1 manatlıq salavat

1 manatlıq salavat
29 aprel 2013
# 10:25

Arzu Nəsibova

Bir manata bir salavat!

Salavat Allahın salamı demək,

Günahlar içində boğuluruq biz.

Yaslarda verilir cürbəcür yemək,

Doğulanda günahsız doğuluruq biz.

Ölərkən ruhumuz qovuşur haqqa,

Qurulan süfrələr görülmür gözə.

Yarışır qohumlar ad sanlarıyçın,

Mənzərə aydındır, gərək yox sözə.

Qəbirdən mesajlar gəlsəydi əgər,

Puç olan əməllər çıxardı üzə.

İbrət götürməyən cahil insanlar,

Söz tapa bilmirəm deyim mən sizə

Salavat verilir düz bir manata,

Qəpiklər getdikcə dəyərdən düşür.

Soyuq cisimlər torpağın alta,

Hesabçün ruhuyla bir də görüşür.

Bəsdir incitdiz yazıq ruhları,

Onlara salavat heç çatan deyil.

Sizin əməlləriniz üzündən onlar

Son mənzildə, sakit yatan deyil.

Salavat çəkilir son peyğəmbərə,

Rəbbim buyurmuş bunu bir qayda.

İmkanı olarsa milyonerlərin

Tikdirər villalar Uranda, Ayda.

Pulun açmadığı qapılar da var,

Əzrayıl rüşvəti götürmür vallah.

Bilin günahlar yandırar sizi,

Bağışla sən bizi, bağışla ALLAH!

Əməllər gerçəkdir, yazılar məxfi.

İnsanın həyatı özü bir ibrət.

İdarə edə bilməzsən sən həyatını,

Bir gün sümüyündən ayrılanda ət.

Bahalı maşınlar, lüks villalar,

Kor etmiş gözünü, həm vicdanını

Dünya doğrudan da fanidir insan,

Xatırla hər zaman ölüm anını.

Ölüm xəbər etməz özü gəlmədən,

Ayaqdan başlayar ruh tərk etməyə,

Can boğazdan çıxmamış siz də

Başlayın həyatı düz dərk etməyə!

# 2813 dəfə oxunub

Müəllifin son yazıları

# # #