Meşə çiyələkləri

Meşə çiyələkləri
13 noyabr 2013
# 10:43

Aliyə Əsədova


Cəmi bir xışma
ovuclarım qədər.
Bunu kəşf eliyərkən
sapa yığıb boynuma
düzərkən
yaşadım bir şirin nağılı.
Hər şeyi özündən
asılı edən boyunbağı
baxmaq olar yalnız,
verə bilmərəm ələ,
biri düşər, itər,
heç demirəm
biri düşsə pozular
qatarın nizamı.
Axşam yenə ovcumda
hamısı bircə ovuc
səpələdim atlas,
məxmər bildiyimə-
gecənin qara örtüyünə
bir xışmanı,
baxmadan böyüyünə,
kiçiyinə.
elə yanır, parıldayır
işım-işım,
birdən biri qaçıb
ordan diyirlənsə
sürüşsə...?!
Bir gün yaqut incisi
bir gün göyün ulduzları
atlas, məxmər parçanın
seyrək, güllü
qırmızıları
dadlı, uzun saplaqlı
meşə çiyələkləri...

Oyuncaq oyunu

Oyuncaq oyunu öyrədəcəkdim
düzəldəcəkdim ki, biləsən
necə olur;-
əvvəl nədən başlanır, axır
bitir harda,
sonra yığacaqdım
qalaq-qalaq, üst-üstə
atacaqdım kiçik əllərimlə
genişliyə-görünməzliyə
qucaq-qucaq, dəstə-dəstə,
bu oyuncaq dünyaya
oyuncaq əllərimlə.
Kimi sevinəcək, götürərək birini
sadəcə saxlayacaq bir əziz
əşya kimi
kimi də itələyib rədd edərək
nifrətlə
tüpürəcək bəlkə də .
Biz
və qoyub getdiklərimiz
sadalanır beləcə.

# 3136 dəfə oxunub

Müəllifin son yazıları

# # #