Müasir Azərbaycan ədəbiyyatı yoxdur – Orxan Fikrətoğlu yazır...

Müasir Azərbaycan ədəbiyyatı yoxdur – Orxan Fikrətoğlu yazır...
21 may 2021
# 15:01

Kulis.az yazıçı Orxan Fikrətoğlunun “Bayır şəhər preludiyası” yazsıını təqdim edir.

Şeytanın qıçını sındırıb nəhayət ki, “postpandemik formullu” baş şəhərimizi başmaq seyrinə çıxdım. Bəri başdan onu deyim ki, şair Qabilin yaşadığı evin divarına vurulmuş Mirəli Qaşqayın barelyefindən savayı tanıdığım məhlə adamlarının hamısı düşüb.

Bu, qocalmaq deyil ha!

Bu, düşməkdir!

Mən inanmıram ki, belə düşməklə onlar bir də özlərinə “çıxsınlar”.

Məhlə adamları gözümə iki dəfə qulağa taxılmış “qara maska” kimi dəydi. “Formula 1”-in artıq Murad qapıları qədər öyrəşdiyim “beton yolkəsənləri” uzaqdan mənə avtoritet Kamilin uşaq vaxtı məhlə davasında sındırılmış dişlərini xatırlatdı. O zaman Kamil hər dişinə görə bir Bayır şəhərlini bıçaqlamışdı. İndi daha dişə görə Bakıda adama heç nə eləmirlər. Əksinə, dişin oldu-olmadı, kiminsə “harasınısa” dişləmək dəbdir.

Mən Bakını sevirəm desəm, az olar. Mən Gəncəni sevirəm, İstanbulu, Rimi sevirəm. Bakı isə mənə sevgidən yaxındır. Doğulduğum, böyüdüyüm, hər tinində bir xatirəm olan bu şəhər əyri tinlərinə, tünlüyündə kor ərəblərin azdığı küçələrinə qədər içimdədir.

Şəhərin dağıdılmış evləri, mənim üçün hələ tikilidir. Yəqin ona görə “Yol”-riz tanımayan məmurların ağılsızcasına şəhərə saldıqları yeni yollar mənə məntiqsiz görünmür. Sökülmüş tarixi binaların yeri, fantom ağrılar kimi canımda göynəyir.

Yeraltı keçidə girməyən, əyriqıç nənələrin “təzə yolu” keçə bilməməsi artıq Bakı koloriti deyil, cərimədir. Bakı haşandı kassası olan məhkəmə salonuna oxşayır. Həddini keçdinsə, cərimələnəcəksən. Puluna “minnət” iki manata İşərişəhərin “şlaqbaumundan” içəri keçib Şah məscidinin qabağında “gözüaçıq” ərəbi “sünnət” eləyəcəksən. Minnət sözü ilə sünnət sözünün qafiyə olmağı mənə xüsusi zövq verdi.

Gəzintim cərimələnməsin deyə çox danışmayıb sizə ədəbiyyata çevrilməmiş Bakını tərif edəcəm.

Qoy maskamı taxım!

Uşaq vaxtı elə bilirdim, danışanda böyük adamlardan “sitat” gətirənlər çox savadlıdır. İndi başa düşmüşəm ki, sitat gətirən adamlar savadsız imişlər.

İşərişəhərli Vor Adil demişkən, alə, öz sözüvü danış!

Mən Kubinkada yaşayıram. “Sürüşdürülmüş” binanın arxasında. Evdən çıxıb nədənsə qış parkı adlandırılmış yay hovuzlu köhnə Basin küçəsinə çıxmağım uzağı beş dəqiqə çəkir. Sizə bu beş dəqiqənin içində “bina sürüşməmiş” “sürüşmək” söhbəti eləmək istəyirəm. Onsuz da mənim sözüm bu reallıqda “Zorxana” daxil beş dəqiqədən çox deyil.

Mən iki Azərbaycanda yaşamışam: Sovet Azərbaycanında və müstəqil Azərbaycanda. Hər ikisinin dili, alveri, zirəyi, becidi, dəlisi eyni olsa da, zamanı eyni olmayıb.

Sovet Azərbaycanın özü olmasa da ədəbiyyatı var. Müasir Azərbaycanın özü olsa da, ədəbiyyatı yoxdur, yaranmayıb.

“Bu nədən belədir?” – sualı, məncə, ritorikdir.

Bu ona görə belədir ki, Azərbaycanda sovetdən qalma ədəbiyyat “adamları” hələ də yerlərindədirlər. Və onların özlərini ədəbi mühitdə qoruya bilməsi, ayrılmaz parçası olduqları Sovet ədəbiyyatını da Azərbaycanda diri saxlayıb. Bu hal, təbii ki, yeni və müasir Azərbaycan ədəbiyyatının yaranmasına əngəl olub.

Paraleldə müasir Azərbaycan ədəbiyyatı bəs niyə yaranmadı sualı düşünürəm aktualdır. Bu sualın cavabı potensialımız olmayıb, fərdlər doğulmayıb, mühit formalaşdırmayıb kimi “klişelər” deyil.

Azərbaycanda yeni ədəbiyyata ehtiyac yoxdur. Bu gün Azərbaycanın prioriteti ədəbiyyat deyil. İqtisadiyyat və digər “nana” sahələrdir.

Gerçək ədəbiyyat ədəbi material olanda sitatsız yazılır, olmayanda sitatlarla. Qəribədir, sovet vaxtı zorən “Qlavlit”in Müşfiqi güdaza verənlərə yazdırdığı “Partromanlar” əhali tərəfindən də parta-part oxunurdu. O, qarelərə evlərində zorən Beriyalar kitab oxutdurmurdular ki?

Deməyin ki, bu “oxumaq ehtirası” idi.

Deməyin ki, nə çap olunurdusa o da oxunurdu.

Azərbaycanda ədəbiyyat o zaman avtoritar rejimin imzaladığı sərəncam kimi oxunub. Ədəbiyyat hakimiyyətin yalan mifini yaradıb. Və o yalanı doğru kimi oxuyan oxucu bu yalan oxuya aldanmaq istəyib və aldanıb. Belə olmasa, bütöv bir xalqa, Allah eləməmiş, cahil deməliyəm.

Cavid əfəndinin niyə tutulmasını, deyirsiniz, Qış parkı bilmirdi?

Məhəmməd Əmin Rəsulzadə öldüyü gündən ona Novxanıda hər cümə axşamı məclis qurulurdu.

Bunu edən onu bilmirdi?

Nə gül?

Nə bülbül?

Mən necə ayrılım rəna qəzəldən?

İşvəli dilbərdən, nazlı gözəldən?

İnsan ki, bir şeyə uydu əzəldən

Ölüncə başında o adət olur...

Maraqlısı budur ki, qapalı sovet rejimi ciddi ədəbi materialı qadağan etməklə bərabər gerçək ədəbiyyatı “Mirələmovlardan” seçə bilirdi. Stalin Bulqakovun kitabını oxuyub səhifələrinin kənarında düzgün ədəbi qeydlər edirdi.

Bu gün isə heç kəs-heç kəsin kitabını oxumur.

Bu gün postsovet ədəbi məkanında ədəbi material kifayət qədər bol olsa da gerçək ədəbi nümunə və gerçək ədəbi Ad yaranmır.

Məsələ postsovet ədəbiyyatının parçalandığı ölkələrdə mövcud olan siyasi rejimlərin formasında, idarəçiliyində deyil.

Məsələ heç bazarın ədəbiyyatı qiymətdən salmasında da deyil.

Məsələ dünya ədəbiyyatının bir hissəsi olan Sovet və onun tərkib hissəsi olan Azərbaycan ədəbiyyatının hansı ənənəyə söykənmiş olan ədəbi qaynaqlara köklənməsindədir.

Nəsimiyə niyə döünmürük?

Ənənəyə nədən qayıdmırıq?

Bu gün ədəbiyyat dəyər deyil və dəyərdə deyil demək də düzgün deyil. Ədəbiyyat yarandığı gündən elit zümrənin imtiyazıdır. Ədəbiyyatın bu gün problemi dövlətləri protokollarla idarə edən siyasi texnoloqların bu sahəni ciddiyə almamasındadır. Onlara kütləni idarə etmək üçün ədəbiyyat gərək deyil.

Ümumiyyətlə, bu gün “düşünən insan” heç kəsə gərək deyil.

Azərbaycan ədəbiyyatı sifarişlə yazılıb. Bu, ədəbiyyatın azad olmamasından irəli gəlmir. Bu, sadəcə ədəbiyyatın Azərbaycanda sadiq qaldığı yeganə ənənədir.

Sovet dağılanda Azərbaycandan sandıq ədəbiyyatı çıxmadı.

Sandıqlar çıxdı, ədəbiyyat yox!

Bu gün Azərbaycan daxil bir sıra ölkələrdə ədəbiyyat dövlətin apardığı bu və ya digər siyasi sifarişin icraçısı deyil. Bu, yazıçı üçün yaxşı haldır. Ədəbiyyat üçün, dövlət üçün, tarix üçün yox.

Müasir ədəbi proses Azərbaycanda yeni klassikləri, qəbul olunmuş ədəbi dəyərləri yarada bilmədiyi üçün mövcud olmayan sovet ədəbiyyatı bu gün “retro tüfəng” kimi gülləsiz olsa belə ədəbiyyat adına qəbul olunur.

Bu gün də Sovet yazıçı və şairləri şəkil olaraq sağdırlar. Teatr afişalarındadırlar. Cabbarlının əsərlərinin hələ də səhnədə olması absurd deyilmi? Parlamentinin spikeri qadın olan bir ölkədə çadrasını başından atan qadın artıq etik dilemma deyil.

Deməli, ədəbiyyat reallıqdan uzaqdır.

Elə reallıq da ədəbiyyatdan!

Yeni sifarişlər isə verilmir.

Başqa cür Azərbaycanda ədəbiyyat yaranmır.

Mənzərə doxsanıncıların ədəbiyyata deyil, real həyata atılmasından şəkilləndi. Mənim də təmsil olunduğum bu ədəbi nəsil dağılmış sosial reallığın və ruhani boşluğun bütün daşlarını sısqa çiyinlərinə qaldırmaq istədiyi üçün sonda əlində olan ənənə daşlarını da yerə saldı. Həmin ədəbi nəslin təkmil dilini və niyyətini fromalaşdırmalı olan ciddi tənqid də yetişmədi deyə ədəbi meydan tamamilə boşaldı.

Bizdən sonra özü özünü yaradan və özü özünü inkar edən ədəbi nəslin istinad dəyərləri isə ancaq sosial şəbəkələr və rus kölgə ədəbiyyatı oldu.

Nəticədə ədəbi dil korlandı, mövzular bəsitləşdi, ədəbiyyat yadlaşdı, zövq itdi, pisə yaxşı, yaxşıya pis deyildi.

Ədəbiyyat savad deyil, bəylər.

Azadlıq da deyil.

Ədəbiyyat bizim mentallıqda, təəssüf ki, sifarişdir.

Nizami də, Xaqani də...

Fizuliyə axça çatmayıb deyə kişi şikayətliydi...

Bakı da daha həmin Bakı deyil.

Yaxşı ki, maskam var. Taxıram ağzıma. Danışmıram. Nə məni tanıyırlar, nə mən kimisə tanıyıram.

Düşbərə örpəkli böyük Məmə demişkən: “Bəlkə üzünə ələk tutasan?”

Hərdən mənə elə gəlir ki, nahaq yerə ələk-fələk olunmuş maskalı insanlar üzlərinə ələk tutublar, maska yox!

Üzsüz, sözsüz, göz-gözə dayanılan, qaranlıqdır deyə göz-gözü görməyən bir “işıqlıqdayıq”.

Binaları belə sürüşür, ay kişi!

Amma bunları nədənsə “ədəbiyyat kimi” yazmırıq.

Təkcə Mirəli Qaşqayın barelyefi dəyişməyib.

O da daşdandı, ona görə.

Biz necə?

Biz daşdan deyilik axı.

# 4344 dəfə oxunub

Müəllifin son yazıları

# # #