"Bu hekayəni ikinci edən münsiflərin zövqünə "2" verirəm!" - Müzakirə

"Bu hekayəni ikinci edən münsiflərin zövqünə "2" verirəm!" - Müzakirə
1 iyul 2026
# 12:10

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Ömər Xəyyamın "10410-cu gün" hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Yazıçı Samirə Əşrəf kimdir?

Samirə Əşrəf:

"Ömərin hekayəsi müharibə mövzusundadır. Ümumiyyətlə, müharibə nəsrinin özəlliyi ondadır ki, əgər əsərdəki təsvirlər, detallar və yaşantılar təbiidirsə, o, zamanından asılı olmayaraq, istənilən oxucuya dərindən təsir göstərir.

Məsələn, bəhs edən əsərləri – Mixail Şoloxovun, Konstantin Simonovun və digər yazəçıların müharibə haqqında əsərlərini oxuyarkən bu duyğuları dərindən hiss edirəm. Özüm də müharibə görmüş insan olduğum üçün Ömərin hekayəsi də mənə mütləq təsir etməli idi.

​Lakin təəssüf ki, hekayədəki emosional yaşantı, enerji olduqca zəifdir.

Mətni oxuduqca Mirmehdi Ağaoğlunun “Şuşaya deyərsiz, gələcəm” adlı bir pyesi yadıma düşdü. Oradakı təsvirlər mənə daha canlı təsir bağışlamış və çox xoşuma gəlmişdi. Çünki Mirmehdi müharibə görməsə də, müharibədən sonra o yerləri qarış-qarış gəzmişdi, ölüm qorxusu yaşamışdı. Bu müqayisəni ona görə aparıram ki, müəlliflərin hər ikisi müasirimizdir, eyni dövrü yaşayıb eyni hadisələrdən keçmişik. Heç kimə demək olmaz müharibədən yazma. İstənilən mövzudan hər kəsin yazmaq haqqı var. Amma müharibə, səngər, od-alovdan yazmaq üçün ya bu təcrübəni keçməlisən, ya da bu yolu keçən adamlarla həmsöhbət olmalısan.

​Məhz bu baxımdan Ömərin hekayəsi mənə gözlədiyim təsiri bağışlamadı. Mətndə açıq mesajlar həddindən artıq çox idi. Yazıçı hər şeyi bu qədər çılpaqlığı ilə təqdim etməməli, minaları qoyub getməlidir. Onların partlayıb partlamaması oxucunun ixtiyarında olan məsələdir. Müəllif lap əvvəldən açıq mesajlar təqdim edir. Məsələn, ratsiyadan eşidilən səsin ataya məxsus qeyri-real səs olduğunu oxucu onsuz da anlayır; bunu sonradan yenidən xırdalamağa, oxucuya təkrar eşitdirməyə lüzum yox idi. Və yaxud qana bulanmış mandarinin izahı… Hekayədə, həmçinin, ən sevdiyim ekran əsərlərindən biri olan Danis Tanoviçin "Tərəfsiz bölgə" (No Man's Land) filminin təsirlərini də açıq şəkildə hiss etdim.

​Ümumilikdə dil və yazı strukturu baxımından Ömərin qələminin yaxşı olduğunu, yazı texnikasına bələdliyini inkar etmək olmaz. Lakin yenə də qeyd etməliyəm ki, bu hekayədə canlı yaşantılar çox az idi, hadisələr daha çox süni və qurama təsir bağışlayırdı.

​Əsərin adından da bəlli olur ki, burada müəyyən bioqrafik çalarlar yer alıb. Çox güman ki, mətnin adı “10410-cu gün” yəni “30 il" kiminsə – özünün, atasının, şəhid olan və ya döyüşən yaxınlarından birinin həyatına işarədir. Səhv etmirəmsə, Ömərin ailəsində müharibə iştirakçısı olub. Düzdür, bu, birbaşa ədəbi tənqidin predmeti deyil, amma adından və mətnin daxilindən zaman-zaman bu bioqrafik xətti hiss edirdim. Bütün bunlara rəğmən, böyük təəssüflə bildirməliyəm ki, hekayə bədii baxımdan uğurlu alınmayıb".

Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

İlham Əziz:

"Müharibə elə bir fəlakətdir ki, onun haqqında adicə əhvalat da maraqlı olur. Ömərin bu mətnində energetika o qədər cüzidir ki, gülməli alınıb. Mətn müharibədən çəkilən karikatura effekti yaradıb. Bilmirəm, bəlkə, elə müəllifin də məqsədi odur?!

Hekayə orqanik deyil. Keçidlər saxtadır. Bəzi filmlərdən çırpışdırılan detallar adamın gözünə girir. Mandarin söhbəti də məşhur gürcü filmi “Mandarinlər”dən təsirlənmədir.

Ədəbiyyat konyunktura sevmir. Qurmaca, texnika, üslub qəbul ediləndir, fəqət yazıçı bütün bunlara öz enerjisini ötürməlidir, yoxsa belə surroqat məhsul ortaya çıxır.

Ömərin əsgərlik vaxtlarından bir statusu vardı, min dəfə bu mətndən keyfiyyətli, min dəfə oxunaqlı… Niyə? Çünki hiss edib yazmışdı. Bu hekayədə yazıçı yoxdur, hiss yoxdur, ədəbiyyat yoxdur. Bu hekayənin mükafat alması da başqa söhbətin mövzusudur, onu burada yazıb heç kimi incitmək istəmirəm".

Şəhriyar del Gerani:  "Kişi kimi yaşamaq çox çətindir..." - Müsahibə

Şəhriyar del Gerani:

"Janrların sərhədi itdi. Buna təəssüf edirəm. Əksər yazıçılarımız mətnlərinin janrını, janr xüsusiyyətlərini bilmirlər. Heç bilmək də istəmirlər, görünür. Bu da janrı səhv düşmüş mətnlərdən biridir. Buyurun. Bəs bu mətn nədir? Yaxşı sualdır. Cavabı belə verərdim: hekayə olmağa cəhd edən bir tüfeyli xatirə.

“Hekayə necə yazılmalıdır” haqqında 52 min mənbə var. Çox deyil, 5-6 mənbəyə baş vursaydı, Ömər dostumuz bilərdi ki:

“Batareykası olmayan, iyirmi səkkiz il qarın-yağışın altında, palçığın içində paslayan, tamamilə yararsız alətin içindəki sirrdən, beləcə, agah oldum” – söhbətinə qəti ehtiyac yox idi. Gül kimi sirr idi, qalmışdı da. Nöş açıb tökürsən?

“Hekayə necə yazılmalıdır” haqqında 52 min mənbə var. Çox deyil, 5-6 mənbəyə baş vursaydı, Ömər dostumuz bilərdi ki:

“Yolun ortası ilə diyirlənən mandarin yanımdakı daşa dəyib dayandı. Qabığında qan izi vardı… Xaqan Sarıca şəhid olmuşdu” – söhbətində sonuncu cümləyə qəti ehtiyac yox idi. “Qabığında qan izi vardı…” kifayət idi.

Nə etməli? Təklif edirəm, “Park Yaradıcılıq Akademiyası”nın yaradıcı yazarlıq kurslarına gəlsinlər, oturub qulaq assınlar; A-dan başlasınlar, Z-yə ehtiyac yoxdur, heç olmasa, S-ə qədər gəlsinlər, əziz yazarlarımız. Bu, təkcə Ömərə aid deyil, hekayə yazmağa meyl göstərən hamıya aiddir. Yeri gəlmişkən, hekayə olmağa can atan bu tüfeyli xatirəni “Ədibin Evi”nin təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsində II yerə layiq görən münsiflərin ədəbi zövqünə “2” verirəm. Xahiş edirəm, bir daha heç bir müsabiqədə münsif olmasınlar".

Sara İbrahimin yeni kitabı çap olundu

Sara İbrahim:

"Düzünü desəm, Ömər Xəyyamdan indiyədək heç nə oxumamışdım. “10410-cu gün” hekayəsini oxudum və müəllifin yaradıcılığı ilə tanışlığıma peşman olmadım; hekayə xoşuma gəldi.

Bu yığcam hekayəni oxuyanda hər iki Qarabağ müharibəsi ata və oğulun timsalında yaddaşımızda yenidən canlanır. “Yenə noyabr, yenə müharibə… iki gənc ayrı-ayrı illərdə, fəqət eyni yolda irəliləyir”. Müəllif müharibənin dəhşətli üzünü bir cümlədə necə dəqiq ifadə edir: “Hərdən topun lüləsini ata kimi, qarşı səngəri ana kimi təsəvvür edirəm. Budur, yeni insan doğulur: əlsiz, ayaqsız, başsız.”

İyirmi səkkiz il əvvəl müharibədə həlak olmuş atanın səsi torpağın altındakı paslı ratsiya qurğusundan oğlunu qələbəyə səsləyir. O səs iyirmi səkkiz il kainatda sıxışıb qalmışdı, bu anı – oğlunun bir gün gəlib onu torpağın altından üzə çıxarmasını, Şuşada qələbəyə çevirib özünə qaytarmasını gözləyirdi. Oğul atanın yarımçıq qalmış işini tamamladı, Şuşanı azad etməklə həm də atanın Daşaltıdakı nigaran, məhbus səsini, Ərafda qalmış ruhunu azad etdi.

“10410-cu gün” hekayəsi Şuşanın azad edilməsi, qələbəmiz haqda yazılmış ən yaxşı hekayələr sırasında özünə yer tuta bilər. Və hekayə müsabiqəsində ikinci yerə layiq görülməsi də təsadüf deyil. Müəllifi bu münasibətlə təbrik edirəm".

Kulis.az

Vüqar Van:

"Brextin təbirincə desək, adətən həqiqətləri hüznlü və mərhəmətli tonla yazırlar. Oxucuya elə görünür ki, bunları yazan adam bir qarışqanı da qəsdən tapdalamayacaq insaf sahibidir.

Mən də müzakirənin mərhəmətli tonda aparılmasının tərəfdarıyam, amma müzakirənin də bitməli olduğu bir hədd var. Həmin hədd keçildikdə müzakirənin heç bir mənası qalmır. Məncə, Ömər də bu bayağı hekayəsi ilə çox kobud formada müzakirə həddini aşıb və müzakirə üçün heç bir məna-məzmun saxlamayıb. Bu – yəni müzakirə həddini aşmaq – həm də, mərhəmətsiz tonda desək, sırtıqlıqdır".

Orxan Həsəni: "Azərbaycan ədəbiyyatı AYB-nin əsirliyindədir" - Müsahibə

Orxan Həsəni:

"Hekayə "Müharibə haqqında necə yazmaq olmaz?" sualının cavabıdır. Belə həssas mövzuda yazmaq ip üstündə addımlamaq kimidir. Gərək pafosdan uzaq olasan. Məncə, Ömər dildə sənətkarlıq göstərsə də, məzmunda kəsilib".

# 186 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər