Ruhi xəstənin sonu

Ruhi xəstənin sonu
30 mart 2017
# 12:59

Sevinc Əhmədova

Hər bayramda olduğu kimi, Novruzda da Qənirə bacısını xəstəxanadan evə aparmaq üçün ruhi dispanserə gəlmişdi. Həkim sənədləri imzalaya-imzalaya bərk-bərk tapşırdı:

- Xəstənizin ağırlığının məsuliyyətini dərk edirsiniz, 3 gündən artıq evdə saxlamaq olmaz, martın 22-si mütləq xəstəxanada olun.

- Əlbəttə, doktor, narahat olmayın, - deyib Qənirə otaqdan çıxdı.

Nailə hazır idi, gülümsəyirdi hər zamankı kimi. Həmişə bacısını görəndə üzünə sevinc qonurdu. Yol boyu Qənirənin suallarına qısaca cavablar verirdi: "Hə", "yox", "bilmirəm".

Avtobus kəndə çatanda hava qaralmışdı, yan-yana addımladıqca Qənirə fikirləşirdi: "Nailə belə səssiz vaxtlarda nə düşünür, görəsən? Onun da arzuları varmı? Oğlu yadındadırmı, ən çox kimin üçün darıxır; bacıları üçünmü, oğlu üçünmü, yoxsa onu atıb başqasıyla evlənən əri üçünmü? Ümumiyyətlə, onda darıxmaq hissi varmı, görəsən?"

- Nailə, ən çox kimi görmək istəyirsən?

-...

- Zöhrab üçün darıxırsanmı ?

-...

Nailə dinmirdi. Gülüşü üzündəcə dondurmuşdu, sanki ciddiləşsə bir daha gülüşünün qayıtmayacağından qorxurdu, addımları getdikcə sürətlənirdi...

Qənirəgil 4 bacı idi; iki bacısı ruhi xəstə idi: Nailə və Pərişan. Pərişan yüngül formada olduğuna görə evdə müalicə olunurdu. İki otaqdan ibarət olan ata evlərində yaşayırdı. Nailə də bayramlarda gələr və iki bacını hasarın o tayında yaşayan Qənirə nəzarətdə saxlayardı.

Həyətə girən kimi Pərişan qapıya qaçdı, Nailəni qucaqladı, bağrına basdı. Nailə yenə gülümsəyirdi. Qənirə evə keçib yol çantasını evin küncünə atdı. Həkimin verdiyi dərmanlar içirtdi Nailəyə... Sonra üzünü Pərişana tutdu:

- Nailəyə sən bax, gedim evə dəyim, mal-qaranı rahatlayım indi qayıdacam.

Qənirə tələsik çıxdı, Nailə ayağa durub ətrafa boylandı, sanki o olmayan müddətdə olan dəyişiklikləri görmək istəyirdi. Birdən gözü güzgünün qabağındakı şəklə sataşdı. Yaxınlaşıb xeyli baxdı, baxdı, birdən-birə qaşı-qabağı tutuldu. Üzündəki gülüşü yoxa çıxmışdı, əsəbi görünürdü. Fotodakı Nailənin oğlu Zöhrabın toy şəkli idi; bəy-gəlin və başlarının üstündə dayanmış Qənirə. Oğlunun toyunda ona xəbər eləməmişdilər, Nailə hər şeydən xəbərsizdi. İndi güzgünün qabağındaca donub qalmışdı, gözünü fotoya zilləmişdi. Pərişan tez yaxınlaşıb izah eləməyə başladı.

- Görürsənmi, Zöhrab nə gözəl qızla evlənib, xalası boyuna qurban. Toyunun səsi bizim həyətə də gəlirdi, elə şən keçib ki... Bacı getmişdi toya.

Nailə durduğu yerdən tərpənmirdi, onu qucaqlamaq istəyən Pərişanı əli ilə itələdi. Pərişan geri çəkildi, Nailə aqressivləşirdi... Qapı açıldı, gələn Qənirə idi, əlində bir qab yemək gətirmişdi.

- Gəl, Nailə, yol gəlmisən, acsan, bir tikə yemək ye, sonra səni hamama salıb yaxşıca çimizdirərəm, rahat yatarsan. Sabah Zöhraba da deyərəm, gəlib səni görər.

Nailə sakitcə oturdu, yeməyə əl uzatmadı. Nə qədər təkid etsələr də, elə hey, "yox" deyib, başını buladı. Bir az sakitcə oturuqlu qaldı; nə çay içdi, nə yemək yedi. Bir müddət sonra durub paltarlı-paltarlı çarpayısına uzandı. Üzünü divara çevirib gözlərini yumdu. Qənirə onu yatmış bilib üstünə ədyal atdı. Pərişana bəzi tapşırıqlar verib çıxdı. Küçə qapısını açarla bağlayıb getdi.

Səhər hələ dan üzü ağarmamış Qənirə oyanmışdı, bacılarınnan narahat idi. Əl-üzünü yumamış onların yanına tələsdi. Qapını açarla açıb həyətə keçdi. Evin işığı yanırdı, gecəni səhərə kimi evin işığı sönməmişdi. İşığı yanlı gördükcə Qənirə "Yəqin Pərişan Nailəyə görə işığı söndürməyib" deyə düşünmüşdü .

Evə girəndə qarşılaşdığı mənzərədən öncə nə baş verdiyini anlamadı. Evin ortasında üstünə döşək ağı salınmış meyitə oxşar bir şey vardı. Nailə də meyitin baş tərəfində sakitcə oturmuşdu, yenə gülümsəyirdi. Qənirə tez yaxınlaşıb ağı qaldırdı. Pərişan idi. Qənirənin qışqırtısına qonşular tökülüşdü. Pərişan artıq çoxdan həyatda deyildi, onun boynunda barmaq izləri, bədənində zərbədən qaralmış yerlər vardı.

Polis maşını az sonra Nailəni gəldiyi xəstəxanaya qaytardı. İki ay sonra küçədə təcili yardım maşını dayanmışdı. Dedilər, Nailə döşək ağıyla özünü boğub.

# 1605 dəfə oxunub

Müəllifin son yazıları

# # #