Bu gecə xəyallarda qovuşaq – Yeni şeirlər

Aysel Cəfərli

Aysel Cəfərli

22 fevral 2022
# 18:00

Kulis.az Aysel Cəfərlinin şeirlərini təqdim edir.

Gecikən nəğməm

Bir musiqi dinlədim sözlərində sən olan,
Sənsiz oxuyan xoş səs, deyilən sözlər yalan.
Ruhumun ahəngini çox gec gətirdi zaman,
Sənli həyat ritmini səhərədək dinlərəm...
Mən də sənə qoşulub eşqdən şeir söylərəm...

Cəsarətdən dəm vurar damarımda axan qan,
Yəqin ürək dayanar səni gördüyüm o an,
Bir dəli şeytan deyir qorxma oddan alış, yan!
Sənə gələn günlərə gözlərimi dikərəm,
Qəlbinə yol tapmaqçün sonsuz yollar çəkərəm...

Sevərəm həyatının ən şaxtalı qışını,
Ürəyimi titrədən sərt çatmalı qaşını,
Görməyəsən həyatın ağır, acı daşını,
Səni zülmət gecəmə parlaq Günəş eylərəm...
Bir gün işıqsız qalsam o zülmətdə neylərəm?!...

18.11.2021

Gözlərin...

Gözlərinə dalsam əgər, sağ qalarammı görən?
Sularında çırpınaraq boğularammı görən?

Baxışların məsumcadır, yoxsa hiylə yuvası?
Dərinlərə dalsam əgər kor olarammı görən?

Gözəl qız! Bu baxışların hər kəsə od salıbdır?!
Yoxsa baxdıqca közlənən təkcə mənəmmi görən?!

Hər baxanda sözü sözə qoşub nəğmə söylərəm,
Səni görən gündən dəli-divanəyəmmi görən?

Ürəyimi açıb sənə hər dərdimi danışsam,
Gözlərin rişxənd eyləyər, yoxsa ağlarmı görən?

Bəsdir! Elə baxma desəm məndən küsüb gedərsən…
Ondan sonra bu gözlərim sənsiz qalarmı görən?

Ulduz kimi parlayırdı hər güləndə gözlərin,
İndi solan baxışların bir də gülərmi görən?

30.08.2021

Xəyallarda qovuşaq

Qara buludlar altında gözlə məni bu gecə,
Yağış yağarsa, birlikdə sularına qarışaq.
Musiqi ahəngi ilə rəqs eyləyək əl-ələ,
Gözlərini yum, bu gecə xəyallarda qovuşaq...

Parlayan ay şahid olsun çatdığımız vüsala,
Doyunca qoxlayım, ətrin qarışmasın rüzgara,
Həsrətdən yanan qəlbimiz daha gəlməsin zara,
Gözlərini yum, bu gecə xəyallarda qovuşaq...

Səbrimiz tükənsin, daha gözləməyək səhəri,
Gəl, birlikdə içək bizi görüşdürən zəhəri,
Onsuz bitməz gözləməklə bu dünyanın kədəri,
Gözlərini yum, bu gecə xəyallarda qovuşaq...

Zamanı durduraq, bizim zamanımız başlasın,
Arzular, ümidlər bizi sonsuzluğa səsləsin,
Sayrışan ulduzlar gecə yolumuzu gözləsin,
Gözlərini yum, bu gecə xəyallarda qovuşaq…

12.09.2021

Yollar gedir, mən gedirəm...

Kəlmələri qucaqlayıb sığdırmışam ürəyimə,
Zaman donub, dünya durub, yollar gedir, mən gedirəm...
Sənsizliyi bir yük kimi çəpərlədim kürəyimə,
Məğlubiyyət zəfər çalıb, yollar gedir, mən gedirəm...

Mən susuram, şəhər susur, açılan hər səhər susur,
Bulud Günəşi bağlayıb əllərində kədər tutur,
Ürəyim də döyünməyir, sağ qalıb birtəhər vurur,
Ulduzların cığırında yollar gedir, mən gedirəm...

Aylar qovur, illər qaçır, ağlar saçımda gül açır,
Könlümün quşları ayrı nəğmələrə doğru uçur,
Xəzan dolu payız mənim həyatımı məskən seçir,
Baharımı tərk edirəm, yollar gedir, mən gedirəm…

Düşüncələr aman vermir rahat həyat yaşamağa,
Kaş əlimdə xəncər ola ağlımdakın qaşımağa,
Məcburam məhv olmuşları ürəyimdə daşımağa,
Yaşadıqlarımdan uzun yollar çəkib mən gedirəm...

14.09.2021

***

Səhərimsən..
Səhərsənmi? Ya alovlu kədərsənmi?
Günəşimsən…
Günəşsənmi? Ya yandıran atəşsənmi?
Gülüşümsən…
Gülüşsənmi? Ya keçici öpüşsənmi?
Sol yanımsan…
Ürəksən mi? Ya incidən kötəksənmi?
Sən mənimsən…
Sən mənsənmi? Ya məndəki son qəmsənmi?
Yağışımsan…
Gündüzləri payızımsan, gecələri göz yaşımsan..
Sətirimsən…
Misralarda həsrət qoxan ətirimsən...
Gəlişimsən... Gedişimsən..
Vaxtsız gəlmisən ömrümə, vaxtsız qoyub gedərsənmi?
Mənə yadsan, mənə özgə…
Xəyalımdakı sənsənmi?

18.11.2021

Bir az “Ay”dan bir az “Sel” dən

Gözəl qız bu baxış nədir? Sən Aydanmı gəlmisən?!
Yoxsa coşub sel yaradan, gur çaydanmı gəlmisən?!
Belə gözəl gülməyinin səbəbi hansı dərddir?
Günəşi ürək yandıran o yaydanmı gəlmisən?!

Ürəyini oxumağa çalışsam da alınmır,
Hansı fəslin gül qoxulu sünbülüsən bilinmir,
Sən olmasan, Ay gecəyə, Günəş günə görünmür,
Qəlbimi yandıran gözəl, sən oddanmı gəlmisən?!

Axıtma göz yaşlarını, onlar yağış andırar,
Kədərinə dözməz dağlar, vulkanları yandırar...
Hekayənə dəniz coşar, külək tufan qaldırar,
Ey könlümə yağan gözəl, buluddanmı gəlmisən?!

Gül yanağına bir öpüş qondurardım kaş sənin,
Sənsiz qalan hər anıma, hər günümə daş mənim...
İstərəm qəlbinə gedən incə yola tuş gəlim,
Eşqdən nəğmələr oxunan o bağdanmı gəlmisən?!

22.11.2021

# 10563 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #