Kişinin qadın alt paltarı satılan mağazada nə işi?

Kişinin qadın alt paltarı satılan mağazada nə işi?
12 aprel 2013
# 07:00

Sona Yaqubova

Bu il qış depressiyasından təyinatımızı birbaşa yay depressiyasına almalı olduq .Yaz adrenalini yaşamadan...

Kişi psixologiyası haqda çox az şey bilirəm. Məsələn, onlar haqda bilmədiyim şeylərdən biri də bu ali varlıqların depressiyadan çıxmaq üçün nə kimi işlərlə məşğul olmalarıdı.

Qadınların bu barədə işi çox sadə və eyni zamanda güclü effektə malik bir üsuldu.

Saç kəsdirmə, boyama, bir sözlə imic dəyişmə, şoping və s. Mən də bu qızmar yaz günlərində monoton həyat tərzinin yaratdığı depressiyadan çıxmaq üçün şoping variantına üz tutmalı oldum.

Oğuzxanı da yanıma alıb şəhərimizdəki ticarət mərkəzlərindən birinə yollandım.

İçəridəki oyuncaq mağazalarının yanından keçəndə oğlumu min bir oyunla yayındırmağa çalışa-çalışa gəlib çıxdıq qadın alt paltarları olan mağazanın qarşısına. Vitrin boyu asılmış “səsini atıb başına qışqıran” alt paltarlarının yaratdığı mənzərənin “ecazkar” təsirindən çıxmaq istəyirdim ki, gözüm mağazanın qapısındakı iri bir xəbərdarlıq elanına sataşdı.

“Kişilərin içəri girməsi qadağandır!!!”

Gülməkdən özümü bir təhər saxlasam da marağımı saxlaya bilməyib içəri keçdim.

Satıcı qızı uzun zamandan bəri tanıyıram. Tibb texnikomunda mamalıq oxuyub. 35 yaşı var ərə getməyib. Görünüşcə qarabəniz, üz cizgiləri kobud, fiqurası isə əsil şərq qadını quruluşunda. Təbiətcə də bir az kobud, qəlbiqara, qapalı xarakterə sahibdi. Bildiyim qədəriylə şəxsi həyatında bəxti heç cür gətirmir. Bir sevdiyi özünü asıb öldürüb, birinin ailəsi razı olmur bununla evlənməyə və s.

Sanki yaşadığı bütün bədbinliklər qızın üstünə çöküb. Elə ilk baxışda adamı neqativ yükləyən tipdi. İnsafən, mənim xətrimi çox istəyir. Bizi görən kimi əlində oxuduğu “İslam əxlaqı” kitabını masanın üzərində olan Quran, “Hədisi-Şərif”, “Ayətəl-kürsü”, bir sıra bu cür dini kitab və kitabçaların yanına qoyub ayağa qalxdı.

Salamlaşıb ətrafa nəzər saldım. Anormal həddə seksual gecəliklər və dəst alt paltarları geyindirilmiş manekenlərə baxanda özümü abstrakt rəssam emalatxanasında hiss etdim. Bir anda düşündüm ki, bu cür ab-havanı ancaq bu qız yarada bilərdi.


Mənim belə heyrət içində olduğum halda çox güman ki, Oğuzxan özünü möcüzələr ölkəsində hesab edirdi. İçəri niyə girdiyimi unudub qızdan bu əndrabadi paltarları kiminsə alıb almadığını soruşdum.

Məlum oldu ki, alanlar var. Daha çox da yeni ailə həyatı qurmuş xanımlar alır. Maraqlıdı...

Gələk əsas məsələyə. Həmişəki kimi tolerantlıq damarım tutmuşdu. Qızdan soruşdum:

Niyə qapıya belə bir şey yazmısız? Burda nə var ki, kişi qadın alt paltarı mağazasına girə bilməz? Bəlkə kimsə öz qadınına bir şey almaq istəyir. Və ya birlikdə seçmək istəyirlər paltarları?!

Qız üzümə acıqlı bir nəzər salıb əlavə elədi:

- 6-7 il əvvəl kişilər “8 mart”da gəlib “şitlik” edirdilər. 3-4 qalstuklu bığıburma, öküz boyda kişilər yığışıb gəlib iş yoldaşlarına, dostlarına belə yersiz hədiyyələrlə zarafat edirdilər. Sonralar nəsə yığışdılar.

Bir ara da iranlı kişiləri gəlib guya alış-veriş bəhanəsiylə mağazadakı qadınlara qarşı şorgözlük etməyə başladı. Buna da göz yumduq. Bu bildirişi isə yazmağımızın səbəbi tam başqadı.

Deməli, keçənlərdə bir oqlanla qız (barmaqlarındakı üzüklərdən nişanlı olduqları görünürdü.) gəlib bir xeyli paltara baxdılar. Birlikdə seçdikləri paltarları yığıb qız yoxlamaq üçün soyunma otağına keçdi. Oğlan da otağın pərdədən olan qapısında gözləyirdi. Başım digər müştərilərə qarışmışdı. Hər kəsi yola saldıqdan sonra baxdım ki, oğlan da keçib qızın yanına. Fikirləşdim olar də, yəqin baxır və ya geyinməyinə kömək edir. Bir azdan gördüm içəridən əcayib səslər gəlir, qapıdakı pərdə də az qalır yerindən qırılıb düşsün.

Səsimi atıb başıma qışqırmarammı?!

- Çıxın rədd olun burdan, tərbiyəsizlər!!! Yer tapmadız sevişməyə? Buranı nə hesab edirsiz?

Qızla oğlan üst-başlarını çəkişdirə - çəkişdirə pörtmüş və təngnəfəs halda çıxıb götürdükləri paltarların pulunu ödəyib dinməz-söyləməz getdilər.

O gün bu gündü içəri bir dənə də olsun kişi buraxmıram.

Qızın bu danışdıqlarını dinlədikcə “Yol”filmi gəlirdi gözümün önünə. Orda bir səhnə vardı. Həbsxanadan müvəqqəti buraxılmış məhbuslardan biri arvad-uşağını qaynatasıgildən qaçırdıb qatarla şəhərə qayıdarkən gecəyarı oranın tualetindəcə arvadıyla bərabər olmaq istəyirlər. Sərnişinlər bilib tökülüşürlər bunların üstünə. Qışqır-bağır ... Bələdçi gəlib ər-arvadı bir təhər bunlara təzyiq göstərən adamların əlindən alıb aparır otağına. Orda da özü “günahkarların” üstünə qışqırıb təhqir edərkən məhbus kişi başını yerə dikib asta səslə deyir:

- Bəzi şeylər var ki, anladılmaz. Anladılsa da anlaşılmaz...

Bələdçi:

Nə anladacaqsınız? Bu rəzillikdən başqa bir şey deyil!

Məhbus:

- Sənə görə rəzillik, bizə görə məcburiyyətdir.

Bir Güney Yılmaz şedevri olan “Yol” filminin bu səhnəsi olduqca ağrılıdı.

1981-ci ildə çəkilən filmdə qoyulan bu problemin 32 il sonra burda eyni aktuallıqda sadəcə daha modern versiyada olduğunu fikirləşdim.

Bu tragikomik əhvalatdan sonra araya çökən sükutu bayaqdan Oğuzxanın qurcaladığı musiqi mərkəzindən güllə kimi açılan səs pozdu. Hər dəfə burda eşitməyə alışdığımız ərəb-fars musiqisi bütün əhvalımızı bir anda dəyişdi.

Deməyə bir söz tapammadım. Elə-belə, söz olsun deyə qızdan soruşdum:

Bu qapıda boynunu buran üçtel oğlanı hələ çox gözlətmək fikrin var?

Qızın yarasına duz basdın elə bil. Əlini belinə vurub başladı nə başladı:

- Yalansa onun anası ölsün! Noolsun ki, bu sevir?!

İfritə anası bütün günü gedib cadu-dua elətdirib ayırmaq istəyir bizi. Günün yarısı bir-birimizi qırırıq, yarısı mehribanlaşırıq. Bu kitabları nəyə yığmışam bəs bura? O, ordan cadu etdikcə mən də burdan bütün cadusunu pozuram.

Kitab-dəftəri qarışdırdı bir-birinə.

- Bax,bu surəni 199 dəfə yatmazdan əvvəl, bunu gündə 699 dəfə oxuyan adama heç bir cadu-dua təsir etməz. İstəyirsən yazım sənə də verim. Cadudan o tərəfə adamı xeyli də yüngülləşdirir.

Gülməkdən ürəyim getdi.

- Sən gül. Özündən xəbərin yoxdu. Şeytan bütün ruhunu ələ alıb...

Gördüm söhbəti cəhənnəm əzablarına qədər götürmək fikri var, tələsik sağollaşıb qaçdıq.

Nahar saatı bitmək üzərəydi. Ana-bala elə acmışdıq ki, depressiya və şopinglə bağlı planlarımızı yolüstü lahmacun keyfiylə əvəz etməyə qərar verdik.

# 3064 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
#
#
# # #