Ata-anamız camaatın balasını seçdi

Ata-anamız camaatın balasını seçdi
3 mart 2016
# 16:48

Demək olar ki, bu torpaqlarda mental düşüncələr həmişə insanları dəyişdirib, tabular yerindəcə qalıb. Tarixən də heç bir qüvvə - üç əsirlik ərəb istilaları, çoxluğun islamı vahid din olaraq qəbul etməsi, daha sonra rus müstəmləkəçiliyi də bu düşüncələri köklü surətdə dəyişə bilmədi. Mentalitet dediyimiz çərçivəyə ən çox ailə məsələlərimizi qatırıq. Elə ən birinci də uşaqları.

Bizimkilərin çox uşaq dünyaya gətirmə istəyi həmişə olub. Yenicə doğulmuş uşağı olan ailələrdən tez-tez belə bir ifadə eşidirik: “Onun elə qığıltısı, qoxusu nəyə desən dəyər.” Yəni o həyatımdakı hər şeydən üstündür, ona olan sevgim hər şeyə olan sevgimi üstələyir. Amma sevdiyini göz qabağında saxlama və daim nəzarət xəstəliyi də var. Zaman keçdikcə çox vaxt sevgi bu xəstəliyə məğlub olur. Həddindən artıq qoruma, öz ətrafında saxlamaq istəyi, bütün gələcək həyat planlarını övladın üstündə qurmaq, özünün istəyib də, yaşaya bilmədiyi hər şeyi övlada tətbiq etmə çabası ilə valideynlərimiz həm də övladın üstünə ağır bir yük, bəzən seçimsizlik qoyur. Hər kəs həyatda uğurlu, daha çalışqan, daha zəkalı övladının olmasını istəyir. Amma bəzən bu belə olmur.

Bu ifadələri hamımız eşitmişik:

“Canı sağ, yediyi önündə, yemədiyi arxasında”, “Başımızı yuxarı edə bilmir. Camaatın balası camaatın sinəsini dağa döndərir, bizim ki də belə”, “Yaşıdları universitetə gedir, bizimki hələ də repetitor yanlarındadır.” “Əyin-başından tut, qarnına kimi bizim pulumuzdur, amma sən gərək qohum-qonşunun qarşısında bizi sındırasan?”

“Yurfak”, “Leçfak” məzunu olmasına görə övladı qiymətləndirən ata-ana, pula görə valideynə hörmət qoyan övlad eyni şeydir. Pul iqtidardır, amma sevgi deyil. Pul-para ilə yönəltmək, nəyisə ətrafında saxlamağa cəhd göstərmək, öz doğrularını övlada sırımağa çalışmaq çıxış yoludurmu? Bununla qürur hissi duyacağımız övlad modelini yaradıb idarə etdikmi?Bəlkə də... Amma özümüzdən uzaqlaşdırdıq, anlamadıq, ögey olduq. Başqasının uşağının modelinə uyğunlaşdırmağa çalışdıq, “camaatın uşağı” modelini seçdik, özgəsinin uşağı olduq...

Günəş özündən əmələ gəlmiş planetləri öz çəkim qüvvəsi ilə ətrafında saxlayır və ya planetlər onun istiliyinə, enerjisinə yığışırlar. Amma çox yaxınındakı Merkuri və Veneranı yandırır, çəkim qüvvəsinin çoxluğundan elə sürətlə döndürür ki, başları fırlanır, nəhayət onları çürüdən sulfatlarını ətrafa qusurlar. Marsdan isə o qədər uzaqdır ki, ögey ana təəssüratı yaradır, öz istiliyindən pay vermədiyi üçün dondurur, varlığına can qatmır. Digər tərəfdən həyatına can qatdığı Yer də var. Lazımı məsafə, qədərində istilik və mükəmməl nəticəsi ilə Yer Günəşin ətrafındakı daş-qaya parçalarından seçilir. Özündən olan bir qaya parçasına can verdiyi üçün həm O məmnundur, həm də Yer bu böyük qara okeanda güvəndiyi nəsnənin olmasından fərəhlidir. Eynən bizim valideynlər kimi. Ata və ananın övladına münasibəti də buna bənzəyir.

# 1957 dəfə oxunub

Müəllifin son yazıları

# # #