Tələbə qız məşhur Azərbaycan romanından yazdı

Tələbə qız məşhur Azərbaycan romanından yazdı
2 iyul 2020
# 11:49

Kulis.az Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin III kurs tələbəsi Pərvin Həsənovanın Səfər Alışarlının "Maestro" romanı haqqında yazdığı "“Maestro” romanı və yaxud poetik sükut" yazısını təqdim edir.

Müəllif artıq ilk cümlədən, hətta roman başlamazdan əvvəl sadə camaatın, xalqın yanında, zalımın deyil, məzlumun tərəfində olduğunu əsərinin hər hansı bir məşhur yazıçıya və ya siyasi xadimə deyil, gərmə ayaqlayanlara ithaf olunmasıyla açıq bəyan etdi.

Maestro kimdir? – yazıçının zaman-zaman prototipinə çevrilmiş, zəngin həyat təcrübəsinə malik bu gənc – İsmayıl rayonda doğulan, lakin oranın perspektivsiz mühitini görüb şəhərə gələn, həyatın qoynuna atılan istedadlı musiqiçidir. 16 yaşında musiqi məktəbindən qovulub, teatrda dekorasiya daşıyan fəhlə işləməyinə baxmayaraq, sonradan Lvovda təhsilini davam etdirmiş və Konservatoriyanı bitirmişdir. Lakin həyat elə gətirir ki, o, təsadüfən tanış olmuş şair Rəsul Babaş vasitəsilə bir jurnal redaksiyasında işə başlayır.

Günlərin bir günü Ağır maşınqayırma zavodunun fəhləsi Nahid Paşayev direktoru vəzifədən götürməklə zavodu əllərinə almaq və partiyanın siyasi xəttinə daha sədaqətli xidmət üçün proletariatın səfərbərliyini bütün şəhər üzrə təmin etmək məqsədilə redaksiyada məqalə nəşr etdirməyə gəlir. İsmayıl əvvəl çox adi və təbii görürən bu məsələ ilə məşğul olmağı öz boynuna götürür. Sonra isə... Sonra “Naçar” ləqəbli şair Nahid Paşayev əldə qələm tutub savaşmağın mənasızlığını dərk edib, qələmi əlindən yerə qoyur, silahı götürür və inqilabçı Nahid Paşayevə çevrilir (deyəsən çarəni tapdı ). İsmayıl isə özü də hiss etmədən bu inqilab burulğanının tam mərkəzinə düşür. Daha sonra o, İmanovun "Pikantrop" klubundakı ilk siyasi çaxnaşmalara qoşulur və sair və ilaxır...

Romanda bu siyasi çəkişmələrin daxilində, əsasən, 4 obraz görünür. Bunlardan birincisi yuxarıda haqqında söz açdığımız inqilabçı Nahid Paşayev idi. İkincisi isə qiyamçılar dəstəsinin “başçısı” Abbasovdur. Abbasov – qiyamçı dəstənin başçısı hesab olunsa da, siyasətdən, qanun-qaydalardan qətiyyən xəbərsiz, öz dəstəsinə belə sözünü keçirə bilməyən bir insandır. O, sanki bu dəstənin içində ən məzlum əsirə çevrilir. Biz bunu onun Nahid Paşayevlə olan söhbətində də aydın görürük.

Əsərdəki üçüncü obraz Kərəm müəllimdir. Bəli, bu həmin Kərəm müəllimdir ki, onu görəndə ucadan “Yaşasın Kərəm Türkoğlu!” - deyə qışqırmaları üçün bütün maaşını dilənçilərə paylayırdı. Bu həmin Kərəm müəllimdir ki, vaxtilə Nahid Paşayevin kölgəsində fəaliyyət göstərsə də, sonradan onu xaincəsinə satdı. Son məqamda isə “olum, ya ölüm” sualı qarşısında aciz qalan prezident “olum”u seçdi. Ölsəm, vətəndaş müharibəsi olacaq – bəhanəsiylə “aradan çıxdı”...

Və nəhayət, dördüncü obraz – prezidentdən narazı olanların əyalətdə əhatəsinə yığışdıqları General. General hiss və duyğulardan, semtimentallıqdan tamamən uzaq biridir. Ona görə, insanlar iki yerə bölünür: vəzifəli və vəzifəsiz, rüşvət ala bilən və bilməyən. O, düşünür ki, ürəyin işi sevib-sevməməkdir, hakimiyyətin işi isə qorxub-qorxmamaq. Qiyamçılar və inqilabçılar Kərəm müəllimdən sonra onun vəzifəsinin müəyyən səlahiyyətlərinin Generala keçməsinə razı oldular. Axı onlar haradan biləydilər ki, Generalı “başlarına çıxarmaqla” yağışdan çıxıb yağmura düşəcəklər... “Bir il əvvəl onlarla birlikdə öz köhnəsinin üstünə yürüşə başlamış General indi yalnız özünə məlum olan oyunlarını oynamağa başlamışdı və bu oyunların məqsədi-məramı indiki köhnədən də, Generalın ondan əvvəlki köhnəsindən də heç nə ilə fərqlənmirdi. Bunlar çirkli siyasi oyunlar idi”. İsmayılın gördüyü yuxuda Generalı Hitlerə bənzədən yazıçı, bununla onun nasist və faşist təbiətinə işarə edir.

Özünü xalqın yanında göstərməkdən ötrü camaatın gözündən “Sən xalqımın xoşbəxtisən, pambıqçı qız!” adlı pərdələr asan Muzup rəisi Nadir Əliyeviç pambıqçı qızların 5 ilə qazandığı pulu 5 saata qazanırdı. O, ölkənin ən məşhur rüşvətxorlarından biri idi. Əgər rüşvət almaq üzrə yarış keçirilsəydi, şübhəsiz ki, Muzup rəisi finişə birinci çatardı. Onu orkestrda musiqiçilərin peşəkarlığı deyil, verdikləri rüşvətin məbləği maraqlandırırdı. Sehirkar Muzup zirzəmisində isə daha maraqlı hadisələr cərəyan edirdi. Zirzəmi orkestrında 1 saat musiqi ifa edəndən sonra ölkənin bütün konsert salonları üzünə açıq olan Əzizovkimilər Muzup rəisinə sevə-sevə rüşvət verməkdən çəkinmir, hətta bunu öz dostlarına da açıq ürəklə məsləhət bilirdilər.

Həmişə sabaha boylanan, sabahın dünəndən daha yaxşı və böyük olacağına ümid edən, sonra isə qəflətən, insan həyatının sabahdan, gələcəkdən yox, məhz keçmişdən ibarət olduğunu anlayan Qaragözova... Göy gözlərin sahibəsi Nailə xanım Qaragözova... Qəribə deyilmi? Lap daxili bir, xarici başqa, sözü bir, əməli başqa insanlar kimi. Lakin Qaragözovanın daxili ilə xarici, sözü ilə əməli bir idi. Qaçqınlara da, istedadlı musiqiçiyə də ürəkdən gələn səmimiyyətlə yardım göstərmək istəyirdi. Amma... Ancaq... Lakin... Fəqət... Zira... – bir güllə bahar olmaz.

Qaçqınlar və məcburi köçkünlər. “Eşşək” haqlı çıxdı... Bir gün o oyandı və gördü ki, insanlar mal-qaradan tutmuş ən xırda əşyalarına qədər gətirə bildikləri nə var idisə, hamısıyla birlikdə yataqxanada məskunlaşmağa başlayırlar. Xırda toxunuşlarla mühüm məqamlara diqqət çəkməyi bacaran yazıçı qaçqınların “adam yaşamayan bölmədə” acınacaqlı vəziyyətini hər sözü ilə ifadə etməyə çalışırdı. “El-obadan ayrı düşməklə tamam işsiz qalmış bu kənd ağsaqqalları peşə lazımsızlığının və yararsızlığının axırıncı həddini yaşayırdılar; onlar virtual ədəbiyyat rəfində Sədinin "Gülüstan" əsərinin 1948-ci il nəşrinə bənzəyirdilər” – yazan müəllif Cəbi kişinin ölümünü təsvir etməklə bu məzlum insanların, əslində, hökümət tərəfindən necə önəmsənilmədiyini son həddə göstərir.

İsmayılın yuxusu da bu mənada çox maraqlıdır: “General artıq qayçı ilə Cəbinin qarnını sinəsinə doğru kəsə-kəsə gedirdi və sanki öz-özünə ucadan deyinirdi: Budur, sənin ağ ciyərini kəsib çıxardıblar, ona görə də oksigen çatışmazlığından boğulub ölmüsən”. Burada yazar Cəbini simvolik olaraq Azərbaycana bənzətmiş, onun başının üstündə dayanan General isə Azərbaycanın ağciyərinin çıxarıldığını – Qarabağın alındığını deyir. Vətənsiz, doğma yurdundan didərgin salınmış Cəbi kişi bu ayrılığa dözə bildiyi qədər dözdü, lakin onun qoca ürəyi bundan artığına tab gətirmədi.

Gələk Cəbinin sarıqlısından çıxan qızıllara və onların aqibətinə. Bilmirəm, yazıçının zaman-zaman prototipi olan Maestro, həqiqətən də, belə bir halla rastlaşıb, yoxsa bu fakt reallıqdan kənar fantaziyanın məhsuludur, amma onu bilirəm ki, o qızıllar, doğrudan da, var olubsa, İsmayıl onları özü xərcləsəydi, daha düzgün ünvanlara və ehtiyacı olanlara yönləndirərdi.

Hə, bir də əyalət televiziyasının gözəl diktoru var idi... Nə Mərdanın qızı Tellinin, nə də göy gözlü Qaragözovanın fəth edə bildiyi ürəyi bir gecədə əsirinə almış diktor... Özünün 3 bənddən ibarət (qarın doyurmağa yemək, yatmağa yer və əyləncə) həyat fəlsəfəsi olan diktorun əksinə olaraq “Yaradan torpağın şumuna toxumla bərabər səpmək üçün insan alnından çıxan tər damcılarını da yaradıb” qənaətində olan İsmayıl isə həyatda çox şeyin insanın öz əlində olduğunu, öz iradəsindən asılı olduğunu düşünür. Lakin buna baxmayaraq gözəl diktorun iradəsi və sevgisi İsmayılla birlikdə gedəcək qədər möhkəm və cəsarətli olmadı.

Gah İskəndər Mirzoyeviçin məclisində araq içən, gah da Kərəm müəllimlə müstəqil dövlətçilikdən məxfi söhbətlər edən şair Rəsul Babaş deyir ki, mən xalqın ziyalısıyam. Bəli, o xalqın ki indi özünü, yaşayışını, məişətini bürüyən qayğılardan şairə, yazıçıya, onların yaratdıqlarına vaxt ayıra bilmir, xalqın, hakimiyyətin başında duran məmurlar isə “kakoy-to” Simuzər Qarabattağın ala gözünə, qara qaşına aşiq olub onu zirvəyə qaldırırlar. Və bu zaman nə baş verir? –Mərdi qova-qova namərd eləmək. Rəsul Babaş da artıq zəmanənin tələbinə uyğun olaraq davranmağa çalışır.

Zurna VS Saksafon. “Kənddə o cür musiqi çalınanda televizoru söndürürdülər”... Səni dünyaya gətirən ananın başa düşmədiyi bir musiqi üstündə həyat qurmaq ağrısını yaşayan İsmayıl sonda belə qənaətə gəlir ki, dünyada hər şey hamı üçün deyil. İsmayılın arzuladığı demokratik, humanist cəmiyyət də, onun musiqisi kimi çoxları tərəfindən başa düşülməyən və ya başa düşülmək istəməyən utopiyadır. Onlar yalnız zurnanı görüblər, dədə-babadan bildikləri musiqi havası “heyvagülü”dür. Ona görə də saksafona, onun ecazkar caz musiqisinə nabələddirlər. Biz uşaqlarla münasibətdə bəzən oxşar halla rastlaşırıq:

  • Al, çiyələk ye, çox dadlıdır.
  • Yoo, mən çiyəyəy xosdamıyam, o dadlı olmuy.
  • Yemisən, heç çiyələk?
  • Yoo, yiməmisəm.
  • Bəs yeməmisənsə, haradan bilirsən ki, dadlı olmur?”

Uzun müddət kiməsə nifrət edə bilməyən, ayrılıqlara alışmayan, arzularının meyidini daşıyan Maestro sevgisi dəlilik kimi qəbul edilən Məcnun kimi səhraya – fəhlə yataqxanasına sığınır. Axı nəyə görə İsmayıl kimi professional ifaçı orkestra qəbul olunmaq üçün kiməsə yaltaqlanmalı, kiməsə yalvarmalıdır? Nəyə görə musiqiçilər orkestra peşəkar musiqiçi komissiyası tərəfindən deyil, Muzup məmurları tərəfindən seçilməlidirlər? Nə üçün ona öz operasını rahat şəkildə səhnələşdirməyə şərait yaradılmır, əksinə Generalın tələblərinə cavab vermədiyi üçün teatrdan qovulur? Bu, həmin dövrdə ölkədə hökm sürən xaosun bariz nümunəsidir. Və nə qədər ki bir “malades” xatirinə ikiqat əyilən şöbə müdirləri, yaxşı iş almaq üçün yaltaqlanan Əzizovlar və onun kimi qüruru plintus səviyyəsindən də aşağı musiqiçilər var, özünü hər zaman və hər mövzuda haqlı sayan Generallar, Muzup rəisləri olacaq və bu xaos da beləcə davam edəcək... Şair yaxşı deyib: “Olmasaydı dünyada sarsaqlar, Yəqin ki, ac qalardı yaltaqlar”.

Bir də gələcəyin ədəbiyyat müəllimi kimi diqqəti əsərin dilinə çəkmək istəyirəm. Oxucuların burada işlədilən, qeyri-adi, bənzərsiz təşbehlərdən zövq almaması mümkün deyil. Oxuduğum ilk təşbehlərdən sonra, sonunun necə olacağını bilmədən əsərin əsiri oldum... İlk dəfə bir əsəri məzmunundan çıxaracağım nəticədən əlavə, leksik bazamın zənginləşməsi ehtirası ilə, xüsusi maraqla oxudum. Hər sətrini, hər sözünü nəzərdən keçirərək, analiz edərək oxudum. Mən hətta bu ekskluziv təşbehlərdən bəzilərini özüm üçün köçürüb saxladım da, məsələn:

Mayenin kütləsini metrlə ölçmək istəyən naşı adam;

Oksigenli azot qatını şax kağız vərəqi kimi cırmaq;

Qadın sanki bir metrlik məsafədə saxladığı yüngül, xoş ətir rübəndinin arxasında dayanıb ona deyirdi;

Gəmi karvanı kimi yüklənmiş ağ süfrəli stollar;

Musiqini dinləyir, arabir qulağına dəyən xaric səs və notları düyü içindən sılıf təmizləyən kimi, dərhal götürüb kənara tullayırdı;

Teatr səhnəsində işləyən suflyor hazırlığı və yüngüllüyü ilə danışmaq;

Stol üstündəki qab-qaşığın tanış, poetik natürmortu içində tənha qanqal kimi bitib qalmış başıbağlı araq butulkası;

Dünyada hər şeydən çox tramvaya minməyə gecikməkdən qorxan istehsalat əlili kimi tələsmək;

Ambulatoriya feldşerinin qoyduğu diaqnostik dəqiqliklə demək;

Cəmiyyətdə "hörmət" adı altında yayılmış bu milli gəlir janrını əzbər bildiyi şeir vəzni kimi təhlil etmək;

Diş çəkdirməyə oturan adam kimi uçuna-uçuna oturmaq;

Dünyanın sonuncu əjdahasını indicə məhv etmiş qalib Herakl kimi baxmaq;

Şəhərin ən müxtəlif nöqtələrindən buraxılan müxtəlif rəngli raketlər naşı əldəki kamandan çıxmış yanar oxlar kimi;

Sıravi əsgər paqonu kimi hamar və çılpaq stol;

Bircə, bütöv sapa düzülmüş qısa təsbeh sədəflərinə bənzətdiyi həyatı;

Tələyə düşmüş ceyran kimi mələyən yazın axşam qaranlığı;

Karvansarada gecələyən yolçu sərvaxtlığı ilə öz nimdaş dərd-sərinə bürünüb yatan şəhər;

İstedadsız bəstəkarın son dərəcə pintiliklə yazdığı musiqi əsərinə oxşayan vəziyyət.

Əsərin “fərqli” hesab etdiyim cəhətləri:

Uzun cümlələr – bəzən bir cümləni anlamaq üçün təkrar-təkrar oxumaq, xəyali olaraq nöqtələri, vergülləri, bağlayıcıları düzüb hissələr ayırmaq və beləcə yazılan fikrin mənsəbinə varmaq lazım gəlir. Məsələn:

“...hörmətli baş redaktor, adətən, belə replikalara cavab vermirdi, amma sözünə və fikrinə böyük ehtiyac duyulduğunu görəndə, ya da kefinin yaxşı yerinə düşəndə deyirdi: "rəsul, niyə əli qafarı çıxarıb, yerinə cavan cabbarı qoymursan?" və nədənsə, rəsul da gülürdü, şurik ərdəbilli də gülürdü, müasir zəmanənin minimayakovskilərindən sayılan poeziya şöbəsinin müdiri də gülürdü, bircə "bu dünyadan" demək mümkün olmasa da, "poeziyadan, nəsrdən və publisistikadan" küsdüyünü dəqiq demək mümkün olan uzun, dazbaş məsul katib, dramaturq vəli vəliyullah gülmürdü, çünki əsasən kukla teatrı və radionun uşaq verilişləri üçün işləyən yarımtexnik missiyalı bu ədib bir milli tipaj olaraq, baş redaktorun obrazı üzərində tədqiqat işini, görünür, hələlik ya yekunlaşdırmamışdı, ya da uşaq düşüncəsinə yad bu obyekt haqqında indiyə qədər bircə dəfə də olsun başqa cür düşünməyə cürət etməmişdi”.

O şəxs əvəzliyindən həddən artıq çox istifadə edilməsi – hətta o dərəcədə ki, bəzən kimin kimdən kim haqqında danışdığı müəmmalı qalır. Əgər müəllif yalnız əsərin qəhrəmanını “o” -deyə adlandırsaydı, bu başqa məsələ. Burada isə əsərin qəhrəmanının adı məlumdur – İsmayıl, belə olan halda əksərən İsmayıldan “o” formasında bəhs olunması nəyə gərəkdir? Hələ üstəlik adi şəxs əvəzliyi funksiyasını daşıyaraq “o” bəzən başqa şəxslərə də şamil olunursa... Mənim kimi əsərə dalmaq istəyən oxucu belə xırdalıqlarla özünü yormaq istəməzdi.

Lakin onu da qeyd edim ki, bu “qüsurlar”ı o cür bənzərsiz sənət nümunəsinin nəhəngliyi qarşısında heçə saymaq, sadəcə yazıçının dəsti-xətti, özünəməxsus yazı şəkli kimi də qiymətləndirmək olar.

# 8261 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #