Tarixdə iz qoymaq istəyən oğlan

Tarixdə iz qoymaq istəyən oğlan
22 fevral 2016
# 17:38

“Sizin keçmişlə işiniz bitmiş ola bilər, amma keçmişin sizinlə işi əsla bitməz”.

Tomas Edison

...Min dörd yüz səksən bir və min beş yüz on ikinci illər arasında Osmanlı İmperiyasının sultanı olan ll Bəyazidin vaxtında əhəmiyyətli fəthlər olmadı. Bəyazid ölkənin mədəni inkişafına daha çox fikir verir, şəhərləri abadlaşdırırdı. Məhz bu səbəbdən də Şərqdə sürətlə güclənən Səfəvilər onun üçün təhlükəli görünmürdü. Tarixi məlumatlara əsasən, görkəmli şair olan l Şah İsmayılla mədəniyyətə maraq göstərən ll Bəyazidin isti münasibətləri vardı, Osmanlı sultanı Səfəviləri bir dövlət kimi tanımışdı.

Lakin hələ atası hakimiyyətdə ikən o biri qardaşlarını aradan götürən, sonra da Bəyazidi taxtdan salaraq imperiyanın başına keçən l Səlim ölkəni coğrafi cəhətdən genişləndirmək, babası Fateh Sultan Mehmedin yolu ilə irəliləmək istəyirdi. Nəticədə, Osmanlılarla Səfəvilərin münasibətləri kəskinləşməyə başladı. Maraqlıdır ki, bu hökmdarlar arasındakı davamlı məktublaşmada Yavuz Sultan Səlim Şah İsmayıl Xətaiyə farsca müraciət etdiyi halda, şah Osmanlı hökmdarına türkcə cavab verib.

Min beş yüz on dördüncü ilin iyirmi üç avqustunda Səfəvi və Osmanlı qoşunları Çaldıran düzündə qarşı-qarşıya gəldilər. Qızılbaş ordusu odlu silahlar, xüsusən də toplar cəhətdən Osmanlılardan xeyli zəif idi. Müharibəyə kifayət qədər hazırlaşa bilməyən Şah İsmayıla düşmənin üzərinə gecə vaxtı hücuma keçmək təklif edilir. Ancaq o, “Mən karvan basan quldur deyiləm” cavabını verərək bu təklifə qol qoymur.

Beləliklə, Şərqi Anadolu, Cənubi Qafqaz və Mesopotamiyaya nəzarət uğrunda məşhur Çaldıran döyüşü baş verir. Döyüş zamanı Şah İsmayıl Xətai şəxsi igidlik və cəsurluq nümunələri göstərir, adlı-sanlı, basılmaz döyüşçü kimi tanınan Osmanlı bahadırı Turəli bəy Malkoçoğlunu öldürür.

Savaş Yavuz Sultan Səlimin xeyrinə başa çatır. Hücuma keçən Osmanlı ordusu Xoy, Mərənd və Təbrizə girir. Ancaq onlar tutduqları ərazilərdə möhkəmlənə bilməyib tezliklə geri çəkilirlər.

Rəvayətə görə, Şah İsmayıl Xətai düçar olduğu məğlubiyyətdən əsəbiləşərək qılıncı ilə topun lüləsini kəsir. Hadisədən xəbər tutan Sultan Səlim həmin qılıncı ələ keçirir, ancaq Şah İsmayılın hərəkətini təkrarlaya bilmir. Əhvalatı eşidən Xətai deyir: “Qılınc həmin qılıncdır, qol həmin qol deyil”...

...Müəlliminin söylədiklərinə əvvəl-əvvəl diqqətlə qulaq asan Səlim sonuncu cümlələri eşidə bilmədi. Çünki qollarını partanın, başını isə qollarının üzərinə qoyub yuxuya getmişdi. Amma dərin maraq göstərdiyi bu mövzunu yaxşı bilirdi, haqqında çox oxumuşdu. Səlimin üzünün ifadəsi bayaqdan tez-tez dəyişirdi, görünür, yuxunun təsiri ilə haldan-hala düşürdü. Tez-tez qaşlarını çatır, bəzən boğazının damarları şişir, dişlərini qıcayırdı. Arabir də dərindən köks ötürüb, astadan mışıldayırdı. Yuxuda özünü Çaldıran düzündə, at belində görürdü. Əlindəki qılıncı sağa-sola endirir, qorxu bilmədən vuruşurdu. Gah da döyüş meydanının ortasına çapır, silahdaşlarını ruhlandırırdı. Düşmən güc gələndə Səlimin qaşları çatılır, sifəti gərilirdi, o anlarda hədsiz təlaş, həyəcan keçirirdi. Onun havada yellədiyi qılıncı hər dəfə bir düşmən döyüşçünün başına, ya da çiyninə enirdi.

Yuxuda özünü Şah İsmayıl Xətai kimi görürdü. Həm də adi bir əsgərlə yox, cəsur döyüşçü Turəli bəy Malkoçoğlu ilə vuruşurdu. Təkbətək qarşıdurmada yenə də özünü Şah İsmayılın yerində görən Səlim qalib gəlirdi. Endirdiyi qılıncın zərbindən Malkoçoğlunun dəbilqəsi və başı iki yerə bölünürdü.

Ancaq tarixdə olduğu kimi, Səlimin yuxusunda da Qızılbaşlar Osmanlı ordusunun qabağında tab gətirə bilmir, məğlub olurdular. Səlim, eynilə Şah İsmayıl kimi, qılıncını hiddətlə başı üzərinə qaldırıb, topun lüləsinə endirirdi...

Sinifdəkilərin çoxunun bir gözü Səlimdə idi. Özlərini gülməkdən güclə saxlayırdılar, bəzən isə bu heç mümkün olmurdu, orda-burda pıqqıltı qopurdu. Səlimi ayıltmağı isə kimsə ağlının ucundan da keçirmirdi. Heç kim bu əyləncəni yarıda kəsmək, ən çox da az sonra mütləq baş verəcək daha məzəli hadisəyə əngəl törətmək istəmirdi. Ciddiliyi ilə seçilən Fərhad müəllimin Səlimin vəziyyətindən gec-tez xəbər tutacağını bildikləri üçün, uşaqlar onun reaksiyasını görməyin marağındaydılar. Yəqin müəllim birdən-birə Səlimin üstünə qışqıracaq, o da səksənib yuxudan ayılacaq, rabitəsiz sözlər danışıb gülünc vəziyyətdə qalacaqdı. Kim bilir, Fərhad müəllim ona daha nə sözlər deyəcəkdi. Müəllimin töhmətinə dözməyən Səlimin üz-gözünü bürüşdürüb ağlaması isə sinif yoldaşları üçün lap göydəndüşmə olardı.

Tənəffüsə az qalırdı, belə getsə, Fərhad müəllim dərsdə yatan Səlimin “dərsini verməyə” macal tapmayacaqdı. Doğrudanmı Səlim bu hərəkətinin cəzasını almayacaq, uşaqlar gözlədikləri məzəli hadisədən məhrum qalacaqdılar? Bunun heç ləzzəti olmazdı. Onsuz da bayaqdan gizli-gizli Səlimə göz qoyub xəlvətcə gülürdülər, ancaq müəllim onun yatdığını biləndə lap qiyamət olacaqdı. İndiyə kimi Fərhad müəllimin dərsində nəinki kiminsə yatmağı, heç hansısa şagirdin diqqətinin bir neçə dəqiqəliyə yayınmağı da yadlarına gəlmirdi. Kiminsə fikri yayınanda müəllim bunu dərhal hiss etmiş, həmin şagirdə öz iradını bildirmişdi. İndi isə o, Səlimi sanki heç görmürdü. Tez-tez Səlimin yanındakı stula baxsa da, yatan şagirdinə nədənsə fikir vermirdi.

Axır ki, intizarla gözlənilən məqam yetişdi:

- Səlim! – Fərhad müəllim yuxuya dalmış şagirdini səslədi..

Uşaqların gözləri parıldayırdı, indicə mərəkə qopacağını gözləyirdilər.

- Səlim!.. Səlim! – Fərhad müəllim yenə səsləndi.

Səlim isə görünür, çox dərin yatmışdı, müəllimin səsindən tükü də tərpənmədi. Bu bir saymazyanalıq idimi?

- Səlim! Dərsdəsən axı. Oyan, a bala... – Fərhad müəllim şagirdinin çiyninə əl atıb yavaşca silkələdi.

Uşaqlar nəfəslərini tutaraq tamaşa edirdilər, amma müəllimin “a bala” deməsi onları heç açmadı. Bu kəlmədə, onların gözlədikləri hirs-hikkənin əvəzinə, qayğı, nəvaziş duyulurdu.

- Qalx, ay oğul... – müəllim Səlimi bir də, bu dəfə daha qüvvətlə silkələdi.

Səlim gözlərini açıb key-key ətrafına baxdı. Müəllimi görəndə cəld toparlanmağa çalışdı, bir anda qızarıb başını aşağı saldı:

- Bağışlayın, müəllim... – hələ də yuxulu kimi danışırdı.

- Gecə yaxşı yatmamısan, Səlim? Nə olmuşdu, niyə yuxunu almamısan, oğul?

Müəllimin bu rəftarından sonra hər şey aydın oldu: tamaşa gözləməyə dəyməzdi, çünki Fərhad müəllimin Səlimin “dərsini vermək” niyyəti yox idi.

- Üzr istəyirəm, müəllim. Bir də olmaz...

- Eybi yox, bala. Ancaq hər necə olsa da, çalış gecəni doyunca yat, yuxunu al. Yuxusuzluq ziyandır, ən çox da siz yaşda olanlara.

Zəng səsləndi. Yəqin ki, xəcalətli vəziyyətdən qurtulmaq üçün hər kəsdən əvvəl Səlim çantasını götürüb sinif otağından çıxdı.

Bir dəqiqə də keçməmişdi ki, sinifdə təkcə Fərhad müəllim qaldı. O, eynəyini çıxarıb dərindən nəfəs aldı.

Bu gün səhərdən bəri əhvalı yerində deyildi, qaşlarının düyünü açılmaq bilmirdi. Dərs boyu dayanmadan, həmişəki kimi səlis və aydın danışsa da, hiss edirdi ki, hərdən diqqəti yayınır, sinfə nəzarəti itirmək həddinəcən özünü də, ətrafını da unudur. Ancaq nəzərləri elə hey Səlimin yanındakı stula sancılırdı.

Fərhad müəllim gözlərini yumub bir neçə saniyə eləcə dayandı. Yorğunluğunun səbəbini başa düşmürdü. Həmişəki qədər işləmişdi: nə az, nə də çox. Bəs niyə belə halsız idi?...

Gözlərini açıb, eynəyini taxdı. Heç nə dəyişməmişdi. Yenə də bayaqkı kimi ətrafındakı əşyalara – partalara, stullara baxır, ancaq hər şey ona anlamsız, adi görünürdü. Bir daha dərindən nəfəs aldı. Sinifdən çıxmaq istəyəndə qulağına səs gəldi. Qəribə bir səs. Kimsə onu çağırmış, astadan, məhrəm səslə: “Fərhad müəllim...” – demişdi. Tanımışdı bu səsi. Dönüb baxdı. Baxışlarını Səlimin yanındakı, dərs vaxtı tez-tez diqqət yetirdiyi stulda saxladı. O stulda arıq bir uşaq oturmuşdu.

- Fərhad müəllim...

Müəllim arxayın addımlarla oğlana yaxınlaşdı.

- Əyləşin, müəllim, burda, yaxında əyləşin.

Fərhad müəllim gülümsədi, sakitcə onun dediyi yerdə - Səlimin stulunda oturdu.

- Niyə elə baxırsınız? Məni tanımadınızmı?

Neçə ilin müəllimi idi, şagirdlərinin çoxunu üzdən tanıyırdı, amma bu gün dərsdə ilk dəfə gördüyü, az qala hər dəqiqə diqqət yetirdiyi bu oğlanın sifəti nədənsə Fərhad müəllimin yadında qalmamışdı. Xasiyyəti deyildi Fərhad müəllimin: dərsdə onu ayağa qaldırıb kim olduğunu, hansı məktəbdən, hansı sinifdən gəldiyini də soruşmamışdı. Təkcə səsi, davranışı tanış idi. Fərhad müəllim “yox, tanımadım” deyə bilmədi:

- Belə... bir az... – ani düşüncədən sonra müəllim onunla belə ərkyana danışan uşağın könlünü qırmamaq üçün köhnə tanışlar kimi soruşdu. - Adın nədir, oğlum?

- Fateh, - oğlanın üzünə təbəssüm yayıldı.

- Çox gözəl adın var.

- Əslində bu, mənim adım deyil. Amma belə olmasını istəmişəm.

- Necə yəni? – Fərhad müəllimin qaşları çatıldı.

- Fatehlər çox olub axı.

- Bəs onda sən...

- Mən çox fatehlər tanıyıram. Əsrlər keçsə də, bu gün də onların adları, əməlləri hər gün xatırlanır. Pisi də, yaxşısı da.

- Doğrudur. Sonra... - Fərhad müəllimi maraq götürmüşdü, sanki bilikli bir şagirdini sorğu-suala çəkmişdi.

- Bəzən fikirləşirəm ki, kaş məni də bir fateh kimi xatırlayaydılar. Görəsən, adım tarixdə qalarmı?

Müəllimi təəccüb hissi bürüdü. Oğlanın sözləri ona həm sadəlövh, həm də bu yaşda uşaq üçün xeyli iddialı gəlmişdi.

- Sənin gələcəyin irəlidədir. Bəlkə gələcəkdə şanlı bir qəhrəman, ya da böyük alim olacaqsan. Hansısa sahəni incəliklərinə qədər bilmək, o sahədə yeniliklər etmək də, əslində, fatehlikdir.

- Amma mən bir vətən xaini, din düşməni, bölücü, qəddar kimi də qala bilərəm tarixdə. Ya da tamam başqa cür...

- Belə düşünməyəsən gərək. Düşündüklərimiz çox zaman gələcəyimizə yön verir. Çalış özün barədə də, başqaları haqqında da yaxşı niyyətdə olasan.

Oğlan gözlərini qıyıb diqqətlə müəlliminin gözlərinin içinə baxdı. Onun bundan sonra dedikləri isə Fərhad müəllimi büsbütün çaşdırdı. Çünki bu fikirləri müəllim ya hardasa eşitmiş, ya da oxumuşdu, amma bunları bir uşağın dilindən eşidəcəyi heç ağlına gəlməzdi:

- Doğrudur, niyyət ilkin şərtdir. Ancaq məqsədə nail olmaq üçün iradə, inam və çalışqanlıq lazımdır. Yalnız bunların sayəsində insan seçdiyi yolda axıra qədər irəliləyə bilər. Bu keyfiyyətlərin vəhdətindən alınan nəticə uğurdur. Uğura gedən yolda bizə bəxtimiz də yardım etməlidir. Lazımi vaxtda, lazımi yerdə olmaq bəxtimizin üzümüzə gülməsinin əlamətidir.

Uşaq bu sözləri birnəfəsə dedi. Onun mənalı jestləri, arxayın rəftarı Fərhad müəllimi ilk anlar çaşdırsa da, indi ona bəlli bir məmnunluq, rahatlıq gətirirdi. Sanki özü-özülə, ya da yaşına, düşüncəsinə görə özünə bərabər birisiylə söhbətləşirdi Fərhad müəllim.

- Sən bunları haradan oxumusan? Kimin sözləridir?

- Heç yerdən oxumamışam, müəllim.

- Eybi yox, bunu deməsən də olar. Amma bu dediklərinə riayət etsən, sənin gələcəyini çox parlaq görürəm. Elə günü bu gündən başla, arzularına çatmaq, dediyin kimi, tarixdə qalmaq üçün uğurlu addımlar at.

- Tarixdə qalmaq çətin məsələdir, müəllim. Bunu hər kəs bacarmır. Öz adını yaddaşlara həkk etmək üçün nə iradə, nə inam, nə də çalışqanlıq yetərlidir. Hətta bəxtimizin də gücü tarixin səhifələrində iz qoymağa yetməz.

Uşağın inadı Fərhad müəllimi həyəcanlandırmışdı, ən maraqlı dərslərindən birindəymiş kimi, əhval-ruhiyyəsi yüksəlmişdi.

- Bəs, səncə, daha nə vacibdir? Tarixdə qalmaq, tarix yazmaq üçün başqa nə olmalıdır? İsgəndərdə nə var idi ki, o, arzuladığına çatdı, adını tarixin səhifələrinə silinməz hərflərlə yazdı?

- İlahi razılıq, müəllim. İlahi razılıq olmazsa, bizim bütün cəhdlərimiz nəticəsiz qalar, - uşaq, yaşına, görünüşünə yaraşmayan ciddiyyət və təmkinlə söylədi. Gözləri bir nöqtəyə zillənmişdi, donuq baxışları vardı.

- Mən səndə üsyankar bir ruh duyuram. Belə fikirlərə düşməyin bəlkə də hələ tezdir... oğul... tələsmə.

- Sizcə, mənim neçə yaşım var, müəllim?

- Nə deyim... Yəqin ki, mənim oğlumla eyni yaşda olarsan. Yox, o səndən bir, ya iki yaş kiçikdir bəlkə.

Yeni şagirdinin sözləri, ədaları, baxışları Fərhad müəllimi tilsimləmişdi elə bil. Sanki onu maqnit kimi özünə çəkmiş, ovsuna salmışdı. İndi oğlanın sifəti də, səsi və davranışları qədər tanış, doğma gəlirdi müəllimə.

- Necə bilirsiniz, mənim adım tarixdə qalacaq?

- Oğlum, tarixdə qalmaq heç də həmişə, hamı üçün vacib deyil ki. Sən öz həyatını layiqincə yaşa. Əsas olan budur. Bayaq dediyin kimi, əgər ilahi razılıq varsa, onsuz da tarixdə bir iz qoyacaqsan. Digər tərəfdən, unutma ki, hər kəs öz tarixini yazır, - Fərhad müəllim, qeyri-ixtiyari şövqə gəlmişdi, yeni şagirdinin suallarını həvəslə cavablandırırdı.

- Başa düşdüm. Əlbəttə, tarixlər müxtəlifdir. Var dünyanın tarixi, var ölkənin tarixi, kəndin tarixi... Bir də fərdin öz tarixi var. Hər kəsin öz həyat tarixi. Hər bir insan yaşadığı həyatla özü üçün tarix yaradır. Əsrlər boyu hökmdarların müharibələr törətməsi, qanın su yerinə axması, hər savaşda minlərlə, onminlərlə adamın, dünya müharibələrində isə milyonlarla insanın məhv edilməsi ilə kimlərinsə adları tarixə yazılır. Onların arasında ömrünü layiqincə yaşayanlar da oldu, naqis, nəhs ömür sürənlər də. Amma tarix səhifələrində onların adları yanaşı çəkilir, birgə xatırlanır axı. Adlarının əvvəlinə müxtəlif təyinlər qoyulsa da...

Fərhad müəllimin tükləri ürpəşdi, bədəni titrədi. Heyrətdən daha çox, qəribə bir qorxu sardı canını. Otuz ilə yaxın müəllimlik təcrübəsi vardı, hər cür şagird görmüşdü, amma bu uşağın danışdıqları... Nə belə şagirdlə rastlaşmışdı, nə də hansısa uşağın dilindən bu cür fikirlər eşitmişdi. Bəs uşağın özünün ona yad gəlməməsi nədən ola bilərdi?...

- Müəllim, olar sizə bir sual verim? – araya düşən sükutu bu dəfə də yeni şagird pozdu.

Fərhad müəllim indi daha da inanılmaz fikirlər eşidəcəyini düşünüb tərəddüdə qapıldı, ancaq başqa yol da yox idi.

- Olar. Soruş.

- Dərs başlayandan fikir verirəm ki, gözlərinizi məndən ayırmırsınız. Hətta arada kövrəldiyiniz də diqqətimdən yayınmadı. Əslində məni tanımalısınız. Tanış da gəlirəm sizə. Ancaq xatırlaya bilmirsiniz, bu isə həm sizi, həm də məni narahat edir. Halbuki belə olmamalıydı...

- Bağışla, oğlum, bu gün özümdə deyiləm. Bəlkə də yaşla bağlıdır. Yaddaşımda problemlər yaranır. Əgər adını desən, zənnimcə, səni xatırlayaram...

- Müəllim, sizin də bir həyat tarixiniz var. Yaşadıqlarınız haqda nəsə demək istəmirsiniz?

Fərhad müəllim acı-acı gülümsədi.

- Həyat tarixim... Mən çox şeylər yaşamışam. Çoxu da faciəvi... Amma sən bunları bilməsən də olar. Çox ağırdır çünki.

- Bəlkə də artıq bilirəm. Ancaq özünüzdən eşitmək istərdim. Axı hər kəs öz həyat tarixini başqalarının bildiyindən fərqli danışa bilər.

- Çətin ki...

- Doğmalarınızı o dəhşətli faciədə itirmisiniz, bilirəm bunu. Xocalıda... O faciənin hər anı, hər qurbanının taleyi özü bir tarix deyilmi, müəllim?!

- Xatırlatma, oğul, yadıma salma... İnan ki, hər xatırladıqca yaddaşım mənə dözülməz ağrılar çəkdirir. Mən o faciədən salamat qurtuldum. Ancaq buna salamatlıq demək olarmı?! Damarlarımda, sinirlərimdə dolaşır o faciənin ağrıları, sızıltıları. Təkliyim də, sarsıntılarım da, dünyaya mənasız bir məkan kimi baxmağım da, yaddaşımın alt-üst olması da bundandır. Bircə sizinlə, şagirdlərimi sabaha əsl insan kimi hazırlamaqla təsəlli tapıram. Amma heç olmasa bunu bacarırammı? Bilmirəm. O qırğından necə, niyə sağ çıxdığımı hələ də anlaya bilmirəm. İzahını tapa bilmirəm bunun. “Taledir” deyib keçmək də olmur...

- Doğru deyirsiniz, olmur. İzahını vermək çox çətindir bunların. Ancaq başqa qırğınlar da olub tarixdə, müəllim. Hələ də var, yəqin ki. Qardaş qırğınları...

Fərhad müəllim əlini pencəyinin cibinə atıb dəsmal çıxartdı. Gözlərindən yanaqlarına süzülən yaş damlalarını silib, ağır-ağır ayağa qalxdı. Yeni şagirdinin üzünə baxmadan, vidalaşdı.

- Yaxşı, bala, gedim mən. Xeyli dərdləşdik. Yaralarımı təzələsən də, ağlınla, dərrakənlə, həssaslığınla sevindirdin məni. Hərdən söhbətləşək yenə. Hələlik...

Qapıya doğru gedən müəllim birdən ayaq saxlayıb geriyə baxdı:

- Səlimi əvvəldən tanıyırsan yəqin, hə? İlk gündən onun yanında oturduğun üçün soruşuram. Hə, bir də ki, adını demədin axı, oğul...

Yeni şagird gülümsəyərək razılıqla başını tərpətdi:

- İsmayıldır adım, müəllim. Səlimi də, düz deyirsiniz, əvvəldən tanıyıram. Lap çoxdan. Beş yüz ildir...

Eşitdiyi bu cümlələrdəki qəribəliyi zehnindəki yorğunluğa, huşunun qarışmasına bağlayan Fərhad müəllim çaşqın halda sinifdən çıxdı.

O, yeni şagirdinə bir də evinin yaxınlığındakı dayanacaqda avtobusdan düşəndə rast gəldi. Səlim də orda idi. Küçənin kənarında, səkidə dayanmışdılar. Hər iki şagirdinin, çoxdan bir-birini görməyən dostlar kimi, əl tutuşub bir-birinə sarıldığını gördü Fərhad müəllim. Uşaqlar da onu gördülər, müəllimə baxıb gülümsədilər. Sonra da səkidən irəli atılıb, küçə uzunu, yan-yana qaçmağa başladılar. Müəllimin qorxudan ürəyi partlayacaqdı hardasa. Şagirdlərinin arxasınca çığırmaq istədi, ancaq səsi gəlmədi. Uşaqlar isə küçə uzunu qaçdıqca qaçırdılar. Gəlib-gedən maşınlar onlara toxunmurdu. Maşınlar uşaqları vurmurdu. Fərhad müəllim sakitləşdi. Onun gözləri doldu. İndi o bu qorxunc, amma həm də möcüzəvi mənzərənin gözüyaşlı tamaşaçısına çevrilmişdi...

...Fərhad müəllim ayılanda yuxuda ikən gözlərindən yanaqlarına, oradan da üzüaşağı süzülmüş yaş damlalarının tamını dodaqlarında hiss etdi. Sinəsi, kürəyi tər-su içində idi. Ürəyi şiddətlə döyünürdü. Təngnəfəs olmuşdu, bədəni uçunurdu. Əlini yandakı tumbaya doğru uzatdı, hər axşam yatmazdan qabaq su ilə doldurub oraya qoyduğu stəkanı götürmək istədi. Barmaqları sözünə baxmadı, stəkan düşüb çilik-çilik oldu.

# 3301 dəfə oxunub

Müəllifin son yazıları

# # #