Təbrizdə çıxan ədəbi dərginin baş redaktoru: “Hər sayımızda şimaldan nəsə veririk” – Müsahibə

Təbrizdə çıxan ədəbi dərginin baş redaktoru: “Hər sayımızda şimaldan nəsə veririk” – Müsahibə
8 fevral 2021
# 17:45

Kulis.az “Sözün Güneyi” layihəsindən Təbrizdə nəşr olunan “İmza” dərgisinin baş redaktoru Umud Hilali ilə söhbəti təqdim edir.

- “İmza” nə zamandan dərc olunur?

- Bizim dərgi 2017-ci ildən çap olunur.

- Nələr çap edirsiniz?

- Bizim dərgi əsasən bədii ədəbiyyat üçün nəzərdə tutulub. İçində bölmələr var: hekayələr, ədəbi tənqid, məqalələr, müsahibələr, reportajlar və bəzən də kitab təqdimatları olur. Həmçinin ədəbiyyat nəzəriyyələri haqqında müzakirələr də dərc edirik.

- Dövriliyi necədir?

- Dərgimiz üç aydan bir çapdan çıxır, tirajı da 200-500 arasında dəyişir. Bəzən elə saylarımız olur ki, tələbat çoxluğuna görə ikinci dəfə nəşr edirik.

No description available.

- Oxucu marağı varmı?

- Bəli, maraq var. Çünki biz ədəbiyyata elmi baxırıq və buna görə də oxucuların dərgimizə marağı var.

- Şimaldan hansı müəllifləri və hansı əsərləri çap etmisiniz?

- Ötən il bir özəl sayımız çağdaş Azərbaycan Cümhuriyyətinin ədəbiyyatına həsr olundu. Həmin sayda da hekayə, tənqid, məqalə, müsahibə və reportaj bölümləri oldu, yazılar dərc olundu. Sizə atdığım fotoların birində müəlliflərin şəkli görünür. Demək olar ki, hamını... Anar, Elçin, Afaq Məsud, Aqil Abbas, Səlim Babullaoğlu, Qismət və s. Həmçinin hər sayımızda mütləq Şimaldan nəsə dərc edirik.

- Təbriz ədəbi mühiti haqqında nə deyə bilərsiniz?

- Təbriz ədəbi mühiti, Güney Azərbaycan ədəbiyyatı mühiti çox gözəldir, zaman ötdükcə də dəyişir, yeni əsərlər, yeni yazılar ərsəyə gəlir.

No description available.

- Şeir yazılır orda, bəs roman necə? Yaxşı romanlar varmı?

- Bir zamanlar bizdə nəsr elə də güclü deyildi, indi nəsrdə də güclü yazılarımız, əsərlərimiz var, gözəl romanlar və hekayələr yazılır. “Heraya qonan göyərçinlər”, “Yanlış roman”, “Nisgilli mələklər”. Yeni bir roman da çap olundu bu yaxınlarda. Ərgin Avşarın “Alagöz” romanı. Həmçinin bu yaxınlarda şeirlər antologiyamız da çap olundu. Şeirlərimiz haqqında araşdırma kitab da nəşr edilib.

Sizin ədəbi mühitlə də əlaqə saxlamağa çalışırıq. Kulis.az saytını izləyirik. Təzə yazılarınız olanda bizə mütləq göndərin. Məmnuniyyətlə çap edəcəyik. Burda - Təbrizdə çağdaş cümhuriyyət yazarlarının kitabları da əski əlifbada nəşr olunur.

No description available.

- Orda bizim hansı müəlliflər maraqla qarşılanır?

- Jurnalda verdiklərimdir. Fotolardakı yazıçıları deyirəm.

- Bəs dünyadan hansıları daha çox oxuyurlar?

- Müasir ərəb yazıçılarına maraq var. Çevrilir farscaya və oxunur. Avropa yazıçıları da maraqla qarşılanır.

- Azərbaycan türkcəsinə də tərcümə edə bilirsiniz?

- Edirik.

- Türkiyə ədəbiyyatına münasibət necədir?

- Orxan Pamukun bütün əsərləri oxunur. Nazim Hikmət, Orxan Vəli də həmişə oxunub. Həm fars dilində, həm Azərbaycan dilində.

No description available.

- Bizim qüzeyin romanlarından necə, oxuya bilirsiniz?

- Qurban Səidin “Əli və Nino”, Elçinin “Baş” və s. adlarını çəkə bilərəm.

- Umud bəy, özünüz nə yazırsınız?

- Qısa sərbəst şeirlər yazıram daha çox. Arada tənqidi, nəzəri yazılarım da olur.

- Fars ədəbiyyatı ilə müqayisədə Azərbaycan ədəbiyyatını necə dəyərləndirə bilərsiniz?

- Afaq Məsudun əsərləri farscaya çevrilib. Qulamhüseyn Saidi var bizdə, farsca yazır. Tanınmış romançıdır. Dünyada da tanınır. Təbrizlidir. Şeirdə, ədəbi nəzəriyyədə Rza Bərahəni var. Hər iki dildə uğurlu yazır və tanınır. Təbrizdəki ədəbi mühit çox güclüdür. 20 il əvvəl az idi nəsr yazan, indi xeyli çoxalıb. İnternet də müsbət təsir göstərdi prosesə.

# 2278 dəfə oxunub

Müəllifin son yazıları

# # #