Nə mollada vicdan var, nə müəllimdə

Nə mollada vicdan var, nə müəllimdə
27 iyun 2013
# 16:33

Zəfər İsmayılov

Adamda vicdan olar da

Hava çox soyuq idi. Özümü birtəhər işlədiyim məktəbə yetirdim. Müəllimlər otağına gedib sobanın yanında əyləşmişdim ki, dəhlizdən direktorun səsini eşidib dəhlizə çıxdım. Direktor məni görən kimi səsini bir az da ucaldıb dedi:

- Adamda vicdan olar da...

Mən təəccüblə onun üzünə baxdım, ani ağlıma gəldi ki, yəqin müəllimlərdən kimsə dərsə gəlməyib. Təəccüblə üzünə baxdığımı görüb:

- Vallah, insanlarda insaf, vicdan qalmayıb. Aylıq verdiyimdən əlavə pul istəyirlər, - deyib otağına getdi.

Əhməd müəllim mənə yaxınlaşıb yavaşca ”Yəqin, maaş veriləcək, əlavə pul istəyəcək”- dedi.

Zəng vuruldu. Sinifdən çıxıb dəhlizin pəncərəsindən yağan yağışa tamaşa edirdim. Əhməd müəllim yaxınlaşıb əsəbi halda dedi:

- Adamda vicdan olar da, maaşdan bu qədər pul çıxarlar. Hər ay bir-bir hoqqa çıxardırlar.

Zəng vuruldu. Dərsə təzə başlamışdım ki, Əli kişi qapını açıb məni dəhlizə çağırdı. Hal-əhval tutduqdan sonra dedi:

- Ay müəllim, adamda vicdan olar da. Müəllim yoldaşısan, Əhməd müəllimə de ki, insafın olsun uşaqlara dərs keç, onlar axı bizim gələcəyimizdir.

Əli kişidən ayrılıb sinfə getmək istəyirdim ki, direktor maaşı almaq üçün otağına çağırdı. Otağa daxil olub maaş cədvəlinə qol çəkdim. Direktor pulu mənə verəndən sonra saymağa başladım. Cədvəldə olan pulla verilən pul arasında çox fərq olduğunu görüb dedim:

- Adamda vicdan olar da.

Məni fikir götürdü, bu maaş da belə getdi. Öz-özümə danışa-danışa sinfə daxil olmaq istəyirdim ki, zəng vuruldu. Şagirdlər tənəffüsə çıxdılar. Uşaqlardan biri mənə yaxınlaşıb - “müəllim, bir dəqiqə belə sinif də olmadınız. Adamda vicdan olar da” - dedi.

Jurnalı yerinə qoyub məktəbin həyətinə düşdüm. Fikirli-fikirli məktəbin həyətində dayanmışdım. Bələdiyyə binasından gələn səslər məni qarma-qarışıq fikirlərdən ayırdı. Camaatın binanın qabağına yığışdığını görüb ora getdim. Bələdiyyə sədri camaatı başına yığıb danışırdı:

- Allaha and olsun ki, insanlarda vicdan qalmayıb. Hələ kartlar verilməyib, amma hər karta 5 manat aldılar. Mən verdiyim pulu necə camaatdan yığacağam? Adamda vicdan olar da...

Buradan aralanıb evə getmək istəyirdim ki, dayımla rastlaşdım. Dayım məni görən kimi başladı, nə başladı:

- Bacıoğlu, and olsun Qurana insanlarda vicdan qalmayıb. Bələdiyyə sədri torpaqpulu almaq üçün sənədlərin hazırlanmasına 10 manat aldı, hələ bilinmir pul veriləcək, ya yox? Adamda vicdan olar da...

Dayımdan ayrılıb yola düzəldim. Yolda kəndin mollası ilə rastlaşdım. Molladan dolanışığını, səhhətini soruşduqdan sonra əkinin vəziyyətini soruşduqda qolumdan tutub dedi:

- Əkin dedin yadıma düşdü. Dayında insaf yoxmuş, traktoru sürətli sürməsi cəhənnəmə, şum bir-birinə uyuşmayıb, aralı qalıb. Ona görə də indi taxıl əvəzinə qanqal çıxıb. Adamda vicdan olar da.

Molla ilə sağollaşıb yoluma davam etdim. Evə çatanacan əməlli-başlı islanmışdım. Nəhayət, evə çatdım. Əl-üzümü yuyub, nahar yeməyinə girişdim. Yeməyə başlamışdım ki, əmioğlu gəldi. Əmioğlu üçün də süfrəyə yemək qoyuldu. Əmioğlunun yeməyi yemədiyini görüb soruşdum:

- Nə olub, gözümə bir təhər dəyirsən?

- Atam üçün “Quran” oxutmaq istəyirdim, mollada insaf yoxmuş, 30 manat istədi. Mənim də o qədər pulum yoxdur. İndi bilmirəm “Quran” oxudum, ya yox? Adamda vicdan olar da.

İstəyirdim ki, ”bismillah” deyib çörəyi kəsəm, bir səs eşitdim.

- Ay müəllim, dur da.

Gözümü açanda Rzanın maşını həyətə döndərdiyini gördüm.

Ayıldığımı görüb dedi:

- Düş çatdıq. Rayondan kəndə qədər xoruldamısan. İmkan verməmisən ki, bir mahnıya düz-əməlli qulaq asım, insaf da yaxşı şeydir. Adamda vicdan olar da.

# 2410 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #