Yaşıl gözlərdən utanmaq ya da anlaşılmaz gül sevgisi

Yaşıl gözlərdən utanmaq ya da anlaşılmaz gül sevgisi
11 dekabr 2012
# 18:29

Gül dəstəsini heç sevmirəm və bununçün ürəyi gedən qadınları qətiyyən anlamıram. Təsəvvür edin, bir çiçəyi dibçəkdə görüb təravətinə o qədər vurulursunuz ki, onu dərib, təkcə özünüz qoxlamaq, eqoistcəsinə bu gözəlliyin mütləq şəkildə sahibi olmaq istəyirsiniz. 2-3 saat sonra onu zibilqabına atacağınızı bilməyiniz belə sizi bunu etməkdən çəkindirmir.

Günümüzdə əksər Azərbaycan kişilərinin təfəkkürü də eynilə bu cürdür, oxumuşu-savadsızı, dünyagörüşlüsü-dar düşüncəlisi, fərqi yoxdur, niyəsə bu mövzuda əksər kişilərin düşünmə imkanları kasadlaşır.

Çox qəribə bir haldır: bildiyim qədəriylə, adətən, kişiləri qadında cəlb edən ilk ünsürlərdən biri məsumluq, bakirlikdir. Kişi o qadına yaxın düşə bilməkçün bütün imkanlarını səfərbər edir. Bu bakirliyə məhz özü sahib olmaq istəyir. Bir xeyli dil tökəndən sonra buna nail olsa, getdikcə vurulduğu nəsnə əvvəlki dəyərini itirir. Sonra “ovuna” sevgililər arasında seksin vacibliyi haqda məruzələr etməyə başlayır. Təbii ki, qırılmaqda olan münasibətləri seks də xilas edə bilmir və bitir. Zamanla eyni şeylər təkrarlanır, evlənmək yaşı gələndə ana təntənəli şəkildə “halal süd əmmiş təmiz qız” namizədlərini irəli sürür. Və budur: xoşbəxt sonluq.

Cismani tərəfindən heç danışmayaq, ruhən qadının bu münasibətdən aldığı yaranı düşünən olmur. “Əsl Azərbaycan qızı” bütü söhbətə son nöqtəni qoyur. Bu xəstə təfəkkürlü insanlar haradan o qənaətə gəliblər ki, bizdən başqa bütün millətlərin qızı əxlaqsızlıq simvoludur, bilən yoxdu. Öz versiyamı deyim: türklərdən gəlmə pafosla danışmaq ənənəsi.

Bir rəfiqəm var, öz yaşıl gözlərinə nifrət edir, çünki münasibət qurmağa cəhd edən tərəf sadəcə görüntüyə köklənir, gözlərinin dibində gizlənən ruhi ünsiyyət təşnəsini görə bilmir. Və hər fiasko daxili boşluğu daha da dərinləşdirir...

Uşaq yaşlarımda oxuduğum və o dövr üçün çox təsirləndiyim Ceyms Barrinin “Piter Pen” romanında belə bir epizod var: Mister Darlinq çox sevdiyi həyat yoldaşını nə qədər öpsə də, heç vaxt dodağının qırağında gizlənən o məhrəm öpüşü qoparda bilmir və qısqanclıqdan partlayır. Halbuki bu öpüşü heç real insan yox, “şən, sadəlövh və rəhmsiz” qız uşaqlarının xəyali qəhrəmanı Piter Pen almışdı... Bu öpüş məsumluğun simvolu idi.

...Bax bütün bunlara görə gül dəstəsini heç sevmirəm və bununçün ürəyi gedən qadınları qətiyyən anlamıram.

# 2131 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #