Sevgilim hanı?

Sevgilim hanı?
13 noyabr 2013
# 10:37

Anar MƏCİDZADƏ

Baharım hanı?

O qara tellərin əlimə həsrət,

Saçında sığalım, tumarım hanı?

Sən getdin, yoxluğun dərd oldu mənə,

O şirin sevdalım, xumarım hanı?

Daha açılmayır gül də, çiçək də,

Daha dözüm də yox sevən ürəkdə.

Tabımız qalıb ki, yenə sevək də?

O məhəbbət dolu baharım hanı?

Bir təhər dözürəm, ürək dözməyir,

Könül ümidini heç vaxt üzməyir.

Həsrətini çəkən ürək söyləyir:

Gözəlim, mələyim, nigarım hanı?

Bəlkə ürəyindən atarsan məni,

Bəlkə xəyalından qovarsan məni.

Bir gün də özündən sorarsan məni:

O şair sevgilim, Anarım hanı?

Sevgi baharı

Biz bahar çağında görüşdük gülüm,

Onda hər bir tərəf gül-çiçək idi.

Qəlbimiz sevgidən qanad açırdı,

Bu sevən ürəklər tək ürək idi.

Bəs neyçün qış oldu, duman, qar oldu,

O sevgi baharı son bahar oldu.

Bahar həmin bahar, gül həmin güldü,

Təkcə qışa dönən qəmli könüldü.

Mən şier yazıram, Tanrısa qismət,

Qismət belə oldu-cı məhəbbət.

Gözlərim yol çəkdi, ürəyim kədər,

Mən səni düşündüm hər axşam-səhər.

Ürək bircə dəfə gülərmiş gülüm,

Ümidlər, arzular ölərmiş gülüm.

Daha yaşamağa qalmayıb həvəs,

Bu geniş dünya da olub dar qəfəs.

Biz bahar çağında görüşdük gülüm,

Onda hər bir tərəf gül-çiçək idi.

Qəlbimiz sevgidən qanad açırdı,

Bu sevən ürəklər tək ürək idi.

Talesiz sevgi

Ağlayaq için-için,
Talesiz sevgi üçün.
Göz yaşında boğulaq,
Bu ömrü yaşamadıq,
Biz yenidən doğulaq.
Həm sənə, həm də mənə,
Məhəbbət qənim oldu.
Sevinc ayrılığındı,
Göz yaşı mənim oldu.
Nə deyim bu taleyə,
Nə deyim bu qismətə.
Üzü dönük sevgiyə,
Talesiz məhəbbətə?
Bizi yaradan Allah,
Bu bəxtsiz eşqdən öncə,
Kaş məni öldürəydin.
Sən məni bu dünyada,
Ölümlə güldürəydin.

Köhnə Bakı

Söylə, səndən nələr qalıb,
Xoş bir xatirələr qalıb.
Sevinc qalıb, kədər qalıb,
Köhnə Bakı, qədim Bakı.

Yayılıb şöhrəti, şanı,
Eşidiblər sorağını.
Uşaqlığımın xoş anı,
Köhnə Bakı, qədim Bakı.

Ömür boyu qalasıdır,
Qəlb oxşayan havasıdır.
Dərdimizin davasıdır,
Köhnə Bakı, qədim Bakı.

Anar, ürək dedi ki: yaz,
Hər daşı tarixdən miras.
Tayın, bərabərin olmaz,
Köhnə Bakı, qədim Bakı.

Qoruyaq məhəbbəti

Bu fani dünyaya gələn gedəcək,

Ağlayan gedəcək, gülən gedəcək.

Qalacaq dünyada təkcə məhəbbət,

Ucalacaqdır, sevdikcə məhəbbət.

Biz də məhəbbəti qoruyaq gərək,

Nə qədər sinədə döyünür ürək.

Ağlayaq eşq ilə, gülək eşq ilə,

Birgə ömrümüzü sürək eşq ilə.

Sevgi zirvəsindən gərək enməsin,

Hicranı, həsrəti sevindirməsin.

Qürurlu saxlayaq biz məhəbbəti,

Məhəbbət sevməyir məğlubiyyəti.

# 2899 dəfə oxunub

Müəllifin son yazıları

# # #