korpusun) gözündə önəm daşıyıb və karyeraca yüksəlmək imkanları qazanıb (Ümumiyyətlə, ətalətli cəmiyyətlər və onların mühafizəkar “elitası” həyatda da, mədəniyyətdə də tənqidi sevmirlər.

Çünki tənqid hər hansı bir dəyişikliyə, dəbərtiyə təməl yaradır. Bu isə “köhnə qaydalarla” yaşamaq istəyənlərə sərf eləmir. Azərbaycan cəmiyyəti isə siyasi rejimini, sosial strukturunu dəyişsə də, paradoksaldır ki, mahiyyətcə görünməz dərəcədə az dəyişib). Buna görə də peşəsi daha çox “tənqid etmək” olan tənqid – “konyuktura tənqidinə”, “tərif tənqidinə” çevrilib və nüfuzunu kifayət qədər itirməli olub. Halbuki ədəbiyyat elminin yaşarılığı bilavasitə tənqiddən, onun yaranmaqda olan ədəbiyyata münasibətinin necə sistemləşə bilməsi prosesindən asılıdır.

Azərbaycanda peşəkar tənqidin mövcud olduğu dönəmi təhlildən keçirdikdə bu acınacaqlı faktı etiraf etməli olursan ki, bizim tənqid və ədəbiyyatımız bir-birini uzun müddət və yetərincə başa düşməyiblər: Tənqid – ədəbiyyatda müstəqim mənalar, ideyalar, ideologiyalar və s. standartlar arayıb, onun poetikasına, “sətiraltısına” daha az enib, daha çox üzdə olanının başında, “sosiolojisi”, “ideolojisi” çevrəsində fırlanıb, ədəbiyyat isə – tənqidin münasibətlərini kifayət qədər əsaslandırılmış saymayıb, onu subyektiv, çox zaman da qərəzli yanaşma kimi qəbul edib. Heç vaxt açıq, obyektiv tənqid yox, yalnız dərin, rasional təhlil məqamlarında tənqid və ədəbiyyat arasında nisbi anlaşma mümkün olub. Bu isə ədəbi-bədii, ədəbi-estetik düşüncənin “tənqidsiz tənqid” (?!) – vaxtilə deyildiyi kimi, “dişsiz tənqid” xarakterini, daha doğrusu, xaraktersizliyini meydana gətirib və onu bu sürüşkən pozada möhkəmləndirib. Bax, tənqidin belə “yarımçıqlıq kompleksi” onun işlək fəaliyyət mexanizmlərini xeyli dərəcədə kütəldib.

Nəticədə, bəzi istisnalar sayılmasa, tənqidçilərin böyük əksəriyyəti ədəbiyyatşünaslığın daha təhlükəsiz, başağrısız ( həm də nisbətən çörəkli) zonalarında qərarlaşmağı üstün tutublar. Beləliklə, ədəbiyyat və onun elmi öz daxili stimulu ilə inkişafın ən mühüm, ən əlverişli texnologiyasından – özünütənqiddən məhrum olmaq durumuna gəlib.

Tənqid bir sıra həlledici parametrlərinə görə – xüsusilə antisənət hadisələrinə, proseslərinə tənqidi münasibətin kompetensiyalı səviyyədə qəbul edilməsinə, ictimai rəyə, cəmiyyətin intellektual-mənəvi həyatına təsir dərəcəsinə görə publisistikadan və ədəbiyyatdan geri qalır. Ədəbiyyatın və onun tənqidinin xeyli dərəcədə “publisistikalaşmağı” da ondan irəli gəlir ki, onlar sanki bununla daha çox ictimai diqqətə çatmaq istəyirlər. Onlar beləcə “dəb dalınca qaçmaqla” nəyisə qazanmır, əksinə, olanlarını da itirirlər. Xüsusilə tənqid sanki ədəbiyyatdan (bədii həyatdan), publisistikadan (sosial-informasiya həyatından) geriqalmışlığından utanır və başlayır ədəbi-publisistik manipulyasiyalara. Amma aydındır ki, publisistika tənqidi əvəz edə bilmədiyi kimi, tənqid də publisistikanın yerini tuta bilməz (söhbət, əlbəttə, onların müəyyən sintez formalarından getmir).

Tənqid nəinki müasir ədəbiyyatın bədii sistem qanunauyğunluqlarını açmaqda ustalıq göstərir, az və ya çox dərəcədə zühur edən dəyərli ədəbiyyat hadisələrini kifayət qədər dərindən araşdıra bilmir, həm də ədəbiyyatın olmadığı boşluğu (cəmiyyətin estetik vakuumunu!) açmaqda cəsarət göstərmir. Halbuki nəinki ədəbiyyatın gerçək durumu haqqında mühakimə yürütmək, həm də onun gələcək inkişafı, səmtləri, perspektivləri üçün proqnozlar vermək də tənqidin funksiyaları sırasına daxildir.

Çağdaş ədəbiyyatımızın problemləri, onun nümayəndələrinin yaradıcılığı, ədəbi proses xüsusunda aparılan araşdırmalar həm kəmiyyət, həm də keyfiyyət baxımından qaneedici sayıla bilməz. Ədəbiyyatşünaslığın elmi-nəzəri konteksti isə məhz bu araşdırmaların fundamental tədqiqatlara çevrilməsi nəticəsində yaranır. Hələlik bizdə bu proses olduqca ləng gedir. Klassik və müasir ədəbiyyatın öyrənilməsi işi eyni məsuliyyətlə aparılmalı və prinsipcə bir-birini tamamlamalıdır ki, onun tarixi-irsi bütövlüyü qorunsun və onun haqqında humanitariyanın elmi-nəzəri mövqeyi və konsepsiyası formalaşsın. Bizdə ədəbiyyatımız, bütövlükdə mədəniyyətimiz haqqında konseptual mövqe müəyyənləşməsi prosesi getmədiyi üçün istənilən vaxt ifrat yozmalar, hətta tərsinə yozmalar, “dekonstruksiyalar” meydana çıxır.

Ədəbiyyat haqqında nəzəriyyəni “yetişdirən” və həmin konseptual mövqenin formalaşmasında həlledici rol oynayan tənqid Klassikadan Çağdaşlığa doğru inkişafın məntiqini, qanunauyğunluğunu tapmaqda hələ çətinlik çəkir. Bunun üçün gərək tənqid ilk növbədə tarixi və müasir ədəbi inkişafın süxurlarına doluşan psevdoədəbiyyatı barışmazlıqla tənqid etməyi bacarsın. Halbuki günümüzün tənqidi psevdoədəbiyyat, ölü ədəbiyyat bir yana qalsın, bəzən heç diri ədəbiyyatı da gerçək mahiyyətində təhlilə almır. Onda yeni ədəbiyyatın (“ilğım” ədəbiyyatının, qəlp ədəbiyyatın yox) rüşeymlənməsi, doğulması prosesinə doğma münasibət deyil, daha çox yad, ögey, seyrçi münasibət var, ona hətta üstdən aşağı, müştəbehliklə baxma şakəri var.

Ayrı-ayrı ədəbi qruplar arasında “münasibətləri aydınlaşdırmalar”, çəkişmələri, intriqaları yozmalar – şou-ədəbiyyat görüntüsü yaratma ciddi tənqid işi deyil, onun yalnız baş girləməsi, ədəbiyyat bazarı açmasıdır. Milli ədəbiyyatımızın ölümünü istəyənlər məhz onu bu provokasiyaya çəkməkdə maraqlıdırlar. Geniş oxucu sferasını ədəbiyyatdaxili söhbətlər, daha doğrusu, tənqidin ədəbiyyatı necə tənqid etməsi o qədər də maraqlandırmır. Oxucuya ədəbiyyatın özü və onun haqqında gerçək fikir lazımdır. Təsəvvür edin ki, tənqid ədəbiyyatın özünü, özəyini, özülünü, gözəlini də sınıq-salxaq, naşıcasına tənqid edəndə, görün necə bir anlaşılmazlıq yaranır. İndiki halda – xeyirlə şərin qucaq-qucağa yaşadığı bir zamanda ədəbi selin içindən əsl ədəbiyyatın ideya, sənət qatını açan güclü, ərdəmli tənqid lazımdır. Məhz əsl, sağlam ədəbiyyatın estetikasından, sənət faktından çıxış edib, antiədəbiyyatı, psevdosənət faktını tənqid etmək lazımdır. Bizdə isə tənqid sanki bunun tərsini edir – az-çox dəyəri olan yaradıcılıq nümunələrini də tənqid edir və bununla da sənətə yanaşmanın estetik meyarını itirmək dərəcəsinə gəlir. Ədəbiyyatda yaxşı ilə pisi tənqid də seçə bilməyəndən sonra daha kim seçəcək?! İndi ədəbiyyat bazarının, ədəbiyyat dəllallığının, ədəbiyyat xidmətçiliyinin yaranma səbəblərindən biri də budur.

Bu gün Azərbaycan tənqidi böhran situasiyasından çıxmağın inersiyasını yaşayır. O hələ ədəbiyyatın geniş miqyaslarında ümumiləşdirmələr aparmağa, müqayisəli-analitik təhlillər yapmağa, konseptual araşdırma texnologiyalarını işlətməyə girişməsə də, ayrı-ayrı ədəbi faktlardan, nəsr, poeziya, dramaturgiya, tənqid proseslərindən çıxış etməklə, həmin miqyas və dərinliyə varmağa gedən yola çıxarası cığırları aramaqdadır.

Azərbaycan tənqidinin köklü ənənələrdən gələn zəngin təcrübəsi vardır ki, bu təcrübə əsasında o, inkişaf edə, tamamilə yeni keyfiyyət mərhələsinə keçə bilər və yalnız belə bir transformasiyada o, çağdaş ədəbiyyatımıza, onun yeniləşən cəhətlərinə, modernləşmə imkanlarına həssas, oturaqlaşmış, rasional münasibəti, fərqli baxışların sintezini və diferensiasiyasını meydana qoya bilər. Bizə elə gəlir ki, hazırda əhəmiyyətli perspektiv vəd edən bu prosesin təyinatlanması, təşəkkülöncəsi üzünüaxtarış gedir. Bu sahədə təcrübəsi olan tənqidçilər, onların sırasına qoşulan gənclər, ümumiyyətlə, ədəbiyyatın inkişafında maraqlı olan yaradıcı insanlar tənqidi düşüncə mədəniyyətinin gəlişməsinə çalışırlar. Artıq hamı aydın şəkildə başa düşür ki, dəyişən dünyanın, dəyişən cəmiyyətin, dəyişən dünyagörüşünün, dəyişən münasibətlərin bu dəyişmə prosesinə adekvat olan ədəbiyyatı, bu ədəbiyyatın tənqidi, bu tənqidin effektiv metodoloji arsenalı yaranmalıdır.

Cəmiyyətin onu inandıra bilən, ədəbi zövqünü yanılmalardan qoruya bilən, narahat suallarına cavab axtara bilən etibarlı tənqidə bərk ehtiyacı var. Məhz belə tənqidin olmaması ucbatındandır ki, ədəbiyyat və sənət hələ bic doğur. Biclik və giclik ürüyüb artır. Hələ bir az da qabağa gedib, əsl ədəbiyyata və sənətə meydan oxuyur, ona ağıl öyrədir, moizə edir, yol göstərir. Bu yolsuzluğun qarşısını almaq tənqiddə yalnız müəyyən canatmalar şəklindədir. Bu səylərin tənqiddə güclü axına, nüfuzlu mövqeyə çevrilməsi üçün hələ çox iş görmək, tənqidi yaradıcılığın professionallıq keyfiyyətlərini artırmaq lazımdır.

Bəs nədən tənqid öz halal işi ilə normal məşğul ola bilmir? Nə üçün tənqid sözün birbaşa mənasında tənqid etməkdən əsasən çəkinir, “başını ağrıtmaq” istəmir. Bu “ehtiyatlılıq” nədən doğa bilər? – Bir tərəfdən, özünə, sözünün çəkisinə güvənməməkdən, tənqidi baxışlarını əsaslandıra bilmək bacarığının zəifliyindən, digər tərəfdən, tənqid obyektindən gələn cürbəcür qərəz və təhlükə qorxusundan. Heç də qanunauyğun deyil ki, bizdə kiminsə əsərini, yaradıcılığını tənqid etmək – onun şəxsiyyətini tənqid etmək, hətta təhqir etmək kimi, onu nüfuzdan, gözdən salmaq, qaralamaq kimi başa düşülür. Yəqin ki, belə münasibət ötən əsrin kəskin ideoloji qarşıdurmasının kükrədiyi 30-40-cı illərin, sonra isə inersiya ilə davam edən bütün Sovet dönəminin acı təcrübəsinin beyinləri, mənəviyyatı işğal etməsindən, indi də hafizələrdən silinməməsindən irəli gəlir.

Buna görə də tənqid daha çox pozitiv araşdırma qatında, yaradıcı subyektlərə fərdi münasibət qatında öz sözünü deməyə, özü də ürkəklik dərəcəsində ehtiyatla deməyə çalışır. Bu isə, təbii ki, ədəbi prosesin obyektiv dəyərləndirilməsi imkanını tənqidin əlindən alır. Tənqidin getdikcə tərif ladında köklənməsinin səbəblərindən biri də budur. Onu da qeyd etmək gərəkdir ki, yalnız tənqid və yalnız tərif – tənqidin vara biləcəyi iki ifratdır. Səthi tənqid bu iki ifratdan bir addım da qabağa gedə bilmir. Onların arasında var-gəl edir, ifratdan ifrata sıçrayır.

Tənqid – ədəbiyyat münasibətlərindəki bu problemlər, yəni daha çox taktikanın seçilməsi, əxlaq, mənəviyyat və davranışla bağlı olan problemlər ədəbiyyatdakı çatışmazlıqları göstərmə səylərini kifayət qədər zəiflədir və birtərəfli edir. Tənqidçinin mühafizəçi gəzdirmək imkanları yoxdur. Buna görə də ona, onun obyektiv tənqidinə arxa olan ədəbi-ictimai mövqeyin özünü ortaya qoymasına böyük ehtiyac duyulur. Hələ işin o biri tərəfi də var: bir çox istedadsız, lakin pullu adamlar özlərinin istedadsız və dadsız əsərlərini cəmiyyətin damağında dada gətirmək üçün onlara tərif yazdırırlar. Bu tərifi adətən təsadüfi adamlar yazır. Ancaq bu tərif elmi-ədəbi mühitdə tanınmış, hətta görkəmli qələm sahibləri tərəfindən yazılanda, ədəbiyyatın acınacaqlı vəziyyəti fakta çevrilir.

Buna görə də tənqid – ədəbiyyat münasibətlərində ən müxtəlif maraq spektrlərinin kəsişməsi, fokusun sənət üzərində deyil, hərcayılıq üzərində, dəyər üzərində deyil, dəyərsizlik üzərində cəmlənməsi bədii yaradıcılığa obyektiv yanaşmaların dayanıqlaşması prosesini dağıdır. Halbuki belə bir dayanıqlaşma prosesi ciddi bir tendensiyaya çevrilmədən tənqidi düşüncə həyatında əsaslı bir dönüş baş verməyəcək.

Tənqidin meydanı genişdir. Tənqid – ədəbiyyat, mədəniyyət “cəbhəsinin” ön sıralarında addımladığı və yaxud addımlamalı olduğu üçün, sənət əsərlərinin həm mütəxəssislər arasında, həm də geniş oxucu dairələrində “rezonans effekti” yaratdığı və yaxud yaratmalı olduğu üçün onun cinahlarına bütövlükdə mədəniyyətimizin mənafeyini düşünən hər kəsin, xüsusilə humanitariya bilginlərinin, təbii ki, bu problemlərə daha yaxından bələd olan filosofların, sosioloqların, filoloqların, onların sırasında dilçilərin, jurnalistlərin qoşulması nəinki mümkündür, hətta zəruridir (əlbəttə, diletant səviyyəsində yox).

Yadımıza salaq: müstəqillik dövrü ərəfəsində dilçi-filoloqların – Kamil Vəliyevin (Kamil Vəli Nərimanoğlu), Aydın Məmmədovun, Kamal Abdullayevin (Kamal Abdulla), Nizami Cəfərovun ədəbi prosesə qoşulması Azərbaycan tənqidinə yeni nəfəs, yeni təhlil manerası, yeni baxış yönü, yeni ideya, hətta yeni ideologiya gətirdi ki, bunların toplusu nəinki tənqidi fikrimizin inkişafına səbəb oldu, həm də mədəni, ictimai, siyasi həyatın ən fəal xəttində özünü təsdiqləyərək mədəniyyət düşüncəsini yeni müstəviyə çıxardı, milli-ideoloji mücadilə vasitələrində iştirak etdi.

Hələ onu da yadımıza salaq ki, ötən əsrin 50-60-cı və 70-80-ci illərində filologiya ilə, ədəbiyyatla məşğul olan insanların ilk qələm təcrübələri əsasən tənqiddə sınanırdı. Sıralarımızdan getmiş və bu gün də bizimlə çiyin-çiyinə addımlayan görkəmli ədəbiyyatşünasların, demək olar ki, hamısı elmi fəaliyyətə məhz tənqidçi kimi başlamışdılar. Tənqid – elmi idrakın aktivlik göstəricisi idi. Tənqidçinin ədəbi prosesə vaxtında refleksiya verməsi – onun ədəbiyyat elminə hazırlıq dərəcəsini, ədəbi zövqünün səviyyəsini, nəzəri ədəbiyyatşünaslığa hansı arsenalla, bilik və təcrübə ilə gəlməsini göstərirdi. Ədəbiyyat mütəxəssisinin mühakimə qabiliyyəti, diskussiya səriştəsi, alim təmkini, ədəbi həqiqəti müdafiə etmək, dəyərsiz əsərləri, ədəbi prosesin boşaraq yerlərini güzəştsiz tənqid etmək bacarığı, nəzəriyyəni canlı ədəbi həyata tətbiq edə bilmək, həm də yeni vasitələrdən istifadə edə bilmək məharəti məhz tənqidçilik fəaliyyətində realizə olunurdu. Beləliklə, milli ədəbiyyatın tarixi və müasir inkişafının vəhdətini dərk etməklə, onun toxumalarına bələd olmaqla işləməyin texnologiyaları yaranır, təkmilləşirdi.

Yəqin hazırda bunlar olmadığı üçün, ədəbiyyata haradan, necə, hansı arsenalla gəlmək meyarı (mərhələləri!) itdiyi üçün gördüyümüz əllaməliklər baş verir. Bədii sənət haqqında olduqca məhdud təsəvvürlərlə, daha doğrusu, təsəvvür yoxluğu ilə mühakimə yürütmək, yüz illər boyu qazanılmış sərvətləri naşıcasına inkar etmək nadanlığı da yəqin bu meyarsızlığın ucbatındandır.

Azərbaycanın ali məktəblərinin filologiya fakültələrini hər il xeyli məzun bitirir. Ancaq nə onların, nə də onlara dərs deyən filoloq-mütəxəssislərin böyük əksəriyyətinin canlı ədəbi həyatın fəal prosesinə qoşulmaq, ona reaksiya vermək istəyi, əzmi görünür. Filologiya, bir qədər də geniş götürsək, humanitariya mütəxəssislərinin cari ədəbiyyat məsələlərinə, onun tənqid kimi mühüm bir sahəsinə münasibəti yox dərəcəsindədir. Etiraf edək, Azərbaycan cəmiyyətinin mənəvi həyatını saran, əsas simptomlarını göstərməyə çalışdığımız “tənqidsizlik kompleksi” bir reallıqdır ki, ondan qurtulmaq məsuliyyəti bilavasitə humanitar elmlər üzrə mütəxəssislərin çiyninə düşür. Bütün cəmiyyətlər və onların yaşadıqları tarixi mərhələlər mənəvi-intellektual böhrandan məhz həmin “tənqidsizlik kompleksi”ni dəf etməklə çıxmaq imkanı əldə edir. Konkret olaraq ədəbi tənqidin cəmiyyət – mədəniyyət – ədəbiyyat “axınları” içərisindəki manevrlərə nə dərəcədə hazır olması onun professional keyfiyyətlərini yenidən səfərbər etmək çevikliyindən asılıdır.

Rahid Ulusel

# 1626 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #