Gözlərimdə ölən kişi

Gözlərimdə ölən kişi
13 fevral 2013
# 18:30

Fəridə Məmmədova

Bacarmıram

Bacarmıram

sən necə bağlaya bilmirsən, qalstukunu
mən də eləcə unuda bilmirəm səni.
yuyub çıxara bilmir göz yaşlarım yaddaşımdan rəsmini
ağ şərfimdəki qəhvə ləkəsi kimi.
"unut" deyirsən
boş beşiyə layla oxumaqdı ki bu.
dünyanın ən gözəl laylalarını oxusan da
mənim ürəyimdə adam ağlayır.

***

hərdən elə səssizlik çökür
yalnızlıq baş götürüb getmiş kimi.
və birdən köhnə bir fotoşəkildən
hansısa şeirdən
lap elə siqaret tüstüsündən
iki ayaq borc alıb, qaça-qaça qayıdır
xoşbəxt ola bildik, ya yox, bilmirəm
amma çoxlarının bir ömrə sığdıra bilmədiyini
biz aylarda yaşadıq, bitirdik.
hansımızın itkisi böyükdü, görəsən?
sənin ürəyində bir qız uşağı
mənim gözlərimdə bir kişi öldü.
biz bu eşqlə iki insan itirdik.

# 2597 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #