Çağdaş monqol hekayəsi - Orijinaldan tərcümə - Azərbaycanda İlk dəfə

Çağdaş monqol hekayəsi - Orijinaldan tərcümə - Azərbaycanda İlk dəfə
30 iyun 2020
# 08:57

Kulis.az tanınmış tərcüməçi Elvin Abbasbəylinin çağdaş monqol yazıçısı Davaadorj Enxboldbaatarın monqol dilindən çevirdiyi “Dekabr qızı” (“Арванхоёрдугаар сарын бүсгүй”) hekayəsini təqdim edir. Hekayə monqol dilindən çevrilən ilk orijinal tərcümədir.

Davaadorj Enxboldbaatar (Даваадорж Энхболдбаатар) 1974-cü ildə Monqolustanda dünyaya gəlib. Monqolustan Dövlət Universitetində monqol dili və ədəbiyyatı üzrə təhsil alıqdan sonra ölkənin müxtəlif mətbuat orqanlarında fəaliyyət göstərib. Jurnalistika ilə yanaşı ədəbi fəaliyyətlə də məşğul olur. Şeirlər, pyeslər, film ssenariləri, uşaq kitabları, hekayələr və romanların müəllifidir. Üç mükafat alıb: 2006-cı ildə Monqolustan Yazıçılar Birliyinin mükafatı, 2009-cu ildə “Dan ulduzu ordeni”, 2011-ci ildə “Aparıcı mədəniyyət işçisi” nişanı. Yeni nəsil monqol yazıçıları və şairlərindən hesab edilir. Bu hekayə Monqolustan Yazıçılar Birliyinin 80 illiyinə həsr edilmiş “Utgın çimeq-2008” (Mənanın bəzəyi—2008) hekayə festivalına göndərilmiş 90 hekayə arasından münsiflər heyəti tərəfindən seçilmiş 11 hekayədən biridir. Bu festival Monqolustanda hekayə janrının inkişafına töhfə vermək məqsədilə Monqolustan Yazıçılar Birliyi tərəfindən hər il təşkil edilir.

Dekabr qızı

Balaca barmaq liftin düyməsinə basan kimi onun uzaqdan duyulan səsi müntəzəm ahənglə haradansa eşidilməyə başladı. Dərhal sonra ahəngdar zəng duyuldu və liftin qapısı açıldı. Balaca oğlan liftin içində hoppanıb gözəl və koppuş barmağı ilə iyirmi üçüncü mərtəbənin düyməsinə yetişdi. Qapı asta-asta bağlanmağa başladı. O, bağlanarkən bir qadının təmiz və ağ əli yavaşca irəli çıxaraq liftin qapısını tutdu. Sizcə, liftin qapısı yenidən açıldıqdan sonra balaca oğlan kimi gördü? Dekabr qızını. Qız heyrətamiz dərəcədə şəffaf və şəfqətli baxışları ilə balaca oğlanı süzdü:

“Cavan oğlan, liftə girə bilərəm?”

Qarşısında şəhərin bütün kişilərinin sevgi və nəvaziş simvolu olan qadını canlı-qanlı görən və bundan təlaşa düşən oğlan başı ilə tələsik təsdiqlədi. Qadın sürətlə içəri girib oğlanın yanında durduqdan sonra liftin qapısı nəhayət bağlandı.

“Neçənci mərtəbəyə gedirsiniz?”

Oğlan bu sualı verəndə qız ona doğru əyilərək eyni təbəssüm və şəffaf baxışla baxıb “Bəs siz, cavan oğlan?” deyə soruşdu. Oğlan gözünün ucu ilə üstünə basdığı iyirmi üçüncü mərtəbənin düyməsinə baxdı:

“Eee... Mən... Mən liftlə qalxıram, sonra da enirəm. Və yenidən qalxıram. Belə oynamağı sevirəm.”

Sanki pis iş görmüş kimi kəkələdi. “Mən də belə oynamağı sevirəm” - qız gülümsəyərək söylədi. Oğlan təəccüb içində gözlərini bərəltdi.

“Ola bilməz! Demək, liftlə oynamağı sevirsiniz?”

Təbəssümü hələ də dodaqlarında qalan qız gözlərini endirərək başı ilə təsdiqlədi.

“Əla!” deyə oğlan çox sevindi. Danışdıqları əsnada oğlan qızın uzun ağ boynunu və qabarıq sinəsini durmadan nəzərdən keçirirdi. O, qızın açıq yaxasından döşlərinə də göz atırdı. Qız on yaşı ancaq olan bu balaca oğlanın ona bu qədər maraqla baxmasına təəccüblənir və buna heyran olurdu. Gözəl qız balaca oğlana baxa-baxa donunun əzilmiş uclarını düzəltmək üçün ayağa qalxdı. Ona elə gəlirdi ki, oğlan onun bütün hərəkətlərini izləyir və baxışları ilə onun bütün vücudunu sığallayır. Kimsə onu qıdıqlayırmış kimi qız qəhqəhə çəkib güldü:

“Məni tanıyırsan?”

“Dekabrın qızı.” - oğlan cavab verdi. “Bizdə dekabr sayları çox var. Demək olar ki, bütün şəkillərinizi görmüşəm. Qonşunun babası sizi sevdiyini deyib. Əmim və dayım da sizi sevir. Binanın girişində qəzet satan dayı da sizi sevdiyini söyləyib. Məktəbə gedərkən yolda mənimlə pis rəftar edən uşaqlar da sizi sevdiklərini bildirib.”

“Bəs sən?” - qız soruşdu. Oğlan utana-utana yalnız “Eeee...” deyə bildi.

Lift aşağı və yuxarı mərtəbələr arasında bir neçə dəfə gedib gəldi. Bu günorta oyunu balaca oğlan üçün həmişəkindən daha maraqlı idi. Oyunun ortasında qız ondan soruşdu:

“Bu gün bir az dəcəllik etməyə nə deyirsən?”

“Necə yəni?”

Qız işarət barmağını dodaqlarına yaxınlaşdırdı və yavaşca irəlilədi. Sonra liftin qırmızı, dördbucaq düyməsinə basdı. Bu düyməyə basılanda liftin dayanacağını oğlan çox yaxşı bilirdi.

“Bəs adamlar liftin xarab olduğunu düşünsə necə olacaq?”

Narahat şəkildə bu sualı verdiyi zaman qız ona zarafatla cavab verdi:

“Beləcə aləm bir-birinə dəyəcək. Hövəsələsi daralan bəzi insanlar pilləkənlə çıxacaq və yekə qarınlarına görə təngnəfəs olacaqlar. Tər içində və yorğunluqdan ölən bu adamlar “Ax sizi iki tərbiyəsiz! Əlimə düşsəniz, sizi cəzalandıracam” deyəcəklər. Bu fikir qızın xoşuna o qədər gəldi ki, az qaldı sevincdən uçsun.

Bütün kişilərin diqqət mərkəzində olan və dəbdəbəli həyat sürən bu qızın onunla bu qədər sadə davranmasına oğlan inana bilmirdi. Buna baxmayaraq o da qızla birlikdə güldü. Lift on səkkizinci və on doqquzuncu mərtəbələrin tam ortasında dayandı. Üç tərəfi tamamən şüşədən olduğu üçün bütün şəhər görünürdü. Şəhər ucuz-bucaqsız böyük bir stepdə yerləşirdi. Deyilənə görə, sakinləri comərd, açıq fikirli, sadə, məsum və zərərsizdir. Həmçinin qonaqpərvərlikləri ilə məşhurdurlar. Şəhəri kölgəsi ilə qoruya biləcək heç bir dağ və qayanın olmadığı stepdə yerləşən və hər yerdən görünən bu şəhərə keçmiş imperiyanın yaşlanmış və zəifləmiş turistləri durmadan axışırdı. Lakin bu şəhərdə görüləcək yeganə şey sakinlərin qürur mənbəyi olan dar ağacı idi.

“Bax! Orada! O, şəhərimizin qururudur.”

Qız dar ağacının yerləşdiyi istiqaməti göstərəndə əməlli-başlı fəxarət hissinə bürünmüşdü. Amma zorla eşidiləcək səslə “Bilirəm” deyə cavab verən oğlan haqqında bunu demək olmazdı.

“Şəhərimiz həqiqətən də gözəldir, deyilmi?” - qız səmimi səslə və eyni aydın baxışlarla ətrafa acgözlüklə göz gəzdirərək söylədi. Sonra sözünə davam etdi:

“Bir xarici qəzet şəhərimiz haqqında yazdığı zaman onu “mədəniyyət şəhəri” adlandırıb. Bu normaldır. Çünki burda palıddan hazırlanmış üç yüz altmış doqquz illik dar ağacı var.”

Oğlan bundan fəxrlə bəhs edən qızı izləməyə davam edirdi. Qızı bütün qəlbi ilə sevdiyi üçün dar ağacından fəxrlə danışmasına qulaq asmağa davam edirdi.

“Əla keyfiyyətli palıddan üç yüz altmış doqquz il öncə hazırlanmış bu dar ağacı şəhərimizin iyirmi ikinci meri tərəfindən “şəhərimizin qüruru” adlandırıldığı gündən bəri qürur mənbəyimiz hesab edilir. Bunu ilk dəfə kimin və nə zaman söylədiyini bilmirəm. Lakin bu ifadə bir-birini əvəz edən merlər tərəfindən hər il “mədəniyyət şəhəri” elan edilən bu şəhərdə, demək olar ki, hər gün keçirilən mədəni tədbirlərdə təkrarlanır. Şəhərin sakinləri düşmənlərin qətlinə xidmət etmiş bu dar ağacı ilə bağlı tarixçilərin duyduğu qurur hissinin “Fəxarət qurur hissinə bəzəkdir” zərbi-məsəlinin yaranmasına səbəb olduğunu yaxşı bilirlər. Müstəsna mədəni abidə olsa da, olmasa da, hər il minlərlə turist bu dar ağacına baxmaq üçün gəlir. Onların pulu sayəsində şəhərin sakinləri xoşbəxt həyat sürür.”

“Dərginin dekabr sayı nə zaman çıxacaq?” deyə oğlan soruşdu. Bu gözlənilməz sual şəhəri ilə fəxr edən qızın diqqətini tamam dağıtdı. Saatına baxdı. “Düz bir saat sonra çapa göndəriləcək və sabah səhər satışda olacaq.” deyə cavab verdi.

“Bəs bu dəfə hansı pozanı verəcəksiniz?” deyə oğlan soruşmağa davam etdi. Oğlanın sualı qızı daha da gərginləşdirdi. “Şəkillərdəki pozalarınız doğurdan da gözlənilməz dərəcədə təəccüblüdür.” deyə oğlan əlavə etdi. “Bir evin damından şəhərin merinə silah tuşladığınız şəkli xatırlayırsınız? Digər şəkildə taksi sürücüsünü sillələdiyinizi, bir başqa şəkildə isə tualetdə qusduğunuzu xatırlayırsınız? Şəkilləriniz çox gözəldir. Bir şəkil də var. Orada siz bir neçə zəngin adamın ayaqlarının arası ilə sürünürsünüz. Donuzların arasında yatdığınız şəkli heç demirəm! Doğrusu, onu görəndə tüklərim biz-biz olmuşdu.” deyə oğlan bir az utanaraq etiraf etdi.

Qızın bu qədər balaca və hər yerdən uzaq bir şəhərdə yaşadığını düşünəndə adamın inanmağı gəlmirdi. Lakin bu qız əsl gözəlliyin təcəssümü idi. Yonulmuş heykələ bənzəyən vücudunun bütün xətlərini izləyən incə və yüngül donunu geyinib küləkli havalarda gəzərkən yanından keçən hər kəsin gözlərini və qəlbini ovsunlayırdı. Onun uzun ayaqlarının yerə dəydiyini heç kim hiss eləmirdi, lakin hərəkət edən incə beli və dolu əndamı kişilərin ağlını başından alırdı. Xəfifcə həzin baxışı hər kəsi özünə bənd edə bilirdi. Bir az qalın dodaqları və dik fındıq burnu təbəssümün əksik olmadığı simasına daha da gözəllik verirdi.

Qız oğlana diqqətlə qulaq asırdı. “Bütün bu fikirləri kim tapır?” deyə oğlan soruşdu. “Siz özünüz?” “Bəli. Mən.” deyə qız cavab verdi. “Fotoqrafım da mənə başqa ideyalar verir. Amma dərginin bu sayı üçün hələ yaxşı poza tapa bilməmişəm.”

Dərginin bir saatdan sonra çapa gedəcəyini söyləyərək, kədərlə ah çəkdi. Evinə getmək üçün liftdən çıxan oğlan arxaya dönüb “Sabah tezdən gedib dərginin dekabr sayını alacam” söylədi. “Dostlarıma sizinlə oynadığımı deyə bilərəm?” deyə soruşdu. Qız başı ilə razılığını bildirəndə sevincindən qanadı olsaydı uçardı.

“Təşəkkür edirəm. Dar ağacı ilə fəxr etsəm də, sizinlə daha çox fəxr etdiyimi etiraf etməliyəm. Uğurlar arzu edirəm!” deyib liftdən cəld çıxdı. Qız onunla sağollaşmağa macal tapmadı, amma baxışları ilə oğlanı izlədi. Uzun müddət düşünəndən sonra incə və ağ barmağı ilə liftin “bir” düyməsinə yavaşca basdı.

O oğlan mən idim. Dekabr qızına söz verdiyim kimi dərginin yeni sayını almaq üçün sabahı gün səhər evdən çıxan ilk adam mən idim. Bilmədiyim bir səbəbdən satıcının tam sükut içində dərgini mənə uzatmasının və pulu istəmədən həmən geri dönməsinin fərqinə varmadım.

O gündən düz iyirmi il keçib. Bu iyirmi il mənə cəhənnəm əzabı olub. Heç bir iftixar, heç bir təşviş, heç bir həyəcan və heç bir ehtiras hissi yaşamamışam. Çünki o sabah dünyada ən çox sevdiyim qadının son şəklini görmüşdüm; o, şəhərin qürur mənbəyi olan və palıddan hazırlanmış dar ağacın asılmışdı...

Onun ən son şəkli əvvəlkilərdən daha gözəl və daha parlaq idi. Bu dünyadan köçəndə də gözəlliyini necə itirməmişdi?! Bu sualı özümə həmişə vermişəm və elə bu gün də verirəm. Deyilənə görə, şəhərin qürur mənbəyini daha da məşhurlaşdıran dekabr qızının ölümündən sonra hər yerdən uzaq bu balaca şəhərə gələn turistlərin sayı daha da artıb.

# 9871 dəfə oxunub

Müəllifin son yazıları

# # #