Zəlimxan Yaqubun almaları

Zəlimxan Yaqubun almaları
11 yanvar 2016
# 13:34

Xalq şairi Zəlimxan Yaqubla görüşdən...

İki saatdan artıq xalq şairi Zəlimxan Yaqubun evində baş tutmuş görüş saat beşdə yekunlaşdı. Hamı əlində şairin yenicə işıq üzü görmüş iki kitabı və bol-bol təəssüratlar ilə qarderoba yaxınlaşır, kimi kurtka və paltolarını, kimi isə ayaqqabılarını geyinib bayıra çıxırdı. Şair də paltosunu geyinərək bizi qapıya qədər ötürdü. Hamı məmnunluğunu və təşəkkürünü bildirir, bir dəfə görüşən ikinci dəfə də sağollaşmağa çalışırdı. Xudahafizləşdikdən sonra məşğuliyyət xatirinə telefonuma baxdım. 20 dəfədən artıq zəng gəlmişdi. Bu mənim Şəmkirdə yaşayan çoxdandır səbirsizliklə gözlədiyim və dəfələrlə gəlməsini xahiş etdiyim Tamara nənəm idi. İndi xatırladım ki, o bizə qonaq gəlməli mən də onu qarşılamalı idim. Həmin vaxtda Zəlimxan Yaqubla görüşümüzün olduğunu söyləməyi tamamilə unutmuşdum. Zəng etdim, amma gec idi. Nənəm incidiyindən telefonu söndürmüşdü.

Bu vaxt dostlardan biri alma dolu yeşiyi çiyinləri üzərinə qaldırmış, zarafat edə-edə onları aramızda bölüşdürdü. Şairin evdə yaratdığı səmimiyyətdən sonra bu hərəkət olduqca təbii görünürdü. Mənə çatan üç almadan birini boğazımda qala-qala yeməyimdən başa düşdüm ki, nənəm əməlli başlı məndən inciyib.

Evə çatanda nənəm artıq bizdə idi. Məni görəndə qaş-qabağını tökdü, üzünü o yana çevirdi, nə dedimsə dinmədi. Könlünü almaq üçün əlimdə bircə alma var idi. Almanı qarşısına qoyaraq dedim ki, nənə bütün işlərin günahı “qırmızıyanaq almadadı”, qoy danışıb bütün təqsirini boynuna alsın. Nənəm “Danışsın, görək nə nağıl söyləyəcək” deyər-deməz stolu düz qabağına çəkərək başladım nə başladım:

Küsmə məndən danışaq gəl, ay nənə

Zəlimxan Yaqubun evindən gəldim.

İlk mənim ilə verdi əl, ay nənə

Onun havasından kefindən gəldim.

Nənəm elə heyrətə düşdü ki, az qaldı üzündəki bütün qırışları açılsın:

- Ay bala, bu qoca arvadı aldatmaq nəyinə lazımdır? Ondansa düzünü de görək niyə gəlməmişdin. Hələ məni avtovağzalda bir saatdan artıq bu yağışlı havada gözlətdiyin bəs deyil, üstəlik bir yalan da uydurursan? Ayıb olsun sənə! Kələkbaz!...

- Vallah ay nənə, düz sözümdür. Xalq şairi Zəlimxan Yaqubla görüşdən gəlirəm.

- Axı sən kimsən ki, Zəlimxanla görüşəsən, özü də onun evində.

Gördüm nənəmi inandırmaq çətin olacaq, növbəti bəndi fikirləşə-fikirləşə bütün müqəddəslərə and içirdim.

Bu da bir taledi qismət işidir,

Bizdən özgə hamı bəxti kəm oldu.

Mənzilə çatmaq da niyyət işidir

Zəlimxan arzumdan xatirəm oldu.

Yavaş-yavaş nənəm inanmağa başlayırdı. Dedi ki, belə ilhama gəlməyindən görürəm yalan deyənə oxşamırsan. Çünki, ancaq Zəlimxanın evindən gələn belə ab-havada ola bilər. Elədisə onda hamısını lap başdan söylə, görüm necə oldu.

Otaq başdan-başa kitabdı kitab

Xəzinə nədir mən onda bildim.

Zəlimxan gələndə çəkildi əzab

Saplı iynə nədir mən onda bildim.

- Ay bala, bu şeir quraşdırmağı bir tərəfə qoy adam kimi de görüm sizi kim görüşdürdü? Evi harada idi? Sizi necə qarşıladı? Nə geymişdi? Nə danışdı? Saz çaldımı? Şeir oxudumu? Şəkil çəkdirdinizmi? Nöqtəsinə-vergülünə qədər hamısını danış sonra barışaq.

- Saat ikidə təkcə bizim qrup Zəlimxan Yaqubun evinin qabağında idi.

- Ay bala, sən niyə başı qoyub ortadan danışırsan. Əvvəl de görüm sizi kim görüşdürdü?

- Bir gün əvvəl Qismət müəllimin dərsi idi. Uşaqların bədbin ruhlu yazılar yazmağından danışırdı. Bizə Zəlimxan Yaqubla görüşməyi məsləhət gördü. Uşaqlardan biri bu görüşü təşkil etməyi xahiş etdikdə hamının ürəyindən oldu. Qismət müəllim razılaşdı.

Beləliklə, bu görüş böyük müvəffəqiyyətlə alındı. Bizi Zəlimxan Yaqubun oğlu səmimiyyət və mehribanlıqla qarşıladı. Şairin otağına apardı. Hamının əyləşməsi üçün şərait yaradıldı. Bir müddət şairin gəlməyini gözlədik. Sonra isə yavaş-yavaş hər tərəfi əhatə edən kitabxanaya baxmağa başladıq. Burada arzu edilən bütün kitabları çox asanlıqla tapmaq mümkün idi. Şairin elə zəngin kitabxanası var idi ki, buna paxıllıq etməmək mümkün deyildi.

- A bala, Zəlimxan Yaqubun gəldiyi vaxtdan danış, amma lap başdan.

- Ay nənə, qulaq as qoy bunu da şeirlə deyim yoxsa ürəyim partlayar.

Bir az gecikmişdi Zəlimxan Yaqub,

Ömrün xoşbəxt anı gecikən kimi.

Günahı şeirlə tər təmiz yuyub,

Həsrəti çıxardı bir tikən kimi.

Bir müddət sonra Zəlimxan Yaqub böyük sevgi, eşq və məhəbbətlə, əsl gənclik həvəsi və şövqü ilə qapıdan içəri girdi. Və ilk sözü belə oldu: ”Hər birinizlə tək-tək əl verib görüşəcəyəm, siz isə adınızı söyləyərsiniz”. Hamıyla yaxından tanış olandan sonra bizə yaxın olan kresloda əyləşdi.

- Ay bala, bəs bu alma nə idi? Ondan danış görək deyəsən yadından çıxıb axı!

- Yox, ay nənə, o lap axırıncı əhvalatdı istəyirsən ondan danışım.

- Yox ay bala, başdan lap başdan danış.

- Onda səbirlə qulaq as, ay nənə Zəlimxan Yaqub sözləri, əhvalatları, xatirələri, zarafatları elə ardıcıllıq və səliqə ilə işlədirdi ki, insan heyran olmaya bilmirdi. Bir müddət beləcə fasiləsiz olaraq danışan Zəlimxan Yaqub gah bir el ağsaqqalı kimi dəyərli nəsihətlər verir, gah ziyalı bir müəllim kimi kitab oxumağın əhəmiyyətindən danışır, gah da bir şair kimi ruhumuzu oxşayan çılğın şeirlər söyləyirdi. Otaqda hökm sürən sakitlikdən başa düşmək olurdu ki, hamı şairin bəlağətli, səmimi və sehrli nitqinin təsiri altına düşmüş elə bil ovsunlanmışdılar. Şair bir zarafatla bu ovsunu ehmalca üfürdü.

”Birdə görürsən ərki çatan dostlardan biri deyir ki, Zəlimxan bir gətir o sazı “dınqıldat” qulaq asaq. Bax mən onda sazı eləcə “dınqıldadıram” çalmıram, dilləndirmirəm. Əgər o sazı dilləndir desə idi böyük şövq ilə çalardım. Yəni, hər şey qarşılıqlı olmalıdı”. Yalnız bundan sonra Zəlimxan Yaqubla ünsiyyətimiz baş tutdu. O, bizim suallara o qədər əhatəli cavab verirdi ki, artıq beynimizdə olan saysız-hesabsız suallar da cavablandırılırdı.

- Bəs əynində nə var idi nə geymişdi, ay bala?

- Həmişəki kimi kostyum şalvar və qalstuk.

- Daha bunun nəyi səmimi oldu heç olmazsa qalstuqunu çıxardardı.

- Ay nənə, bəlkə də dünyada qalstuk taxanların ən sadəsi, ən səmimisi, ən mehribanı, ən istiqanlısı idi Zəlimxan Yaqub.

Sonra xahiş etdik saz çalsın. O, böyük məmnuniyyətlə bizi digər otağa apardı. Burada şairin 40-a yaxın kitabları, iştirak etdiyi tədbirlərdən şəkilləri və müxtəlif xatirələri cəmlənmişdi. Şair hər kökdə bir hava ifa edəcəyini bildirdi və sonda hamının ürəyinə yağ kimi yayılası “Dünya da gözəldi, sən də gözəlsən” şeirini oxudu. Görüş artıq yekunlaşırdı, amma şəkillər hələ çəkilməmişdi. Şair böyük səbir və həvəslə həm kollektiv həm ayrı-ayrılıqda bizimlə şəkillər çəkdirdi. Zəlimxan Yaqub fotolarsız belə ürəyimizdə, düşüncəmizdə və xatirəmizdə əbədi silinməz bir iz qoydu. Adamın hər yerdə bu görüşdən, səmimiyyətdən və qonaqpərvərlikdən ağız dolusu danışmağı gəlir.

Bayaqdan maraqlandığın bu qırmızı yanaq almanı isə şairin yenicə işıq üzü görmüş “Biz niyə sevməyək bir-birimizi” şeirlər kitabının yanındakı yeşikdən götürmüşük, əslində yeşiklə birlikdə götürdük.

Biri mənim, biri sənin, biri də ay nənə, əhvalatı danışanın.

Nuş olsun!

02.04.2011

# 2512 dəfə oxunub

Oxşar xəbərlər

Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
# # #