Kulis.az Aydın Talıbzadənin "Hürufilik varlığın estetikası kimi və ya Firudin Qurbansoyun səma çövkanı" essesini təqdim edir.
Orta əsrlər müsəlman ölkələrinin poeziyası sirlərlə dolu bir kosmosdur, harada ki hər beyt bir ulduza bənzər; onu mütləq kəşf etmək gərək.
Orta əsrlər müsəlman ölkələrinin poeziyası möcüzəli bir kainatdır, harada ki hər beyt çözüldükcə çözülür, amma şeirin semantik ehtiyatı heç cür tükənmir: sanki şairlər hərf, nöqtə və vergülləri kağız üzərinə düzüb, sözləri “salavatlayıb” öz-özlərilə şahmat oynayırlar.
Orta əsrlər müsəlman ölkələrinin poeziyası aşiq ariflər dənizidir, harada ki hər bir şeir dalğaların pipiyində dönən dərvişlər kimi səma eləyib lövhi-məhfuzun qənşərində güzgülənmək istəyir.
Mən bunun səbəbini uzun müddət idi axtarırdım. Axtarırdım ki, niyə öz məna qüdrətinə, semantik polifoniyasına görə Orta əsrlər müsəlman ölkələrinin poeziyası qədər zəngin, hörümçək toru kimi elastik və zərif “toxunmuş” şeiriyyat dünyanın heç bir yerində yaranmayıb. İslam mədəniyyəti üfüqlərində səma çövkanı ilə məşğul Firudin Qurbansoyun “İmadəddin Nəsimi Şirvani” (Bakı, 2024) monoqrafiyasını oxuyarkən birdən-birə bu sualın cavabını tapdım və əgər bilsəniz daha “nələri tapdım mən”, bilik, elm gövhərlərini birbəbir ordan tapdım.
Sən demə, klassik Şərq poeziyası ol səbəbdən möcüzəli bir poeziyadır ki, həyata, gerçəkliyə yox, Muhamməd peyğəmbərin möcüzəsi sayılan Qurana refleksiyadır, Quranla strukturlaşır, bütün təzahür formalarında Quranla baxışır. Təkcə Quranlamı? Əsla. Quranın törətdiyi bütün diskurslarla baxışır. Necə ki, Quran semantik aspektdə heç vədə tükənmir, eləcə də Orta əsrlər müsəlman ölkələrinin poeziyası tükənən deyil...
Klassik Şərq poeziyasında Quran şeirə dağıdılmış mənaların kodlaşdırılma prinsipidir. Burada şeir profan və sakral, fani və əbədi dünyalar arasında bir əlaqələndiricidir: misra, beyt oxucunun ruhunu bədənindən “çıxarıb” Quranın ayələri içinə atır və oradan da alıb meraca, Allaha doğru aparır.
Həcc Kəbəyə axışan bədənlərin ziyarətinə, bədənlərin mərasiminə deyilir: merac isə ruhlar ziyarətinin, ruhlar ritualının adıdır.
Dönən dərvişlərin səma məclislərisə meracın modelidir, meracın imitasiyasıdır.
Klassik Şərq poeziyası Qurana eyhamlarla aşıb-daşır: şairlər Müqəddəs mətndən adları, ifadələri, ayrı-ayrı ayə fraqmentlərini şeirin strukturuna daxil edib mənalara sanki kaleydoskopik effekt verirlər. Burada şeir yazılmır, Quranda şəkillənən hərflərdən, bu hərflərin köməyilə yaradılmış cümlələrdən ilmə-ilmə “toxunur”: şair şeiri Quranla “naxışlayıb” onu kosmikləşdirir. Ortaçağ müsəlman ölkələrinin poeziyasının qanı, canı, bədəni Qurandandır: Quranın qanı, canı, bədənisə ərəb əlifbasının cəmi 28 hərfindən...
Deməli, hürufilər hərfləri müqəddəs bilməkdə haqlıdırlar ki, bunu da Firudin Qurbansoy öz monoqrafiyasının cövhəri bilir. Nədən ki, harada Nəsimi varsa, orada hərflərin və rəqəmlərin mistik rəqsi başlayır.
Başqa cür də ola bilməz: çünki Nəsimi özünü, öz arifliyini hərf, hava, səs, yel kimi dərk edib və bu, birbaşa onun təxəllüsündə şifrələnib. Firudin Qurbansoy da öz tədqiqatında Nəsiminin künyə və ləqəblərini şairin “Fars divanı”ndan sitatlaşdırıb həm orijinalda, həm tərcümədə bəyana gətirməklə yola çıxır. Çünki künyə və ləqəblər dahi Nəsiminin kimliyini, vardığı irfani mərhələni, ruhsal, intellektual kosmosunu qayət gözəl sərgiləyir. Odur ki, monoqrafiyanın Ön sözündən bir iqtibas: “Ariflərin sultanı, həqiqət axtaran möminlərin sübutu, Quran hafizi, Allahın qulu - əmr sahibi, Allahın pak bəndəsi, Əziz surətli, ağa Həzrət Nəsimi” kimi ləqəb və künyələr ən yüksək səviyyəli, say-seçmə İslam alim və ariflərindən çoxuna nəsib olmayan adlardır” (s.14).
Bəli, bəli, bəli: tam razıyam müəlliflə.
Hərçənd... farsca Nəsimi “Malike “Ta” – “Ha” və “Sin” ləqəbilə ödülləndirilir. Bu, artıq tamam başqa bir səviyyədir. Belə fərz edilir ki, “Ta” – “Ha” (“həvvəz”dəki “ha” ilə yazılır) və “Yəsin” Muhamməd peyğəmbərin kodlaşdırılmış adlarıdır. Göründüyü kimi Nəsimi “Ta” – “Ha” və “Sin” sahibi kimi tanıtdırılır. Busa həməncə Nəsiminin “haşimiyəm, qüreyşiyəm, bundan uludur ayətim, şövkətü-şanə sığmazam” misrasına açar və onun peyğəmbərlik, “Ənə-l Həqq” iddiasına məxfi işarə olur.
Digər bir məqam: “Nəsimi” təxəllüsü “nəimi” təxəllüsündən bir “sin” hərfilə fərqlənir: di gəl ki, bu fərq mənaları həm maksimal şəkildə qütbləşdirir, həm də onları bir-birində “əridir”. Nədən ki, “sin” hərfinin əbcəd elmində parolu insandır: mənası isə Fəzl olacaq kamil şəxsiyyət kimi anlaşılır. Deməli, Nəsimi “sin” hərfinin hesabına Fəzli öz içinə alır, apriori Nəimiləşir və daha yüksək bir mərtəbəyə varıb gedir.
“Nəimi” sözü cənnət adamı deməkdir: burada məkan bəllidir, cənnəti nişan verir. “Nəsimi”sə səba yelinə, səhər mehinə, daha dəqiq olsaq və Firudin Qurbansoya istinad etsək, “xəfif və lətif rüzgar”a, “ruha mənsubluğu” bildirir: yəni onun məkanının, yerinin markeri yoxdur, laməkandır, ünvanı məchuldur. O ruhdur, küləkdir, fikirdir ki, hər yerdə olar, amma məkanı bəlli olmaz.
Bu da o anlama gəlir ki, “nəsimi” “nəimi” konkretliyindən daha geniş, uca və əlçatmazdır; yəni “sin” hərfi Nəimini Nəsimi eləyib meraca götürür. Göründüyü kimi təxəllüs hürufi şairinin ideyalarının, poeziyasının və həyatının paradiqmasına, cədvəlinə, bir növ onun şəxsi lövhi-məhfuzuna çevrilir.
Məhz bunu biləndən sonra aydınlaşır ki, niyə Əbül-Fəzl Əmir Seyid Nəsimi Qüddüsüllah və Surət-il-Əzizdir. “Əziz surət” Muhamməd peyğəmbərə aid edilən bir keyfiyyətdir. Buradansa belə anlaşılır ki, Nəsimi Muhamməd peyğəmbərin əziz surətini öz cismində daşıyır, onu təmsil edir və bu səbəbdən də Fəzlin atasıdır, Qüddüsüllahdır, yəni Allahın müqəddəsidir.
Təbii ki, mənim bu bilgiyə yetməyimin, Nəsiminin ləqəb və künyələrində şair kosmosunun tam güzgüləndiyini əminliklə söyləməyimin səbəbi Firudin Qurbansoyun mədəniyyətimizə öz monoqrafiyası ilə ötürdüyü qutsal informasiyalardır. Belə qutsal informasiyaların sayı tədqiqatda onlarcadır.
Mən bilirdim ki, Nəsiminin fani dünyaya, təzahürlər aləminə münasibəti neqativdir:
“Dünya çün mürdardır, igrən könül, mürdaridən!
Gül dеgil dünya, tikəndir, nə umarsan хaridən?”
Beytin mənası üzdədir: şərhə ehtiyac görmürəm. Amma bir məsələ var ki, onu bilmirdim: sən demə, bu murdarlıq, aşağılıq elə “dünya” sözünün özündə, strukturunda şifrələnib və vizuallaşdırılıb. Neyçün ki, “əsli “dəni”dir dünyanın, zatında yoxdur bir “əlif”. Bunu Nəsimi söyləyir, Firudin Qurbansoy da qayət gözəl şərh edir: “Dəni” sözü ərəbcə “alçaq, rəzil” deməkdir. “Dünya” (“dəni”lə eyni kökdəndir – kursiv A.T.) sözü də aşağı, alçaq mənalarını bildirir və bu sözdə düzlük mənasına gələn “əlif” hərfi yoxdur, əksinə onun bütün hərflərinin “ya” ی, “nun” ن, “dal” د boynu bükükdür. Başqa sözlə, dünya ki alçaqdır, düzqamətliləri rəzilliklə əyib öz gününə salmaq istəyir” (s. 223).
Hürufilik əbcəd üzərində qərarlaşır, hərfləri rəqəmlərlə kodlaşdırır, sakral mənaları ariflərdən ötrü şifrələyib kütlələrdən gizlədir, səma cismlərini içinə alıb kosmosa pərvazlanır.
Hürufilik varlığı hərflərlə modelləşdirir, aləmlərin sonsuzluğunu özündə qapsayır, bitmir, tükənmir: burada hərflər nəfəsdir, rəqəmlər – ritm.
Əruz nəfəsin ritmlənməsidir.
Qurbansoyun düşüncəsinin də ritmi əruzdandır, təhkiyəsinin dili hədisdən. Sanki Firudin Qurbansoy monoqrafiya yazmır, xalça üzərində əyləşib, əlinə çayla dolu armudu stəkanı götürüb, ağzına kəllə qənddən bir qırıq atıb səninlə şirin söhbət eləyir: söhbət eləyə-eləyə elmlə hekayət arasındakı pərdəni aradan qaldırır: “Hürufilik hərflərlə etiqad təriqəti anlamına gəlir. İlk baxışdan primitiv görünən bu əqidənin özünəməxsus fəlsəfəsi var. Allah yaratdığı məxluqatın hər biri canlıdır və insan kimi bədən və ruhdan ibarətdir. Hətta daşların da üç gündə bir dəfə nəfəs aldığını alimlər müəyyənləşdiriblər... Allah Təala on səkkiz min aləmi iki hərflə ک “kaf” və ن “nun” ilə yazılan təkcə bir sözlə کن “kun” (ol!) – sözü ilə yaratdı”. Bu o deməkdir ki, kainat hərflərdə təcəssüm eləyir, bəyana gəlir, hərflərdə simvollaşır.
Bununla yanaşı mən bir məqama da toxunmaq istərdim. 1993-cü ildə “Varlıq möcüzə kimi” adlandırıb “Dünya” dərgisində dərc etdirdiyim məqalədə mən کن “kun” əmrini kainatın ikonoqrafik şəkli qismində yozmuşdum. Varlıqکن “kun” sözündə strukturlaşır, modelləşir, estetikləşir. ک “kaf” hərfi öz quruluşu etibarı ilə sanki ağacı xatırladır: tacı ilə səmanı, gövdəsilə orta dünyanı, kökü ilə yer səthini simvollaşdırır. ن “nun” hərfiləsə yeraltı səltənət rəmzləşdirilir. Burada nöqtə bir tərəfdən aləmlərin sonsuzluğunu eyhamlaşdırır, digər tərəfdən Yaradılış pərgarının bir ayağının dirəndiyi məkan zərrəciyini işarələyir.
Firudin Qurbansoy da, zatən, nöqtənin aliliyini, fəlsəfi düşüncədə tutduğu mövqeyi Evkliddən üzü bəri nəzərdən qaçırmır: “Nöqtə həqiqi birlikdir və bütün çoxluğun əslidir. Dairənin mərkəzi və vəhdətin rəmzidir... Nöqtə təkcə cümlənin bitməsini bildirən orfoqrafik işarə deyil, həm də gizli sirrin rəmzi kimi anlaşılır. Təsadüfi deyil ki, həssas və bilikli alimlərə “nüktədan” – nöqtə bilən deyirlər” (s.194).
F.Qurbansoy hürufiliyə elmlərarası bir körpü kimi baxır. Hürufilik Ortaçağ müsəlman dünyasında sanki elmlərin qapısıdır, Quranla musiqi elmini, əbcədlə astrologiyanı, əlkimyanı, şeir sənətini bir-birinə bağlayır. Hürufilik insan təfəkkürünün sif toxuduğu xalça kimi bir şeydir: orada nə desən var, hər nə istəsən tapılar. Odur ki, monoqrafiya müəllifi Nəsimiyə təkcə şair kimi yox, həm də bir Quran hafizi, bir alim-səyyah, musiqi, nücum, əlkimya bilicisi statusunda yanaşır və bu yanaşmanı tədqiqatçıya Nəsimi şeirləri diktə edir. Və hətta bundan əlavə Nəsimi poeziyası Firudin Qurbansoy üçün haradasa zərdüştliyi, muğamın köklərini, musiqi alətlərinin semantikasını danışmaqdan, söhbət predmetinə çevirməkdən ötrü bir imkandır, bir fürsətdir. Ona görə kitab şərqli təfəkkürünü tam yansıdır, ornamentaldır, boş fəzadan məhrumdur, fikirlər sanki nəbati naxışlara dönüb dövrə vura-vura səhifələrə dolur.
“İmadəddin Nəsimi Şirvani” monoqrafiyasının ən mühüm cəhəti ondan ibarətdir ki, Firudin Qurbansoy şairin yaradıcılığını deyil, onun ruhunu tədqiq edir. Ol səbəbdən monoqrafiyada mistik aura yetərincə cəzbedicidir.
Əsərdə diqqətəlayiq məqamlardan biri də budur ki, Firudin Qurbansoy Nəsiminin azərbaycanca yazdığı qəzəllərinin diskursundan itələnərək, bu diskursda şirvanlı dialektinə xas deyimlərin, ifadələrin bolluğunu nəzərə çatdıraraq şairin təpədən dırnağadək Şirvan dünyasına mənsubluğunu ortaya qoyur.
Heç şübhəsiz ki, Şərqin elm xəzinəsindən götürdüyü biliklərdən Firudin Qurbansoy öz monoqrafiyasına böyük səxavətlə çoxsaylı inci və gövhərlər dağıdıb. Amma çox təəssüflə qeyd etməliyəm ki, bu inci və gövhərlər bir tədqiqatçı səliqəsilə bir yerə toplanıb boyunbağı kimi düzülməyib, ensiklopedik bilgilərin, möhtəşəm bilgi bloklarının mozaikləşdirilməsi səviyyəsində qalıb.
Hərçənd mən əminəm, bu monoqrafiya öz sadə, müdrikanə təhkiyəsi, mistik aurası, maraqlı, qatı açılmamış informasiyalar bolluğu ilə, bu bolluq içrə Firudin Qurbansoyun məharətlə oynadığı səma çövkanı ilə Nəsimi poeziyasına heyran oxucuların qəlb kitabına çevriləcək, gələcək tədqiqatçılar üçün fundamental bilgilər toplusu olacaq.
“Bu dərin məaniyi gör ki, bəyan qılur Nəsimi,
Fələkin dili tutuldu bu ulu bəyan içində”.
Burada ancaq Süleymanın bildiyi quş dili də daha heç nəyə yaramır!!!