“Son sevgi şairi bəlkə də mənəm”

“Son sevgi şairi bəlkə də mənəm”
4 iyul 2013
# 15:22

Rövşən Yerfi

Bu gün lirik şeirlər müəllifi Tofiq Nurəlinin 60 yaşı tamam olur. Hacıyev Tofiq Niyətulla oğlu, 1953-cü ildə Qonaqkənd rayonunun Yerfi kəndində anadan olub.

Yerfi kənd məktəbində oxuyub. Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib (1972-1978). Gənc yazıçıların VIII Ümumittifaq müşavirəsinin (1984) iştirakçısı olub. “Şehli kəpənəklər”(1983), “Yağışdan sonra”(1989),”Tənha bir qüssə” (1998), “Tənha payız çiçəyi”(2003) şeir kitabları nəşr olunub. İlk kütləvi səhiyyə qəzetini “Şəfqət” - indiki “Tibb qəzeti”ni yaradıb və 1991 - 1995-ci illərdə qəzetin baş redaktoru işləyib. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Tofiq Nurəlini oxucuların bəziləri məhəbbət şairi, bəziləri də xatirələr şairi adlandırırlar. Onların daha çox yekdil rəyləri budur ki, bu şairin şeirləri bütövlüklə oxşarı olmayan, kövrək duyğulu lirikadan ibarətdir:


Rastlaşdıq, bilmirəm indi nə deyim,
İndi nə danışım, düşsün yerinə…
Sənin gözlərinlə mənim taleyim
Yaman bənzəyirlər biri-birinə…


1980-ci illərdə ədəbiyyata gələn Tofiq Nurəlinin şeirləri o dövrün gəncləri arasında ən çox oxunan, sevilən poeziya nümunələrindən idi. Təsadüfi deyil ki, ədəbi orqanlardakı çıxışları kimi onun 1983-cü ildə çap olunan ilk “Şehli kəpənəklər” adlı kitabı da böyük rəğbətlə qarşılanmışdı. 1984-cü ildə gənc yazıçıların VIII Ümumittifaq müşavirəsindəki uğurlu iştirakı, şeirlərinin “Literaturnaya qazeta” da dərc olunması həmin müvəffəqiyyətin davamı idi.

Xalq şairi Fikrət Qoca hələ 28 il əvvəl Tofiq Nurəlinin şeirlərini belə qiymətləndirmişdi: “…Tofiqin şeirlərini oxuduqdan sonra həmişə nəyisə xatırlamalı, nəyisə yada salmalı olursan, özün-özünə yaxınlaşırsan!..”

O zaman şair Fikrət Sadıq gənc həmkarının Yazıçılar Birliyinə üzv qəbul edilməsi üçün verdiyi zəmanətdə yazmışdı: “Tofiq klassik üslubda – heca vəznində və sərbəst formada da eyni dərəcədə müvəffəqiyyətlidir, orijinaldır. Tofiqin ictimai məzmunlu şeirləri maraqlıdır, tapıntılıdır, oxucuya yeni söz deyəndir…Tofiq həmçinin həssas şairdir. O insan qəlbiylə ünsiyyəti bacarır…”


Hərəsi tarixdə bir səs,
bir səda
Yaşayır ömrünün heykəl
çağında.
Hamının ürəyi
kövrəlirsə də
Heykəllər ağlayır
yağış yağanda…

Şair Ələkbər Salahzadənin də həmkarı haqqında söylədiyi fikirlər diqqətəlayiqdir: “Tofiq lirik şairdir, şeirləri incə lirizm, xəfif həzinliklə aşılanıb. Xatirələr şairidir, daha çox arxaya boylanır, xatirələr işığında düşünməyi, yazmağı sevir. Xatirələrə çox uysa da, çözələdikcə çözələyərək tel-tel indimizlə bağlaya bilir, bu günün oxucusunu düşündürməyi, ələ almağı bacarır. Onun şeirlərində bir payız həzinliyi duyulur, kövrək yarpaq xışıltısı eşidilir. Bütün yazılarında özüdür, sevimlidir, kimsəyə bənzəri yoxdur…”

Ay işığı pıçıldayır
yarpaqların səsiylə,
Dəyir pəncərəmə ay işığı-
o, qızın saçlarına əlim toxunansayaq.
Döyür pəncərəmi ay işığı-
ürəyimin səsini eşidirəm.
deyir ay işığı: yadına gəlirmi o, ilk
məhəbbət?!

Otuz ilə yaxın yaradıcılığı dövründə şairin cəmi dörd kitabı çap olunub: “Şehli kəpənəklər” (1983), “Yağışdan sonra” (1989), “Tənha bir qüssə” (1998), “Tənha payız çiçəyi” (2003). Şeirləri Moskvada, Təbrizdə, Türkiyədə çap olunub. 1920-ci ilin aprelində işğalçı Qızıl Orduya müqavimətin təşkili və ondan sonrakı dövrlərdə gizli şəkildə baş verən hadisələrdən bəhs edən “Qaçaq Mayıl” kinopovestinin də müəllifidir.

İnanırıq ki, yaşının artmasına baxmayaraq Tofiq Nurəli yenə də xatirələrini, sevgi hisslərini lirik, axıcı tərzdə oxucuları ilə bölüşməyə davam edəcək:

Daha gərək deyil yaz yağışları,
Qurumuş bulağam, solmuş çəmənəm.
Nakam sevdalardan nəğmələr deyən
Son sevgi şairi bəlkə də mənəm

# 3959 dəfə oxunub

Oxşar xəbərlər

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
Məlikməmmədin nağılı - Aliyə Qədirovanın hekayəsi

Məlikməmmədin nağılı - Aliyə Qədirovanın hekayəsi

16:32 22 may 2024
#
#
# # #