Şans

Şans
5 yanvar 2016
# 17:42

Günlərdir ki, yataqdan qalxa bilmirəm, xəstə yatağı da deyil ki, hər an gələ bilər deyə urvatlı şəkildə ölümümü gözləyim. İçimdə bir küskünlük yatır, kimə qarşıdır bu küskünlük bilmirəm. Axşamdan qonşumun əl altına qoyduğu dərmanı belə tənbəllik edib içmədiyimdən balaca masanın üzərində imtina edilmiş körpə kimi tənha qalmışdı. Sırf ürəyim dözmədi deyə əl atıb dərmanı bircə qurtum suyla içdim.

Bir həftədir ki, düzəliş etməli olduğum fotolar otağın bir küncündəcə qalıb. Məhz o gündən, son fotoçəkilişdən sonra halım pisdir. Zəng edib şəkillərini istəyənlərə isə:-“Xahiş edirəm mənə beş-on günlük anlayış göstərin”- deyirəm, onlar da sağ olsunlar ki, məni anlayıb üstümə gəlmirdilər. Qonşum Eyvazdan da xəcalətliyəm, neçə gündür “bezdim” demədən nazımı çəkir. Bu gün səhər yenə gəlmişdi, mənə səhər yeməyi gətirmişdi. Üzünə baxıram, amma danışmağa dilim varmır, fəqət Eyvaz məni bir baxışımdan anlayırdı. Mətbəxdə çay dəmləyə-dəmləyə susqunluğuma deyinirdi:

- Murad, çox qəribədir, dinmirsən də ki, halını anlayım, axı sənə nə olub? Gözlərindən görürəm ki, sevgi məsələsidir, axı biz dostuq, dərdini mənə deməyib də, kimə deyəcəksən?

Gözlərimi bir-birinə döydüyümü görüb lap cinləndi:

- Allahım, ya Rəbbim, Murad, danışacaqsan, ya yox?

Etiraf edim ki, danışmaq, ürəyimə yığılmış bu sirri kiməsə açıb rahatlamaq istəyirdim, amma kimə? Heç kim məni anlamayacaqdı, kimə desəm, “dəlisən” deyəcəkdi. İyirmi səkkiz yaşım var, amma o illər məndən əl çəkmirdi. O baxış, o gülüş gözümün önündən getmirdi. Bilirdim ki, onu nə zamansa itirəcəyəm, amma o düşüncələri özümə yaxın buraxmırdım. Bir həftə öncə yenə gördüm onu. Çəkilişdəydim, fotokameranın gözlüyündən baxan gözlərimə onun baxışları toxundu, yenə gülürdü, amma bu dəfə gülüşünün səsini də eşitdim. O idi, özü idi, illər sonra yenidən geri dönmüşdü. Baxışımı kameranın arxasından xəlvəti çəkib onu reallıqda tutmaq istədim ki, gözdən itdi. Kimdir axı bu qadın? Yuxularımda görünməsi azmış kimi həyatımda da özünə yer etmişdi. Nə gizlədim, deyəsən yavaş-yavaş ağlımı da başımdan alırdı. Havalanmaq həddinə çatmışdım, gözlərim hər yerdə onu axtarırdı, birdən görmərəm, gözümdən yayınar deyə bərk qorxurdum.

Özümə qərq olmuşdum, heç nə eşitmir, heç nə görmürdüm. Batan adamı kiminsə çıxarması kimi məni də kimsə özümdən çıxardı, batmağa qoymadı. Fikirlərdən ayılıb yenə Eyvazın həlim səsini eşidirdim, o məni xüsusi bir qayğıkeşliklə danlayırdı:

- Murad, sən Allah, özünə gəl, qədrini bilməyənin xiffətini çəkməyə dəyməz, boş ver getsin, bir gör özünü nə hala salmısan - deyəndə bu qənaətə gəldim ki, məni bir baxışımdan anlayan Eyvaz deyəsən susqunluğumun nədənini bu dəfə yanlış anlayıb. Təbii yanlış anlayacaqdı, axı mən ona nə dedim ki, o da doğru anlasın? Eyvaz deyəsən mənim hansısa qadından “yox” cavabı aldığımı düşünür. Dilə gəlib həqiqətləri hayqırmaq istəyirdim, “axı mənə kim “yox” deyə bilər?”- demək istəyirdim, amma bu dəfə də olmadı, bu dəfə də sanki kimsə məni geriyə çəkdi, “səsini kəs!” deyə əmr etdi.

Odur ki, susdum və birtəhər yola verdim Eyvazı. O gedəndən sonra dünyaya sanki yenidən gəlmiş kimi oldum. İnsan cavabını verə bilmədiyi suallarla qarşı-qarşıya olanda darıxır, sıxılır, doğma məkanı olan evində belə qərib olur. Məhz bu üzdən mən də Eyvazın gedişiylə rahatlaşdım. Televizor, radio, hətta kameram da gözümdə mənasız görünür, bir tək o idi gözümdə. Onu görmək istəyirdim, kimliyini soruşmaq, onu tanımaq istəyirdim. Gözlərimdə xəyalını canlandırmağa çalışırdım, elə bu dəmdə uzandığım divanın qarşısındakı yellənən kürsünün cır-cır səsi, hərəkəti bütün diqqətimi özünə cəlb etdi. Kürsüyə baxanda gözləri zərblə gözümə dəydi. Onun baxışları qarşısında özümü idarə edə bilmirdim, qaçırmağa çalışırdım baxışlarımı, amma olmurdu. Birdən indi yenə gedər deyə doya-doya baxmaq istəyirdim gözlərinə. Xəyalım olan, gözümə görünən o qadın bu dəfə büsbütün, olduğu kimi, bədəninin hər bir zərrəsiylə birgə göründü. Əvvəl isə onun yalnız gözlərini və simasını görürdüm.

Özümə qarşı şübhələr baş qaldırdı içimdə, əlimi alnıma tutub temperaturumun olub-olmadığını yoxlamaq istədim... Yox idi, təbii ki, olmayacaqdı, bu istidə də qızdırma olar?! Yenə başladı gülməyə, onu gülərkən nəfəs almadan seyr etdim, sanki bu məmləkətdə gülüş bir tək ona bu qədər yaraşır. İfadə etməyə sözlərin aciz qaldığı bir gözəlliyə sahibdir. Onun gözəlliyi sarıya boyanmış saçlarında deyildi, daha təbii arqumentləri vardı. Yanaqları çox gözəl idi, bütün günü sığallasam, nəvaziş göstərsəm, yenə doymaram. Haqqına girməyim, onun yanaqlarının gözəlliyində ecazkar dodaqlarının da rolu az deyildi. Bütün bədən üzvləri öz gözəlliyini önə çəkməklə çarpışdığı halda hamısından gözəl olan gözləri susurdu, səssizcə haqq-ədalət umurdu. Axı onun gözləri mənə qarşı niyə bu qədər sərt, niyə bu qədər kinayəli və niyə bu qədər hikkəlidir, niyə? Sevgisini də, nifrətini də, ehtirasını da baxışıyla göstərirdi, həm də eyni anda. İndi fərqinə varıram, onu ilk dəfə yeddi il öncə görmüşdüm, gözləri onda daha gənc idi. Əgər bu qadın xəyaldırsa, gözləri niyə illər keçdikcə yaşını biruzə verdirib? Yox, o xəyal deyil, axı xəyal olduğu kimi qalır, o isə dəyişmişdi, qadınlığı tinbətin, dalanbadalan üzərinə hopmuşdu. Onun gözlərində azmışdım, çıxa bilmirdim. Məğrur duruşu gözləriylə yaxşı anlaşırdı, bir-birini əla idarə edirdilər.

Fikirlərdən ayılanda onu oturduğu kürsüdə görmədim, bədənimdə qanım dondu sanki. Dərhal sola baxdım, yoxluğunu görməmiş hiss etdim ki, sağ tərəfdən çiynimə kimsə dirsəkləndi. Bir anlıq diksindim, çönüb baxanda yenə göz-gözə gəldik. Haqqında düşündüklərimi ona deməliydim, amma bilmirdim danışa bilir, ya yox? Danışsam, məni eşidəcəkmi, bunu da bilmirdim. Boynum bükük halda onu bir sağa, bir sola gözlərimdən keçirirdim, dözməyib sükutu pozdum:

- Üzünüzdə saflıq yatır, amandır, toxunmayın, oyanar saflığınız, itirər özünü, büdrəyib düşər çirkablığa. Baxın, ürəyim partlayır, üzünüzə toxunmaq istəyirəm, əllərimdə hiss etmək istəyirəm sizi, amma qorxuram, toxunsam, çiliklənər aydınlığınız, bir daha toparlaya bilməzsiz. Mənə belə baxmayın, idarəetməmi itirirəm, sözlərim dodağımda çatlayır, fikrimi ifadə edə bilmirəm.

Sözlərimə qulaq asıb istehza ilə baxıb, xəfifcə gülümsüyüb: “Nə var ki, mənim baxışımda?”- deyə dilləndi.

- Siz heç özünüzə baxmısızmı bu baxışla? Nə biləsiz nə çəkirəm mən. Bir anlıq baxışınıza tuş gələndə özümü düşmən əsarətində hiss edirəm, bu saat öldürəcək məni deyə ürəyim yerində qərar tutmur, ta boğazıma qədər gəlir döyüntüsü. Baxın, budur sizin baxışınızın təsiri.

- Məni niyə bu qədər düşünürsən? Niyə imkan vermirsən dincimi alım?

- Mən nə edirəm ki, sizə? Düşünmək də günahdır? Mən sizi ağlımdan çıxarmaqçun çalışıb vuruşduğum halda bir də baxıram keçmisiz ürəyimin yuxarı başına. İndi də yanımda gəlib oturmusuz. Yuxularımda sevişdiyim o qadın indi yanımda oturub, bütün hislərimi tarıma çəkib. Siz bilirsizmi bu nə deməkdir? Mənimçün çox ağırdır, çox...

- Şəkildəkilər kimdir?- deyə gözləriylə divardan asılmış köhnə ailə fotosunu işarə etdi. Bilmədim mövzunu niyə dəyişdi.

- Atam, anam və mən... 20 il öncənin şəklidir, təzə qalmasına səbəb bir neçə ildən bir fotonun rənginə düzəliş etməyimdir. O illər keçmiş ola bilər, amma o hisləri köhnəlməyə, boyatlaşmağa qoymuram. İnsan çiy süd əmib, özümdən əmin deyiləm, bu üzdən insan unutqanlığıyla mübarizə aparıram.

- Yoxsa məni davamlı olaraq düşünməyinin də səbəbi budur, unutmaqdan qorxursan?

- Bilmirəm! Bəlkə də... Nəyi pisdir ki, hər ehtimala qarşı yaddaşımda saxlamağa çalışıram... 8 yaşım vardı, ailəmlə istirahətə yollandım. Şəhərdə böyümüşdüm, bu üzdən kəndi, heyvanatı, əkin-biçini gözlərimdə canlandırıb gedirdim. Arzularım vardı, ata minəcəkdim, dağın döşünə qalxıb hündürlükdən kəndin şər qarışan vaxtını seyr edəcəkdim. Qəfil baş verdi hər şey, elə bil kimsə xəyallarıma ox atdı, darmadağın oldu. İstiqamətimi itirmişdim, anamın çığırtılarını və atamın:- “Murad, aşağı əyil”- sözünü xatırlayıram, indiyədək qulağımdadır, amma bilmirəm niyə məhz aşağı əyilməyimi istədi. Xəstəxanada gözümü açdım, əmim başımın üstündə idi, ayıldığımı hiss etməmişdilər deyəsən, onu eşitdim ki, əmim:-“əks istiqamətdə gələn maşının sürücüsü içkili olduğundan yarıyuxulu olub, sürüb bunların maşının üstünə”- dedi. Atamın və anamın öldüyünü onda eşitdim, özümü saxlaya bilmədim. Bilmədim nəyə ağlayım, valideynsiz böyüyəcəyəm deyə özümə yazığım gəlsin, yoxsa vaxtsız getdilər deyə onlara? Amma əmim sağ olsun, dərdimi çəkməyə izin vermədi, dərhal atamdan qalan evi satmaq istəyirdi, məni də təbii ki, müvəqqəti olaraq himayəsinə götürəcəkdi, uzağı bir ildən sonra da uşaq evinə... Uşaq olsam da sözümün kəsəri vardı, izin vermədim evi satmaqlarına. Səhərdən günortaya qədər məktəbdə, məktəbdən qayıdanda da bir tikə çörək yeyib qaçırdım işə. Eyvazın anası evlərində bişirdikləri yeməklərdən bir pay da mənimçün ayırırdı, yoldaşı Həmzə dayı da böyüyəndə əlimdə çörək qazanmaqçun sənətim olsun deyə, məni fotostudiyada yanına köməkçi götürdü, işin xırdalıqlarını öyrədib, gündəlik pul da verirdi. Çox sədaqətli insan idilər, bu üzdən Eyvazı da özümə dost-qardaş bilirəm. Heç bilmədim necə böyüdüm... və artıq iyirmi səkkiz yaşın içindəyəm. Siz ilk dəfə qarşıma çıxanda mən artıq universiteti bitirirdim. Bütün tələbə yoldaşlarım müstəqil həyata ali məktəbi bitirdikdən sonra atılmağa hazırlaşdıqları halda, mən o sınaqları dəf etmişdim, özü də körpə yaşlarımda. Məzun günümdə tələbə yoldaşlarımın valideynləri onlara dəstək olmaqçun gəlmişdilər, mənsə sağı-solu boş addımlayırdım ki, qəfil sizi gördüm. Gülərüzlə mənə dəstək olmağa gəlmişdiz. Anam kimi sevinirdiz, gözləriniz də onun kimi gülürdü, nədənsə mənimlə qürur duyurduz. Ömrünün qayğısız illərini anasız keçirən bir adam sizə tapındı və o vaxtdan içimdə adını qoya bilmədiyim, qoymaq istəmədiyim hislər baş qaldırdı. Dəfələrlə özümə “Olmaz!” dedim, amma olmadı. Məgər siz ömrünüzdə bircə dəfə də olsun belə hiss yaşamamısız, birinə səbəbsiz-sərhədsiz bağlanmamısız? Heçmi tanış deyil bu hislər sizə?

- Bəli, ömrünün qayğısız illərini anasız keçirən bir adamın anası yaşda bir qadına tapınmasıdır bu sadəcə, başqa bir şey ola bilməz.

- Axı mən sizdən heç başqa şeylər ummuram da. Tək istədiyim daim yanımda olmanızdır.

Bilirdim ki, gedəcək, baxışlarımla yalvarırdım ki, getməsin:

- Eybi yox, mülayim olmayın, vurun, uçurun, dağıdın, lap üsyan edin, nifrətiniz yerə-göyə sığmasın, amma var olun, varlığınızı hiss edim. Bir fincan çay özümçün süzəndə, bir fincan çay da sizinçün süzüm. Yastığım diziniz, yorğanım əlləriniz olsun. Soyuq olanda baxışlarınızda isinim, isti olanda baxışlarınızda sərinləyim. Kim olduğunuzu soruşanlara:-“anamdır”- deyim. İstəsəz, sadəcə:-“qaldığım evin sahibəsidir”- deyər... (sözümü ağzımda kəsib başladı gülməyə)

- Sən həqiqətən dəli olmusan, məni səndən başqa kimsə görmür, görə də bilməz- dedi – ağlını başına topla, sən çox ciddiyə alma birgəliyimizi.

Deyəsən bu qadının məqsədi məni dəli etməkdir, necə yəni məndən başqa heç kim görə bilməz onu? Deməli buna görə gözümə görünüb, sonra da istədiyi zaman qeybə çəkilə bilir?

- Murad, vaxtım azdır, bir azdan səni həmişəlik tərk edirəm. Bitir ikimizçün də bu kabus.

Getmək vaxtına az qalıbmış, bir azdan o da məni tərk edəcək.

- Həmişə yuxularımda anamı görərdim, hardansa gəlir sanki, amma bilirəm ki, gedəcək yenə. Ayaqlarına düşüb yalvarırdım, uşaq kimi ağlayırdım və yuxudan göz yaşı içində ayılırdım. Bu məndə uşaqlıqdan vardı, yuxuda ağlayırdım, anam oyadırdı məni, sakitləşdirib təzədən yatırdırdı. Atamı isə ölümündən sonra bircə dəfə gördüm yuxuda, o da neçə illərdən sonra, ali məktəbin məzun gününə keçən gecə. Gördüm ki, mənimlə futbol oynayır və bərk zərbəylə topu uzağa atır, qaçıram topun dalıyca, bir qadın görürəm, atamın atdığı topu əlində tutub məni çağırır, yanına getmək istəyəndə gecikirəm, yer aralanır və biz bir-birimizdən uzaqlaşırıq. İndi anladım ki, o qadın siz imişsiz.

- Beş dəqiqə qaldı getməyimə...

- Çox darıxdırıcı adamam, hə?

- Yox, niyə belə düşünürsən, Murad?

- Tez-tez saata baxırsız, dəqiqələri sayırsız. Halbuki mənim əlimdə olsa zamana hiylə işlədib, tələ qurardım, sizi bir yolla saxlamağa çalışardım.

- Mən sadəcə sözün yarımçıq qalmasın istəyirəm- dedi və demək istəmədiyi, içini didən şeyləri danışmağa başladı– mən sənin şans mələyinəm, sadəcə mən tanrının verdiyi tapşırığı sədaqətlə yerinə yetirməyib, Ona xəyanət edib sənin gözünə göründüyümçün, Allah məni cəzalandırdı, ürəyimə sənə qarşı tab gətirə bilməyəcəyim bir sevgi bağladı. Bu üzdən sənə həm hirsli, həm də sevgi doluyam. Daşıya bilməyəcəyim bir yükün altındayam. Bilmirəm Allahın hansımıza yazığı gəldi, sənin gəncəcik ömrünəmi, mənim yaşımamı? Tanrı günahları tez görür, bəlkə də verdiyi cəzayla günah işlədiyini görüb səninlə vidalaşa bilməyimçün vaxt qoydu.

Qəhərlə sözlərini bitirib özünü saxlaya bilmədi, ağladı. Mənsə sadəcə gözlərimi qıyıb onu dinləyirdim. Demək o mələk imiş, mən öz şans mələyimə aşiq olmuşdum. Mən elə bilirdim mələklər hər zaman gülərüzdür, o isə acı-acı ağlayırdı. Yenidən divana əyləşməsini xahiş etdim, başımı dizinin üstünə qoydum, əllərini bərk-bərk qucaqladım, istəyirdim məni yuxuya verdikdən sonra qeyb olsun. Birdən elə bil alnıma buz sürtdülər, gözümü açanda gördüm ki, alnımdan öpüb gedib.

Bundan sonrakı həyatımda hansı proseslərin baş verəcəyini bilmirdim, yenidən kimisə sevə biləcəyəmmi, bu haqda zərrə də olsun təsəvvürüm yox idi. Sadəcə acı da olsa yaşadığım bu müvəqqəti hislərə görə mələyimə borcluyam.

# 2181 dəfə oxunub

Müəllifin son yazıları

# # #