Ərəbcə - əlifba, latınca - alfabe, yoxsa türkcə - bitiq? - Həsən Həsənov

Ərəbcə - əlifba, latınca - alfabe, yoxsa türkcə - bitiq? - Həsən Həsənov
4 avqust 2024
# 17:15

Kulis.az tarix elmləri doktoru Həsən Həsənovun "Ərəbcə - əlifba, latınca - alfabe, yoxsa türkcə - bitiq?" məqaləsini təqdim edir.

Görkəmli ictimai-siyasi xadim və alim Həsən Həsənovun oxucularımıza təqdim etdiyimiz bu yazısı Asif Hacıyevin, Elm və Təhsil Nazirliyinin nümayəndəsinin və bir sıra başqa alimlərin iştirakı ilə müzakirə olunub. Müzakirənin nəticəsi olaraq mətbuatda dərc edilməsi tövsiyə edilib.

Giriş

26 sentyabr 2021-ci ildə Bursada "Ortaq Türk Əlifbası" məsələsi müzakirə olunarkən Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurası adından çıxış etmək mənə həvalə olunmuşdu. Çıxışımda təklif etdim ki, yeni irəli sürülən "Ortaq Türk Alfabesi" təşəbbüsü "Ortaq Türk bitiqləri/bitikləri" adlandırılsın. Sonra təklifimi rəsmiləşdirərək məktub şəklində Atatürk Mədəniyyət, Dil və Tarix Qurumunun başçısı Prof. Dr. Muhammed Hakimoğluna və surətini Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının Sədri cənab Binəli Yıldırıma ünvanladım. Təklifim ilk olaraq qədim Orxon-Yenisey yazıları və dahi Mahmud Qaşqarlının lüğətində əks olunan və mənaca, "yazmaq, hər hansı yazılı əsər, həmçinin hərf və kitab" mənasını daşıyan "Bitig" sözünə əsaslanır.

Təklifim rəy üçün Azərbaycan Elm və Təhsil Nazirliyi nəzdində Təhsil İnsitutuna göndərildi. Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, İnstitutun böyük elmi məsləhətçisi Asif Haciyev rəy yazaraq bu təklifə qarşı çıxdı. Rəyçi fikrini belə əsaslandırır: SİTAT: "Ortaq Türk Alfabesi"nin "Ortaq Türk Bitigləri" adlanmasına gəlincə, araşdırma gostərir ki, "bitig" (//bitik) sözu qədim Türk yazılı abidələrində və dillərində "kitab", "məktub", "yazı", "sənəd", o cümlədən, "hərflər" mənasında işlənilmişdir. Lakin müasir dövrdə "bitig" sözünün əksər türk dillərində arxaikləşərək sıradan çıxdığını, yaxud daha çox "kitab" anlamında işləndiyini nəzərə aldıqda, "Ortaq Türk Bitigləri" ifadəsini uğurlu adlandırma saymaq olmaz". - SİTATIN SONU

Mahmud Qaşqarlının Divanında "biti" kökü ilə bir sıra söz var. Onlardan biti-kitab; biti-yazmak; bitig-kitab, məktub, yazılı kağız; bitig-yazı, yazmaq; bitig gıl-yazmak; bitiglig/bitiklik yazmaq üçün hazırlanan hər hansı bir şey; bitil-yazılmak; bitilgen-davamlı yazılan; bitin-öz başına yazmaq; bitiş-yazmada yardımçı olmaq və ya yarışmaq; bitit - yazdırtmaq, yazdırmaq; bitigü-yazdırma; bitigüçi-yazdırtan. Mən bunları şəkilçisiz versiyalarda təqdim edirəm, yəni onlarla birlikdə təqdim etsəm, sözlərin sayı bir o qədər artar.

Yəni qeyd olunan rəydə deyildiyinə görə, belə nəticə çıxarmaq olar ki, hazırlanan "Ortaq Türk Əlifbası" mənim təklif etdiyim, türk əsilli "Bitig" sözü olmaqdansa, ya Ərəb dili əsasında "Əlifba", yada Latın dili əsasında "Alfabe" adlanarsa, daha uğurlu və münasibdir.

"Alfabe" sözünün tarixçəsindən qısa məlumat

Hərflərə ad vermək ənənəsi finikiyalılardan gəlir (e.ə. Xəsr). Onlar, "A" hərfinə "buğa" mənasını daşıyan алеф, "B" hərfinə "ev/bina" mənasını daşıyan “бет" adlarını vermişlər. Hərflərə ad vermək ənənəsi yunanlarda davam edərək birinci hərfə alfa (α), ikincisinə isə beta (β) adları verdilər. Bu ənənə başqa xalqlarda da davam etdi.

İlkin yunan yazılarında, yazı/məktub/hərf sözlərinin ayrılıqda ifadələri yox idi, hamısına cəm şəklində - γράμμα/gramma deyirdilər (Bax e.ə. V əsr müəllifi dahi Herodot, V, 58-59). İlk dəfə olaraq latın hərflərinin cəminə "əlfabet" adını 2-3-cü əsrdə yaşayan ilahiyyatçı Tertullian vermişdi və bu, Avropa xalqları arasında yayıldı. Bu ənənənin davamı kimi, ərəblər də ilk iki hərfi əsas götürərək "əlif-ba", Ruslar "Az-buka", Qürcülər "An-bani" adlarını vermişlər.

Lakin "Alfabe" ifadəsi Avropa dilçilik ənənəsində tezliklə yer tutmadı, ancaq XIV-XV əsrlərdən başlayaraq reallaşmaqa başladı.

Türk yazı sistemi e.ə. IV əsrdə İssık yazısı ilə başlayır. Türk yazısının daha geniş miqyaslı təzahürü VI əsrdən Orxon-Yenisey yazıları ilə başladısa da, bizim özümüzə və dünyaya türk yazısı olaraq XIX əsrin sonunda məlum oldu.

Biz bilmirik ki, Mahmud Qaşqarlının bu yazılardan xəbəri var idi, ya yox. Lakin nəyəsə əsasən Mahmud Qaşqarlı yazı ifadəsinə ərəb və ya fars sözü ilə deyil, sırf türk əsilli "Bitiq" sözü ilə ad veribsə, deməli, o, qədim türk əsilli yazıların mövcudluğundan xəbərdar idi.

Türk əsilli uyğurlar biz əlifba dediyimiz sözə hələ də Mahmud Qaşqarlının ənənəsinə əsaslanaraq sadəcə "Yazı" deyirlər. O ki qaldı bizim müasir əlifbamızın adına, o, məntiqsizdir. Biz istər əvvəllər kiril hərflərini və istər indi latın hərflərini işlədərək onları ərəb sözü ilə "əlifba" adlandırırıq.

Türk dilinin təmizliyi uğrunda mübarizə

XI əsrdə Mahmud Qaşqarlı bu haqda deyir: SİTAT: "Türk dilinə sonradan girmiş olan kəlmələri yazmadım"... "Ən açıq və doğru dil" "farslara qarışmayan və yabancı ölkələrə gedib-gəlməyən kimsələrin dilidir" - SİTATIN SONU.

XV əsrdə Əlişir Nəvai "Mühakimət ül-lüğəteyn/İki dilin müqayisəsi" adlı əsərində yazıb. SİTAT: "Söz və ifadə yazmaqda türk mahirdi", "Türk sözlərini yaradanlar uzun zamanlardan bəri öz nitqlərini daima kamilləşdirmiş və xüsusi anlayışların ifadəsi üçün sözlər yaratmışlar". - SİTATIN SONU.

XVII əsrdə Əbülqazi Bahadur Xan "Şəcəreyi-tərakimə" əsərində yazır: SİTAT: "Hamıya məlum olsun ki, bizə qədər türk tarixini yazanlar xalqa öz məharət və istedadını göstərmək üçün ərəb sözləri qatmışlar, eyni zamanda fars sözləri də əlavə etmişlər, türk sözlərini isə qafiyəli nəsrə çevirmişlər. Biz bunların heç birini etmirik, çünki bu kitabı oxuyanlar və dinləyənlər, əlbəttə, türklər olacaqlar, türklərlə isə türkcə danışmaq gərəkdir ki, hər kəsə anlaşılan olsun". - SİTATIN SONU.

XIX-XX əsrlərdə Şəmsəddin Sami "Türk lüğət"ində unudulmuş türk sözlərini göstərərkən qarşısında yazır: SİTAT: "Yeri boşalmış olduğundan dirilməsi arzu olunur". - SİTATIN SONU.

XX əsrdə Fərhad Ağazadə "Türk dilinin diriltmək və zənginləşdirmək yolları" adlı əsər yazmışdı [Yeri gəlmişkən, bu əsəri arxivlərdən mən tapmışam və mənim xahişimlə akademik Nizami Cəfərov nəşrə hazırladı (Bax: Bakı. Nurlan. 2006)]. Fərhad Ağazadə bu əsərində yazır: SİTAT "Min ildən çoxdur ki, türkcənin başına böylə oyunlar gəlmişdir; minlərcə kəlmələrimiz atılmiş və unudulmuşdur, türk dilimiz də bundan dolayı kasıblamışdır"... "Şərq dillərinin üstündə ağalıq sürmək istəyən ərəb dili türkcəmizi öldürmək istədisə də, ancaq yarımcan qoydu. Yarımcan qalmış türkcəmiz indi dirilmək istəyir, köhnə zənginliyini qaytarmaq istəyir". - SİTATIN SONU.

Mahmud Qaşqarlının, Əlişir Nəvainin, Əbülqazi Bahadur Xanın, Şəmsəddin Saminin, Fərhad Ağazadənin yuxarıda sitat gətirdiyim sözləri Türk dilinin təmizliyini saxlamaq uğrunda mübarizəyə çağırışdır. Mən məhz bu çağırışa qoşularaq türk əsilli "Bitiq/Bitik" köklü sözlərin dirildilməsini təklif edirəm.

"Bitiq" sözü Türklərin klassik ədəbiyatında

Türkəsilli "Bitiq/Bitik" sözünə alternativ kimi "hərf" sözü, ərəb dilinin, zamana uyğun olaraq, şəraitin hökmü ilə türklərin dilinə daxil edildi. Lakin uzun dövr türkəsilli "Bitiq/Bitik" köklü sözlər öz müstəqil həyatını yaşamaqda davam edirdi.

XII əsrdə Nizamı Gəncəvi farsdilli mətndə türkəsilli "bitig" sözünü işlədir: "Penhan vərəqi bexun sereşti, Van Bitigra bər u neveşti" (Gizlicə olaraq vərəqi qanlı [göz yaşı] ilə isladır, Və həmin məktubu yazırdı) (Bax: Teyyub Quliyev, Filollogiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin müdiri). 2013-cü ildə Araz Qurbanov Nizaminin farsdilli əsərini araşdıraraq "Bitiq" sözünü tapıb (Araz Qurbanov, Damğalar, rəmzlər... mənimsəmələr. Azərbaycan Respublikasının Prezidenti yanında strateji araşdırmalar mərkəzi, Bakı 2013).

XIII-XIV əsrlərdə Hülakü Xanın salnaməçisi Seyfəddini və Qazan-xanın tarixçisi Fəzlullah Rəşidəddin özlərinin farsdilli əsərlərində türkəsilli "bitikçi" sözünü istifadə edirlər.

XVI əsrdə Şah İsmayıl Xətai şeirlərinin birində yazır: "Yazdım bitiki, "əlif", "hey yazdım" (Xətai. Seçilmiş əsərləri. Bakı, 2005). Xətai ürək ağrısı ilə vurğulayır ki, öz doğma "Bitik"imə" mən "Əlif" deməli oldum.

Gətirdiyim misallar göstərir ki, VII əsrdə dilimizə zamanın hökmü ilə gətirilən ərəbəsilli "hərf" sözü türkəsilli "Bitiq/Bitik" sözünü sıradan asanlıqla çıxarda bilmədi.

"Bitiq" sözü XX və XXI əsr dünya və Türk dilçiliyində və folklorda

1972-cı ildə "Oxford University press"in nəşr etdiyi, böyük türkşünas Sir Gerard Clausonun canlı Türk dilinin etimoloji lüğətində (səh.299-300) müxtəlif türk xalqları tərəfindən iştənilən Bitiq sözlərinin məhz "Yazı" mənasında işləndiyi göstərilir.

1993-cü ildə kağız və sonrakı illərdə elektron versiyası Ankarada Türk Dil Qurumu tərəfindən nəşr olunan "Kıpçak Türkçesi Sözlüğü"ndə, biti/bitig/bitik/bitüv versiyaları - "yazmaq, yazı, kitab, məktub, hərflər, alfabe" mənaları olduğunu bildirir (R.Toparlı, H.Vural, R.Karatlı).

XXI əsrin ilk ilində müasirimiz akademik Rafael Hüseynov tərtib etdiyi "Əlifba"da yazır: SİTAT: "Yazıya ulu babam, Qədimdə "bitiq" dedi, Sözü daşda kağızda ək, becərt, dirilt dedi". - SİTATIN SONU. Bu əsər dərslik olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilərək 2001-ci ildə nəşr edilmişdir.

2007-ci ildə nəşr olunan "Türklüyümüz" adlı əsərimdə "Dilimizin milliləşmə yolunda" və "Biz dilimizdə hansı sözləri işlətməliyik" adlı fəsillərdə bu mövzunu işıqlandırmışam. Bu yazılarda mən başqa sözlərlə yanaşı, "Bitiq" sözünün də daha aktiv istifadəsinə çağırmışam (Türklüyümüz, Ön Söz Nizami Cəfərov, Bakı, AzTam, 2007).

2016-cı ildə Türkmen Dovlet Neşriyyatı tərəfindən Aşqabadda nəşr olunan "Türkmen dilinin Sözlüyü"ndə hərf mənasında yazılıb: SİTAT: "Bitik-bir dilin əlifbasından belli bir sese layık olan yazı belgisidir". - SİTATIN SONU.

2018-cı ildə Ankarada Türk Dil Qurumu tərəfindən nəşr olunan, Seyfettin Altaylı tərəfindən tərtib olunmuş "Azerbaycan Türkçesi Sözlüğü"ndə "bitik" - sözü məktub, üzərində yazı olan kağız; "bitiy" isə yazmaq və "Alfabe" mənasında verilirlər.

2021-ci ilin göstəricilərinə əsasən, Azərbaycanda, Qarabağ (Ağdam, Ağcabədi) şivələrində Dua-bitik - "Duayazısı" mənasını ifadə edən bitik sözü hal-hazırda da işlənir.

"Bitiq" arxaik söz olaraq müasir həyatımızda

Arxaik sözlərin taleyinə aid Azərbaycan elmində, xüsusən müstəqillik dövründə, çox sayda elmi tədqiqatlar aparılmaqdadır. Arxaik sözlərə maraq ilk əvvəl ondan irəli gəlir ki, bunların çoxu xalqımızın tarixindən xəbər verən türkəsilli sözlərdir. Müasir əsərlərdə arxaikləşmiş sözlər təhlil olunur və elmi dəlil gətirmədən onların inkar edilməsi qeyri-elmi sayılır. Bu əsərlərdə Azərbaycan dilinin arxaik leksikasının passivləşmə prosesləri və səbəbləri izah edilir və onların aktivləşmə yolları axtarılır. Son illər "arxaikləşmiş" sözlərin dirildilməsi elə geniş miqyas almışdır ki, hazırda Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutu tərəfindən "Azərbaycan dilinin arxaik sözlər lüğəti" hazırlanmaqdadır.

2017-2022-ci illərdə, Nicat Yaqubov, Bakı, Naxçıvan, Gəncə, Lənkəran, həmçinin Moskva, Kiyev, Zakarpatye şəhərlərində elmi nəşrlərdə və konfranslarda "arxaik" sözlər və onların taleyi haqda apardığı tədqiqatları yayır. O yazır ki, arxaizmləri öyrənən klassik Avropa filologiyası dilçilik elminin inkişafında vacib mərhələ təşkil etmişdir. N.Yaqubovun dissertasiyasının III fəsli "Leksikanın zənginləşməsində köhnəlmiş sözlərin rolu və əhəmiyyəti" adlanır. (Yaqubov N.Ə. Azərbaycan dilindəki arxaizmlərin leksik-semantik xüsusiyyətləri. Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın Avtoreferatı. Naxçıvan-2021)

2018-ci ildə Samirə Xəlilova Azərbaycan dilinin izahlı lüğətində mövcud olan arxaik sözləri həmin ildə dissertasiya mövzusu olaraq müdafiə edir. Dissertasiyada "Bitik" sözünə böyük yer ayırmışdır. (Bax: Xələfova S. A., Azərbaycan dilinin izahlı lüğətlərində arxaik sözlər. Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya. Azərbaycan dövlət pedaqoji universiteti, Bakı 2018).

2021-ci ildə Məmmədov tərəfindən nəşr olunan əsərində həmçinin Qafqazın və Krımın türk mənşəli xalqlarının dillərində "Bitiq" sözünün bu gün də işlədilməsi vurğulanır (Bax, Memmedov, M.Azərbaycan Dilinin Qarabağ Dialektində Arxaik Sözlər. Uluslararası Türk Lehçe Araştırmaları Dergisi/International Journal of Turkic Dialects (TÜRKLAD). Cilt, 2. Sayı, 2021).

2012-ci ildə AR Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiqlənmiş "Azərbaycan dilinin orfoqrafiya qaydaları" əsasında latın qrafikası ilə "Azərbaycan dilinin orfoqrafiya lüğəti" nəşr olunub. (Kitabın müəllif hüququ Təhsil Nazirliyinindir). Lüğətin 95-ci səhifəsində "bitik" və "bitikçi" sözləri var.

Nəticə

"Bitiq/Bitik" köklü sözlər "sıradan çıxmış" deyil, əvvəllər də, bu gün də bir çox hallarda mövcuddular.

Əlifba və Alfabe kimi yad sözləri türkəsilli Bitiq köklü sözlərlə əvəzləmək imkanı olduğu halda öz sözümüzü "sıradan çıxmış" sayaraq, yad sözlər olan Əlifba və ya Alfabeyə üstünlük vermək zəmanəmizin tələblərinə uyğun gəlmir.

Böyük Mahmud Qaşqarlı, Əlişir Nəvai, Əbülqazi Bahadur Xan, Şəmsəddin Sami, Fərhad Ağazadə və başqaları türkcəmizin fars və ərəb dillərinin təcavüzündan xilas edilərək dilimizin "dirilmə və zənginləşməsi" yollarını göstəriblər. Bunun müqabilində yeni yaranmaqda olan "Türk Ortaq Alfabesi"ni özümüzün türkəsilli "Bitiq" və yaxud "Yazı" köklü sözümüzlə deyil, ərəbin Əlifba və yaxud Latının Alfabe sözlərindən istifadəsi tarixi maraqlarımıza cavab vermir.

Sonda bir daha qeyd etməliyəm ki, dünya linqvistikasında hərflər sistemini adlandırmaq üçün xüsusi söz yoxdur. İlk dəfə, II-III əsrdə yaşamış ilahiyyatçı Tertullian hərflər sisteminə sadəcə latin dilində ilk iki hərfin adı ilə "Alfabe" şəklində ad vermişdi.

Müasirlərimiz olan böyük türk alimləri Ahmed B. Ercilasun və Ziyat Akkoyunlu tərəfindən hazırlanan, Türk Dil qurumu Yayınları tərəfindən 2020-ci ildə nəşr olunan "Divanü Lüğat-it-Türk" adlı əsərində Mahmud Qaşqarlı bu məqsədlə türk dilləri üçün "bitigü" sözünü təklif edir. SİTAT: "Bitigü - Türklərin və başqalarının yazı takımı". - SİTATIN SONU (Bax səh.590). Demək, biz uzun müddət istifadə etdiyimiz ərəbəsilli "Əlifba" və yaxud Türkiyədə işlənilən latınəsilli "Alfabe" sözlərinin müqabilində Mahmud Qaşqarlı xüsusi olaraq hərflər toplusuna-takımına ad üçün "Bitiqü" sözünü təklif edib. Bu sözün dirildilməsi və tam hüquqla həyata qaytarılması üçün, məncə, heç bir mane yoxdur. Müasir gənclərimiz yenilənməyə daha həssasdırlar. Əgər bu yenilənmə milli dəyərlərimizlə bağlıdırsa, daha asanlıqla qəbul olunar.

Azərbaycan dili həmişə türk mənşəli sözlərlə sıx bağlı olmuş və lüğətini genişləndirmişdir. Bir zamanlar obyektiv olmayan səbəblərdən dilimizdən çıxmış leksik vahidlər yenidən dilə qayıtmalı və aktiv lüğətin tərkibində öz yerini bərpa etməlidir. Dilimizin gələcək inkişafını daha sağlam əsaslar üzərində qurmaq üçün köhnəlmiş sözləri öyrənmək və yenilənmə proseslərini milli dil məcrasına yönəltmək baxımından olduqca vacibdir.

Beləliklə, orta əsrlərdə olduğu kimi, bizim zəmanədə də onlarca dilçi alimimiz "arxaikləmiş" sözlərin dirildilməsi yolunda elmi tədqiqatlar aparır, akademiyamızın Dilçilik İnstitutu "Azərbaycan arxaik sözləri"nə xüsusi diqqət göstərərək lüğət hazırlayır!

Mənim tərəfimdən, dirildilməsi vacib bilinən "Biti, Bitiq/Bitik" köklü sözlər hansısa keyfiyyətlərinə görə deyil, semantikasının lazımsızlığı səbəbindən deyil, vaxtilə uydurulmuş dil siyasətinin hökmü ilə xarici sözlə əvəzlənərək məcburən arxaikləşdirilib. Deməli, tarixi ədalət naminə bunları diriltməliyik!

Nəhayət, "Bitiq" sözünün dirildilməsinə qarşı çıxanlara Əlişir Nəvainin sözlərini xatırladıram: SİTAT: "Türk dilinin kamilliyi bu qədər dəlillə sübut olunursa, gərəkdir ki, bu xalq arasından çıxan təb əhli öz qabiliyyət və ilhamlarını, öz dilləri dura-dura, özgə dil ilə zahir qılmayaydı və bu işə girişməyəydi" - SİTATIN SONU.

"525-ci qəzet"

# 1005 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #